Bakı Beynəlxalq Caz
Festivalı yekunlaşıb
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi
keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət
Fondu tərəfindən
müntəzəm olaraq
təşkil edilən
bu festival on ildən artıqdır ki, həm ölkəmizdə,
həm də xaricdə populyarlıq qazanıb.
Festival çərçivəsində
Azərbaycan musiqiçiləri
ilə yanaşı
ABŞ, Kanada, Fransa, Almaniya, Niderland, Rusiya və Ukraynanın tanınmış
ifaçıları konsert
proqramı ilə çıxış ediblər.
Festival günlərində azərbaycanlı ifaçılar
Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab öz qrupları ilə, Amerikanın "Fourplay"
qrupu, saksofonçu Çarlz Lloyd caz musiqisi həvəskarlarını
sevindiriblər. Konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında və
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.
Bakı Beynəlxalq Caz Festivalı gənc istedadlı müğənni,
gitaraçı, bəstəkar
və prodüser, əslən Kamerundan olan Ntjem Rozinin
konserti ilə başa çatıb. Onun yaradıcılığına
bir neçə sinql, üç studiya albomu və 2011-ci ildə Rotterdamda "Grounds" klubunda
çıxışı zamanı
yazılan audio və videodisklər daxildir.
Bu disklər musiqiçinin
"Gentle Daze Records" şəxsi markası altında buraxılıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 5 noyabr.- S.7.