Təmiz adam formulunun həyatdakı
daşıyıcısı
Ziya Yusifzadəyə həsr olunur
Cənab
Ziya Yusifzadəyə.
Hörmətli
Ziya müəllim!
Fikir
dünyasının klassiki zirvəsinə yüksəlmiş,
XX əsrdə xalqımızın - Türk
dünyasının ortaq
ümumi bəşəri dəyərlər tarixinə bəxş
etdiyi dühalar sırasına daxil olmuş əbədiyaşar
şairimiz - millət fədaisi Bəxtiyar Vahabzadənin
hüzn axşamlarından birində (2009-cu ilin fevral
ayında) görüşümüzdən sonra sizinlə
bağlı düşüncələrimi qələmə
aldım və yazıya sərlövhə
olaraq "Təmiz adam formulunun həyatdakı
daşıyıcısı" adını seçdim.
Bu fikir hardan gəlmişdi yaddaşıma?
Bütün dövrlərdə, xüsusən də
çağdaş zəmanəmizdə bu mövzu son dərəcə
aktualdır.
Təmiz adam formulunun
açılışı, mənim düşüncəmə
görə, ümumiləşmiş halda: haqqın tərəfini
saxlamaq, gerçəyi danışmağı bacarmaq, hisslərini
və tamahını özünə qul etmək, daxilindən
qopan hayqırtı - vicdan harayı ittihamlarının
hakimliyi ilə özün-özünü mühakimə etmək
qədər mürəkkəb və şərəflidir.
Xalqının,
dövlətinin mənafelərini üzdə görünən,
eşidilən, eyni vaxtda da heç vaxt aşkar olunmayacaq - səslənməyəcək
məxfi məqamlarda övlad məhəbbəti ilə sevərək,
qürur dolu təmsil etmək, qorumaq məharətidir!
Sizin həyat yolunuza nəzər saldıqda bu keyfiyyətləri
müşahidə etmək mümkündür.
Nə yazıq ki yuxarıda sadalanan keyfiyyətlərin
daşıyıcısı olan şəxsiyyətlər bir
çox hallarda nəinki cəmiyyət, hətta
yaxınları tərəfindən belə, birmənalı qəbul
olunmurlar.
Hörmətli
Ziya müəllim, sizin barənizdə də belə münasibət
formalaşıb: Vəzifədə olarkən öz yerlilərini
yaxın buraxmadı, qohumlarından heç kimi vəzifəyə
irəli çəkmədi, kiməsə tapşırmadı
və sairə.
Görünür,
belələri bilmirlər və heç vaxt bilməyəcəklər
də ki, həyat kredosu vətənpərvərlik, millətinə
və dövlətinə xidmət üzərində köklənən
bütöv şəxsiyyətlər üçün
xırdalanmaq, bölünmək heçliyə bərabərdir!
Mən şahidiyəm ki, düz söz, haqq olan ünvan
sizə yaxın və uzaq olmasından asılı olmayaraq, tərəfinizdən
həmişə müdafiə olunub. Yalan söz, əyri yolun
yolçuları və onların arxasında duranlar sizin sərhədlərinizə
heç vaxt yol tapmayıblar!
Hörmətlə,
Əşrəf Məmmədov
24.04.2015
Hər
bir millətin tanınma nişanları var: adı, dili, ərazisi,
bayrağı, bəşəriyyətə bəxş etdiyi dəyərlər.
Həmin nişanələrdən biri də
bağrından yetirdiyi görkəmli övladlarıdır.
1960-cı illərdə SSRİ-nin nümayəndə
heyəti Çinə səfər edir. Nümayəndə
heyətinin tərkibində həmin illərdə Azərbaycan
Respublikasına rəhbərlik edən (Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1-ci katibi) akademik İmam Mustafayev də olur. Çinin rəhbəri
Kommunist partiyasının sədri Mau Tsedun onları qəbul
edir. Sovet nümayəndə heyətinin rəhbəri
Sov.İKP MK katibi Mühiddinov İmam Mustafayevi təqdim edərkən
Azərbaycanın rəhbəri olduğunu deyir. Məlum olur ki, Mau Tsedun Azərbaycandan xəbərsizdir,
harada yerləşdiyini də bilmir. Onu bu məsələdə
anlatmaq üçün məcbur qalıb Rəşid Behbudovun
adını çəkməli olurlar. Dünyaca məşhur
olan Azərbaycan müğənnisi bu məsələdə kara gəlir.
