"Bir uzun küçə"nin bələdçiləri
Bu
yaxınlarda fərqli tərtibatla, dizaynla daxili məzmun ahənginin
vəhdətindən yaranaraq işığa çıxan
"Bir uzun küçə" şeirlər toplusunda ədəbi
prosesin fəal nümayəndələrindən olan beş
şairin - Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər
Ol və Ramiz Qusarçaylının şeirləri yer
alıb. Kitaba geniş məzmunlu, elmi-nəzəri və bədii
bazaya dayanaraq ön söz yazan İlham Abbasov əvvəlcə
həmin müəlliflərin fəaliyyət göstərdikləri
ədəbi mühiti, sosial-ictimai gerçəklikləri,
"80-ci illərin övladları olan bu ədəbi nəslin"
həyata yeni və orijinal baxışlarını göstərib
və bütün bunların fonunda hər bir müəllifi
birləşdirən ümumi cəhətlər ilə bərabər,
ayrı-ayrılıqda onların fərdi
üslublarını, həyata və ictimai gerçəkliyə
müxtəlif yanaşma tərzlərini geniş
işıqlandırıb.
Biz isə deyilən fikirlərə bəzi əlavələr
etməyi özümüzə borc bilirik. Çünki
yenilikçi ruhdan süzülüb gələn bu şeirlər
haqda başqa aspektlərdən də baxaraq nəsə demək
mümkündür. Vətənə, elə
bağlılıq, məhəbbət hissinin tərənnümü,
mədəni-mənəvi dəyərlərə həssas
münasibət, yaşadığımız yeniləşən
dünyanın olaylarına adekvat bədii cavab reaksiyası
kimi məsələlər, haqqında bəhs etdiyimiz sənətkarları
mövzu eyniliyi müstəvisində nə qədər
yaxınlaşdırırsa, baxış bucağının bənzərsizliyi,
şair "mən"inin təkrarsızlığı və
subyektiv düşüncə dərinliyi onları bir o qədər
ayırır.
Yaradıcılığı
xalq poeziyasından qaynaqlanaraq xəlqi mahiyyət alan Məmməd İlqar üçün
şeiryazmaq sadəcə bir məşğuliyyət, bədii-mənəvi
ehtiyacları ödəmək vasitəsi olaraq qalmır;
şeir həm də öz varlığını, daxili dünyasının
dərinliklərini ortaya qoymaq məharətidir.
Şair
"Qaralama dəftəri"ndə öz məramnaməsini,
bir sənətkar kimi missiyasını yerinə yetirmək
üçün obrazli dillə: "Canımı
sıxıram ağ kağızlara", - deyərək gələcəkdə
yalnız öz yaratdıqları ilə xatırlanmasını
istəyir:
Sözlərə
çökmüşəm, o illərə yox,
Qəbrimə
səpdiyin o güllərə yox,
Yadına
düşdümsə, şəkillərə yox,
Aç da bu dəftəri, bax kağızlara.
Klassik poeziyamızdan üzübəri böyük ənənəsi
olan bədii sual şeirin ayrılmaz tərkib hissəsi olaraq
ona zahiri gözəllik verməklə bərabər, fəlsəfi
mahiyyəti ilə də seçilir; belə ki, öz həqiqətini,
həyat və cəmiyyət haqqındakı bədii
görüşlərini suallar şəklində qoymaqla
şair oxucunu düşündürməyə, onu cavabsız
sualları çözməyə vadar edir.
Məmməd
İlqar "A baş redaktor" şeirinin sonunu suallarla
tamamlayaraq varlığın mahiyyətinin dərkini öz
oxucusuna həvalə edərək şeiri quru-məntiqi
mühakimə yürütməkdən xilas edir, onu bədiiləşdirir:
Kədərin
yağlısı, yavanı varmı,
Sevginin
qocası, cavanı varmı,
Bir
dünya sual var, cavabı varmı-
Yaradan
böyükdür, yaşadan böyük?..
Məmməd İlqarın "Anamın
saçının qara vaxtları" şeiri oxuculara
müxtəlif yozumlar üçün imkan verir. Lirik obraz
şeirdə öz uşaqlığını
xatırlayır, şən, qayğısız günlərin
sevincini yaşayır, eyni zamanda, gözəl anların ötəri
olduğunu daxilən hiss edir. Bu fərdi
duyğular böyüyərək geniş müstəviyə
daxil olur, ictimai və ümumbəşəri mahiyyət kəsb
etməyə başlayır. Ona görə ki, şair
qarşıda "yox olmaqdan",
"çıxışdan" danışarkən oxucunun xəyalında
özünün uşaqlıq dövrünə səyahətindən
daha çox, Azərbaycan xalqının şərəfli
tarixi keçmişini, bu yollardakı uğur və
uğursuzluğun bədii lövhəsini assosiativ yolla
canlandırır:
Bilirdim
Göylərdə qar var, yağış var,
Bilirdim
yollarda eniş-yoxuş var,
Bircə
bilmirdim ki, bu yer üzündə
Neçə
"yox olmaq" var,
Neçə
"çıxış" var
Anamın saçının qara vaxtları.
