Mixail Nuaymə poeziyası Azərbaycan
dilində
Ərəb
məhcər (mühacirət) ədəbiyyatı və onun
görkəmli nümayəndələrinin həyat və
yaradıcılığı müxtəlif dövrlərdə
dünya şərqşünaslığının tədqiqat
obyektinə çevrilib.
Bu ədəbiyyatın
inkişafında müstəsna yeri olan simalardan biri - Mixail
Nuaymənin elmi-ədəbi yaradıcılığı Azərbaycan
şərqşünaslığının da diqqət mərkəzində
olub. Azərbaycanda ərəb məhcər ədəbiyyatının
tədqiqi görkəmli şərqşünas alim, professor
Aida İmanquliyevanın adı ilə bağlıdır.
Mixail Nuaymə yaradıcılığının tədqiqinə
həsr olunan "Qələmlər birliyi və Mixail Nuaymə"
adlı monoqrafiyası alimin bu ədəbi birlik və onun
öndə gələn nümayəndələrindən olan
görkəmli Livan şairi M. Nuaymə barəsində ilk
böyük tədqiqat əsəridir. Aida xanım ərəb
məhcər ədəbiyyatını yalnız tədqiq etməklə
kifayətlənməmiş, bu ədəbiyyatdan tərcümələr
də etmişdir. Azərbaycan oxucusu M. Nuayməni ilk olaraq onun
tərcümələri ilə tanıyıb.
Rus ədəbiyyatından
tutmuş, amerikan, Avropa ədəbiyyatına, müsəlman
sufi düşüncə tərzi, Qərb və uzaq Şərqdəki
düşüncə cərəyanlarına dərindən bələd
olan ərəb məhcər ədəbiyyatçılarının
ədəbi-fəlsəfi irsinin tədqiq edilib yalnız Azərbaycan
oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə
çatdıran, bu dəyərli irsin tədqiqinə yeni
aspektdən yanaşan, elmi-ədəbi tədqiqatın önəmli
bir parçası olan "müqayisəli ədəbiyyat"
fonunda ərəb məhcər ədəbiyyatçılarının
yaradıcılığının müqayisəli tədqiqatını
aparan görkəmli ərəbşünas alim məhz Aida
İmanquliyeva olub.
Aida
xanım İmanquliyeva M.Nuaymənin ədəbi
yaradıcılığından bəhs edərkən
şairin hələ Rusiyada ikən rus dilində
yazdığı "Donmuş çay" şeirinin məzmun
etibariylə rus xalqının inqilabi düşüncəsini
tərənnüm etdiyini və bu düşüncəni buzun
məngənəsində sıxışıb qalmış
çayın timsalında verdiyini vurğulayıb. A.
İmanquliyevanın müqayisəli elmi
araşdırmalarından göründüyü kimi, o, sadəcə,
tanınmış ərəbşünas kimi deyil, eyni zamanda
müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi
cərəyanların dərin bilicisi olaraq elm dünyasında
öz dəst-xəttini qoymuş bir alimdir.
İlk
olaraq onu qeyd edim ki, bu ədəbiyyatı böyük məhəbbətlə
araşdıraraq elmi ictimaiyyətə və geniş oxucu
kütləsinə tanıdan Aida İmanquliyevanın
açdığı elmi cığırla addımlayan
bugünkü gəncliyin də həmin ədəbiyyatın
tədqiqinə və tərcüməsinə xüsusi meyl və
maraq göstərməsi olduqca təqdirəlayiqdir. M. Nuaymənin
oxuculara təqdim olunan "Həmsul-cufun" ("Kipriklərin
pıçıltısı") adlı şeir kitabı da
gənc və istedadlı şərqşünas, AMEA-nın
Şərqşünaslıq İnstitutunun elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Mahir Həmidovun illər öncə açılan o
böyük cığırda inamlı addımlarının
bəhrəsidir.
Qeyd etməliyəm
ki, M. Həmidov M. Nuaymə poeziyasının bədii tərcüməsindən
daha öncə ərəb məhcər ədəbiyyatını,
xüsusilə də Nuaymə
yaradıcılığını elmi tədqiqat mövzusu
olaraq işləmişdir. Bu baxımdan da M. Həmidovun M.
