"Görülən işlər
qalacaq"
"Hikməti-dünyavü mafiha bilən arif degil, Arif
oldur, bilməyə dünyavü mafiha nədir".
Məhəmməd
Füzuli
Təmkinli
görünüşü, müdrik düşüncələri,
xeyirxah və mehriban xasiyyəti ilə həmkarlarından fərqlənən
Arif Əmrahoğlu geniş erudisiyaya, mükəmməl biliyə
və dərin
analitik zəkaya malik səmimi insan, nüfuzlu ziyalı idi. Onunla fərqli məclislərdə isti, səmimi
görüşlərim, eyni tədqiqat ocağında sıx
təmaslar yaddaşımda unudulmaz izlər buraxıb, xoş
təəssüratlar yaradıb. Birgə şəkillərimizin
bolluğuna baxmayaraq o mənim yaddaşıma Nizami adına Ədəbiyyat İnstitutunun dəhlizində,
əlində siqaret, dərin düşüncələrə
dalmış vəziyyətdə həmişəlik həkk
olunub.
Əslində
ilk dəfə 30 il əvvəl onu eyni məkanda
və eyni məqamda görmüşdüm, sadəcə
olaraq onda bir-birimizi yaxından tanımırdıq.
Görüşlərin birində onunla tanış
oldum. Geniş alnına səpələnmiş qara, qalın
saçlarını barmaqları ilə arxaya darayaraq
özünü təqdim etdi: - Arif.
O vaxtlar
(Ötən əsrin səksəninci illərinin ikinci
yarısı) Nizami adına Ədəbiyyat
İnstitutunun divarları arasında ciddi elmi polemikaların, ədəbi
mübahisələrin qızğın dövrü idi...
Əziz Mirəhmədov, Mirzə İbrahimov, Kamal Talıbzadə,
Yaşar Qarayev, Əkbər Ağayev, Kamran Məmmədov,
Qasım Qasımzadə, Arif Hacıyev, Atif Zeynallı, Arif
Abdullazadə, Əflatun Saraçlı, İslam Ağayev,
Vaqif Arzumanlı və digər görkəmli ədəbiyyatşünasların
ardınca instituta yeni və gənc qüvvələr gəlmişdi.
Ədəbi ehkamlara, elmi doqmalara qarşı barışmaz
mübarizə aparan, ədəbiyyatın təəssübünü
çəkən istedadlı tənqidçilərdən
Vilayət Quliyev, Teymur Kərimli, Nizaməddin Şəmsizadə,
Şirindil Alışanlı, Muxtar İmanov, Kamran Əliyev,
Zaman Əsgərli, Samir Kazımoğlu, Vəli Nəbiyev və
başqaları ilə eyni mücadilə meydanında Arif
Əmrah oğlu Məmmədov da özünəməxsus yer,
mövqe və rəğbət qazanmışdı.
O,
Gürcüstanda dünyaya gəlmiş, həyat yolu gənclik
şəhəri olan Sumqayıtın tikinti
meydançalarından keçmiş, Azərbaycan Dövlət
Universitetinin Filolofiya fakültəsini bitirmişdi (1973-1978). Bədii yaradıcılığa nəsrlə
başlasa da, ədəbi tənqidin cazibəsindən həmişəlik
çıxa bilməmişdi. 1979-cu ilin aprel
ayının 16-da AMEA Nizami adına Ədəbiyyat
İnstitutu XIX əsr Azərbaycan ədəbiyyatı
şöbəsində baş laborant kimi elmi fəaliyyətə
başlayan Arif Əmrahoğlu burada
çalışdığı on bir il müddətində
aparıcı elmi işçi vəzifəsinədək
yüksəldi, 1984-cü ildə "Klassik Azərbaycan nəsrində
təhkiyə məsələləri (XIX əsrin ikinci
yarısı)" mövzusunda filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün müvəffəqiyyətlə
dissertasiya müdafiə etdi.
