Milli-mənəvi dəyərlərimizin
aydın güzgüsü
"SƏADƏT OCAĞI - AİLƏ" KİTABINDAN ALDIĞIM TƏƏSSÜRATLAR
Dünyada sonsuz sayda kitablar var. Dövlət
kitabxanaları, arxivlər, muzeylər və şəxsi
kitabxanalarda, daha haralarda mühafizə olunanları bir araya gətirsək
belə onların hesabını aparmaq olmaz. Məsələ
ondadır ki, kitablar çoxçeşidli, rəngarəng
mövzuları əhatə etməsilə də bitib-tükənməzdir.
Bütün dövrlərdə bu müxtəlifliyin içərisində
insanlarda ən çox keçmiş tariximizlə
bağlı məlumatlar, elmi mənbələr, xalq təbabəti,
ülvi hisslərin yaratdığı məhəbbət, qəhrəmanlıq,
insanı mənəvi təmizliyə, zənginliyə
hazırlayan, elmin, yeni kəşflərin mahiyyətini, əhəmiyyətini
açan, ən ümdəsi də bizim üçün gərəkli
olan İslam əxlaqına, milli-mənəvi dəyərlərimizə
güzgü tutan kitablar daha çox maraq doğurub.
Böyük mütəfəkkir, şair Nizami Gəncəvi məhz
belə kitablardan aldığı zövqdən, həzzdən
sonra demişdir ki:
Dünyada
nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum,
oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr
çıxardım.
Mövzusundan, kiçik mətnlərindən dürr
çıxarılması mümkün olan kitablardan biri də
son illər ilahiyyatçı, publisist Ağa Hacıbəylinin
oxuculara ərməğan etdiyi "Səadət ocağı
- ailə"dir. Kitab "Nurlar" Nəşriyyat-Poliqrafiya
Mərkəzində bir müddət əvvəl nəşr
olunub. Doğrudur, çox zaman oxuculara yenicə nəşr
olunmuş kitablar təqdim olunur, onun məziyyətləri, əhəmiyyətli
hesab edilən mövzusu, ideya-sənətkarlıq xüsusiyyətləri
təhlil-tədqirə cəlb edilir. Bəzən
də əksinə. Amma onun haqqında indi
söhbət açmağımı heç də
gecikmiş saymıram. Çünki elə
kitablar var ki, ona zaman-zaman müraciət olunur. Belə kitablar stolüstü kitablar adlanır.
Daşıdığı ideyasına, tərbiyəvi əhəmiyyətinə,
Azərbaycan ailəsi haqqında nəcib, faydalı tövsiyələri
özündə ehtiva etdiyinə görə, zənnimcə,
Ağa müəllimin adı çəkilən toplusu da
stolüstü kitablar sırasındadır. Müəllifin
sağlam ailə haqqında fikirləri əsasən nəsillərin
bir-birinə əmanəti olan əxlaqın, mədəniyyətin
özündə cəmlədiyi mənəvi dəyərlərə,
yüzillərin sınağından çıxmış adət-ənənələrimizə
söykənir.
Mən,
Ağa Hacıbəylinin imzasına ilk dəfə Milli
İirsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA)
nəşri olan "İşıq-qadın" jurnalında
rast gəldim. "Ana" məqaləsini
oxudum. Bu ibrətamiz, hikmətamiz lirik hekayə
təsiri bağışlayan əsər mənə ilk
növbədə dilinin zəngin, rahat, lakonik olması
baxımından xoş təsir bağışladı. Burda ana tam yeni bir ovqatda, qiyafədə, ucalıqda və
ilahidən əta olunmuş xarakterik keyfiyyətlərlə təqdim
olunurdu. Daha hansı məziyyətlərə
malikdir bu varlıq, onun ailədəki yeri, rolu dəyəri
hansı meyarlarla ölçülür? "Ana
ilk müəllimə, həmişə mənəvi
qucağına sığındığımız qoruyucu mələk,
insanı yetişdirən müqəddəs mürəbbiyə
və şəfqət mücəssəməsidir. Ana -
cənnətə gedən yol, sevgi selinin qəhrəmanı,
həlim təbiəti ilə fitrət
bağçasının solmayan gülüdür. O, xeyir, fəzilət
və məziyyət adına var olan
bütün gözəlliklərin mükəmməl abidəsidir".
