Azərbaycan dilinin tədrisi
tarixində mühüm bir
dövr: Tiflis
ziyalı mühitindəki təşəbbüslər
1801-ci ildə Gürcüstan
Rusiyaya birləşdirildikdən
sonra bütün Zaqafqaziyanın Rusiya imperiyasının tabeliyinə
keçirilməsi prosesi
başlandı. 1813-cü ildə
Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə görə,
Şimali Azərbaycanın
bir çox xanlıqları Rusiyaya birləşdirildi və bu proses 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi
ilə başa çatdırıldı.
Beləliklə, Azərbaycan xalqının
milli və ərazi bütövlüyü
kobudcasına pozulmuş
oldu. Lakin qeyd etmək
lazımdır ki, bu hadisənin Şimali Azərbaycan əhalisi üçün
müəyyən qədər
mütərəqqi əhəmiyyəti
var idi. M. F. Axundov bu barədə
yazırdı: "Biz keçmiş
zamanlardakı qoşunkeşlik
və çapqından
Rusiya dövlətinin
himayəsi sayəsində
xilas olmuşuq..."
Ancaq çar hökuməti Azərbaycanı idarə etmək işində böyük çətinliklərə
rast gəldi. Belə ki, Azərbaycan xalqı arasında rus dilini bilən
adamlar yox idi. Bu məsələni
həll etmək üçün 1816-cı ildə
Tiflis məktəbinin tədris
planından latın
və alman dillərinin çıxarılması
və əvəzində
Azərbaycan dilinin tədris planına daxil edilməsi haqqında icazə verildi. Məktəbin Azərbaycan dili
müəllimi vəzifəsinə
Mirzə Cəfər Tuşmalov təyin edildi.
XIX əsrdə Zaqafqaziyada
Azərbaycan dilinin ilk
dəfə olaraq bir fənn kimi
tədrisi Gürcüstanla,
Tiflis mədəni mühiti
ilə bağlıdır.
Hələ XIV əsrdə Yaxın
Şərqə səyahətə
çıxan hər hansı bir avropalı yolunu Zaqafqaziyadan salar və özü ilə Azərbaycan dilini bilən adam aparardı.
Azərbaycan dili və onun leksikonu ilə XVII əsrdə maraqlanılmış, bu sahədə kitablar tərtib edilmişdir.
1929-cu ildə çar
hökuməti Zaqafqaziya
məktəbləri haqqında
Nizamnaməni təsdiq
etdi. Bundan sonra Zaqafqaziyanın
müxtəlif şəhərlərində
qəza məktəbləri
açıldı. Tiflis
əsilzadələr məktəbi
isə gimnaziyaya çevrildi. Azərbaycan
dili Tiflis, Axalsixe və Kutaisi qəza məktəblərində, Zaqafqaziyada
yeganə orta məktəblər olan
Tiflis və Kutais gimnaziyalarında və həm də Tiflis erməni Nersisyan ruhani seminariyasında tədris edilirdi. Məlumdur ki, Nersisyan ruhani
seminariyasında bir zaman Azərbaycan dili müəllimi M. F. Axundov işləmişdi.
Ümumiyyətlə, çar hökuməti Zaqafqaziyada Azərbaycan dilinin tədrisinə böyük
diqqət verirdi. Lakin Azərbaycan dili üzrə lazım olan dərslik və dərs vəsaitləri yox idi. Bu barədə
Zaqafqaziya məktəbləri
direktoru Y. A. Qruber
1833-cü ilin mayında
Rusiyanın xalq maarif komissarına (nazirinə) göndərdiyi
məlumat vərəqəsində
yazırdı: "Keçmiş
Tiflis əsilzadələr məktəbində
olduğu kimi, indi də Tiflis gimnaziyasında Azərbaycan
dilinin təlimi üçün tədris
vasitəsi yoxdur, halbuki həmin dil bu ölkədə
ən vacib dildir. Lakin onun öyrənilməsi müvəffəqiyyətli ola bilmir, ona görə ki, nəinki bu dildə kitablar
yoxdur, həm də dilin özü,
necə deyərlər,
yazılı şəkildə
mövcud deyil".