Onun 80-ci
illərdə nüfuzlu qəzet və jurnallarda çap
etdirdiyi elmi məqalələrdən
"Axundovşünaslığa yeni töhfə" (1981),
"Qutqaşın tərlanı" (1981), "Nizami
haqqında yeni tədqiqat" (1981),
"Öyrənildikcə öyrənilən ədib"
(1982), " Sənət adından - sənət naminə"
(1983), "Söz ürəyi tərpədəndə"
(1984), "Nəsr və zaman"
(1985), "Ədəbi-bədii tənqid və ədəbiyyatşünaslıq"
(1985), "Cahan şah Həqiqi" (1985), "İbrahim
Tahir" (1986), "Klassiklər, müasirlər - tənqidçi
mövqeyi" (1987), "Aldanmış kəvakib"də
mifik dünyagörüş" (1987), "Tənqidin
gücü və gücsüzlüyü" (1987), "Tənqidin
qayğıları və tənqidə qayğılar"
(1988) və digər oxucu diqqətini cəlb edən əsərlərinin
natamam siyahısı onun elmi maraq dairəsinin nə qədər
geniş coğrafiyaya malik olduğunu təsdiqləyir.
Müsabiqə
yolu ilə 6 mart 1990-cı ildə AMEA Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər
üzrə direktor müavini seçilən Arif müəllim
ağır şəraitdə, keçid dövründə
milli-mənəvi irsin təbliği istiqamətində təkrarsız
tədbirlər planı həyata keçirmiş, elmi məqalələr
məcmuəsi, toplular və arxiv materialları əsasında
kitablar nəşr etdirmişdir. Ona həvalə
olunan işlərə məsuliyyətlə,
yaradıcılıq coşğusu ilə yanaşan Arif
Əmrahoğlu peşəkar təşkilatçı və
ictimai xadim idi. Təsadüfi deyildir ki, Sovet rejiminin
çöküşündən və Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra o
Prezident Aparatının Milli Siyasət Məsələləri
üzrə Dövlət Müşaviri xidməti ekspert
qrupunun baş mütəxəssisi vəzifəsinə işə
dəvət olundu (1993, 24 iyun) və altı ilə yaxın
bir müddətdə (1999, 11 mart), bu məsul vəzifədə
dövlətçiliyə, milli istiqlal məfkurəsinə ləyaqətlə
xidmət göstərdi.
Arif Əmrahoğlunun ilk monoqrafiyası - "Nəsrin
poetikası" (XIX əsrin II yarısı) adlı kitabı
1990-cı ildə "Elm" nəşriyyatında
işıq üzü gördü. Müəllif M.F.Axundzadənin
"Aldanmış kəvakib", C.Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları", N.Nərimanovun
"Bahadır və Sona", S.M.Qənizadənin "Məktubati-Şeyda
bəy Şirvani", M.Ə.Talıbovun "Kitab
yüklü eşşək" və Z.Marağayinin
"İbrahim bəyin səyahətnaməsi" əsərləri
əsasında təhkiyə üslubunun strukturunu
araşdırmış, XIX əsr epik nəsrinin
poetikasını ciddi tədqiq və təhlil etmişdir.
1997-ci il
oktyabr ayının 29-dan ömrünün sonuna kimi Azərbaycan
Yazıçılar Birliyinin katibi vəzifəsində
çalışan və Bakı Dövlət Universitetində
"Türk xalqları ədəbiyyatı"ndan dərs deyən
filologiya üzrə fəlsəfə doktoru, 2006-cı ildən
dosent Arif Əmrahoğlu bir sıra dərslik və
monoqrafiyaların müəllifidir. Onun "Sözə inam
sabahımızdır" (1999), "Epik sözün bədii
gücü" (2000), "Türk xalqları ədəbiyyatı"
(2009), "Ədəbiyyatımız, mənəviyyatımız"
(2010), "Türk mifologiyası və Türk xalqları ədəbiyyatı"
(2011), "Mən xoşbəxtəm ki, anlamağa qadirəm"
(2012), "Mirzə Fətəli Axundzadənin söz
dünyası" (2013), "Mədəniyyət
gücdür" (2013) və b. kitabları, 300-dən
çox elmi məqaləsi ədəbiyyatşünaslığımızın
aktual problemlərini, ədəbi prosesi və ədəbiyyat
tarixi məsələlərini özündə əks etdirən
sanballı tədqiqat əsərləridir.
