Rejissorun missiyası

 

 

Rejissorluq bu dünyanın ən gözəl peşələrindən biridir, gözəlliyi ondadır ki, bu  peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir qeyri-adi istedadı olur.

 

İstedad deyilən ilahi bir qabiliyyət isə, ilk növbədə  istənilən ideyaya, məzmuna müəyyən forma verməkdə üzə çıxır. Mən indi yaxın dost olduğum rejissor Əhməd Abdullayevi tanıyanda televiziya yaradıcılığı rejissor işi haqqında bu qənaətlərim təzə-təzə formalaşırdı. Onunla AzTV-də uzun illər birgə unudulmaz fəaliyyətimiz mənim bu düşüncələrimə yeni miqyas verdi, təsəvvürlərimə əlavə rənglər qatıb onu xeyli əlvanlaşdırdı.

 

Yenicə müdir təyin olunduğum "Beynəlxalq həyat" redaksiyası rejissor işi sarıdan çox axsayırdı, əlavə proqramlar açmaq, yeni formatları sınamaq üçün intellektual səviyyəli, peşəkar rejissora ciddi ehtiyacımız var idi. Ona görə televiziyanın istehsalat toplantılarında mən bu məsələni dönə-dönə qaldırırdım. Nəhayət, günlərin bir günündə bəxtimizə gün doğdu. O vaxt televiziyanın baş rejissoru olan, Xalq artisti Vasif Babayev məni çağırdı dedi ki, gözün aydın, redaksiyanızın problemini  həll etmişik, "sənə "Telefilm"in elə bir aparıcı rejissorunu verəcəm ki, ömür boyu mənə dua oxuyacaqsan". Həqiqətən , mən bugünədək Vasif müəllimə minnətdaram ki, TV-dəki yaradıcılıq fəaliyyətimin böyük bir mərhələsi Əhməd Abdullayev kimi peşəkar bir rejissorla,  yüksək mədəni səviyyəsi olan alicənab bir insanla böyük vətəndaşlıq duyğusu olan ziyalı ilə birgə keçib.

 

lll

 

İndi 80 yaşını haqlamaqda olan Əhməd Abdullayevin maraqlı ömür tarixçəsi var. Bakıda doğulub, məşhur Sovetski küçəsində qaynar uşaqlıq gənclik həyatı yaşayıb, qeyri-adi istedad yiyəsi olub, 16 yaşında ikən Neft Akademiyasının Neft-mədən fakültəsinə daxil olub. Oxuduğu illərdə çalışqanlığı və dərin zəkası ilə fərqlənib, lakin neft mühəndisi ola bilməyib, çünki tale onun üçün başqa sürprizlər hazırlamışdı.

 

Məhəllələrində yaşayan kinorejissor Həsən Seyidbəyli ilə yaxından tanışlığı Əhmədin həyatında həqiqətən yeni səhifə açır. Kino çəkmək, rəngli işıqların və kameraların qurulduğu nəhəng çəkiliş meydançasının hakimi olmaq, aktyorlarla işləmək  hissi tədricən onun bütün varlığına hakim kəsilir. Bu sənətin cazibəsi və həmin illərdə artıq məşhur olan rejissor H.Seyidbəylinin yaradıcılıq təsiri altında Əhməd Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsinə daxil olur. Bir müddət oxuduqdan sonra ailə vəziyyəti ilə bağlı Bakıya qayıtmalı olur, sənət dərsərini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirir. Bu institutun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Azərbaycan Telefilm"də əmək fəaliyyətinə başlayır. Burada tale onun üzünə gülür, birliyin baş redaktoru,  gözəl publisist və tərcüməçi, xeyirxah insan İshaq İbrahimovla tanış olur. İshaq müəllim Əhmədin sənədli kinoya marağının yaranmasında, ekran sənətinə baxışlarının formalaşmasında  həlledici rol oynayır.

