“Azərbaycanın geosiyasəti”

 

ƏLİ HƏSƏNOVUN EYNİADLI KİTABI HAQDA DÜŞÜNCƏLƏRİM

 

 

 

Dövlətin varsa, hamı üçün olmasa da, bu dövləti yaşatmaq, onu lider dövlətə (ən azından regionda) çevirmək, yaşatmaq üçün milli düşüncələr ziyalılarımızın ən ümdə vəzifələrindən biri olaraq qalır.

 

Bu təqdirəlayiq haldır. Ziyalımız dövlətin keçmişini gələcəyə daşıyandır. Bu olmazsa içində yaşadığın dövlət gec-tez məhvə məhkum olacaq. Çünki vətəndaşı olduğu dövləti dünən, bu gün, sabah hansı təhlükələrdən və necə qorumağın yolunu yalnız ziyalı göstərə, onlardan çıxış yollarını da xalqına, vətəndaşına, dünyaya yalnız o çatdıra bilər.

 

Əslində bu nəticəyə  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabını oxuduqdan sonra gəldim. Ürəyində vətən eşqi, dövlət eşqi olan bir şəxs, mübağiləsiz, yalansız- plansız, problemi olduğu kimi göstərən, heç nəyi qabartmayan  bir şəxs bunu, iri həcmli kitabı yaza bilərdi və yazdı da. Bu kitab hər kəsə lazımdır. Məsəl var: “Sən siyasətlə məşğul olmazsan, siyasət səninlə məşğul olar”. Doğru deyimdir. Kimsə hüzur istəyirsə, evində, eşiyində sakitlik, əmin-amanlıq görmək istəyirsə, ətrafında nə baş verdiyini bilməyə məcburdur. Əslində bu kitab gənclərimizə daha çox lazımdır, çünki onlar dövlətimizin daşıyıcılarıdır.

 

Güclü dövlətin güclü ziyalısı olmalıdır. Onlar hər şeyi görməli, hər şeyi nəzərə almalıdır. Güclü dövlət və milli maraqlar ziyalı tərəfindən önə çıxarsa, yazılarsa və gələcək nəslə ötürülərsə, o dövlət və millət yaşamaq haqqını alacaq.

 

Yadıma çoxdan oxuduğum və heç zaman unutmadığım bir rəvayət düşdü: “ Bir məmləkətdə padişah ayda bir dəfə libasını dəyişib gecələr küçələri gəzərmiş, əhalinin dolanışığını öz gözü ilə görüb öyrənmək istərmiş. Kim məmləkətdən razıdır, kim narazıdır- səbəbini araşdırarmış. Onun padişah olduğunu kimsə də bilməzmiş. Padişah bir dəfə vəziri ilə gecə vaxtı küçəni gəzəndə görür ki, evin birindən səs gəlir. Gəlib qapını döyürlər. Qapını alt paltarında ev yiyəsi açır. Padişah bir söz demədən geri qayıdır. Başqa bir məhəlləyə keçəndə yenə görür ki, bir evdən işıq gəlir. Qapını döyüb “Allah qonağıyıq” deyirlər. Ev yiyəsi müsəlləh  əsgər geyimində qapını açıb “ Allaha da, Onun qonağına da qurban olum” deyib onları evə dəvət edir. İçəri girəndə padişah görür ki, divardan böyük xəritə asılıb, qırmızı rəngli işarələr var. Padişah ondan soruşur ki, bu nədir belə, bu nə işarələrdir. Ev yiyəsi cavab verir ki, ey qonaq, bil ki, bu bizim dövlətin sərhədləridir. Gördüyün yaşıl işarələr də bizim real düşmənlərimizdir. Sabah olmadı elə, oldu belə. Dövləti, vətənimi düşünməliyəmmi? Padişah yenə sual verir ki, bu sənin nəyinə lazımdır? Sən bu məmləkətin adi təbəəsisən, bunun üçün padişah var, onun əyanları var, qoy onlar bu barədə düşünsünlər. Ev yiyəsi cavab verir ki, elədir, ancaq padişah dövlətin təhlükəsizliyini düşünəcək. Dərd, bəla gəlməmiş biz onun olmalıyıq, çünki dövlətə gələn dərd sonradan hər birimizin evinin içindən keçəcək.

