Görkəmli ədib və ictimai xadim Əsgərağa
Goraninin ömür yoluna bir baxış
"QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR
(Əvvəli 30 oktyabr sayımızda)
Ə.Adıgözəlovun xüsusi hüquq təhsili aldığı
haqqında arxiv sənədlərində məlumat
yoxdur. Lakin K.Tarıverdiyevanın "Teatr
tariximizdən bir səhifə" (Əsgərağa
Adıgözəlov Gorani)
adlı monoqrafiyasında
belə bir qeyd var: "Əsgərağa Adıgözəlovun
qardaşı İsgəndər
bəyin oğlu İmamverdi bəyin arvadı, uzun illər Azərbaycan Dövlət Universitetində
fransız dili müəllimi olmuş, hazırda təqaüdə
çıxıb Bakıda
Mustafa Sübhi küçəsi
48 nömrəli evdə
yaşayan Leyli xanım Adıgözəlovanın
təsdiq etdiyinə görə Əsgərağa
Adıgözəlov Petrovski-Razumovski
Akademiyasında oxuduğu
müddətdə Peterburq Universitetinin Hüquqşünaslıq
fakultəsini də bitirmişdir. Leyli xanımın dediyinə
əsasən bunu Peterburq Universitetinin arxivində saxlanılan sənədlər təsdiq
edə bilər.
Onun əri, eyni zamanda əmisi oğlu İmamverdi bəy də təxminən həmin illərdə oranı bitirmişdir. Leyli xanımın
dediklərinə əsasən
Əsgərağanın hüquqşünas
işləməsinə səbəb
budur".
Kövsər Tarıverdiyeva yazır ki, Ə.Gorani təkcə Rusiyanın mədəni mərkəzlərini
deyil, Avropa ölkələrini də
gəzmiş, dəfələrlə
Parisdə olmuşdur. Rus, alman,
fransız dillərini
mükəmməl öyrənmişdi.
Onun zəngin şəxsi kitabxanası olmuşdur.
Foto həvəskarı olan bu maarifpərvər evinin divarlarını
dost-aşnasına, qohum-əqrabasına
məxsus saysız-hesabsız
şəkillərlə bəzəmişdir.
Mən də 2015-ci il
sentyabrın 25-də Parisə
gəlmişəm. O şəhərə
ki, Əsgər ağa dəfələrlə
səfər edib, onun havasını udub. Paris inqilablar,
dəblər, məhəbbət
şəhəridir. Otel otağında
Mirzə Adıgözəl
bəyin "Qarabağnamə"sini
təkrar vərəqləyirəm.
Məni qəribə hisslər bürüyür. Mirzə Adıgözəl
bəy öz "Qarabağnamə"sini 65 yaşında
yazıb. Mən
də onun sevimli nəvəsi Əsgər ağa Adığözəlov haqqında
kitab üzərində
65 yaşımda işləyirəm...
Bakıdakı arxivlərdə apardığım
tədqiqatlar müəyyən
sənədlərin tapılması
ilə nəticələndi. Paris səfərimi yekunlaşdırdıqdan
sonra isə yolum Gəncəyə, Tiflisə və Kutaisiyədir.
...Tiflisin qədim, darısqal küçələri
ilə Bazar meydanı deyilən yerə enib Gürcüstan Dövlət
Tarix Arxivinə yollanıram. Arxivin giriş qapısında
buraxılış vərəqəsini
rəsmiləşdirdikdən sonra, məni arxiv direktorunun müavini xanım Qobiaşvilinin otağına
dəvət edirlər.
Xanım mənim Bakıdan gəldiyimi, Əsgər ağa Adıgözəlov haqqında
kitab üzərində
işlədiyimi, Əsgər
ağanın həyatının
Tiflis və Kutaisi dövrü
ilə maraqlandığımı
və bu barədə arxiv sənədlərini axtardığımı
bildikdən sonra nə kömək lazım olsa edəcəklərini vəd
edir. Ancaq onu da qeyd edir ki,
ad və soyadla axtarış aparmaq mümkün deyil. Ancaq fondlar və saxlama vahidləri üzrə axtarış mümkündür.