Sözün ecazkar gücü bax belə dəyərlər
yaradır. Ruha rahatlıq, fikrə dərinlik
aşılayan bu təsvirlər həyat bilgisi ilə dopdolu
olan qəlbin hikmətindən süzülən nurdu,
işıqdı. Onun bir-birinin ardınca
doğulan fikirləri sağlam, gözəl mühitdə
yetişən çiçəklər qədər rayihəlidir.
Ailə işığının zərrələri
kimi həlqələnən bütün yazıları sanki
bir-birinin ruhuna tapınmış kimi, əl-ələ verərək,
böyük güc timsalında birləşərək həyatımızda
sağlam bir mühitin yaranmasına yol açır.
"Səadət ocağı - ailə" kitabı
müəllifin uzun zaman müşahidəsi, düşüncəsində
daşıdığı milli-bəşəri
duyğuların, möhkəm tellərlə bir-birinə
bağlı olan münasibət və əməllərin
meydana gətirilməsi zərurətindən yaranıb. Bu qədər
ciddi, məntiqi mühakimələri ardıcıl, bir-birinin
davamı olan davranış və hərəkətləri
özünün izləmələri əsasında toxuyaraq,
başa çatdırdığı ailə obrazını
xarakterizə etməsi təkcə insanın həyat tərzində
yaşadıqlarından əxz olunmaqla bitmir.
Özülü, sütunları möhkəm olan, "Qurani-Kərim"in
fəzilət və hikmətlərinə söykənən,
ondan güc alan bu kitabın dəyəri
ilk növbədə onun maarifləndirici əsər
olmasıyla maraq doğurur.
Zaman nədir? Ağa müəllimin təbirincə desək,
"Zaman əvəzsiz bir müəllim və gözəl
mürşiddir. İnsanı tanımağın ən
üstün yollarından biri zamandır..." Və
bütün yaşamlar da zaman içində qərarlaşır.
Zaman insanı nələrlə
rastlaşdırmır ki. Ailə daxilində
yaranmış problemlər, ailəni uçuruma aparan səbəblər, bir çox dərdlərə
mübtəla olanlara münasibət... Başqa bir tərəfdə
isə ailəni səadətə qovuşduran amillər: ailədaxili
münasibətlər, xeyir işlər, tərbiyə dərsləri,
böyük-kiçik münasibətləri... haracan desən
uzanıb gedir. Hərgah "Səadət ocağı ailə"də
qoyulan və həlli göstərilən problemləri, vəzifələri
və onlara yanaşmaları, daha dəqiq desək, məqsədlərə
çatmağın yolları haqqında müəllifin tək-tək
nəzər yetirdiyi bütün mövzuları və bu
mövzuların içərisində cücərən
gözlənilməz ağrı və ümidləri bircə-bircə
"siyahıya alsaq" nə sayıb başa
çatdırarıq, nə də bu yola baxışlar
bitib-tükənməz. Buna lüzum da yoxdur.
Ailə sirlərlə doludur, tərəddüsüz
deyərdim ki, bu sirlərin açarı A.Hacıbəylinin bəhs
etdiyimiz kitabındadır. Bizim kitab
haqqında ümumi bəhsimiz, təhlil-təqdimin
xırdalığına varmadan aldığımız dəyərlərə
üz tutacağımız da bu məqsədi
daşıyır.
Bu İrfan adamının Allahın dərgahından
süzülən işığa bağlılığı
o qədər güclüdür ki, onun hikməti dilində, əməlində
xeyirxahlıq tapır, savab qazanır. Bunlar bir ali mərtəbədə,
Ailə ocağında birləşir. Ağa
müəllim yaxşı bilir ki, cəmiyyətin sağlam
inkişafı ailənin sağlam olmasından başlayır.