 

 Saraya qayıdandan sonra vəziri soruşur ki, padişahım, bu işin səbəbini mənə anladarsanmı; bir evdə qalmadıq, o birisində səhərə qədər yatmayıb söhbət etdik. Padişah cavab verir: “Ya vəzir, birinci evdə ona görə qalmadıq ki, ev yiyəsi qarşımıza alt paltarda çıxdı. O heç ailəsini də fikirləşmədi. Onu qəfil yaxalamaq çox asan olardı. İkinci isə qarşımıza əsgər kimi çıxdı. O təkcə ailəsini deyil, dövlətini də fikirləşirdi, özü də əsgər kimi yox. Kaş belə təbəələrimiz çox olaydı”.

 

Bax, Əli Həsənovun bu kitabını oxuduqda onun ikincidən olduğunun qənaətinə gəldim.

 

Bir tarixi hadisəni də yazım: “Hülaki xan bir gün Nəsirəddin Tusini yanına çağırıb deyir ki, ulduzları öyrənmək sənin, mənim, əsgərlərimin nəyinə lazımdır ki, ona pul buraxım. Böyük alim cavab verir ki, gəl böyük qazanı əsgərlər düşərgə salan yerdə dağdan aşağı buraxaq, amma bu sirri ikimiz bilək. Nəticəni danışacam. Elə də edirlər. Dağdan böyük, içi boş qazan tappaturupla diyirlənəndə böyük hay-küy düşür. Əsgərlər elə bilirlər ki, düşərgəyə düşmən qəfil hücum edib, hamı həyəcan və təşvişə düşür. Tusi Hülaki xana deyir ki, bax ulduzların sirrinə vaqif olmaq buna görədir, haradan təhlükə gəlir öncədən bilmək lazımdır, Hülaki xan bundan sonra Marağa rəsədxanasının tikilməsi üçün dövlətdən vəsait ayırır”.

 

Bax bu kitab da bizə, dövlətə, millətə, hər ailəyə gələn təhlükədən xəbər verir, nə etmək lazımdır yolunu göstərir.

 

Əli Həsənov doğru olaraq yazır: “Hazırda təzahüretmə miqyasından və məkan amilindən asılı olaraq beynəlxalq münasibətlər sistemi planetar maraqların arxitekturası əvvəlki dövrdə olduğu kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması çərçivəsində deyil, Milli, Regional və Qlobal olmaqla üç fərqli məkan ölçülərini və ayrılıqda hər bir dövlətin milli maraq və milli təhlükəsizlik səviyyəsini özündə əks etdirir” (bax; Əli Həsənov “Azərbaycanın geosiyasəti”. Bakı, 2015, səh.11.)

 

Tam doğrudur. O, düzgün olaraq qeyd edir ki, artıq ideoloji baxışlara görə dövlət və milli maraqlar geridə qalıb. Fərqli ideoloji düşüncələrə görə, vətəndaşları məhv etmək, güllələmək, sürgün etmək yolverilməzdir. Dövləti, onun vətəndaşlarını belə seçkilərlə qorumaq mümkünsüzdür. O qeyd edir ki, çağdaş dövrümüz tamam başqa yanaşma və elmi təhlili olan yol tələb edir, əks təqdirdə bəzi başqa, kiçik dövlətlər kimi asılılığa düşəcək, dövlətin və millətin gələcəyini müəyyən edə bilməyəcək. Müəllif yazır: “Bəhs olunan şəraitdə dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada- Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur. Hazırda bütün dünyada, o cümlədən, Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin yaradılması ilə məşğul olurlar...” (Yenə orada, səh 12)

 

Tamamilə dövlətin və millətin geostrateji maraqları üçün düzgün hədəf seçilir. Bu hədəfləri bilmədən, öyrənmədən düzgün və dayanıqlı inkişaf tapmaq mümkün deyil.