 

Ədəbiyyat və tərcümə sahəsində nüfuzlu şəxsiyyət olan İshaq müəllim Əhmədin dünyasını dürüst anlamaqla kifayətlənmir, həm də ona praktik köməklik göstərir və yaradıcılıq dəstəyini əsirgəmirdi. Məhz bu köməyin sayəsində Əhməd Abdullayev "Azərtelefilm" yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkməyə başladı.  Tezliklə ekranlarda onun rejissoru olduğu "Qırmızı qələm", "Sevil bacıları", "Neft Daşları", "Mingəçevir", "Naxçıvan" kimi maraqlı sənədli filmlər göstərildi. Artıq peşəkar televiziyaçılar ekran yaradıcılıq birliyinə çox istedadlı və özünün yaradıcılıq dəst-xətti olan bir rejissorun gəlməsi barədə məmnunluqla danışır, Əhmədin parlaq gələcəyi barədə nikbin proqnozlar verirdilər.

 

O vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı, Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və ən xoşa gələn əsərlər ümumittifaq ekranında - Mərkəzi TV-də nümayiş etdirilirdi. Əhmədin çəkdiyi bütün filmlər həmişə yüksək qiymətə layiq görülübböyük ekranlarda göstərilib. Ustad rejissor indiyədək Azərbaycanın qədim tarixi  mədəniyyətindən bəhs edən  70-dən çox sənədli filmə ekran həyatı verib.

 

lll

 

Televiziya, yaradıcılıq mənasında fasiləsiz işləyən dəyirmandı, bir verilişi hazırlayıb efirə verən kimi yenisinə başlayırsan, yəni dəyirman daşı daimi fırlanır və sən özünü səfərbər edib bu ritmə uyğunlaşmalısan. Mən Əhmədlə tanış olanda bu dəyirmanın daha keyfiyyətli dən üyütdüyü vaxtlar idi, Azərbaycan televiziyasında, sözün əsl mənasında, yaradıcılıq yarışı gedirdi, peşəkarlarla ünsiyyət, onların hazırladıqları veriliş və filmlərə baxmaq adama zövq verirdi. Mən Ə.Abdullayevlə bir redaksiyada çalışanda bu zövqünolduğunu incəliyinədək anladım.

 

O, hər şeyə peşəkar yanaşırdı, xasiyyətcə nə qədər yumşaq, mülayim, nəzakətli və nə qədər yüksək mədəniyyət sahibi idisə, diletantlığa qarşı da bir o qədər barışmaz idi. Həqiqi rejissuranın nə olduğunu hazırladığı verilişlərdə parlaq bir şəkildə nümayiş etdirirdi, onunla birgə işimizdən sonra mən adını rejissor qoyub, amma baş girləyən bu qədər adamın olmasına çox heyrətləndim.

 

Bizim 4-5 nəfərdən ibarət kiçik qrupumuz var idi, "Planetimizin mənzərəsi" kimi gündəlik və "Qitələr, hadisələr" adlı həftəlik beynəlxalq proqram hazırlayırdıq. Əhmədin gəlişi ilə əl-qolumuz açıldı, əvvəlcə "Azərbaycan dünya meridianlarında" proqramını açdıq, sonra isə birbaşa Əhmədin təşəbbüsü ilə "Müharibə, yoxsa sülh" adlı silsilə publisistik veriliş açdıq. Yadımdadır ki, o zaman bu verilişə heyran olanlardan biri, professor, siyasi icmalçılarımızdan biri, rəhmətlik Murtuz Ələskərov idi. Murtuz müəllim bu veriliş haqqında bir neçə məqalə yazmışdı və tez-tez bu sözü deyirdi ki, Əhmədin bu verilişinə dövlət mükafatı vermək lazımdır.