Arif
Əmrahoğlunun görkəmli ədəbiyyatşünas,
istedadlı tənqidçi, peşəkar tərcüməçi
kimi yetişməsində şübhəsiz ki, onun ilk dəfə
elmi fəaliyyətə başladığı və 11 il
çalışdığı Nizami adına Ədəbiyyat
İnstitutunun xidmətləri
danılmazdır. 90-cı illərin sonlarına yaxın
institutun direktoru, professor Yaşar Qarayev
altıcildlik Azərbaycan ədəbiyyatı tarixi
kitabının hazırlıq prosesini sürətləndirmək
üçün bir sıra mütəxəssisləri əməkdaşlığa
dəvət etdi. Həmin ərəfədə
- 1998-ci ilin oktyabrın 1-dən isə Arif müəllim institutun
Tarixi poetika şöbəsinə yarımştat böyük
elmi işçi vəzifəsinə qəbul olundu. Azərbaycan ədəbiyyatı tarixinin 4-cü
cildinin redaksiya heyətinə üzv seçilən
A.Əmrahoğlu bu sahədə yaradıcılıq fəaliyyətini
daha da genişləndirdi.
2009-cu
ilin yanvar ayında akademik Bəkir Nəbiyevin təşəbbüsü
ilə Nizami adına Ədəbiyyat
İnstitutunda Türk xalqları ədəbiyyatı
şöbəsi açıldı və yeni
yaradılmış qurumun rəhbərliyinə Arif
Əmrahoğlu gətirildi. Tezliklə Arif müəllimin yeni
yaradılmış şöbədə çoxşaxəli
yaradıcılıq və təşkilatçılıq
qabliyyəti özünü büruzə verdi.
20 nəfər əməkdaşın, elmlər
və fəlsəfə doktorlarının fəaliyyət
göstərdiyi şöbənin "Türk xalqları ədəbiyyatı"
adlı elmi məqalələr məcmuəsi təsis edildi və
ilk sayları oxuculara ünvanlandı. Şöbənin
elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Türk xalqları ədəbiyyatının inkişaf tarixi
üçün səciyyəvi olan ortaq ədəbi-mədəni,
bədii-estetik, nəzəri-fəlsəfi problemlərin,
qarşılıqlı ədəbi-mədəni əlaqələrin
- türk sufizmi: tarixi ənənəsi, inkişaf meylləri,
ortaq və fərqli cəhətləri; türk xalqları ədəbiyyatında
divan ədəbiyyatı; türk xalqlarının
yazılı ədəbiyyatının formalaşmasında
folklorun, xalq şeiri ənənələrinin, aşıq
poeziyasının rolu və əhəmiyyəti; etnik
mövcudluq uğrunda mübarizə, etnik şüurdan milli
şüura keçid və türk xalqları ədəbiyyatının
özünəməxsusluqları; XIX əsr türk
xalqları ədəbiyyatında yeni mərhələ kimi:
tarixi ədəbi ənənələr və müasir
növlər, janrlar, maarifçilik və cədidizm; XX əsr
türk xalqları ədəbiyyatının inkişaf meylləri,
görkəmli şair və yazıçıların həyat
və yaradıcılıqlarının və s.
araşdırılması məsələləri gündəmə
gətirildi və elmi-tədqiqat mövzuları kimi fərdi
iş planlarına daxil edildi. Arif
Əmrahoğlunun rəhbərliyi ilə şöbənin əməkdaşları
beynəlxalq elmi konfranslarda məruzələr edir, nəşr
olunan yeni-yeni monoqrafiyaları ilə institutun elmi həyatında
bir canlanma yaradırdılar.