Əlbəttə, tarixi min illərə söykənən
Azərbaycan kimin tanıyıb-tanımamasından
asılı olmayaraq o dövrdə SSRİ-ni təşkil edən
15 müttəfiq respublikadan biri idi. II Ddünya müharibəsində faşizm üzərində
qələbə çalınmasında həlledici qüvvəyə
çevrilən Sovet təyyarə və tanklarını
yanacaqla təmin etmişdi. Lakin Azərbaycan
adını çəkən olmamışdı, o dövrdə
hər şey SSRİ-nin adından səsləndirilirdi. Rəşid Behbudov isə Çinin paytaxtı Pekində
konsertlər vermişdi. Ölkənin
informasiya vasitələri də onu təbliğ etmişdi.
Onu Mau Tsedun da tanıyırdı.
Ölkə daxilində elə peşələr, xidmət
sahələri var ki, keçmişdə də, bugün də
başdan-başa vətənə, millətə xidmətlə
bağlıdır. Lakin yerinə yetirdikləri işin
xarakteri məxfi olduğundan təbliğ olunmur, nadir hallarda zəruri
bilindikdə bəzi məlumatlar açıqlanır. Həmin peşə sahələrinə hərbi və
milli təhlükəsizlik məsələləri də
aiddir. Azərbaycan xalqının - Şəki
torpağının yetirdiyi ilk və hələlik sonuncu olan
ordu generalı rütbəsinə yüksəlmiş,
Türkiyənin III ordusunun komandanı, sonralar isə
Türkiyə Milli Təhlükəsizlik şurasının
(Milli Güvənlik Kurulunun) Baş Katibi vəzifələrini
tutmuş Mahmud Hacı İlyas
oğlu Sarıkərimli (Mahmut Bərköz) 1904-cü ildə,
onun böyük qardaşı general-polkovnik hərbi rütbəsinə
yüksəlmiş, Türkiyə Silahlı Qüvvələri
baş qərargah rəisinin əməliyyat işləri
üzrə müavini, sonra isə Türkiyənin Jandarmeriya
Qoşunlarının Baş Komandanı olmuş Məhəmmədnuri Hacı
İlyas oğlu Sarıkərimli (Mehmetnuri Berköz) isə
1898-ci ildə Şəkidə anadan olmuşdu. General-polkovnik
hərbi rütbəsinə yüksəlmiş SSRİ-nin Hava
Hücumundan Müdafiə Qoşunlarında ordu birləşməsi
komandanının müavini, sonra isə Müstəqil Azərbaycanın
Prezidentinin hərbi məsələlər üzrə dövlət
müşaviri olmuş Tofiq Ağahüseynov, general-mayor hərbi rütbəsinə
yüksəlmiş Sovet ordusunda
batalyon və diviziya komandiri, sonra isə Azərbaycan
Respublikasının Hərbi Komissarı olmuş Məmmədşərif Həmidovun adları Türk Azərbaycan
hərb tarixinə iri hərflərlə daxil olub.
Azərbaycan xalqına, vətəninə namusla xidmət
etmiş həmin generallardan biri də Şəki
torpağının yetirdiyi Ziya Məmmədiyə oğlu
Yusifzadədir.
1929-cu il fevral ayının 15-də Şəkidə
anadan olub. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər
İnstitutunu bitirdikdən sonra Azərbaycan
Respublikasının Maarif Nazirliyində, Respublika Nazirlər
Sovetində və Dövlət Təhlükəsizlik Komitəsi
sistemində məsul vəzifələrdə
çalışıb. 1976-cı ildə Azərbaycan
Respublikası Dövlət Təhlükəsizlik Komitəsi sədrinin 1-ci
müavini, 1980-ci ildən sədri olub. 1981-ci ildən o
dövr üçün ən ali siyasi
görəv hesab edilən Mərkəzi Komitənin büro
üzvü seçilib. 1988-ci ildə Respublikada hakimiyyət dəyişikliyindən
sonra vəzifəsindən istefa verib. O dövr
üçün Azərbaycanda tutduğu yüksək vəzifədən
könüllü istefa verərək gedən ilk məmur idi.
Moskva ondan uzun
illər çiyin-çiyinə
çalışdığı
Heydər Əliyevin əleyhinə kompromat mənşəli
materiallar verilməsini, mətbuatda çıxış etməsini
tələb etdikdə Ziya müəllim belə məlumatların
toplanmadığını bildirməklə bərabər vəzifəsindən
getməyi də qərarlaşdırır. Yeri
gəlmişkən, ona qədər həmin vəzifəni
tutan şəxslər əsasən qeyri-azərbaycanlılar
olmuş və rəhbərləri barəsində lazım
olan məlumatları Moskvaya ötürmüşdülər.
