Nadir şahın tariximizə işıq salan məktubları

 

Akademik Ramiz Mehdiyevin son dövrlərdə tariximizin tədqiqi və təbliği sahəsindəki fəaliyyətində iki məqam, iki çağırış xüsusilə diqqəti cəlb edir.

 

Birincisi, bu işlər, kitablar nəzərimizə çatdırır ki, biz indiki mərhələdə tariximizə dair yazılmış əsərlərə yenidən baxmalı, bir çox məsələləri müasir dövrümüzün  tələbləri, müstəqilliyimiz nöqteyi-nəzərindən yenidən araşdırmalıyıq. İkinci məqam isə ondan ibarətdir ki, tariximizi öyrənərkən mənbələrə, məxəzlərə ən böyük önəm verməli, müddəalarımızı irəli sürərkən onlara istinad etməliyik. Şübhə yoxdur ki, tarixçilərimiz indiyə qədər bir çox dəyərli mənbələri üzə çıxarmış və elmi fikirlərini söylərkən onlara istinad etmişlər. Lakin görülmüş işlərin əhəmiyyətini azaltmamaqla etiraf edək ki, son dövrlərdə dünyanın müxtəlif  kitabxanalarında saxlanan Azərbaycan, türk, fars, ərəb və digər dillərdə olan tarixi mənbələrin tədqiqi, bu işdə gənc araşdırıcıların iştirakı günümüzün tələblərinə tam mənası ilə cavab vermir.

 

Müstəqilliyimizlə bağlı olaraq xarici ölkə kitabxanalarından əldə edilən mənbələrin, əlyazma qaynaqlarının surətlərinin sayı artsa da bu əsərlərin araşdırılması ilə peşəkarcasına məşğul olacaq gənc kadrların sayı yetərincə deyil. Yazılı mənbələri, əlyazmaları öyrənən tədqiqatçı bir-iki il deyil, on-iyirmi ilə hazırlanmalıdır və belə bir mütəxəssisin qayğısına qalmaq lazımdır ki, məişət qayğıları səbəbindən elmin daşını atıb başqa yerlərdə işləmək həvəsinə düşməsin. Bizim üçün mənbələrimizin mümkün qədər çox sayda ortaya çıxması, nəşri, tədqiqi, elmi dövriyyəyə daxil edilməsi müstəsna dərəcədə əhəmiyyətlidir. Çünki çoxsaylı düşmənlərimizin bütün qüvvələrini, maddi vəsaitlərini yalanı həqiqət yerinə təqdim etməyə yönəltdikləri halda, bizim yeganə və ən kəsərli silahımız həqiqətdir, tarixi gerçəkliyin olduğu kimi yazılmasıdır.

 

Bu yaxınlarda R.Mehdiyevin elmi redaktorluğu və geniş ön sözü ilə “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış Əfşarlar dövlətinin banisi, böyük sərkərdə Nadir şahın məktublaşmaları-cəmi 28 məktub işıq üzü görmüşdür (fars dilindən tərcümə edən, nəşrə hazırlayan və qeydlərin müəllifi:Rauf Şeyxzamanlı, redaktor: Paşa Kərimov). Ön sözdə akademik Ramiz Mehdiyev Nadir şahın Yaxın və Orta Şərq bölgəsinin, xüsusilə də Azərbaycan və İranın tarixində oynadığı rol barədə fikir söyləmiş, görkəmli dövlət xadimi və sərkərdənin hərbi, siyasi fəaliyyətini dövlətçiliyimiz baxımından elmi cəhətdən dəyərləndirmişdir. Nadir şahın hərb və siyasət sahəsindəki mübarizəsinin müasir reallığımız, müstəqil dövlətimizin qarşısında duran vəzifələr baxımından nəzərdən keçirilməsi zərurəti xüsusilə vurğulanmışdır. Burada Nadir şahın məktublarının tariximizin öyrənilməsi baxımından əhəmiyyəti də elmi cəhətdən əsaslandırılmışdır.

 

“Nadir şah: imperiya tariximizin sonuncu səhifəsi diplomatik sənədlər aynasında” adlı ön sözdə Ramiz Mehdiyev Nadir şahın Azərbaycan tarixində ki, onun ərazi bütövlüyünün saxlanılmasındakı rolunu obyektiv olaraq belə qiymətləndirmişdir: “Keçmiş SSRİ dövründən etibarən tarixşünaslığımızda kök salmış yanaşmaya əsasən Azərbaycan torpaqlarının ikiyə bölünməsi hadisəsi Rusiya imperiyası ilə Qacarlar dövləti arasında  imzalanan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə əlaqələndirilir.