Nuaymə irsinə müraciət etməsini təsadüfi
hesab etmək olmaz. M. Nuaymə irsinin tədqiqatçısı
olan M. Həmidovun ədibin yaradıcılıq prinsiplərinə,
ədəbi-nəzəri görüşlərinə
yaxından bələd olması bu işdə ona böyük
uğur qazandırmışdır. O, "Mixail Nuaymənin ədəbi-tənqidi
görüşləri və şeirləri" mövzusunda
yazdığı dissertasiya işini 2011-ci ildə qardaş
Türkiyə Respublikasında, Ankara Universitetində uğurla
müdafiə etmişdir. Bu günədək gənc alimin
Türkiyə, Rusiya və Azərbaycan mətbuatlarında
livanlı şairin yaradıcılığı, xüsusilə,
ədəbi-tənqidi görüşləri və həmin
görüşlərin ədibin poeziyasında təcəssümü
ilə əlaqədar onlarla məqaləsi çap
olunmuşdur.
İnamla
deyə bilərəm ki, gənc tərcüməçi M. Həmidov
bu çətin işin öhdəsindən gəlməyi
bacarıb. Məhz buna görə də bu tərcümə
nümunələrində M. Nuaymənin poeziyasının
ruhunu, onun əzəmətini hiss etmək, şeirlərinin
musiqisini duymaq mümkündür. Bu şeirləri oxuduqca
sanki, canlı bir təbiət təsvirini görməkdən
daha çox o təbiətin səsini eşidirsən.
M. Həmidovun
bədii tərcümə kimi olduqca maraqlı və məsuliyyətli
bir işin öhdəsindən uğurla gəlməsi
sevindirici olmaqla yanaşı, həm də təbiidir.
Çünki bədii tərcümə sənəti tərcüməçinin,
həmin sənətkarın duyğu və düşüncələrinə
dərindən bələd olmağı, onun hiss və həyəcanlarına
həssaslıqla yanaşmağı tələb edir.
Yalnız bu zaman, orijinalın bədii gözəlliyini duyaraq,
obrazlı ifadələrin daxili qatlarını qavrayaraq həmin
gözəlliyi, özünəməxsusluğu müqabil dildə
yenidən yaratmaq mümkündür. M. Həmidovun tərcümələri
ilə tanış olduqca onun bu məsuliyyətli işin
öhdəsindən bacarıqla gəldiyinin şahidi oluruq. Tərcümənin
dili səlist və ahəngdardır:
Biz ki
heyran olmuşuq həyatın gərdişinə,
Gününə,
gecəsinə - heyranıq hər işinə!..
Doya-doya
süd əmdik biz onun sinəsindən,
Götürdük
hər yükünü onun çiyinlərindən.
O bol xəzinəsindən
götürüb sandıq-sandıq,
Min bir
barını dərdik, özümüzünkü
sandıq...
Tərcümə
etdiyi dilin incəliklərinə dərindən bələd
olan gənc tərcüməçi dəfələrlə ərəb
ölkələrində, Suriyada, Livanda, İordaniyada elmi
araşdırmalar aparıb. M.Nuaymənin yaradıcılığının
izi Mahir Həmidovu şairin doğma vətəni Biskintaya, bir
vaxtlar yaşadığı evə və ömrünün
sonunda inzivaya çəkildiyi Sinnin dağının ətəklərinədək
aparıb. Beləcə, M.Nuaymənin
şeirlərini tərcümə etməklə onun bu
şeirlərdə yaşayan duyğu və düşüncələrinə,
həyat fəlsəfəsinə
tərcümanlıq edib. Tərcüməçinin ən
başlıca uğuru şairin ruhunu dərindən
duymasında və onu axıcı bir dildə oxuculara
çatdırmasındadır.
AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, millət vəkili professor
Gövhər Baxşəliyevanın redaktorluğunda "Elm və
təhsil" nəşriyyatında işıq üzü
görən "Kipriklərin
pıçıltısı" adlı şeir toplusunun həm
şərqşünasların, həm də şeirsevərlərin
marağına səbəb olacağına inanıram.
Vilayət
CƏFƏROV
Professor, AMEA
Şərqşünaslıq İnstitutu Ərəb
Filologiyası şöbəsinin müdiri
525-ci qəzet.-
2015.- 5 noyabr.- S.7.