Əjdər Ol poeziyasına xas keyfiyyətlərdən
biri həyata optimist baxışdır. Əslində
poeziyanın özü nə qədər nikbin təxəyyülə
əsaslanarsa, keşməkeşli dünyada olan əzablar
içərisindəki işıqlı ideyaları əhatə
edərsə, onda o, tərbiyəvi-estetik funksiyanı yerinə
yetirməklə oxucunu pessimist ruhdan xilas etmiş olur. Belə ki, qəlblərə yol tapmağın əsas
şərtlərindən biri insanı bu cəmiyyətə
hazırlamaq, dövr edən ən acı gerçəkləri
belə qaçılmaz bir zərurət kimi anlamaqdadır.
Şair "Ömür" adlı şeirində
bütövlükdə həyatı hər üzü ilə
qəbul etməyi bacarmağı, uğuru ilə məğlubiyyətini,
sevinci ilə kədərini vəhdət halında
qavramağı yaşamağın əsas yolu kimi
görür:
Adamsan də,
incidərlər adamı,
O
dünyadan haraylama atanı,
Alan yoxsa,
dur, özün al qadanı,
Canım
-gözüm, ömür elə budur, bu!
Dadına
bax, gör nə şirin dadır bu!
Bir zamanlar eksiztensial fəlsəfənin müddəalarına
əsaslanaraq həyatın mənasız olmasına,
insanın xoşbəxtliyinin və ya bunun əksinin heç
bir fərqi olmadığına inanan bir qrup cərəyan tərəfdarlarının
ideyalarını tarix humanizm və insan varlığına məhəbbət
nöqteyi-nəzərindən qəbul etmədi. Belə ki, sənətin
funksiyası həyatın gözəl tərəflərini
daha da romantikləşdirmək, onu insan gözündə
ucaltmaq olduğu halda, eksiztensializm cərəyanı nümayəndələri,
ümumiyyətlə, həyatda ürəkaçan heç nəyin
olmadığını əsaslandıraraq insanların əhvali-ruhiyyəsini
bədbinliyə kökləyirdilər. "Ömür"
şeiri bu anlamda yüksək bədii-estetik meyarların məhsulu
kimi insanı gələcəyə ruhlandırmaq, həyatı
olduğu kimi anlamaq və sevmək gücünü
özündə ehtiva edir.
Əjdər
Olun "Yaşa" şeiri cəmi iki sətirdən ibarətdir:
- Ölərəm
səninçün!
- Yaşa
mənimçün!
Dialoq şəklində qurulan şeir də insanı
yaşamağa səsləyir, problemdən
çıxış yolu ölümdə yox, yaşamaqda
görür.
Ölümü ən ağır sınaq kimi
qavrayan lirik qəhrəman öz sevgisinin
böyüklüyünü və sədaqətinin
davamlılığının sübutu kimi özünü
qurban verməyə hazırdır. Lakin
qarşı tərəf bu istəyi qəbul etmək istəmir;
axı o da tərəfdaşından heç də geri qalmayan
ülvi sevgini öz qəlbində yaşadır. Belə olan halda sevgilisinin yaşaması
onunçün ən böyük mükafatdır.
Sabir Sarvan üçün vətən dar çərçivədə
qəbul olunan, yalnız azərbaycanlıların
yaşadıqları ərazı deyil. Etnik-coğrafi
baxımdan geniş arealda məskunlaşmış
bütün türklərin yaşayış yerləri
hamının müqəddəs vətənidir və onun
siyasi-mədəni birliyinin qorunması ən əsas vəzifədir.
"Çaldıran ağrısı" şeiri isə
qardaşın qardaşla - Sultan Səlimin Şah
İsmayılla vuruşmasının ağır mənəvi
sarsıntı ilə nəticələnməsinə etirazın
lirik-emosional ifadəsidir və belə halın təkrarlanmaması
üçün o, üsyankar şəkildə deyir:
Oyan
gürzünə tarixin,
Çaxıl
gözünə tarixin,
Tüpür
üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.
Sabir
Sarvan həyat həqiqətlərinə öz
düşüncəsinə söykənərək fəlsəfi
məzmun verir, mənəvi ilkinliyini itirərək əzəli
görkəminə bənzəməməyin, süni rəngdəyişmənin
insanı nə hala saldığını belə
yığcam ifadə edir:
Heç
kəs öz rəngində deyil,
Hamının donu görünür.
Mən
duran yerdən baxanda
Hər şeyin sonu görünür.
İstəklərə
uyğun olmayan dəyişmələri isə hər adam görməyə qadir deyil, bunun
üçün yüksək insani dəyərlərə
sahib olaraq şair "duran yerdən" cəmiyyətə nəzər
salmaq lazımdır ki, hər şey öz rəngində
görünə bilinsin.