Ziya
müəllim həyatının ən enerjili və
yaradıcı dövründə dövlət işlərindən
kənarda qalsa da, bu hal onu ictimaiyyətin diqqətindən kənarda
qoymur, əksinə, insanlar arasında formalaşmış
imici ona olan rəğbəti daha da artırır. O, dövlət
orqanlarında yüksək vəzifə tutaraq rüşvət
almayan təmiz adam formulunun həyatdakı
daşıyıcısı imicinin sahibinə çevrilir. Bu illər ərzində nə qədər çətin
olsa da, Ziya müəllim özünün həyat fəlsəfəsinə
sadiq qalır. Ona cismani rahatlıq və maddi üstünlük gətirə
biləcək davranışlara, papulist
çıxışlara, həqiqəti tapdalayan, haqqı
danan çağırışlara yer vermir. Hansı
ki, onun bu hərəkəti etməsi üçün hər
cür şərait yaradılardı, çünki hakimiyyətdə
olan qüvvələrin də marağında idi.
Hissləri tumarlayan təriflər, keçmişi
tapdalamağa hazır olan vəzifə ehtirasları, mələkləri
də azdıran tamah adlı şeytan onu öz yolundan döndərə
bilmir. Əqidəsinə zidd olan heç nəyi yaşam
tərzinə aid etmir və özünə yaxın
buraxmır.
İllər ötür, Azərbaycan xalqı 1991-ci ildə
yenidən dövlət müstəqilliyini bərpa edir. Müstəqil Azərbaycanın
milli təhlükəsizliyinin etibarlı qorunmasının təmin
edilməsi məqsədi ilə müasir dövrün
elmi-texniki tərəqqisinin sirrlərinə yiyələnmiş,
dünyanın qloballaşan ictimai, siyasi və iqtisadi
dalğalarında cərəyan edən hadisələrdən
kifayət qədər baş çıxaran, qabaqlayıcı
tədbirləri həyata keçirməyə qabil olan kadrlar
hazırlayan Milli Təhlükəsizlik Akademiyasının
yaradılması zərurətə çevrilir. Bu sahədə dərin biliyə, böyük təcrübəyə
və təşkilatçılıq qabiliyyətinə malik
Ziya müəllim Akademiyanın ilk rektoru olur. İllər
keçir, Ziya
müəllimin rəhbərliyi altında bu elm ocağı
artıq öz sahəsində ən qabaqcıl təhsil
ocağına çevrilir.
2009-cu
ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev
Ziya Yusifzadəni "Şöhrət" ordeni ilə
təltif etdi. İş elə gətirdi ki, həmin
gün onunla Azərbaycan xalqının fəxri olan,
bütün Türk dünyasının klassiki səviyyəsinə
yüksəlmiş böyük Bəxtiyar Vahabzadənin əbədiyyətə
qovuşması ilə bağlı keçirilən hüzn mərasimində
görüşdük. Təbrik sözlərimi
də orada söylədim. Ataların "
xeyirlə - şər qardaşdır" deyimi də
görünür belə məqamlar üçün nəzərdə
tutulub. Mərasimdə xeyli oturduq. Bu müddət ərzində onunla bağlı xəyal
yaddaşımı əhatə edən nə vardısa təzələnərək
gözlərimdə, qəlbimdə yenidən canlanır.
Ziya Yusifzadə kimliyinə ilk bələdçim olan
atası Məmmədiyə müəllimlə 1977-ci ildə
Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrından başlanan (onun əsəri qoyulurdu) və
sonralar özü ilə davam etdirilən, onillikləri haqlayan
böyük bir dövrü əhatə edirdi bu yaddaş.
Ziya
müəllimlə düz 32 il əvvəl
- 1977-ci ildə iyul ayında baş verən ilk
görüşümüzü xatırlayıram. Mən o zaman Şəki Təsərrüfatlararası
Heyvandarlıq Birliyinin baş direktoru idim.
Axşamüstü iş otağımda iş
yoldaşlarımla birlikdə səhəri gün yerinə
yetirməli olduğumuz məsələləri
götür-qoy edirdik. Bu anda kompleksin giriş
qapısındakı növbətçinin telefonu zəng
çaldı. Nəzarətçi Davud kişi
idi. Sizi aşağıda qonaqlar gözləyir - dedi. Mən aşağı düşdüm. Həmin
dövrdə Şəkinin rəhbəri - Azərbaycan
Kommunist Partiyası Şəki şəhər komitəsinin
1-ci katibi vəzifəsində
işləyən Sadıq Murtuzayev və yanında iki nəfər
var idi. Əl verib görüşürəm.
