"Sonuncu"dan sonra...
...Gec-tez hər kəsin ayıldığı
bir vaxt olur. Fərq yoxdur, üzünə pəncərədən düşən
günəş şüalarının
sığalındanmı, yoxsa
qaranlıq gecənin nəsə qorxulu şeylər vəd edən və qəribə yalnızlıq
qoxuyan sükutundan sonramı... Bu "ayılma"
Allahın ver günü sabaha açılan adicə zaman kəsimi də ola
bilər, yaşanmış
deməyəlim, boşuna
axıb getmiş illərin sonucu da... Ayılırsan, kimdən gəldiyi
bəlli olmayan bir zəngin səsinə. Bilirsən,
beş barmağın
kimi bilirsən ki, səni axtaran
yoxdur, olmayacaq da, amma içindən
gələcəyə zillənən
o kor ümid də ölənəcən
yaxanı buraxmır axı. Sevincək telefonu açırsan: səhv düşüblər...
Məlul-müşkül oturub bilmirsən, güləsən, yoxsa ağlayasan. Artıq dərk eləmisən-təksən,
təmtək, təkcənə.
"Ayılmısan".
Faraş olmadı, bunun üçün onillər keçməliydi...(mi)?
Yuxudanmı, yoxsa zamanın
"içirdiklərinin" sərxoşluğundanmı ayılana
qədər hələ
ki başqalarının
"ayılması"na
tamaşa etmək var...
Bugünlərdə növbəti belə bir tamaşaya, növbəti "ayılma"ya
YUĞ Dövlət Teatrında
şahid oldum. Gənc yazıçı
Pərvinin mətni ilə rejissor, Xalq artisti Ramiz
Həsənoğlunun verdiyi
quruluşdan "Sonuncu"
ərsəyə gəlmişdi.
Əlbəttə, hansısa
tamaşa -komediyamı,
tragediyamı, drammı
olmasından asılı
olmayaraq ümumilikdə
rejissor, aktyor, texniki işçi və bir az qəribə səslənsə də, tamaşaçıların birgə
əməyinin nəticəsidir.
Tamaşaçının adı da boşuna hallanmır burada. Çünki istənilən əsər
sənətdən anlayan
tamaşaçının qarşısında
Əsər olur, öz həqiqi dəyərini alır.
Tamaşada əməyi keçən
hansısa tərəfi
ayırıb kontekstdən
kənarda təhlil eləmək əslində
yanlışlıqlara yol
açardı. Amma bu da var ki,
hər tamaşaçını
məsələnin hansısa
qütbü maraqlandırır.
Bu, əlbəttə, subyektiv
məsələdir və
burada dartışmaq,
zövqləri müqayisə
eləmək söhbət
mövzusu ola
bilməz. İstər rəsm əsəri
olsun, istər film, istər tamaşa- məni ilk başda ürəyimə yatan ideyanın üstündə
inşa edilən mətn maraqlandırır.
Və incəsənətin hansı
növü, hansı istiqaməti olmasından asılı olmayaraq dinlədiyim hər musiqi parçası, melodiya, baxdığım
hər rəsm əsəri, heykəl, instalyasiya, film, tamaşa mənim üçün
ilk növbədə sözdü,
mətndi. Saydıqlarım mənə "nəsə
demirsə", ideya
ilk həmlədən məni
tutmursa, gerisi təfərrüat olur.
"Sonuncu" bəlkə
də bütün dövrlərin və bütün yaradıcı
adamların sevimli mövzusu olan fiziki və mənəvi yalqızlıq
mövzusuna həsr olunub. Yəqin ki, bu ideyanın uğurlu ifadəsinə görə
tək mən yox, YUĞda tamaşanı izləyən
gənclər, Azərbaycan
Dövlət Pedoqoji Universitetin tələbələri
də elə əvvəldən tamaşaya
maraq kəsildilər.
