Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məmməd Yusif Cəfərov

 

Diplomat, hüquqşünas,tanınmış siyasi və ictimai xadim Cəfərov Məmməd Yusif  Hacıbala oğlu 1885-ci ildə Bakı şəhərində anadan olub.

 

Orta təhsilini Bakıda alan  Məmməd Yusif 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirib. Daha sonra  M.Cəfərov Moskvaya gedib və Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olub.O, öz tələbə dostları ilə bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqımızın azadlığı uğrunda mübarizə aparıb.

 

Moskva Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik işi müdafiə edib. Ali təhsilini başa vurandan sonra  Bakıya qayıdaraq,  məhkəmədə andlı hakim köməkçisi vəzifəsində işləyib . 27 yaşlı Məmməd Yusif  hüquqşünas kimi tez bir zamanda şəhər əhalisinin hörmətini qazanır. 1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirilirdi.  M.Y.Cəfərov  Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilir. M.Y.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak edib, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü olub.M.Y. Cəfərovun kadet partiyasına qoşulması da Dumadakı fəaliyyəti dövrünə təsadüf edir. O, həmçinin Dumada Rusiya baş nazirinin hesabatı, gömrük departamentinin xərcləmə dərəcəsi, köçürmə idarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı,1913-cü il Cənubi Qafqaz bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və.s məsələlərin müzakirəsi zamanı çıxışlarında çar hökumətinin  yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edib. M.Y.Cəfərov Müsəlman fraksiyası adından etdiyi çıxışlarda əsasən Cənubi Qafqaz əhalisinin problemlərindən söz açıb, xüsusən də müsəlmanların maariflənməsinə laqeyd münasibət göstərilməsi, hüquqlarının məhdudlaşdırılması,milli məktəblərin bağlanması kimi məsələlər daim gündəmində olub. O, hətta çıxışlarının birində, kazarmaya çevrilmiş məscidlərin geri qaytarılmasını Müsəlman fraksiyası adından tələb edib.

 

 Fevral inqilabını rəğbətlə qarşılayan Məmməd Yusif Cəfərov 1917-ci il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə IV Dövlət Dumasının üzvlərindən yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkibinə daxil olur. Həmin komitədə ona sənaye və ticarət məsələlərinə rəhbərlik tapşırılır. Bu komitə Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 6-da bütün xalqa elan olunmuş prinsiplər əsasında Zaqafqaziya diyarında möhkəm qayda yaratmalı və diyarda hakimiyyət orqanını təşkil etməli idi.

 

1 917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında Tiflisdən gəlmiş M.Y.Cəfərov təbrik nitqi ilə çıxış edir. O, inqilab münasibətilə azadlıq əldə etmiş müsəlmanları təbrik edir, onları birliyə çağıraraq deyir ki, köhnə çar rejimi əvvəldən çürümüş təməl üzərində qurulduğu üçün yıxıldı. Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və fəhlə sinfinin roluna yüksək qiymət verərək bildirir: "Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm, biz bir an da unutmamalıyıq ki, Rusiyada azadlığı əsgərlər və fəhlələr qazanmışdır və onlar sizə öz qardaşları kimi baxırlar".

 

 1917-ci il noyabrın 15-də Tiflisdə yaradılan müstəqil yerli hökumət - Zaqafqaziya Komissarlığı hökumətində M.Y.Cəfərov  ticarət və sənaye naziri vəzifəsinə seçilir. Sonra o, 1918-ci ilin fevralında Tiflisdə fəaliyyətə başlayan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının Rəyasət Heyətinin sədr müavini olur. O, seymin və Müsəlman fraksiyasının iclaslarındakı çıxışlarında Cənubi Qafqaz xalqlarını dostluğa, ədavəti aradan qaldırmağa, əldə edilmiş azadlığı qorumağa, Türkiyə dövləti ilə danışıqlara başlamağa və sülh sazişi bağlamağa çağırır.

 

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də Məmməd Yusif Cəfərovun sədrliyi ilə Müsəlman fraksiyasının fövqəladə iclası çağırılır. Bu fövqəladə iclasda M.Ə.Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurası, F.Xoyskinin sədrliyi ilə isə Milli Şuranın İcra Komitəsi yaradılır. İcra Komitəsinin tərkibinə digər üzvlərlə birlikdə M.Y.Cəfərov da seçilir.

 

Milli Şuranın 1918-ci il mayın 28-dəki iclasında qəbul olunan Azərbaycan İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biri də Məmməd Yusif Cəfərov idi. Həmin iclasda F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində Məmməd Yusif ticarət və sənaye naziri vəzifəsini tutur.