Çalışdığımız şöbələr
üzbəüz otaqlarda yerləşdiyi üçün Arif
müəllimlə tez-tez görüşür, hal-əhval
tuturdum. 2012-ci ilin fevral ayı idi. Türkiyəyə
elmi konfransa dəvət almışdım. İstanbuldan ona nə alıb gətirməyimi
arzuladığını Arif müəllimdən soruşdum.
Bir anlıq fikrə getdi. Dedi ki, Asif,
böyük türk ədəbiyyatşünası Əhməd
Kabaklının beş cildlik "Türk ədəbiyyatı"
tarixini tapıb gətirə bilsən məni çox
sevindirmiş olarsan. İstanbulda olarkən
Türk Ədəbiyyatı Vəqfinin başkanı Sərvət
Kabaklı ilə görüşdüm. O, mənə hər
cildi 800-900 səhifədən ibarət olan Əhməd
Kabaklının beş cildlik "Türk ədəbiyyatı"nı
bağışladı. Türkiyədən
Bakıya qayıdan kimi İnstituta tələsdim. Arif Əmrahoğlu şöbənin iclasını
keçirirdi. Kitabları ona təqdim edəndə
sevincinin həddi-hüdudu yox idi. Mənə dedi ki, Asif,
səni harada görsəm iki söz deyəcəm: “Salam,
sağ ol. O "sağ ol" bu kitablara görə olacaq. Bu hədiyyən mənim üçün çox dəyərli
və unudulmazdır”.
Türk xalqları ədəbiyyatı şöbəsinin
müdiri Arif Əmrahoğlunun təşəbbüsü, əməkdaşların
fəal iştirakı ilə 2013-cü ildə "Yaşayan
Yunus İmrə" adlı beynəlxalq elmi konfransa ciddi
hazırlıq işləri gedirdi. Mövzu bir neçə
dəfə İnstitutun Elmi Şurasında müzakirə
olundu. 2013-cü ilin dekabrın 9-da AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunun ev sahibliyi etdiyi beynəlxalq
elmi konfransa Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
Səfirliyi, TİKA, Yunus Əmrə Türk Kültür Mərkəzi
və xarici ölkələrdən dəvət olunmuş
görkəmli elm, ədəbiyyat və mədəniyyət
xadimləri qatılmışdılar. Şübhəsiz
ki, "Yaşayan Yunus İmrə" beynəlxalq elmi
konfransı yüksək səviyyədə keçirildi.
Bu tədbir ilk növbədə Türk
xalqları ədəbiyyatı şöbəsinin uğuru
idi. Ertəsi günü Arif müəllimi
dəhlizdə qayğılı, siqaretçəkən
durumda gördüm. Dərin düşüncələrə
dalmışdı... Yaxınlaşıb
uğurlu beynəlxalq səviyyəli tədbir keçirdiyi
üçün təbrik etdim. "Görülən
işlər qalacaq" - deyib bir
narahatçılığını büruzə verdi. Həkimlərin onu ciddi
müayinə və müalicə olunmağa təkid etdiklərini
bildirdi. Getməməyinin səbəbini
soruşduqda Yazıçıların qurultayından sonra
müalicəyə başlayacağını söylədi.
Cəhd göstərsəm də onu fikrindən
daşındıra bilmədim. Ertəsi
gün isə eşitdim ki, Arif müəllim ərizə
yazaraq Ədəbiyyat İnstitutundan gedib. Doğrusu
bu xəbər məndə acı təəssüf hissi
doğursa da, güman etdim ki, o, müalicə ilə əlaqədar
bu qərarı qəbul edib. Bir gün
Yazıçılar Birliyində onu öz iş
masasının arxasında gördüm.