YUĞun özünəməxsus estetikasından
uzun-uzadı söz açmağa ehtiyac yoxdu. Burada bütün
hadisələrin içindəsən:
baş verənlər
uzaq səhnədə
deyil, birbaşa gözlərinin önündədir-
aktyorun qrimi ilə yanaşı oynadığı rolunu mahiyyətinə vararkən
yaşadığı iztirabları,
alnında puçurlanan
təri, gözündəki
parıltını lap yaxından
izləmək imkanı
var.
"Sonuncu" başlanan kimi xüsusi ekran effekti ilə
gecə düşür...
Ulduzların xəyallara istiqamət
verən cazibəli sayrışması altında
gənc qızın məsum görüntüsü
gecənin ala-qaranlığında
tamaşaçının baxışlarını
özü ilə ora-bura dartır. Bu qız uzaq
illərin o üzündə
qalan bir obrazdır. O qızın
yolunu gözlədiyi adam isə
gəlmir ki, gəlmir. "Nəsə
olub" təlaşının
nigarançılığı altında özünə
yer tapa bilməyən bir sevgi dolaşır ortalıqda. Heç nə
olub eləməyib.
Yolunu gözlədiyi yatıb! Sözün bütün mənalarında! İllərin yuxusuna gedib.
Verdiyi vədə əməl eləməyə,
sonrakı ömrünün
bütün sferalarına
təsir eləyəcək
qəti addımı atmağa cəsarəti,
lap elə kobud deyilərsə, kişiliyi
çatmayıb. Mələyi andıran bu qız bir küncdə
-bu dəfə sözün müstəqim
mənasında yatıb
qalan miyanə istedadlı, uğursuz, xaraktersiz, qorxaq, cəsarətsiz aktyorun itmiş səadətidir.
Belə səadət bəzən adamın gözünə
görən ulduz axması kimidir. Həmin andaca çatdırıb ürəyində
arzu tuta bilmədinsə, ondan sonra bəxtin kimi yat ki
yatasan...
Səhnə aydınlaşır, kiminsə
səhv düşən
zəngi ilə növbəti yaşının
ala- qaranlıq sübhünə
gözünü açan
Əlisöhbət Qələndərli
gözümüz qarşısında
"ayılır". Dünəki
gecənin şərab
məstliyindən də,
sadəcə "yüz
əlli qram kolbasa və yarım zavod çörəyi" ilə
"süslənən" bezdirici ömrünün sərxoşluğundan da...
Ötən gecə yubileyini keçiriblərmiş, benefisi
də olub adamın. Güllər, sağlıqlar, alqışlar,
tostlar... içində
yola salıblar aktyoru ömrünün ertəsi ilinə... Təbii ki təkcənə.
Belədir, ətrafında olanlar
da bəlli bir zaman kəsimində
çevrəndə dolaşırlar.
Bir gün ayılırsan ki, təksən. Və günahı da yalnız özündə
görməlisən. Öz-özünə
danış ki danışasan: Hələ
dünən gecə şəninə badə qaldıranlar, sağlıq
deyənlər səni
elə sərxoş vəziyyətdə də
teatrın küncündəcə
atıb gediblər, evinə belə ötürməyiblər. Yatıb qalmısan
teatrın küncündə,
bəli, məhz küncündə. Oynadığın
rollar da səni nə Ərəblinski eləməyib,
nə də ki orada da
vurğulandığı kimi
"Alen Delon"! Eləcə Tanrının yüzlərlə,
minlərlə adama bəxş elədiyi ortabab istedadla ömür sürmüsən
eyforiya içində.
Amma ayılmısan nəhayət.
Bu məqamda hardansa
cüvəllağı bir
teatrşünas da qondarma bəhanələri,
sensasiya yaratmaq istəyi və diktofonunu açdığı
telefonu ilə peyda olur. Və... İlham Çardaqlı adlanan
bu yarımjurnalist-yarımteatrşünas
Əlisöhbət Qələndərlinin
bəzən saxta pafos, süni haray-qışqırıq, heç
dərininə varmadığı,
vara bilmədiyi "rollar" içində keçən ömrünün
səhifələrini daxili
ironik bir ləzzətlə bircə-bircə
vərəqləməyə müvəffəq olur.