 

Doğrudan da, tam sənədli kadrlar əsasında hazırlanan bu veriliş o vaxt, məhz Əhmədin ciddi səyləri sayəsində başa gəlirdi.O, ürəyini qoyduğu bu verilişlə yaşayır və biziyeni axtarışlar aparmağa ruhlandırırdı. Həm də təkcə bizi yox, evdəkiləri də bu verilişlə "xəstələndirmişdi". Bir gün işə gələndə iki rəsm göstərdi, dedi ki, bunları 4-cü sinifdə oxuyan oğlum Rəşid çəkib, baxdım və rəngli karandaşlarla çəkilmiş rəsmdə əllərində şar tutub "sülh" yazılan bir yaşıl məkana doğru qaçan uşaqları görəndə heyrətimi gizlədə bilmədim. çox böyük məmnunluqla deyim ki, həmin rəsmlərin müəllifi olan on yaşlı Rəşid Abdullayev bu gün Hayfada yaşasa da, az qala Azərbaycan-İsrail dostluğunun rəmzi olan, ölkəmizi bütün dünyada var gücü ilə təblig edən, xalqımızın böyük dostu Arye Quddur.

 

Müstəqillik dövründə Əhməd TV-nin ictimai-siyasi proqlamlar redaksiyasında aparıcı telerejissor vəzifəsində çalışdı, Sovetlər Birliyinin dağılması dövrünü, Qarabağ müharibəsinin real və qanlı üzünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə aldı, bir çox maraqlı verilişlərin rejissoru oldu. Məncə, hər kəs onun Azərbaycan Televiziyasında yaratdığı "Açıq-Aşkar", "Qanlı Yanvar", "Qarabağ hadisələri", "Laçın", "Şuşa", "Ağdam", "Əsrin müqaviləsi", "Qəsd" və s. televiziya proqramlarını yaxşı xatırlayır.

 

Əhməd müəllim 12 ildir ki, İsraildə yaşayır. O, həm də Azərbaycan mədəniyyətini, incəsənətini, kinosunu həmin ölkədə yüksək səviyyədə təbliğ edən dəyərli ziyalılarımızdan biridir. Həm də diaspor hərəkatına fəal dəstək verən soydaşımızdır.

 

Arada Bakıya gələndə görüşüb dərdləşirik. Mən 40 illik televiziya fəaliyyəti dövründə doğma Azərbaycan torpağını, onun qəhrəmanlıq tarixini, bugününü təbliğ etməyi bir rejissor kimi öz missiyası sayan bu adama ehtiramımı bildirəndə həmişə deyir ki, görülməli əsas qalıb. "Əsas " deyəndə Əhməd müəllim neçə illərdir üzərində işlədiyi "Xocalı" sənədli filmini nəzərdə tutur. O, həmin filmin ssenarisiniözü yazıb, müəyyən vacib çəkilişləri də aparıb, indi əsas vəzifə bu əhəmiyyətli işi tamamlamaqdır.

 

Ümumiyyətlə, Xocalı mövzusu Ə.Abdullayevin yaradıcılığından qırmızı xətt kimi keçir, onun ən həssas yanaşdığı temadır, vaxtilə bununla bağlı silsilə verilişlər də hazırlayıb, amma onları kifayət hesab etmir, deyir ki, bütün dünyanın baxıb qəbul etməli olduğu filmə ehtiyac var. Ustad rejissor mövzuya fərqli yanaşmanı, ekran dilinin fərqli incəliklərindən faydalanmağı və bir də dünyanın qəbul etdiyi təqdimat tərzini vacib sayır.

 

Xocalı ilə bağlı bir epizodu da yaxşı xatırlayıram. Mənim də daxil olduğum çəkiliş qrupu Xocalıda qalmışdı və oradan çıxmaq üçün çox çalışırdıq, amma alınmırdı, yəni mühasirədə qalmış 4-5 minlik əhalisi olan şəhərə uzun müddət idi ki, vertolyot uçmurdu. Artıq işlədiyimiz televiziyada da bizimlə bağlı bəd şayiələr də yayılmışdı. Ona görə də biz Xocalıdan birtəhər qayıdıb gələndə çoxları bizə o dünyadan qayıtmış adam kimi təəccüblə baxırdı. Onda Əhməd müəllimin məni necə qarşıladığını, doğma adamı kimi bağrına basanda çiyinlərinin necə xəfifcə tərpəndiyini və göz yaşlarını saxlaya bilmədiyini bugünədək unuda bilmirəm...

 

Məhərrəmli Qulu

525-ci qəzet.- 2015.- 6 noyabr.- S.7