Göründüyü kimi, Azərbaycan dilinin tədrisini yaxşılaşdırmaq üçün
ilk növbədə, dərslik
tərtib etmək lazım idi. Buna görə
də Y. A. Qruber Tiflis
gimnaziyasının Azərbaycan
dili müəllimi Mirzə Ələkbər
Nəzirova "Azərbaycan
dilinin qrammatikası",
"Azərbaycan ədəbiyyatı
müntəxəbatı", "Azərbaycanca-rusca danışıq
dili" kitablarını
tərtib etməyi tapşırır. Mirzə Ələkbər
Nəzirov isə ancaq sonuncu vəsaiti
tərtib edir.
Buna görə
də Tiflis gimnaziyasının
yetişdirməsi Xristofor
Ksenofontov adlı bir nəfər Dimitri Zamenopulun tərtib etdiyi və 1828-ci ildə Vyanada çap etdirdiyi "Azərbaycan dilinin qrammatikası" kitabını 1834-cü ildə
rus dilinə tərcümə etdi.
Xristofor Ksenofontov və Dimitri Zamenopul milliyyətcə yunan idilər. Hər ikisi Azərbaycan
dilini yaxşı bilirdi. Lakin X. Ksenofontovun tərcümə
etdiyi "Azərbaycan
dilinin qrammatikası"
kitabı İmperator Elmlər Akademiyası tərəfindən bəyənilmədi.
Az sonra
gimnaziyanın Azərbaycan
dili müəllimi Hacı Yusif Şahnəzərov "Azərbaycan
əlifbası" tədris
vəsaitini tərtib edir. Həmin dərslik də
bəyənilmir.
Zaqafqaziya məktəbləri direktoru
1839-cu ilin fevralında
Y. A. Qolovinə yazırdı
ki, Tiflis gimnaziyasının
Azərbaycan dili müəllimi Hacı Yusif Şahnəzərov öz vəzifəsinin öhdəsindən gələ
bilmir. Ona görə də
onu Tiflis qəza məktəbində Azərbaycan
dilindən dərs deyən Mirzə Fətəli Axundovla əvəz etməyi lazım bilirəm. Çünki M. F. Axundov yaxşı
təlim üsullarından
istifadə etməklə
bərabər, şagirdlərlə
necə rəftar etməyi də bacarır və nəhayət, rus dilini yaxşı bilir.
Məlumdur ki, M. F. Axundov səhhəti pozulduğundan
1840-cı ildə Tiflis qəza
məktəbində müəllimlik
fəaliyyətindən əl
çəkdi və öz yerini müəllimi Mirzə Şəfi Vazehə verdi. Gimnaziyaya isə
Azərbaycan dili müəllimi Kazan Universitetinin
yetişdirməsi Lazar Budaqov
təyin edildi.
L. Budaqov ərəb, fars, türk,
Azərbaycan, rus, fransız və alman dillərini bilirdi.
1844-cü ildə Lazar Budaqov Peterburqa köçdü. Tiflis gimnaziyasında
boş qalan Azərbaycan dili müəllimi vəzifəsini
tutmaq üçün
şair Fazil xan Şeyda və İ. Qriqoryev ərizə verdilər.
Azərbaycan dili müəllimi
vəzifəsinə Kazan Universitetinin
yetişdirməsi İ. Qriqoryev
təyin edildi.
Rusiya XIX əsrin birinci yarısında Gürcüstanda, ümumiyyətlə, bütün Zaqafqaziyada özünün siyasi, iqtisadi və hərbi qüdrətini möhkəmləndirdikdən sonra ruslaşdırma siyasətini həyata keçirməyə başladı. Rus dilinin öyrənilməsi gücləndirildi. Özünün bir sıra nöqsanlarına baxmayaraq Zaqafqaziyada rus məktəblərinin açılmasının böyük mütərəqqi əhəmiyyəti oldu. "Kavkaz" qəzetinin yazdığı kimi, "rus məktəb sistemi elm və maarifi bu gözəl, lakin savadsız ölkəyə gətirdi".
Uzun əsrlər boyu ərəb, fars və türk dilləri
tərəfindən sıxışdırılan Azərbaycan
dili XIX əsrin birinci
yarısından etibarən rus məktəblərinin
tədris planlarında özünə "vətəndaşlıq"
hüququ qazandı. Bu
isə Azərbaycan dilinin öyrənilməsi,
onun qrammatikasının , nəzəri
əsaslarının işlənib hazırlanması üçün siyasi və
mənəvi imkanlar yaratdı.
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2015.- 5 noyabr.- S.6.