Xoşbəxtlik də, rahat, sağlam
yaşamaq, ailəyə və cəmiyyətə yararlı
olmaq, xalqa fayda vermək amalı da elə möhkəm ailədən
başlayır. Həqiqətən də
ailənin sağlam özüllər üzərində
qurulması bir sağlam cəmiyyətin qazanılması qədər
qiymətlidir. Nahaq yerə demirlər ki,
ailə kiçik dövlətdir. Onu idarə
etmək düzgün seçimdən, ona məxsus qaydalara
riayət etməkdən başlayır.
Müəllif burda qaranlıq mətləblərə, təzadlı
fikir və münasibətlərə aydınlıq gətirməklə
sanki hər bir sözüylə işıq saçır,
insanı mənəvi rahatlığa, xoşbəxtliyə səsləyir. Hər kəsə
bu yolun çətinliklərini ağılla dəf etməyi,
səbirli, təmkinli olmağı tövsiyə edir. Ailədəki davranışların, münasibətlərin,
tərbiyənin - ümumən hər məsələdə
atılan addımın sanki öz tərifini diqqətə
çatdırır. Əslində onun
bütün mövzuları bir kökdən şaxələnmiş,
qol-budaq atmış nəhəng bir barlı-bəhərli
ağacı xatırladır. Yetər ki,
kökün qərar tutduğu mühit sağlam və əlverişli
olsun. Bu mühit cəmiyyətin
formalaşmasında başlıca amil olan ailə tərbiyəsinin
düzgün aparılmasından yaranır. Səadət
ocağının uzun ömürlü olması, nəsildən-nəslə
şərəflə keçməsi ailə nemətinin ən
ali dəyərlərindən hesab edilir.
Gənclər ailə qurarkən hansı məqamlara diqqət
yetirməlidirlər? Bu, hər iki gəncin izdivacında
çox böyük rol oynayır. "Seçim"dən,
"Ata-ana rizası"ndan başlamış o qədər nəzərə
alınmalı cəhətlər var ki, onlara diqqət yetirmək,
ailə məktəbinə daxil olmaqdan öncə onun dərslərini
öyrənmək gənclərimiz üçün
xüsusilə gərəklidir. Bunlar hər
məqamda müəllifin tövsiyə etdiklərinə nəzər
yetirməyi, diqqətli olmağı istəyir. Bunlar tələb deyil, ailə kimi mürəkkəb
bir dünyanın asan, gözəl qavranılması
üçün əsl həyat məktəbindən
alınmış dərslərin qazancı yerində olan, diqqət
çəkən göstəricilərdir. Bu kiçik hekayət-tövsiyələr o qədər
rahat təqdim olunur ki, oxuduqca onları gözəl düstur
kimi qəbul edib, hər birini bənd-bənd öyrənməyi,
həyatında tətbiq etməyi qərarlaşdırırsan.
Ağa
Hacıbəyli çox hikmətlərin yarandığı,
toxumların cücərib boy atdığı, bar verdiyi,
bütün sevgilərə zəmin hazırlayan məkana,
müqəddəs ocaq sandığımız Ailəyə
onun adına, şərəfinə kitab
bağlayıb. Burda uşaqdan-böyüyə,
hər kəsin faydalana biləcəyi yığcam, lakonik,
rahat oxunan yazılar toplanıb. Hər ailədə
olması məsləhət bilinən bu kitaba tərbiyənin
təlimindən, əxlaqın, milli adət və ənənələrin
öyrədilməsindən rahatca faydalanmaq
mümkündür. Belə bir mövzuda kitab
yazmağın, onun yükünü çəkə bilməyin
özü böyük məsuliyyətdir, fədakarlıqdır.