 

Doğrudur, əgər məsələyə sırf tarixi faktın, yaranmış reallığın rəsmiləşdirilməsi nöqteyi-nəzərindən yanaşsaq, bu fikirlə razılaşmaq mümkündür. Ancaq tarixi faktların məntiqi zənciri və real mahiyyəti mövqeyindən çıxış etsək, tarix elmində oturuşmuş sözü gedən baxışın cərəyan etmiş proseslərin gerçək ardıcıllığını heç də dəqiq əks etdirmədiyini görmək çətin olmaz. Məsələnin əsl məğzi ondan ibarətdir ki, Azərbaycan torpaqlarının bölünməsi, mərkəzləşdirilmiş dövlətçiliyimizin dağılması, həmçinin tarixi vilayətlərimizin bir-birinin ardınca yadellilər tərəfindən işğalı prosesi 1747-ci il iyunun 21-də, yəni, görkəmli dövlət xadimi və mahir sərkərdə Nadir şah Əfşarın (1688-1747) sui-qəsdçilər tərəfindən xaincəsinə öldürüldüyü gündən başlayıb”.

 

Tamamilə doğru fikirdir. Lakin burada əksini tapmış, tarixçilərimizi düşündürəcək başqa bir məsələni də nəzərdən qaçırmaq olmaz. Görkəmli tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin çox dəyərli “Azərbaycan Səfəvilər dövləti” monoqrafiyasında deyilir ki, Azərbaycanın Osmanlı Türkiyəsi tərəfindən XVII əsrin əvvəllərinə qədər davam etmiş işğalı I Şah İsmayıl tərəfindən əsası qoyulmuş  Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoydu. Yəni, Səfəvilər dövləti XVIII əsrin əvvəllərinə qədər yaşasa da, bu artıq Azərbaycan dövləti deyildi. Akademik Ramiz Mehdiyevin mülahizələrindən isə belə nəticə çıxarmaq olar ki, nəinki XVII əsrdəki, I Şah Abbas dövründəki (1587-1629) Səfəvilər dövlətini, həm də Nadir şahın qurduğu Əfşarlar imperiyasını eyni zamanda Azərbaycan dövlətçiliyinə aid etmək olar. Bu dövlətlərin sərhədləri Azərbaycanın hüdudlarını aşsa da, farsların və digər millətlərin nümayəndələrinin dövlətin idarə edilməsindəki rolu xeyli artsa da, müharibələr nəticəsində Azərbaycan əraziləri əvvəlki əhəmiyyətini itirsə də, hökmdar və hakim təbəqə Azərbaycan türkü olduğunu dərk edən, ana dilində danışan şəxslərdən ibarət idi. Azərbaycan, onun ərazi bütövlüyünün qorunması bu hakimlər üçün vacib məsələ idi.

 

R.Mehdiyev Nadir şahın hakimiyyətini ondan sonrakı xanlıqlar dövrü ilə müqayisə edərkən tarixşünaslığımızdakı bəzi stereotiplərlə razılaşmadığını bildirir. O qeyd edir ki, doğrudan da, Azərbaycan xanlıqları dövlətçilik, diplomatiya, hərb sənəti və mədəniyyət tariximizdə özünəməxsus rol oynamışdır. Ancaq əslində xanlıqlarımızın tarixi, onların aqibəti müstəqilliyimizin və bütövlüyümüzün itirilməsi tarixidir.

 

Nadir şah isə ölkənin işğal altında olduğu ümidsiz bir dövrdə cəmi 10 il ərzində vəziyyəti dəyişdi, dövrün ən qüdrətli imperiyasını qurdu. “Nadir şah xanlardan fərqli olaraq milli vəhdətə nail olmağı bacardı, döyüş meydanında və diplomatiya sahəsində atdığı qətiyyətli addımlar hesabına doğma xalqını parçalanmadan, əsarət və təhdidlərdən xilas etməyə müvəffəq oldu”.

 

Ön sözdə tariximizi təhrif edənlərə cavab olaraq Nadir şahın nümayəndəsi olduğu əfşar tayfasının türklüyü elmi dəlillərlə bir daha nəzərə çatdırılmışdır. Burada əfşar elinin yetirməsi olan görkəmli tarixi şəxsiyyətlər barədə maraqlı məlumatlar verilir. Akademik Ramiz Mehdiyev Nadir şahın şəxsi keyfiyyətlərini, şəxsiyyətini, onu görkəmli sərkərdə və dövlət başçısı kimi yetişdirən mühiti, keçdiyi həyat yolunu nəzərdən keçirərkən yazır: “ Öz gələcək inkişafı, düzgün təşəkkülü naminə həmişə uğurlu nümunəyə ehtiyac duyan gənclik üçün  Nadir şahın qət etdiyi ömür yolu heç şübhəsiz ki, dəyərli, həm də əyani dərs vəsaitidir.