Qoca Xalidin "Kövşən iyi" şeiri məna
tutumuna, məzmun dərinliyinə görə diqqəti dərhal
özünə cəlb edir. "Heç kəsin şeirilə
dəyişik düşməz; Kövşən iyi gəlir
şeirlərimdən",- deyən
şair sənətdə orijinal yol tutduğunu vurğulamaqla
bərabər, eyni zamanda, modernləşən dünyada
süniliyin, məzmunsuz yeniliyin ilkin təbiiliyə, ənənəvi
dəyər və meyarlara kölgə saldığını
göstərir. Ulu keçmişin rəmzi kimi mənalandırılaraq
hər bəndin sonunda adı çəkilən kövşən
iyinin müasirləşmə prosesində necə də
çətin sınaqlardan keçməsi şairi də həyəcansız
buraxmır:
Düşmən
sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən
dost gileyini...
Süni ətirlərin
artdığı vaxtda,
Sevən olacaqmı kövşən iyini?
Qoca Xalidin yaradıcılığından vətən
mövzusu qırmızı xətlə keçir. Şair
torpağına bağlı olduğuna görədir ki, hər
hansı səfərə çıxmaq belə onu məsud edə
bilmir; qısa müddətlik vətən
ayrılığı belə onun qəlbində narahatlıq
duyğusu yaradır. Bu hal bizim milli
psixologiyamızın bünövrəsində dayanaraq
folklordan gələn ünsür kimi şairin şeirinə xəlqilik
məzmunu aşılayır. Məhərrəm
Qasımlı yazır: "Folklorumuzda qürbətə
dözümsüzlüyü əks etdirən örnəklərin
çoxsaylılığı xalqımızda torpağa
bağlılıq hissinin vətənə və yurda sevgi
duyğularının güclü olmasını göstərən
genetik-psixoloji keyfiyyətdir":
Bütün
səfərlərdən məni az qala,
Həmişə saxlayar torpağa sevgim.
Ömrüm
tükənsə də, tükənməz qalar,
Ağaca, budağa, yarpağa sevgim.
Qoca Xalid azadlıq ideyalarına da şeirlərində
geniş yer ayırıb. O bunları obrazlı şəkildə,
quş dili ilə ifadə edib. Vaxtilə Bəxtiyar Vahabzadə
quş dili ilə muğamı müqayisə etmişdi və
bu dili başa düşməyin çətinliyindən
söz açaraq yazırdı:
Quş
dilini bilmiriksə,
Günahkarmı o quşcuğaz?
...Dilindəki
qəm səsinə,
Ürəyinlə sən qulaq as.
Qoca Xalid
ustadın bu məsləhətinə əməl edir, öz
yeni fikirlərini tamamilə yeni bir müstəviyə
keçirir, oxucunu bildirçinlərin dili ilə öz
azadlıq ideyalarına - "Günəşə səsləyir":
Hansı kövrək duyğunu?!
Ürəkdə bəsləyirlər?!
Eh, bəlkə
də bu gecə
Bildirçinlər
mənimtək-
Bu
çöllərin adından
Günəşi
səsləyirlər...
Ramiz Qusarçaylı poeziyasının da
mövzuları rəngarəngdir, çoxçeşidlidir. Şair vətəndən
də yazanda, dövrümüzün yaşantılarından
da yazanda həmişə poetik sözün funksiyasına sadiq
qalmış, çatdırmaq istədiyi mövzu və
ideyanı bədiilik elementləri ilə zənginləşdirmişdir
ki, fikirləri daha kəsərli və təsirli olsun,
aydın anlaşılsın. "Namus"
şeiri "mühasirə zamanı ermənilərin əlinə
keçməsin deyə yeganə qızını güllələyən
naçar atanın dediklərindən" qeydi ilə tarixi həqiqətə
söykənir və şair öz ideyasını daha təsirli
çatdırmağa, düşmənin qəddar
obrazını yaratmağa nail olur.
Əl
saxla, xain balası,
Qoy namusumu basdırım.
Sözümün
ağı, qarası,
Bircə qızımı basdırım.
Haqqında bəhs etdiyimiz şairləri birləşdirən
onların əsərlərindəki mövzu və ideyanın
bir-birini tamamlaması, yaşadıqları və
müşahidə etdikləri hadisələrin bədii şəkildə
inikasıdır. Bu şairlər bir dövrün, bir ədəbi
cərəyanın nümayəndələri kimi fəaliyyət
göstərir, eyni metod və üslubda özlərinə məxsus
fərdi poetik düşüncələri ilə müstəqillik
dövrü poeziyamızı zənginləşdirirlər.
Famil MƏDƏT
AMEA Folklor İnstitutunun doktorantı
525-ci qəzet.-
2015.- 4 noyabr.- S.8.