Burda toplanmış müəllif hikmətlərinin hər biri ayrılıqda, həm
də hamısı bütövlükdə olduqca böyük
mənalar kəsb edir. Ağa müəllim
çox səmimi şəkildə ailənin möhkəmliyi
üçün zəruri olan hər şeyi dəqiqliklə,
izahlı və müqayisəli şəkildə təsvir
edir. Müəllifin sağlam ailə
haqqındakı fikirləri əsasən cəmiyyət
qanunlarının həyatda özünü doğrultması,
nəsillərin əmanəti olan mənəvi-əxlaqi, mədəni
dəyərlərə, yüzillərin sınağından
çıxmış adət-ənənələrimizə
söykənir. Gözəllik nədir,
sualına zaman-zaman çox cavablar verilib. Ağa Hacıbəylinin
cavabı isə ailə üçün gərəkli
olan nüansları ifdə edir: "Əsl gözəllik
zahirdən öncə xarakter, davranış, qəlb və əxlaqla
bağlıdır".
Bəşər övladının dünyaya gəlişi,
yaşamaq haqqı, yaşatmaq borcu və bunların
yükü, çəkisi haqqında düşüncələr
əbədiyyətin özü qədər sonsuzluğa
aparır insanı. Yəni insanın özü elə əbədiyyətin
yolçusudur. Bu qədər doğru, dəqiq
seçilmiş kitabın adı mövzunu tamam-kamal ifadə
edir. Müəllifin mövzuları ailənin təməlindən,
yəni insanın dünyaya gəlişindən
başlamış, göz açdığı mühitdə
tərbiyə olunması, yetişməsi, valideynin
övladı üzərindəki haqqı, onu vətənə vətəndaş
kimi yetişdirməsindən bir çox haqların ödənilməsi
zərurətinəcən yol alır. Yəni
ailənin qarşılaşdığı yeni aləm, həyat
yoldaşı seçimi, övlad-valideyn, gəlin-qaynana
münasibətləri, milli adətlər və bu sıradan
bir çox məsələlər zahirən təmtəraqlı,
pafoslu səslənən təsvirlərdən uzaq olan sakit
üslubda, xoş təsir yaradan bir dildə, ahəngdə qələmə
alınıb. Ən başlıcası da
həyat yaşantılarına, onu meydana gətirən hadisələrə,
imana, inama söykənmiş səviyyədə təqdim
olunur. Belə
bir üslubda yazılmış, mahiyyətindən hikmət
süzülən yazıların çəkisi olduqca
sanballıdır. Fikirlər inci kimi,
dürr təki insanın mənəviyyatını zənginləşdirir.
Bu yığcam, tövsiyə xarakterli öyrədici,
maarifləndirici hekayətlər oxucuya sanki bulağın
gözündən süzülən saf su qədər
rahatlıq gətirir. Onu içdikcə
(oxuduqca) gözlərinin qarşısında canlanmış əsrarəngiz
bir həyat bağçası sənə qucaq açır,
onun min rəngə çalan gülləri özünə
qayğı, sevgi tələb edir. Müəllif
bu qayğının, sevginin yolunu hay-küydən,
şablondan uzaq bir formada təsvir edir. Məhz
bu səbəbdən müəllifin təlqin etdiyi fikirləri
oxucu asan qavrayır. Ağa müəllimin
tövsiyələrindən aydın olur ki, biz bu
çiçəklər qədər təravətli olan
ömür yaşamlarımızda insan üçün tutiya
olan zamandan, Tanrının bəxş etdiyi ağıl və
imkanımızdan yerində, həm də qədərincə
bəhrələnməliyik. Onları həyatımıza
və cəmiyyətimizə fayda gətirəcək məqamlara,
yerlərə xərcləməliyik. Bu xərclərin
qarışığında isə qazancımızın
adı böyükdür: Rahat və xoşbəxt həyat tərzi.
Bu xoşbəxtliyin yeri, məkanı isə
Ağa müəllimin dediyi kimi, "Səadət
ocağı - ailə"dədir.
