Vasif Adıgözəlov silsilə
tədbirlərlə anılır
Dövlət Opera və Balet Teatrının
səhnəsində Azərbaycanın
Xalq artisti, Dövlət mükafatı
laureatı, görkəmli
bəstəkar Vasif Adıgözəlovun üçpərdəli
"Natəvan" operasının
tamaşası nümayiş
olunub.
Tamaşa Azərbaycan Prezidentinin
"Vasif Adıgözəlovun
80 illik yubileyinin keçirilməsi haqqında"
sərəncamına uyğun
olaraq Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşıb. Günümüzlə səsləşən bu tamaşa mərhum bəstəkarın yubileyi
münasibətilə onun
xatirəsinə hörmət
və ehtiram ifadəsi olmaqla yanaşı, tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb. Bir
sıra xarici qonaqların da nümayişinə qatıldığı
tamaşada Azərbaycan
şairəsi Xurşidbanu
Natəvanın həyat
və fəaliyyəti,
onun yaradıcılığı
fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, bu yurdun insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.
Tamaşanın musiqi rəhbəri
və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov,
quruluşçu rejissoru
Azərbaycanın və
Özbəkistanın Xalq
artisti Firudin Səfərov, quruluşçu
rəssamı Xalq rəssamı Tahir Tahirovdur.
Tamaşada teatrın aparıcı
solistlərindən Xalq
artistləri Azər Zeynalov, Şahlar Quliyev, Mənsum İbrahimov, Nəzakət
Teymurova, Əməkdar
artist Zemfira İsmayılova
və başqaları
çıxış ediblər.
Xatırladaq ki, opera ilk dəfə teatrda 2003-cü ildə səhnələşdirilib.
Vasif Adıgözəlovun 80 illik yubileyi çərçivəsində Bakıda, görkəmli bəstəkarın "Çanaqqala-1915" oratoriyasının türkiyəli solistlərin ifasında təqdim olub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan gecədə əvvəlcə iştirakçılar foyedə, görkəmli bəstəkarın əsərlərindən və Çanaqqala savaşından bəhs edən sərgi ilə tanış olublar.
Tədbirdə hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, bəstəkarın dostları və ailə üzvləri, eləcə də musiqisevərlər iştirak ediblər. Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Dövlət xor kapellasının ifasında səslənən oratoriyada solo partiyaları türkiyəli sənətçilər Perihan Nayir, Nesrin Gönüldağ, Okan Şenozan, Ünüşan Kuloğlu və Tuncay Kurtoğlu ifa ediblər.
Bu oratoriyanı Vasif Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. "Çanaqqala-1915" oratoriyası mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Bu əsərdə türk əsgərlərinin Vətənə olan sonsuz, tükənməz sevgisi, rəşadəti, yenilməzliyi tərənnüm olunur. Azərbaycanda qardaş Türkiyənin zəfər savaşı olan Çanaqqala mövzusuna ilk dəfə Vasif Adıgözəlov müraciət edib. Onun "Çanaqqala-1915" oratoriyası türk dünyasında əlamətdar bir hadisə kimi qiymətləndirilir. İlk dəfə 1996-cı ildə Çanaqqalada səslənən bu oratoriyanın Bakıda yenidən təqdimatı da möhtəşəm alınıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 noyabr.- S.7