Narahatçılığını gizlətsə də,
sağlamlığında ciddi dəyişiklik
müşahidə olunurdu.
Çox keçmədi Bakıdakı Milli Onkologiya Mərkəzində
müalicə aldığını mənə dedilər. Görüşmək
üçün zəng etsəm də, evdə olduğunu, səhhətinin
yaxşılaşdığını bildirdi. 2014-cü ilin iyunun 17-də Yazıçılar
Birliyinin XII qurultayı Arif Əmrahoğlusuz keçdi. Lakin qurultay nümayəndələri onun AYB-ın
katibi seçilməsinə yekdilliklə səs verdilər.
Qurultaydan sonra da Arif müəllimlə
görüşmək cəhdlərim uğursuz alındı.
Bir gün səfir Vilayət Quliyev Budapeştdən
zəng vuraraq Arif Əmrahoğlunun mədə xərçəngindən
əziyyət çəkdiyini deyəndə təəccübləndim.
Şişirdilmiş məlumat olduğunu bildirsəm
də, narahatçılığım artdı.
İyulun 18-də Milli Onkologiya Mərkəzinə gedərək
telefonuna zəng vurdum, həyat yoldaşı Təranə
xanım cavab verdi.
Həkimlərin onunla görüşə icazə vermədiyini
bildirdi.
Çətinliklə də olsa icazə alıb Arif Əmrahoğlunun
müalicə olunduğu otağa qalxdım. Özü
yatsa da, professor Zaman Əsgərli və qızı Günel
xanım yanında idi. Asta səslə
qızından nə vaxtdan yatdığını soruşdum.
Bu zaman Arif müəllim gözlərini
açdı. Elə bil gəldiyimi duyub, səsimi
eşitdi... Qızı sevinclə "Ata!"
- deyib üstünə atıldı. Təəssüf ki, bu sevincli məqam uzun sürmədi.
Arif müəllim yenə gözlərini yumub
ağır-ağır nəfəs almağa başladı.
Bu, Arif müəllimlə son
"görüşümüz" idi. O vədinə əməl
edərək "Salam, sağ ol"unu gözlərini
açıb-yummaqla bildirmişdi... Xəstəxanadan
kədərli düşüncələrlə
ayrıldım. Bir gün sonra - iyulun 19-da
isə onun vəfatı dostlarının, elmi-ədəbi
ictimaiyyətin qəlbində acı göynərtiyə
çevrildi.
Bir
neçə aydan sonra, oktyabrın 28-də dostları Arif
Əmrahoğlunun 60 illiyini AYB-ın Natəvan klubunda
"Yarımçıq ömrün yarpaqları" (2014)
adlı məqalələr toplusunun təqdimatı ilə
müəllifsiz qeyd etdilər.
Arif Əmrahoğlu Azərbaycan elmini xarici ölkələrdə
yüksək professionallıqla tanıdır və təmsil
edirdi. Onun elmi məqalələri ABŞ, Rusiya, Türkiyə,
İran, Gürcüstan, Litva və başqa ölkələrdə
nəşr olunub. Türkiyədəki Qazi
Universitetinin "Türk dünyasına xidmət
ödülü"nə layiq görülüb. "Dialoq Avroasiya" uluslararası dərgisinin
redaksiya heyətinin üzvü idi.
Bu gün görkəmli ədəbiyyatşünas, tənqidçi,
tərcüməçi Arif Əmrahoğlu haqqında
düşünərkən onun dediyi "Görülən
işlər qalacaq" kəlamını xatırlamamaq
mümkün deyil. Böyük əminliklə vurğulamaq olar ki, onun ədəbiyyat
tariximiz, ədəbi tənqidimiz üçün gördüyü mühüm
işlər həmişə qalacaq, yaşayacaq, müəllifini
- unudulmaz Arif Əmrahoğlunu əbədi yaşadacaq.
Asif Rüstəmli
525-ci qəzet.- 2015.- 5 noyabr.- S.8.