İki saat ərzində kompleksin
ayrı-ayrı şöbələrini gəzirik, qonaqlara təsərrüfatda
aparılan işlər barəsində geniş məlumat verirəm,
suallarını cavablandırıram. Hiss olunurdu ki,
qonaqlar gördüklərindən və eşitdiklərindən
son dərəcə məmnun idilər. Təsadüfi
deyildi ki, Şəki Heyvandarlıq Birliyi SSRİ-i hökumətinin
qərarı ilə 1978-ci ildə ümumittifaq təcrübə
məktəbi elan edilmişdi. Burada
heyvandarlıq və yemçilik sahəsində bu gün də
aktual olan ən qabaqcıl texnologiyalar tətbiq edilirdi.
SSRİ-də bütün iş proseslərinin mexanikləşdirildiyi, ilk dəfə
ölkədə heyvandarlıq sahəsində
çalışan işçilərin növbəlilik əsasında
səkkiz saatlıq iş rejiminə keçdiyi nəhəng
"Ətlik Heyvandarlıq Birliyinin" yaradılması
prosesi sürətlə davam etdirilirdi. Həmin
birliyin təməl daşının qoyulduğu ilk gündən
ora mən rəhbərlik edirdim. Bir tərəfdə
tikinti aparılır, digər tərəfdə mal-qara
yetişdirilirdi, üçüncü yanda isə mono yemlər (briket,
qranula, qarışıq yem, salomonaj və digər)
hazırlanırdı. Burada rayonun təsərrüfatlarından
çıxdaş edilərək gətirilən inəklər
Fransanın "Şarole" ətlik cinsinin törədicisinin
toxumu ilə süni mayalandırılaraq hər il 500-700 baş mələz buzov
alınırdı.
Camışlar
Hindistanın
"Murrah" cinsinin törədicilərinin toxumu
ilə mayalandırılaraq hər il 1200-1500 baş balaq
alınaraq yetişdirilirdi. Çıxdaş edilərək ət
tədarükünə verilməsi nəzərdə tutulan
ana qoyunlar isə Qarabağ cinsinin Qaradolaq qrupunun törədicilərinin
toxumları ilə süni mayalandırılaraq hər il 5000 baş quzu alınırdı. Çay balıqçılığının
inkişaf etdirilməsi üçün Qırxbulaq Farel
balıqçılıq bölməsi inşa edilərək
fəaliyyət göstərirdi. Burada
kürü alınır - balıq körpələri
çoxaldılır və yetişdirilərək
satılırdı.
Həmin gün birliyə gələn qonaqlardan biri (sonra
məlum oldu ki, Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinin sədrinin 1-ci müavini Ziya Yusifzadədir) Azərbaycanda
camışçılığın keçmişi və
prespektivi ilə dərindən maraqlanırdı. Təsərrüfatla
tanışlıq zamanı o, burada hər birinin diri çəkisi
500-600 kq olan iki-üç yaşar 3000 baş kəlçəyə
heyranlıqla tamaşa etdikdən sonra birdən-birə dedi:
- Bilirsiz,
məni buraya Heydər Əliyeviç (o dövrdə Azərbaycanın
rəhbəri idi) göndərib. Mən ona
Şəki-Zaqatala bölgəsinə baş çəkəcəyimi
söylədim. O mənə dedi ki, sən Şəkidə
ətlik-cins mal yetişdirən təsərrüfat var,
mütləq vaxt tap ora da dəy. Və
xüsusi olaraq camışçılığın
mövcud vəziyyəti və perspektivi barəsində
arayış da hazırla. Heydər Əliyeviç
söylədi ki, Mərkəzi Komitənin ikinci katibi Sergey
Kozlov başda olmaqla (o, ixtisasca zootexnik idi) respublikanın bir
qrup rəhbər işçiləri, hətta Elmi-Tədqiqat
İnstitutunun direktoru, alimlərdən də bir neçəsi
mənə arayış veriblər ki, Azərbaycanda
camışçılığı perspektivsiz sahə kimi ləğv
etmək lazımdır. Amma mənə yaxın bir adam var - şəkilidir. O mənə söylədi
ki, bu yaxınlarda Şəkidə ətlik cins mal yetişdirən
təsərrüfat da olub, ona deyiblər ki, Azərbaycanda
camış min illərin sınağından
çıxmış, xəstəliyə davamlı, keyfiyyətli
südü, qatığı, yağı, ət məhsulu
olan heyvandır. Heç vaxt onu sıradan
çıxarmaq olmaz. Əksinə mütəxəssislər
də, camaatda onu inkişaf etdirməyin tərəfdarıdır.