Nəhayət Tiflis Məhkəmə Palatasının
və Tiflis Dairə Məhkəməsinin fondlarının
birində "Prokuror
Adıgözəlovun xidməti
haqqında iş"
qovluğunu tapırıq. Elektron arxiv
yolgöstəricisindən aydın
olur ki, qovluqda 59 səhifə saxlanılır. Rəsmi müraciətdən
sonra qovluğun mənə səhərisi
gün veriləcəyi
bildirilir. Tədqiqatçı həvəsi və həyəcanı məni
bürüyür. Görəsən səhər çoxdan arzuladığım həmin
qovluqda hansı sənədləri görəcəyəm?!
Oktyabrın 23-ü. Arxivin açılmasına
xeyli qalıb. Mən arxiv
açılan kimi oxu zalına daxil oluram. Nəhayət işi mənə təqdim edərək eyni zamanda xəbərdar edirlər: hər səhifədə 3-4 çətin
oxunan və anlaşılan sözün
və ya söz birləşməsinin
oxunmasında sizə köməklik edə bilərik. Çətin suallar olarsa,
izah verilmir.
Sənədlərin əksəriyyəti solub. Zarafat deyil,
aradan 120 ildən çox bir vaxt keçib, mürəkkəblə yazılan
sətirlər solub, səhifələrin sonu vərəqlənməkdən əzilib
və cırılıb.
Əsgər ağa Adıgözəlov
1890-cı ilə qədər
Yelizavetpol quberniyası
Yelizavetpol qəzasında
barışdırıcı hakimin köməkçisi
vəzifəsindən Tiflis Məhkəmə Palatası
Tiflis Dairə Məhkəməsinin
Tiflis qəzası üzrə
barışdırıcı hakimin köməkçisi
təyin edilmişdir.
1892-ci ildə tərtib edilmiş formulyar siyahıda (kadrların şəxsi uçot vərəqi) ilk qeyd 16 may
1878-ci ilə aiddir. Burada yazılır ki, Adıgözəlov Petrovski
Akademiyasının tam kursunu
kənd təsərrüfatı
mütəxəssisi kimi
bitirib.
1878-ci il noyabr
ayının 3-də Adıgözəlov
Yelizavetpol Dairə Məhkəməsində hakim vəzifəsinə
namizəd təyin olunub. Bu vəzifədə
o stajçı kimi 1
il çalışır,
ancaq maaş almır.
1879-cu ilin iyulun 4-də Qafqaz canişininin əmri ilə Ə.Adıgözəlov Yelizavetpol
qəza barışdırıcı
hakiminin köməkçisi
təyin edilir, 1700 rubl maaş
alır.
1892-ci ildə öz
əli ilə tərtib etdiyi formulyar siyahıda Əsgər ağa Yelizavetpol quberniyasında və Cavanşir qəzasında torpaq sahələrinin, Yelizavetpol
(Gəncə) şəhərində
evinin, Hacıkənddə
isə bağ evinin olduğunu göstərir. Əsgər ağa Gəncədəki
evinin 20000 rubl, Hacıkənddəki bağ
evinin isə 7000 rubl dəyərində olduğunu qeyd edir. Əmlakdan alınan gəlir
qrafasında o, torpaqlarından
və kəndlərindən
alınan gəlirin qeyri-müəyyən olduğunu,
evinin isə 900 rubl gəlir gətirdiyini qeyd edir.
Əsgər ağa 1878-ci ildən başlayaraq ədliyyə
orqanlarında çalışdığı
üçün, artıq
o dövrdə mövcud
olan qanunvericilik sistemini mükəmməl
bilirdi. Bunu şəxsi işində
saxlanılan müxtəlif
xarakterli sənədlərdə
o dövrün qanunvericilik
aktlarına etdiyi istinadlar təsdiq edir. Ona görə də
qulluq ierarxiyasında daim yüksəlmişdir.
1892-ci il 23 iyulda
Tiflis Dairə Məhkəməsinin
Tiflis qəzası üzrə
barışdırıcı hakiminin köməkçisi
vəzifəsindən azad
edilərək, Kutaisi Dairə
Məhkəməsində prokuror
yoldaşı vəzifəsinə
təyin edilir.