 

Obrazlı desək, Nadir şahın həyat yolunu yalnız öz zəhmətinə, zəkasına söykənərək sonsuz çətinliklər girdabından ləyaqətlə xilas olmağın, zirvələrə yüksəlməyin nəinki özü üçün, həm də xalqı naminə böyük qələbələr qazanmağın salnaməsi adlandırmaq olar”. Ön sözdə Nadir şah bəzi tarixçilərin iddia etdiklərindən fərqli olaraq böyük sərkərdə olduğu qədər də dövlətçiliyin inkişafında əvəzsiz rol oynamış dövlət başçısı, milli varlığını, türklüyünü dərk edən vətənpərvər hökmdar kimi xarakterizə edilir. Nadir şahın sünni-şiə məzhəbləri, Osmanlı-Azərbaycan türkləri arasındakı ixtilafları aradan götürmək cəhdlərindən danışılır.

 

Qeyd etmək istərdik ki, Nadir şahın haqqında danışdığımız məktublaşmaları XVIII əsrin görkəmli Azərbaycan tarixçisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” adlı əsərindən götürülmüşdür. Mirzə Mehdi xan əslən Səfəvilər nəslindən olmuş, Səfəvi hökmdarlarından  Şah Sultan Hüseynin (1696-1722) və II Təhmasibin (1722-1732) sarayında yüksək vəzifələr tutmuşdur. M.M.Astrabadinin geniş biliyinə, istedadına yüksək dəyər verən Nadir şah (1688-1747) onu baş vaqiənəvis-sarayın baş tarixçisi vəzifəsinə təyin etmişdi. Mirzə Mehdi xan Səfəvilər dövründə də, Nadirin hakimiyyəti zamanında da ölkədə baş verən bütün əsas siyasi hadisələrdən xəbərdar idi, buna görə də bu vəzifəsinə tam uyğun gəlirdi. O, sarayda katiblik-münşilik vəzifəsini də icra edir, Nadir şahı hərbi yürüşlərdə müşayiət edir, xarici ölkələrlə danışıqlarda, dövlətin xarici siyasət məsələlərinin həllində fəal iştirak edirdi. M.M.Astrabadi “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhanquşayi-Nadiri”, “Dürreyi-Nadirə”, “İnşa”, “Sənglax” və “Məban əl-lüğət” adlı dəyərli əsərlərin müəllifidir. Bunlardan tam adı “Tarixi-cəhanquşayi-Nadiri” (“Dünyanı fəth edən Nadirin tarixi”) olan əsərdə Nadir şahın, xələfləri Əli və İbrahimin, daha sonra ölkəni idarə etmiş şəxslərin tarixindən bəhs olunur.

 

Dünya kitabxanalarında bu əsərin çoxlu əlyazmaları vardır. Kitab dəfələrlə daşbasma və müasir üsulla orjinalda-fars dilində nəşr edilib. Əsərin 39 əlyazması AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bunlardan 137 vərəqdən ibarət ən mükəmməli 1827-ci ilin iyulunda köçürülüb.

 

Mirzə Mehdi xan “Məbən əl-lüğət” (“Sözlərin əsası”), və “Sənglax” adlı əsərlərini ömrünün son çağlarında, təxminən 1760-cı ildə bitirmişdir. “Məbən-əl-lüğət” cığatay dilinin qrammatik oçerkindən, “Sənglax  isə cığatayca-farsca lüğətdən ibarətdir. “Məbən əl-lüğət”in tam adı “Sərfü nəhfi-lüğəti-cığatayi”dir. Qrammatik oçerk də, lüğət də başlıca olaraq böyük özbək şairi Əlişir Nəbainin əsərləri əsasında tərtib edilmişdir.

 

Mirzə Mehdi xanın “İnşa” əsəri əfşarlar dövrünün ən məşhur nəsr nümunəsi, Azərbaycanın, İranın bir sıra qonşu ölkələrin tarixinə dair dəyərli sənədlər toplusudur. Bildirdiyimiz kimi, M.M.Astrabadi bir sıra tarixi hadisələrin, diplomatik missiyaların, müqavilələrin imzalanmasının, rəsmi dövlət sənədlərinin  tərtibinin bilavasitə iştirakçısı olmuşdur. Buna görə də onun bu əsəri dövrün tarixinə dair ciddi mənbə hesab edilir.

 

Müəllif buraya əvvəlki dövrlərə aid sənədləri, məktubları da daxil etmişdir. Məsələn, Əmir Teymurun (1336-1405)  Osmanlı imperatoru İldırım Bəyazidə (1389-1402), Babur şahın (1483-1530) Seyid Məhəmməd Nurbəxşə, I Təhmasibin (1524-1576) Osmanlı imperatoru I Sultan Süleymana (1520-1566) və başqa məktublar belələrindəndir. Topluda Səfəvi hökmdarlarından Sultan Hüseynə (1694-1722) və II Təhmasibə (1722-1732) dair sənədlər də vardır. Lakin sənədlərin, məktubların şoxu Nadir şah Əfşara aiddir.

