Məni sevindirən qadın
Bir dostum
var. Ağzıdualı və
şükran adamdı. Bu əhvalatı da onun dilindən danışıram. Birinci
şəxsin dilindən
danışmayanda rahat
ola bilmirəm.
Mənim ona çatmağıma çox
var. Çünki çox
halal adamdı...
...Bir müddət əvvəl adətim üzrə evlərin arasıyla gəzirdim. Fikirliydim.
Aranı
dağa, dağı arana daşıyırdım.
Ovqatıma düz mütənasib
tutqun hava idi.
Eyni mənzərə
məni bezdirdiyindən
bu dəfə marşrutumu dəyişdim
və “Bahar” şadlıq sarayına tərəf getdim. Əvvəllər “Xudafərin”ə qədər
gəlib, ordan da geri qayıdırdım.
“Bahar” şadlıq
sarayının tuşuna
çatanda gözlərim
yolun ortasına düşüb qalmış
əskinaslara sataşdı.
Fikirləşdim ki, yəqin saxtadır. İndi belə əskinasları
reklam üçün
buraxırlar. Ayağımın ucu ilə tərpətdim.
Baxdım ki, bir neçə
yüzlükdür, özü
də saxta pula bənzəmir. Əyilib götürdüm. Beş dənə yüz manatlıq idi.
Sanki ütüləmişdilər, cib də görməmişdilər. Sürüşkən və cəlbediciydilər.
Durub gözlədim
ki, bəlkə sahibi çıxar. Çünki mən həmişə tapdığımı qaytarmışam,
hətta bazarlıq edəndə də kimsə çaşıb
mənə artıq pul qaytaranda geri vermişəm. Çünki havayı pul
bizim ocağa düşmür. Ha gözlədim,
heç kim
gəlmədi. Soyuq da bir tərəfdən yerimdə durmağa qoymurdu. Məcbur olub gəldiyim
küçəylə geri
qayıtdım. Fikirləşdim ki, pul itirən
bura sakinidirsə, qarşıma çıxa
bilər. Bir də
gördüm ki, orta yaşlı bir qadın 12-13 yaşlı qız uşağını dürtmələyə-dürtmələyə,
çimdikləyə-çimdikləyə
harasa aparır və yolu göstərir,
yəni pulu burdamı salmısan.
Qabağımdan keçdilər və
mənə fikir vermədilər. Dayanıb arxalarınca
baxdım, sonra onların dalına düşdüm, anladım
ki, pulu itirən həmin uşaqdı. “Ay xanım,
- deyə arxadan səsləndim, - uşağı
niyə döyürsünüz?”
Qadın
dönüb əyri-əyri
mənə baxdı.
Bir şey anlamadı. Hətta hiss elədim ki, məni söymək
də istəyir, yəqin elə bilir, sataşıram. Dedim ki, yəqin
nəsə itirmisiniz.
Qadın ürəkləndi:
“Bu canıyanmışı göndərmişəm bajımgildən
borc pul alsın, özüm gedəmmədim, əlim xamırrıydı!” Qadın Gürcüstan
ləhcəsiylə danışırdı.
Soruşdum ki, nə qədər pul itirib, cavab
verdi ki,
beş yüz manat.
Əskinaslar necəydi? O da qızdan soruşdu ki, pullar neçəlik idi. Uşaq başa düşmədi.
“Bacına zəng elə” - dedim. Qadın mobil telefonunu çıxarmaq üçün əlini cibinə atdı, amma telefonu evdə unutmuşdu. Qızı qorxa-qorxa öz telefonunu ona uzatdı. Qadın da: “Bax, bunun azarına düşmüsən, başın telefona qarışıb, pulu itirmisən” - dedi. Deyinə-deyinə bacısına zəng elədi və verdiyi sualın cavabını mənə də dedi: beş dənə yüzlük olub.
Çıxarıb pulu verdim. Qadın sevincindən ağladı. Mənim canıma, balalarıma, ailəmə çoxlu dua oxudu. Dedi ki, xingəl kəsib satırlar, mağazaya paylayırlar. Bu yaxınlarda əri vergidən yayınmağa görə cəza alıb, borca düşüblər. “Mən sizə neyniyim, - dedi, - bu yaxşılığın qabağında”. Cavab verdim ki, siz mənə yaxşılıq elədiniz. Qadın təəccübləndi. İzah elədim ki, siz məni böyük bir naharatlıqdan qurtardınız. Gecə-gündüz fikirləşəcəkdim ki, görən bu pul kimindi. Bəlkə xəstəsi varmış, bəlkə son ümid yeriymiş...
Adımı soruşdu. Demədim. Eləcə dedim ki, məni hərdən televizorda göstərirlər. “Müğənnisən?”- deyə xəbər aldı. Mızıldandım...
Qadın sonra daha nələrsə soruşdu, yaxşı eşitmədim, həm də yavaş-yavaş onlardan aralaşırdım deyə, cavab verə bilmədim...
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2015.- 30 may.- S.19