Film Fondunda
Valeri Kərimovun yubileyi keçirilib
Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunub.
Tədbir Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar
İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı
ilə reallaşıb.
Fondun direktoru,
əməkdar incəsənət
xadimi Cəmil Quliyev çıxış
edərək istedadlı
kinooperator Valeri Kərimovun yaradıcılığı
barədə məlumat
verib. Bildirib ki, Valeri Kərimov özünəməxsus
operator yozumu ilə seçilib. O, Azərbaycan
kino salnaməsində
uğurlu, maraqlı filmləri ilə yadda qalıb. Dedektiv, macəra, psixoloji-dram, uşaq filmi kimi müxtəlif janrlarda ekran əsərləri çəkən
Valeri Kərimov çox universal və fərdi xüsusiyyətlərə
malik sənətkar olub.
Kinoşünas, əməkdar incəsənət
xadimi Aydın Kazımzadə qeyd edib ki, Valeri
Kərimov professional kinooperator
kimi 30-dək film çəkib.
O, çəkdiyi filmlərdə
Azərbaycanın zəngin
təbiətini, gözəl
guşələrini tərənnüm
edib. Kinostudiyada gənc operatorun
ilk böyük işi
1974-cü ildə çəkdiyi
“Çarvadarların izi
ilə” adlı bədii televiziya filmi olub. Elə həmin il operator “Ömrün
səhifələri” kinoalmanaxında
iki novellanı - “Baladadaşın ilk məhəbbəti”
və “Nəğmə
dərsi”ni lentə alıb. Onun çəkdiyi filmlərin
arasında müxtəlif
janrda və mövzuda filmlər var. Bunlar “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”,
“Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl
uçurum”, “Yarımçıq
qalmış mahnı”,
“Ailə”, “Sizi dünyalar qədər sevirdim”, “Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və digər filmlərdir. Onun sonuncu çəkdiyi film
“Ailə” olub.
Valeri Kərimov
özünü rejissorluq
sahəsində də
sınayıb. “Həmyerli”
bədii filminə quruluş verən kinooperator bu filmlə rejissor kimi debüt edib.
Digər çıxış edənlər
sənətkarla bağlı
xatirələrini bölüşüblər. Vurğulanıb ki, Valeri Kərimov
sənət aləmində
öz imzasını qoymuş sənətkarlarımızdandır.
Tədbirdə görkəmli sənətkara
həsr edilmiş fotosərgi, videoçarx və çəkdiyi filmlərdən fraqmentlər
nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 30 may.- S.16