 

“İnşa”ya aşağıdakı materiallar daxil edilmişdir: Əyanların təyinatına dair Şah Sultan Hüseynin, II Şah Təhmasibin, Nadir şahın fərmanları, Nadirlə Osmanlı dövləti arasında imzalanmış sülhnamə (sülh müqaviləsi), fəthnamə (qələbə barədə yazılı məlumat), Mirzə Mehdi xanın vəqfnaməsi, Nadir şahın İbrahim xanı əhv etməsi barədə məktubu, Nadir şahın İranın ayrı-ayrı vilayət hakimlərinə göndərdiyi məktubları, Nadir şahın Hindistanın fəthindən sonra Rzaqulu Mirzəyə yazdığı məktub, Mirzə Mehdi xanın Bağdad alimlərinə məktubu, Nadirin Moğol imperatoru Məhəmməd şaha, Osmanlı imperatoruna, Rus imperatriçasına, Əfqan şaha məktubları, Mirzə Mehdi xanın ayrı-ayrı şəxslərə məktubları.

 

Qeyd etmək istərdik ki, münşəat (məktub, sənədlər toplusu) eyni zamanda bədii janr olmuşdur və məsələn, Məhəmməd Füzulinin Osmanlı dövlətinin yüksək vəzifəli məmuru Nişançı Paşaya yazdığı, “Şikayətnamə” adı ilə məşhur olan məktubu bədii əsər, nəsr nümunəsi kimi oxunmuşdur və oxunmaqdadır. Görkəmli Azərbaycan şairi, rəssamı və ədəbiyyatşünası Sadiq bəy Əfşarın (1533-1610) cığatayca və farsca məktublardan ibarət toplusu “Münşəati-türki və farsi ke, be müləmməat məşhur əst” (“Müləmməat kimi məşhur olan türkcə və farsca münşəat”) adlandırılmışdır. Onun cığatayca məktubları tərəfimizdən ayrıca kitabça halında nəşr edilibdir. Münşəatlar, məktub və sənədlər toplusu katiblər tərəfindən köçürülər və ən müxtəlif oxucular üçün maraq doğuran sənədlər nümunəsi kimi yayılardı. Müxtəlif Şərq əlyazmaları kitabxanalarında məktub və sənəd topluları-münşəatların əlyazma nüxsələri saxlanmaqdadır.

 

Orta əsrlər nəsrinin digər nümunələri kimi məktublar, sənədlər səcli-daxili qafiyəli nəsrlə, Şərq poetikasının bədii ifadə vasitələrindən geniş istifadə edilməklə yazılardı ki, bu da onların müasir oxucu tərəfindən oxunub başa düşülməsinə çətinlik törədir. Klassik ədəbiyyatda “münşiyanə üslub” ifadəsi vardır. “İnşa”- məktub və sənədlər, bunlardan tərtib olunmuş kitab, “münşi”-katib, yazıçı deməkdir. “Münşiyanə üslub” dedikdə klassik Şərq bəlağət sənətindən bəhrələnən, müxtəlif bədiiyyat vasitələrindən geniş istifadə edilən məktub və əsərlərin dili başa düşülür. Mirzə Mehdi xanın “İnşa”sında toplanmış farsca məktub və sənədlərdə də poetik fiqurlardan geniş istifadə edilmişdir. Mətnlərdəki yüksək bədii üslub ilkin nəzərə çarpan cəhətlərdəndir. Ümumiyyətlə, orta əsrlərin epistolyar irsinin, rəsmi sənədlərinin dili bilavasitə klassik ədəbiyyatla bağlı idi. Qeyd etmək istərdik ki, çətinliklərə baxmayaraq orta əsrlərə dair epistolyar irsin nəşri və tədqiqinin sürətləndirilməsi zərurəti göz qabağındadır. Nadir şah Əfşarın məktublaşmalarının tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olması da şübhə doğurmur.

 

Əminik ki, Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsərinin bütövlükdə dilimizə tərcüməsi, nəşri və tədqiqi tariximizin, orta əsrlər rəsmi və münşiyanə üslubunun, eləcə də görkəmli Azərbaycan alimi olan müəllifin-Mirzə Mehdi xanın irsinin öyrənilməsi baxımından böyük maraq doğuracaqdır.

 

 

Paşa ƏLİOĞLU

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi

 

525-ci qəzet.- 2015.- 30 may.- S.14-15