Tanınmış tarzən Rafiq Rüstəmovun 70 yaşı qeyd edilib

 

 

R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam Muğam Məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə bu il 30 yaşı tamam olan mədəniyyət ocağının hazırda Bakıdakı 284 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərdiyi bildirilib. Məktəbin direktoru Rafiq Rüstəmovun gərgin əməyi hesabına burada hər cür şərait yaradıldığı, təhsil ocağının foyesində məktəbin keçmişini, dünənini bu gününü əks etdirən muzeyin fəaliyyət göstərdiyi vurğulanıb.

 

Bildirilib ki, vaxtilə pərvazlanan "Qarabağ bülbülləri"nin araya-ərsəyə gəlməsində Rafiq Rüstəmovun böyük xidmətləri olub.

 

Xalq artisti Canəli Əkbərov özünəməxsus ənənəyə malik Qarabağ muğam sənətinin Rafiq Rüstəmov kimi davamçıları olduğunu fəxrlə qeyd edib. Onun yorulmadan, usanmadan yenə qaçqın, didərgin ömrü yaşaya-yaşaya bu sənəti unudulmağa qoymadığını bildirib.

 

Tədbirdə çıxış edənlər böyük iradə güclü inam hissinə malik olan Rafiq Rüstəmovun 70 bahar görmüş, indi isə Vətəndən uzaqda özünün payız ömrünü yaşayan bir sənətkar kimi sabaha ümidini itirmədiyini bildiriblər. Onun yenə öz şagirdlərinə əzmlə muğamın sirlərini öyrətməsini bir qələbə ruhu kimi dəyərləndiriblər.

 

R.Rüstəmovun yetirmələri, Əməkdar artistlər Firuz Səxavət, Sevinc Sarıyeva başqaları yubilyara uğurlar arzulayıb konsert proqramı ilə çıxış ediblər.

 

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Rafiq Rüstəmov doğulduğu Qarabağ torpağının işğaldan azad olunacağına, ömrünün payız çağında da olsa böyük qələbəni görəcəyinə inamını ifadə edib.

 

Yubilyarın tarda ifa etdiyi musiqi nömrələri böyük maraqla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 noyabr.- S.7.