"Tarixi yaddaşqondarma əhvalatlar"ı oxuyarkən

 

 

 

Tarix - dünənimizin sədasıdır, bəşər övladının əsrlər boyu qət etdiyi yoldur. Örnək almalı, ibrət götürməli çox şey var tarixdə. Məni bu düşüncələrə sövq edən yazıçı-publisist Zöhrə Əsgərovanın yeni kitabı oldu. "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Tarixi yaddaş qondarma əhvalatlar"dan hələ mətbəə qoxusu çəkilməyib. Amma kitabı vərəqləyəndən sonra onu əldən yerə qoya bilmirsən. Niyə? Çünki kitaba marağın azaldığı zəmanəmizdə ortaya çıxan bu əsər bizə tarixin bir çox qaranlıq mətləblərindən xəbər verir. Sanki sirlər boxçasıdır. Müəllifin böyük zəhməti, gərgin axtarışları, elmi-publisistik yönlü araşdırmaları sayəsində meydana çıxmış esselər oxucunun erudisiyasını zənginləşdirir. Səhifələr bir-birini əvəz etdikcə Zöhrə xanımın vətəndaş qeyrətinə, milli təəssübkeşliyinə "Əhsən!" deyirsən.

 

Baxın, erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə "Ermənistan ermənilər" adlı kitabında yazıb: "Ermənilərdə dövlətçilik olmayıb. Onlar vətən hissinə bağlı deyillər, siyasi əlaqələrlə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadığı yerlə bağlıdır..."

 

Əzəli Azərbaycan torpaqları hesabına özünə dövlət quran, bu azmış kimi üstəlik Türkiyə torpaqlarına göz dikən millətçi ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin, apardığı qərəzli təbliğatın, təcavüzkar siyasətin 100 ili aşan tarixi var. Ancaq həmin dövrdə tarixi saxtalaşdıran başabəla alimlərin cızmaqaraları ilə yanaşı, həqiqəti  car çəkən əsərlər meydana gəlib. Hünər istəyir, həmin mənbələri tapıb ortaya çıxartmaq. Z.Əsgərovanın kitabı məhz bu baxımdan da xüsusi dəyər kəsb edir.  

 

Amerikalı politoloq Styuart Kaufman isə erməni təbliğatını belə ifşa edib: "Əgər siz erməni tarixini oxusanız, elə düşünə bilərsiniz ki, yüz illərdir türklər ancaq erməniləri məhv etməklə məşğul olub. Bu mif türkdilli azərbaycanlılara qarşı törətdikləri zorakılığa haqq qazandırmaq üçündür".

 

Zöhrə xanım bu dəyərli araşdırmasını, tarixi mənbələrə istinad edən bütün mükalimələrini esse janrında qələmə alıb. Oxucu kitabda yer almış 251 səhifəlik ən böyük essedə bu günümüz üçün çox əhəmiyyətli olan çox faktlarla qarşılaşır. Erməni təbliğat maşınının yalanlarını ifşa etmək baxımından V.F.Mayevskinin əsərləri mühüm ipucları verir. O, 1906-cı ildə "Qafqazda erməni-tatar çaxnaşması erməni məsələsində mərhələlərdən biridir" adlı əsərində bildirir ki, "harda ki Daşnaksutyun ona bənzər təşkilatın fəalları üzə çıxırdı (Bakı, Şuşa, Naxçıvanda olduğu kimi) süni surətdə qanlı toqquşmalar baş verirdi..."

 

1895-ci ildə Ərzurum Van vilayətlərindən keçən V.F.Mayevski ermənilərin məskunlaşdığı kəndlərin abadlığını görmüşdü. Adı çəkilən əsərində müəllif bildirir ki, "oradakı ermənilərin maddi vəziyyətinə Qafqazda yaşayan bir çox ermənilər qibtə edə bilərdilər. Müsəlmanlar onlara qarşı heç bir düşmənçilik hissi yaşamırdılar. Türk administrasiyasının idarəçiliyi altında olan insanların hüquqlarının pozulması ilə bağlı heç bir xristian xalqı şikayət edə bilməzdi. Lakin 1890-cı ilin əvvəllərində Türkiyənin müxtəlif bölgələrində Londonda ən fantastik ideyalarla doldurulmuş erməni təbliğatçıları gah orda, gah burda peyda olmağa başladılar". Beləliklə, ermənilərlə türklər arasında nifaq salanların kimliyi aşkara çıxır...