 

Bu yazını 28 May günündə başladım. Üç ildən sonra cümhuriyyətimizin yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd olunacaq. Heyif ki, o zamanlar kimsənin ömrü, zamanı( hərçənd buna çox cəhd edilmişdi) çatmadı. Bəlkə belə kitab yazılsaydı, dövlətin strateji yükü müəyyənləşsəydi, XI Qızıl Ordu Azərbaycanı işğal etməzdi. Düzgün yeridilən siyasət, hədəfləri müəyyənləşdirmək və xarici siyasətin hədəflərini özündə reallaşdırmaq, dövləti xarici ünsürlərdən və təzyiqlərdən qorumaq milli dövlətin ən başlıca vəzifələrindən biridir.

 

Müəllif qeyd edir ki, Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən enerji qaynaqları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Məlumdur ki , Avrasiyanın ən əhəmiyyətli bölgələrindən hesab olunan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Rusiya üçün daim xüsusi əhəmiyyət daşımış, son iki əsrə yaxın müddət ərzində onun geosiyasi təsiri, hərbi geostrateji və geoiqtisadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından sonra bu məkanda bir müddət nisbi “geosiyasi boşluğun” yaranması ümumi geosiyasi mühitə mənfi təsir göstərən etnik separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya proseslərinə təkan vermişdir.

 

Düzdür, bu “nisbi boşluqdan” istifadə edən separatçılar Azərbaycanı bir neçə yerə bölmək istədilər (təbiidir ki, xarici qüvvələrin təsiri nəticəsində) və torpaqlarımız işğal olundu. Hər super dövlət öz maraqlarını bu regionda saxlamaq və qorumaq üçün ilk növbədə Azərbaycana təsir imkanlarını artırmağa çalışırdı. Müəllif yazır: “Hazırda regionun geosiyasi, geoiqtisadi və hərbi geostrateji həyatında yerli ölkələrlə yanaşı üç əsas geosiyasi faktor - Rusiya, ABŞ və Avropa Birliyi öz milli maraqlarını maksimum formada reallaşdırmağa çalışır. Odur ki, bu məkandakı beynəlxalq, regional və lokal maraqların təsnif olunması, ümumi geosiyasi mühitin formalaşmasına hər bir yerli və beynəlxalq faktorun geosiyasi fəaliyyətinə təsir göstərən amillərin, regionda maraqları təmsil olunan dövlətlərin və beynəlxalq güclərin siyasi, hərbi enerji, informasiya və iqtisadi strategiyalarının, geosiyasi proseslərin... getdikcə praktiki cəhətdən aktuallaşır... (Yenə orada, s.14)

 

Göründüyü kimi Azərbaycan dövlətinin milli maraqları olmadan dövlət siyasəti yürütmək çaşbaşlıq yaratmaqla yanaşı, dövlətin əsas təməllərinə də zərbə vurmuş olacaq. Bu təməllər hansılardır.

 

1. Milli maraqlar önə çəkilir;

 

2. Regional maraqlar nəzərə alınır;

 

3. Beynəlxalq aləmdə dövlət öz yerini müəyyənləşdirir və ona uyğun olaraq özünün siyasətini yürüdür.

 

Bunları bilmədən, hesaba almadan yaranan yeni dövlət quruculuğunda səhv etməklə dövləti və onun vətəndaşlarını xaosa sürükləmək deməkdir. Vətəndaş öz dövlətinin dayanıqlı inkişafına inanmalıdır.

 

 

Yunus OĞUZ

 

525-ci qəzet.- 2015.- 30 may.- S.8.