Zaman fərqi
Adəm övladının vaxtında
qədrini bilmədiyi
üç şey var-biri cansağlığı,
o biri əlində olanı, digəri isə zamanı, vaxtıdır. Mən bu gün bunların üçüncüsü
haqda danışmaq, bölüşmək niyyəti
ilə əlimə qələm almışam.
Səhv eşitmədiniz,
bəli, bu zamandır... Bəşəriyyətin,
bütün yaradılışın
sığmalı olduğu,
amma bəzən çərçivəsindən çıxdığı, hərdən
ölçülərini təzələmək
istəyində belə
bulunduğu Zaman... Amma ona da
zaman deyərlər
ha...
Bəzən bilmədən itirdiyimiz,
bəzən bilə-bilə
“öldürdüyümüz”, ağına-bozuna baxmadan təəssüf etmədən
xərclədiyimiz zaman,
vaxt... Elə hey görürsən hamı ondan şikayətçidi. Bəzən haqlı-haqsız
müttəhimə də
çeviririk onu.
İstədiyimiz olmayanda,
işimizi çatdırmayanda,
harasa gecikəndə,
etməli olduğumuz iş marağımızla
qoşa düşməyəndə
onu günahlandırırıq
- “vaxtım yoxdur”, deyə and-aman edirik.
...Tələsirik, gecikirik...
Hər iki halda itirən
özümüz oluruq.
Tapdığımıza sevinirik,
bunun üçün
qurban verdiyimizin isə fərqində deyilik...
... Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirik görən yaza
nə qaldı...
(Aşıq Alı)
Elə sevgimizi etiraf etməyə də, məqamında sözümüzü
deməyə də,
lap yazmağa da vaxt gözləyirik. Elə çox vaxt beləcə gözləyə-gözləyə
zamanımızı ötürürük.
Daha düşünmürük itən
təkcə zaman deyil, o zamana bükülü bizim arzularımızdır, puç
olan ümidlərimizdir.
Onları reallaşdırmalı olduğumuz aylarımız,
illərimizdir. Sonra
da ömürdən düşən günlərə
yanaraq sanki özümüzə təsəlli
veririk...
Dəyişib, dönüb zamana,
Yollar bürünüb
dumana.
Gülüm, səbr eylə
yanına,
Gəlməyə vaxt gözləyirəm...
Amma elə günlər, anlar da var ki, ona illərimizi veririk, özü də düşünərək, olacağını bilə-bilə üzü ona gedirik, axı biz məhkumlarıq... Nə olsun ki, cinayət etməmişik, nə fərqi bizə cəza kəsməyiblər. Biz elə bu dünyaya gəlişimizlə o adı qazanmışıq... Yaşamalı, işləməli, qazanmalı, itirməli, nələrəsə dözməli... xülasə, bir insan taleyini yaşamalıyıq... Gözlədiklərimiz bizi öyə bilər, döyə də. Biz onu nə tələsdirmək, nə də yubandırmaq gücündə deyilik. O öz vaxtında gəlir, gəlişi ilə də tarix yazır. Möhürlənib qalır yaddaşımızda.
Həm şirin dadır, həm acı...
Qamətimizin min cür qayğıdan
əyilmədiyi, qəlbimizin
itkilərdən sızlamadığı
əvəzsiz illər...
Hər birimizin dönə-dönə, həyəcanla
xatırladığı, unuda
bilmədiyi illər...
Ömrümüzün ilk sınaqları,
ilk axtarışları, tapıntıları,
uğurları, səhvləri,
büdrəmələri, ilk dostları, bəzən də ilk sevgimizi tapdığımız dövrü...
məktəb illəri...
Unuda bilmədiyimiz xatirələr
yaşar o illərdə.
Hər dəfə yada düşəndə bir az kövrələr, bir az sevinərik. Xəyalların hansı qatındasa çöhrəmizdə
gah təbəssüm
açar, gah kədər muncuqlanar...
...Ən müqəddəs arzularla yaşardıq
Ən keçilməz
sərhədləri aşardıq.
Onda hələ ayrılıqlar
yox idi
Onda hələ
çox doğmalar sağ idi.
Görməmişdik tərs üzünü fələyin
Əyməmişdi bizi hicran küləyi.
Hələ min-min qayğılardan uzaqdıq
Suçumuzdan keçərdilər... uşaqdıq...
...İlahinin töhfəsiydi
o illər,
İllərin ən körpəsiydi o illər.
Sevincimiz onda necə bol idi.
Günlərimiz şəkər idi,
bal idi...
Çiçək idi, heyran idik ətrinə
Bəlkə dəydik elə
onun xətrinə
Necə
gəldi, hara getdi bilmədik
Ömrümüzdən düşüb
itdi... bilmədik...
Hələ son akkord, son himn
kimi səslənən
Son zəng... Bu “son” kəlməsi nədənsə
həmişə şirin
gəlir adama.
Özündə həsrət, hicran, ayrılıq, iztirab, göz yaşı ehtiva etsə də. İllah da başqa bir sözün önünə
atılanda...
Son görüş, son ayrılıq,
son vida, son nəğmə,
son zəng... Yadıma
qırx il
öncə yaşadığım
son zəng mərasimi
düşür... Onda hər
şey daha sadə, daha təbii idi. İndiki kimi birinci və
onbirinci sinif şagirdləri hədiyyə
məsələsində əvvəldən
“razılaşmırdılar”. Üzbəüz sıra ilə düzülən birincilər və onuncular... Birincilər əllərində çiçək dəstələri,
sonuncular isə kitab tutmuşdu. Məktəb direktorunun təsirli nitqindən sonra təbriklər başladı, hədiyyələr
dəyişdirildi... Ən
sonda bu gün də yaşayan ənənə-məktəb
zənginin duyğuları
coşduran səsi... Bu dəfə şagirdləri
sinif otağına səsləmirdi. Bu son vida məktəb həyatının sonuna qoyulacaq son nida idi.
...Onu elə vurdular,
elə bil ki, bu ahəng
yayıldı Yer üzünün
lap
o ucuna kimi
Belə
vurulmamışdı
bu zəng
heç buna kimi...
Bu sətirlər qara hörüklü, əlaçı
qızın az
qala göz yaşları içində
söylədiyi şeirdən
bir parçadır. Sonra ayrılıq anı... İcazə verin bu anların
təsvirini elə mənim kimi orta məktəbə qırx il
əvvəl əlvida
söyləyən həmyaşıdlarımın
fantaziyasına buraxım...
... Gənclik illərini geridə qoyan Gənclik, geriyə tez-tezmi boylanırsan? O illərdə
nəyin qalıb, bu günə nəyi gətirmisən, gələcəyə ərmağanın
nədi?... Axtardığını tapdınmı,
istədiyini aldınmı
zamandan?... Yoxsa...
Salam sabahın yolçuları!
Bizim zaman fərqimiz də var imiş, lap az qala unutmuşdum. Bizim vaxtımızda son zəng
mayın 25-də keçirilərdi-
təqvim üzrə cəmi altı gün...
P.S. Hərdən deyirlər filankəsin zamanı keçib... Heç qanım qaynamır bu sözə... Zamanınız mübarək!
Vaxtınız xeyir.., hər vaxt həmyaşıd olanlar...
Şahnaz Şahin
525-ci qəzet.-
2015.- 30 may.- S.19.