 

Daha sonra ermənilərin riyakarlığını ifşa etmək üçün Konstantinopolda fransız elçisi olmuş Kamboya istinad edən V.F.Mayevski  uzaqgörənliklə yazır: "Bu haqda cəsarətlə açıq şahidlik edə bilərəm ki, mənim özüm Asiya Türkiyəsində ən qızğın qarışıqlığı, Daşnaksutyunun amansız fəaliyyətinin izlərini görmüş, amansız həqiqətinə inanmışam ki, erməni məxfi təşkilatları hər şeydən əvvəl Türkiyə ermənilərinin ən qəddar düşmənləridir... Kim qabaqcadan deyə bilər ki, bu "vətənpərvər" təşkilatlar gələcəkdə erməni xalqına qədər bəla gətirəcəkdir!"

 

Başqa bir erməni tarixçisi Con Kirakosyan (1929-1985) isə  İngiltərənin Ermənistan siyasətini araşdırarkən etiraf edir ki, "Türkiyəyə diplomatik təzyiq göstərmək, bütün məsələlərə müdaxilə etmək üçün erməni məsələsini bəhanə gətirərək Qərbi Avropa ölkələri erməni əhalisinin vəziyyətini nəinki yaxşılaşdırdı, əksinə, daha da pisləşdirdi. Bu dövlətlərin hər biri   öz şəxsi maraqlarına xidmət etmişdir".

 

Elə oradaca Con Kirakosyan bildirir ki, "erməni məsələsi" termini diplomatiya tarixində Türkiyə əsarətindən xilas olmaq üçün ermənilərin azadlıq uğrunda mübarizəsi, öz dövlətini qurmaq hüququ 1877-1878-ci illərdən sonra Şərq məsələsinin əsas tərkib hissələrindən birinə çevrildi.

 

Özünü dünyaya yazıq, əzilmiş millət kimi qələmə verən ermənilər barədə Arximandrit Avqustin yazır ki, İranda Türkiyədə ermənilər iqtisadiyyatda, ticarətdə digər sahələrdə vacib mövqeyə malik idilər.

 

Bax, budur tarixi həqiqətlər. Müasir gənclik bu həqiqətləri bilərək erməni təcavüzünə, anti-Azərbaycan anti-Türkiyə təbliğatına qarşı mübarizə aparmalıdır.

 

Təəssüf ki, ölkəmizə xalqımıza qarşı yönəlmiş məkrli oyunlardan gec xəbər tuturuq. P.B.Rıbakovun L.B.Alayevin redaktorluğu ilə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 2006-cı ildə nəşrə hazırladığı "Şərqin tarixi" adlı kitabın V cildində Azərbaycan Qafqazda təcavüzkar ölkə kimi təqdim edilib: "Azərbaycan eyni zamanda Naxçıvan Dağlıq Qarabağ uğrunda Ermənistanla, Axaltsixe Axalkalaki üçün Gürcüstanla döyüşüb. İngiltərənin köməkliyi ilə Dağıstana da göz dikib. Çünki Denikinin Rusiyanı birləşdirmək planlarının həyata keçə bilməyəcəyinə ümid edirdi..." Görəsən niyə bizim tarixçilər bu cəfəngiyyatdan vaxtında xəbər tutub, qarşısını ala bilməyib? Yazıçı-publisist Zöhrə Əsgərova kitabında belə faktlar ortaya qoyulub.