Gözümüz qarşısında gah gözləri hədəqəsindən çıxan qısqanc Otello, gah səsini başına atıb qəhqəhə çəkən İblis, gah da o arada hardansa tapıb çıxardığı qırmızı əlbisəyə fetişist bir tövrlə "Firəngiz" deyib sarılan Oqtay Eloğlu "oynayır". Rolu yaşamır, məhz oynayır. İlham Çardaqlı isə saxta tərifi, əndrəbadi jestləri və ümumi dünyagörüşü ilə "körüklədiyi" bu biçarə aktyorun "oyununa" hədsiz ləzzətlə tamaşa eləyir. Bu söhbət əsnasında axan ulduz kimi görünüb yox olan o qızın da Əlisöhbət Qələndərlinin qorxaqlığı, cəsarətsizliyi və xaraktersizliyi üzündən sahib çıxa bilmədiyi böyük eşqi olduğunu öyrənirik. Və tamaşaçıda bu qənaət hasil olur ki, öz eşqindən məhrum olan bu adam ömrünün müvəffəqiyyətsizliyini də məhz qətiyyətsizliyi və xaraktersizliyi ucbatından bütün ömrü boyu onu müşayiət eləyən o sevgisizliyə "borcludur". Həyat sevgidir, sevmək yaşamaqdır. Bunsuz kimsənin uğuru mümkün deyil, hələ bu sənət adamıdırsa, heç təfərrüatlara varmamaq lazım... Uzun söhbətin müşayiəti ilə səhər açılır. Əlisöhbət Qələndərli evinə getməyə tələsir.
Qapıdan çıxar-çıxmaz İlham Çardaqlı aktyorla öz aralarında olan səmimi söhbəti sensasion yazı şəklində hansısa qəzetə ötürmək üçün telefonla təcili "danışıq aparmağa" başlayır. Dünənki gecədən ona qalan gül səbətini götürmək üçün qayıdan yubilyarsa özü ilə bağlı aparılan telefon "təxribatına" qulaqyoldaşı olur. Bu, onun aldığı zərbələrin də sonuncusudur...
Səhnə əsərində Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış ediblər. Aktyorların ifa etdikləri rolu oynamaları deyil, həqiqi mənada yaşamaları isə tamaşanı daha da baxımlı və maraqlı olmasını təmin edib. Səhnə əsərində müəyyən müddətə "İlham Çardaqlı olan" Hikmət Rəhimovun uğurlu ifası isə xüsusilə yaddaqalan və tərifəlayiqdir. Bu da təbii olaraq tamaşaçıda adıçəkilən gənc aktyoru başqa səhnə əsərlərində, digər rollarda da izləmək arzusu yaradır.
İndiyədək bir çox uğurlu layihələrə
imza atmış Ramiz
Həsənoğlunun bu tamaşada
da özünəməxsus rejissor yozumları nəzərə
çarpır. Ancaq tamaşanın sonunda bir neçə dəqiqə ərzində ekranda nümayiş etdirilən
videoçarx canlı teatrdan
daha çox, yəqin
ki, televiziya
tamaşaları üçün daha məqsədəuyğun olardı. Bir izləyici kimi mənim
arzuma qalsa, səhnə
əsəri evinə gedən Əlisöhbət Qələndərli
ilə İlham Çardaqlının
sondakı qısa dialoqu ilə
yekunlaşardı... O qısa mükalimədə
bəsit həyəcanlar, ötəri həvəslər, əldəqayırma
ucuz şöhrət və böyük anlamda həyati
uğursuzluğun fonunda sevgisiz, bomboz ömür yaşayan sənət
adamının qarşısındakı gəncə dediyi ibrətamiz sözlər hamının
ürəyindən xəbər verdi:
"Həyatda ən vacibi
Yaşamaqdır!" Bilən bilir, burada mətləbin mahiyyəti sözün bütün mənalarında
həyatı dolu-dolu, adam
kimi yaşamaqdır- Yaşamaq...
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 4 noyabr.- S.7