1892-ci il 15 iyul tarixli
1118 nömrəli məktubunda
Tiflis Dairə Məhkəməsinin
sədri Kutaisi Dairə
Məhkəməsinin prokuroruna
yazır: "Tiflis qəza
barışdırıcı hakiminin köməkçisi
Adığözəlov cari
ilin 6 iyulunda əvvəlki vəzifəsindən
azad edildiyi üçün, onun formulyar vərəqini sizə göndərirəm".
1892-ci il 23 iyulunda isə 1070 nömrəli məktubunda Tiflis Məhkəmə
Palatasının prokuroru
Kutaisi Dairə Məhkəməsinin
sədrinə yazır
ki, Tiflis Dairə Məhkəməsi sədrinin
məktubunda göstərildiyi
kimi, Adığözəlov
Kutaisi Dairə Məhkəməsində
prokuror yoldaşı vəzifəsinə təyin
olunduğundan, keçmiş
işindən azad edilir.
Sənədlərdən görünür
ki, 1896-cı ilə kimi Kutaisi Dairə Məhkəməsində çox
böyük bir vəzifədə çalışan
Əsgər Adıgözəlov
təcrübəli bir
hüquqşünas kimi
Tiflis Məhkəmə Palatasına,
Tiflis Dairə Məhkəməsinə
həmin orqanların rəhbərlərinin xahişi
ilə dəfələrlə
ezam edilmişdir.
Məsələn, Tiflis Məhkəmə Palatasının prokuroru 28 iyul 1895-ci il tarixli 1033 nömrəli məktubu ilə Kutaisi Dairə Məhkəməsinin prokuroruna bildirir ki, cənab Ədliyyə Naziri cari ilin 14 iyul tarixli 10677 nömrəli orderi ilə mənə tapşırmışdır ki, sizin yoldaşınız, kollec sovetniki Adıgözəlov 01 yanvar 1896-cı ilə kimi Tiflis Məhkəmə Palatası prokurorunun yoldaşı vəzifəsini icra etmək üçün (Tiflisə - G.Kazımlı) ezam edilsin.
Kutaisi Dairə Məhkəməsinin prokuroruna yazdığı 1893-cü il 24 aprel tarixli, 797 nömrəli məktubunda Tiflis Məhkəmə Palatasının sədri Senatın Heraldika Departamentinin nəşr etdiyi jurnaldan prokuror yoldaşına (Ə.Adıgözəlova - G.Kazımlı) Nadvornıy Sovetnik rütbəsi verilməsi haqqında çıxarışı göndərdiyini yazır. Prokurorun Ə.Adığözəlovu bu barədə tanış etmək dərkənarından sonra Ə.Adıgözəlov yazır: "Oxudum".
Rusiya İmperatorunun fərmanı ilə Kutaisi Dairə Məhkəməsi prokurorunun yoldaşı - quberniya katibi Əsgər bəy Adığözəlov 1880-cı il noyabrın 3-də kollec katibi, 1883-cü il noyabrın 3-də Titulyarnıy Sovetnik, 1886-cı ilin noyabrın 3-də Kollec assessoru, 1893-cü ildə nadvornıy sovetnik rütbələri almışdır və sənədlərin preambula hissəsindən göründüyü kimi bunlar hamısı qulluqda yüksəlişə görə verilmişdir.
Kutaisi Dairə Məhkəməsində prokuror yoldaşı işləyən Əsgər ağa 2500 rubl məvacib almışdır. 1000 rubl təmiz maaş, 500 rubl mənzil kirayəsi, 500 rubl yemək, 500 rubl isə dəftərxana ləvazimatları üçün ödənilmişdir. Bir süd verən inəyin qiyməti o dövrdə 5 rubl olub. Beləliklə Əsgər ağanın xeyriyyəçiliyinin kökündə, çox güman ki, onun aldığı yüksək məvacibin də rolu olub.
1890-1891-ci illərdə Tiflisdə çap olunan Qafqaz kalendarında da Əsgər ağa Adıgözəlovun müxtəlif vəzifələrdə də çalışması haqqında məlumatlar yer alır.
Gülhüseyn KAZIMLI
525-ci qəzet.- 2015.- 3 noyabr.- S.6