 

Məncə, XXI yüzillikdə dünyanın hər yerində kiçik xalqlara, dinlərə qarşı ayrı-seçkiliyin baş alıb getməsinə, zorakılığa göz yuma bilməyən Zöhrə Əsgərova öz etirazını bu kitabla bildirib. Əslində din siyasəti ateizmlə bağlı olan bu kitab dinin tarixi mədəni əhəmiyyəti barədə maraqlı fikirlər  sərgiləyir. Bu kitaba istinadən xəbər tuturuq ki, yazıçı V.B.Mikuşeviç X əsrin sonlarında Kiyev Rusiyasında knyaz Vladimir Svyatoslaviçin razılığı ilə ölkənin xristian dinini qəbul etməsindən qayğılanıb. O bildirib ki, geosiyasi nöqteyi-nəzərdən islam dini Böyük Avrasiya imperiyasının maraqlarını daha yaxşı təmsil edərdi...

 

Həmçinin rus generalı, diplomat D.N.Boquslavski (1826-1893) "Quran"ı böyük ehtiramla tərcümə edib. İstanbulda saxlanılan həmin tərcümə uzun illər ictimaiyyətdən kənar qalıb. İlk dəfə 1995-ci ildə 100 ədəd tirajla, bahalı üz qabığı ilə nəfis səviyyədə çap olunaraq muzeylərə və kitabxanalara verilib. 2001-ci ildən bu yana isə İstanbulun "Çağrı yayınları" nəşriyyatı Boquslavskinin tərcüməsini 6 dəfə nəşr edərək geniş oxucu kütləsi arasında yayıb.

 

Tarix saxtakarlığı sevmir,- dedik. Nə yazıq ki, saxtakar tarixçilər tarixi dolaşdırmaqdan vaz keçə bilmirlər. Qonşu ermənilər kimi... İslam dininə xor baxanlar kimi... Azərbaycana qərəzli yanaşanlar kimi... Ona görə də Zöhrə Əsgərovanın "Tarixi yaddaşqondarma əhvalatlar"ı kimi ciddi tədqiqat əsərləri çox yazılmalıdır. Bədxahlarımıza gərəkən cavabı vermək üçün.

 

Tarixi hadisənin və ya tarixi şəxsiyyətin birtərəfli və ya qərəzli təqdim olunması yanlış düşüncələrə meydan verir. Lap Lenin "babamız" haqda Sovet dövründə şüurumuza yeridilən fikirlər kimi. 70 il boyunca onun şəxsiyyəti fetişləşdirildi. 1917-ci ildə baş vermiş oktyabr inqilabının banisi V.İ.Lenin, yəni Vladimir İliç Ulyanov SSRİ xalqlarına ən yüksək məziyyətlərə malik qüsursuz lider, xeyirxah insan, elm-savad tərəfdarı kimi tanıdıldı. Lakin tarix saxtakarlığı sevmir. Sosializm quruluşu dağılan kimi əsl həqiqətlər  gün üzünə çıxdı. Leninlə görüşlərindən birində bu siyasi liderin ziyalılara əsl münasibətinin şahidi olmuş Y.Annenkonun xatirələri bütün təsəvvürlərimizi alt-üst etdi. Ümumiyyətlə ziyalılara böyük simpatiya ilə yanaşmadığını bildirən Lenin Annenkoya deyib ki, "Savadsızlığı aradan qaldıraq!" şüarını elə yozmayın ki, guya mən yeni ziyalıların yetişməsinə çalışıram. Bu bizə onunçun lazımdır ki, hər bir kəndli sərbəst surətdə heç kimin köməkliyi olmadan dekretləri, əmrləri oxuya bilsin". Məncə, əlavə şərhə ehtiyac yoxdur. Tarixi hadisələri və tarixi şəxsiyyətləri birtərəfli təqdimetmənin kökündə çirkin məqsədyönlülük dayanır. Qərəzli təqdimetmə isə düşmənçilikdən irəli gəlir.

 

Məncə, 10-a yaxın kitabın müəllifi olan Zöhrə xanımı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onu hamınız gözəl tanıyırsınız. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü,  "Xan qızı Natəvan" və "Qızıl qələm" mükafatlarının laureatı, Rəsul Rza adına Beynəlxalq mükafatın sahibi, Milli Kulturoloji müsabiqənin qalibi olan bu istedadlı xanımın yaradıcılıq enerjisinə ancaq qibtə etmək olar.

 

Mənzərə Sadıqova

525-ci qəzet.- 2015.- 3 noyabr.- S.8.