"Vahidəm – xalqımın qəzəl
şairi..."
GÖRKƏMLİ SƏNƏTKARIN 120 İLLİYİ FİLARMONİYADA TƏNTƏNƏ İLƏ QEYD OLUNUB
Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasında görkəmli
şair Əlağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin "Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında"
2015-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini
vurğulayıb, Azərbaycanda,
eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Vahidin həyat və yaradıcılığı barədə
ətraflı danışıb:
"Müvafiq sərəncama
uyğun olaraq ilboyu ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil
olunub. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Vahid yaradıcılığının
tədqiqinə xüsusi
diqqət yetirilib, şairin əsərləri
çap olunub, haqqında çoxsaylı
elmi məqalələr
yazılıb. Dahi Füzulini
özünün böyük
ustadı adlandıran
Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir
və ifadə vasitələrindən, qafiyə
və rədiflərindən
bilavasitə faydalanaraq
öz yaradıcılığında
bədii sözün məna dolğunluğuna,
ifadə səlisliyinə
nail olub. Klassik qəzəl
məktəbinin istedadlı
davamçısı kimi
öz dəst-xətti
ilə seçilən,
qəzəlləri və
satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbərinə çevrilib".
Vahid poeziyasının yeni qəzəlxanların yetişməsində
mühüm rol oynadığını söyləyən
mədəniyyət və
turizm nazirinin birinci müavini deyib ki, bu
gün Azərbaycanın
çox yerlərinə
şairin adını
daşıyan məktəblər,
küçələr var
ki, bu da
Vahid yaradıcılığına
olan böyük hörmət və sevginin bariz nümunəsidir.
Tədbirdə akademik Teymur Kərimli və Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi çıxış edərək
poeziyamızda xüsusi
yeri olan qəzəlxan şair Əlağa Vahidin özünəməxsus yaradıcılıq
yolundan söz açıblar. Qeyd olunub ki, ədəbiyyatımıza misilsiz
töhfələr bəxş
etmiş Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında
sərəncam dövlətimizin
başçısının sənətə, ümumilikdə
ədəbiyyatımıza verdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Vahid lap gənc yaşlarında Bakıdakı
"Məcməüş-şüəra"
ədəbi məclisində
iştirak edib, ilk şeirlərini yazıb. Satirik şeirlərində ictimai
nöqsanları, mövhumatı,
zülm və haqsızlığı ifşa
edib. "Tamahın nəticəsi"
adlı ilk kitabı nəşr olunub. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı
şeirlərində yeniliyə
mane olanlar kəskin satira atəşinə tutulub. Böyük Vətən müharibəsi
illərində yazdığı
əsərlərdə ("Döyüş qəzəlləri",
"Qəzəllər" kitabları) Ə.Vahid Vətənə məhəbbət,
düşmənə nifrət,
qələbəyə inam
hissləri təbliğ
edirdi. Qəzəlləri poetik dilinin
sadəliyi, xəlqiliyi
və ahəngdarlığı
ilə seçilir, xanəndələrin repertuarında
mühüm yer tutur.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin qəzəlləri Vətən məhəbbətindən,
Tanrıdan tutmuş gözələ qədər
ülvi hisslərlə
doludur".
Gecədə şairin həyatından bəhs edən "Qəzəlxan" filmi nümayiş olunub, tanınmış xanəndələrin
ifasında ustad sənətkarın qəzəllərinə
bəstələnmiş musiqilər
səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 6 noyabr.- S.7