Ailədə yarana bilən narazılıqlar,
müşküllər, bir problem qiyafəsində üzə
çıxan çatışmazlıqlar rahatlıqla,
yolları göstərilərək öz həllini tapır. Yüksək
təcrübəyə, peşəkarlığa qadir olan
müəllif hər şeyi təmkinlə, səbrlə, həm
də doğru mövqedən yoluna qoymağın sirrini
açır. Burda insanın dünyaya gəlişindən
ömrün tamamına qədər, qarşıda duran
bütün gözlənən və gözlənilməyən
hər şey, ailə münasibətləri, ömrün bir
məqamında insanın qazandığı və ehtiyatsızlıqdan,
çox zaman da təcrübəsizliyindən itirdiyi dəyərlər
haqqında Ağa müəllim sanki heç nəyi unutmadan,
nəzərindən qaçırmadan diqqətə
çatdırıb. Bu kitabı həyat
haqqında bilgilər toplusu, ensiklopediya da adlandırmaq olar.
Amma ağlımızın qəbul etməyə
öyrəşdiyi ensiklopediyalardan fərqli olaraq, burda
faktlara, rəqəmlərə istinadlardan fərqli şəkildə
həyat vərdişlərimizdə özümüz yarada
bildiyimiz, diqqət yetirməli olduğumuz məsələləri
şüurumuza ədəbi-əxlaqi üslubda və rəvanlıqda
təsir göstərə bilən bir ensiklopediya kimi qəbul
etmək doğru olar. Ailə qurmağa
hazırlaşan hər bir gəncin ailə münasibətləri
içərisində yetişməsində rolu olacaq bu
kitabı ömür yolunun çox dəqiq göstəricisi
olan kompası da adlandırmaq mümkündür.
İstəyirəm hekayətlərin birindən kiçik parçanı sizə təqdim edim. Arayıb-seçmədən bir yerdən açıram. Görün, müəllif hədiyyə haqqında nə deyir: "Hədiyyə qəlb qazanmaq, dəyər vermək, hörmət etmək anlamını ifadə edir. Hədiyyə - sevgi yolundakı bütün əngəlləri qaldırır, sədləri yox edir və qəlbdən-qəlbə gedən yolları açır. Bir sözlə, hədiyyə insanda yeniləşməyə təkan verir, fərdlər arasında münasibətləri və əlaqələri gücləndirir. Bəs ailədə, özəlliklə də uşaqlara hədiyyə nə zaman, hansı tarixdə və hansı münasibətlərə görə təqdim edilməlidir? Ümumiyyətlə, onlara hansı növ əşyalardan hədiyyə verilməlidir? Hədiyyə qədər onun seçimi də önəmlidir". Fikrin çox rahat, hamar ifadəsi öz yerində, mətləbin qoyuluşu ciddi maraq doğurur və müəllif bu maraqlara da yetərincə aydın və tutumlu cavab verir. Kitab əvvəldən sonacan ürəyəyatan ahənglə düşüncəyə, qəlbə rahatlıq gətirir.
Müəllif kitabın cildinin arxasında ailəyə verdiyi təriflər haqqında fikirlərindən bəzi çıxarışlarını yerləşdirib. Olduqca maraqlı və gözəl seçmələrdir. Biz də sözümüzü seçmələrdən nümunələrlə bitiririk.
"Ailə - sevgi ağacının toxumu...
Ailə - sevgilərin səadət yuvası...
Ailə - ədəb yurdu, təlim ocağı, hikmət evi və sirr dağarcığı...
Ailə - xalqın sütunu, kiçik dövlət, mətin qala və namus qalxanıdır...
Ailə - səadət ocağı, qəlblərin sevinc yeri, məhəbbətin paylandığı məclis, dərdlərin, müşküllərin əridilib yox edildiyi məbəddir...
Ailə
olmaq - həyat yoldaşına can, sirdaş, dost
olmaqdır..."
Şəfəq
Nasir
525-ci qəzet.-
2015.- 4 noyabr.- S.6.