 

 1918-ci il iyunun 17-də AXC-in I Hökuməti istefa verdikdən sonra M.Y.Cəfərov Azərbaycan Cümhuriyyətinin Gürcüstan Respublikasındakı diplomatik nümayəndəsi təyin edilir.Cənubi Qafqaz 100 ildən artıq Rusiya imperiyası tərkibində vahid iqtisadi məkanda olduğundan, Azərbaycan və Gürcüstan müstəqillik qazandıqdan dərhal sonra iqtisadi,maliyyə,nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər.1918-ci il iyunun 21-də  Gürcüstan  sədri  N.Ramişvili ilə  Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının Azərbaycan və Gürcüstan  arasında bölüşdürülməsini Azərbaycanın  Gürcüstandakı səfiri  M.Y.Cəfərova təklif edir. Gürcüstan tərəfi  öz təklifini bununla əsaslandırır ki, Ermənistan öz payını artıq götürüb və sonradan Osmanlı dövlətinin nəzarəti altına  keçən ərazilərdə yerləşdirib. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə razılıq verdikdən sonra Azərbaycanın  Gürcüstandakı diplomatik nümayəndəsi  M.Y.Cəfərovla Gürcüstan hökumətinin  rəhbəri  N.Ramişvili arasında müqavilə imzalanır. Tədqiqatçı N.Nəsiblinin yazdığına görə, 1918-ci il sentyabrın 6-da isə Azərbaycan, Gürcüstan və Ermənistan  nümayəndələri pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Qafqaz bonun buraxılması haqqında saziş imzalayırlar, Azərbaycan tərəfdən sazişin imzalanmasında M.Y.Cəfərov bu prosesdə yaxından iştirak edir. O,1919-cu ilin martın ortalarına qədər o, bu vəzifədə çalışaraq Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Gürcüstan və Dağlılar Respublikası nümayəndələrinin Tiflisdə keçirilmiş konfransında yaxından iştirak edir, həmçinin Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalayır.

 

 1919-cu il martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi IV AXC Hökumətində M.Y.Cəfərov xarici işlər naziri vəzifəsinə təyin edilir və 1919-cu il dekabrın 22-nə kimi bu vəzifədə çalışır.

 

M.Y.Cəfərov bir diplomat kimi daim Azərbaycan Respublikasının mənafeyini səylə müdafiə edib. Bu onun Azərbaycan və Gürcüstan arasında imzaladığı sazişdə, azərbaycanlılara qarşı soyqırım və ayrı-seçkilik siyasəti əleyhinə Ermənistan Xarici İşlər Nazirliyinə, müsəlman əhalisinin mənafeyinin, əmlakının müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlıqlarına göndərdiyi notalarda və s. sənədlərdə öz əksini tapıb.

 

1919-cu il dekabrın 14-21-də Bakıda Azərbaycan-Ermənistan konfransı keçirilir. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov konfransı giriş nitqi ilə açaraq bildirir ki, "...Azərbaycan və Ermənistan respublikalarının yaranmasına baxmayaraq, onlar arasında həll olunmamış mübahisəli məsələlər var. Konfransı açaraq ümid edirəm ki, sizin gərgin əməyiniz nəticəsində bu məsələlər öz həllini tapacaq".

 

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun xidmətləri çoxdur. Misal üçün, onun sərəncamı ilə çar Rusiyasının Cənubi Qafqazda siyasətinə dair sənədlər toplusunu hazırlamaq üçün xüsusi komissiya yaradılmışdı.

 

1919-cu ilin oktyabrında Azərbaycan parlamentinin üzvü bitərəf M.Y.Cəfərov Türk Ədəmi-Mərkəziyyət Partiyası - Müsavatın sıralarına daxil olur. Həmin ilin dekabrında N.Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov da xarici işlər naziri vəzifəni tərk edir. O, 1920-ci il fevralın 2-də Məmməd Əmin Rəsulzadənin təklifi ilə Azərbaycan parlamenti sədrinin birinci müavini seçilir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün M.Y.Cəfərov 1920-ci il aprelin 27-nə kimi Məclisi-Məbusanın sədri vəzifəsini icra edir.

 

M.Y.Cəfərov AXC-nin süqutunadək Azərbaycan parlamentinin rəhbəri olur. Azərbaycan parlamenti onun sədrliyi zamanı ictimai, iqtisadi və mədəni inkişafa dair bir sıra qanunlar, qərarlar qəbul etmiş, sazişlər imzalamışdı. M.Y.Cəfərov 1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirələrdən sonra hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalayan şəxsdir.

 

Cümhuriyyətin süqutundan sonra M.Y.Cəfərov Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində işləyib. 1938-ci il mayın 15-də Bakıda vəfat edən M.Y.Cəfərov Şağan kəndində dəfn olunub.

 

Ramil HİKMƏT

525-ci qəzet.- 2015.- 6 noyabr.- S.8.