O saat mənim
yadıma Azərbaycanda telekommunikasiya sisteminin təməlini
qoyanlardan biri olan Fərrux Məmmədov düşdü. O, hər
dəfə Şəkiyə gələrkən bura baş
çəkər və
camışçılığın vəziyyəti ilə əlaqədar
niyə məni sorğu-suala tuturmuş, indi bildim! Heç şübhəsiz, Heydər Əliyevə də
camışçılıqla bağlı real vəziyyəti
o söyləmişdi.
Ziya
Yusifzadə mənə dedi:
- Cavan
oğlan, xahiş edirəm, şəxsən siz
camışçılıqla bağlı burada aparılan
işlər və əldə edilən nəticələr barəsində
geniş bir arayış hazırlayıb mənə verəsiniz.
Biz camışçılığın
keçmişi, mövcud durumu və inkişafının
perspektivləri ilə bağlı geniş arayış
hazırladıq və mən onu Dövlət Təhlükəsizlik
Komitəsinin sədrinin 1-ci müavini Ziya Yusifzadəyə
verdim. Bir
neçə gündən sonra məhz həmin
arayışın üzərinə Heydər Əliyevin
qoyduğu dərkənara əsasən respublikamızın rəhbərinin
birinci köməkçisi Arif Mustafayev (o da ixtisasca zootexnik
idi) Şəkiyə gəldi və bir neçə mütəxəssislə
birlikdə təsərrüfatla tanış oldular, burada gedən
işləri, xüsusilə də,
camışçılıqla bağlı aparılan işləri,
mövcud vəziyyəti hərtərəfli öyrəndilər,
nəticələri təhlil etdilər və Bakıya
qayıtdılar. Aradan bir müddət
keçdi, Mərkəzi Komitənin Plenumu oldu. Plenum Azərbaycanda heyvandarlığın vəziyyəti
və perspektivlərinə həsr edilmişdi. Heydər Əliyev geniş məruzə etdi. Məruzədə
respublikada camışçılığın
inkişafına xüsusi bölmə ayrılmış,
Şəki təsərrüfatlararası heyvandarlıq
birliyinin işinə geniş yer verilmişdi, eyni zamanda
bütün rayonlara bu təsərrüfatın iş təcrübəsinin
yayılması tövsiyə olunmuşdu.
Təsəvvür edin, o zaman Mərkəzi Komitənin
ikinci katibini Moskva göndərirdi. Mütləq rus millətindən
olmalı idi (nadir istisnalar olmaqla). Respublikalarda
birinci katiblər onlarsız heç nə edə bilmirdilər.
Azərbaycandakı ikinci katibin - Sergey Kozlovun da
camışı görəsi gözü yox idi. Hətta, o, Şəkidən Zaqatalaya gedərkən
Daşüz Camışçılıq sovxozunun ərazisindən
keçərkən yolda maşınının
qarşısına səhər-səhər camış
sürüsü çıxdığından geri
qayıtmış və həmin gün Zaqatalaya getməmişdi.
Yəni bu adamda camışa qarşı patoloji
nifrət vardı. Bax, bu vəzifəli
düşmən Mərkəzi Komitənin Bürosuna sapı
özümüzdən olan bizimkilərdən də istifadə
edərək təklif vermişdi ki, respublikada
camışçılıq ləğv edilməlidir.
Sonralar mən millət vəkili, respublika "Azərdamazlıq"
İstehsalat Elm Birliyinin baş direktoru olarkən 1991-ci ildə
Bolqarıstanın Varna şəhərində keçirilən
Ümumdünya Camışçılıq Konqresində
SSRİ-dən gedən nümayəndə qrupunun rəhbəri
kimi iştirak edirdim. Ümumdünya
Camışçılıq Konqresinin prezidenti, BMT-nin FAO (kənd
təsərrüfatı) təşkilatının məruzəçisi,
Misirdən olan akademik Şalaşı dinləyərkən
Sergey Kozlovun camışçılığı niyə Azərbaycandan
yox etmək istədiyini bir daha dərk etdim. BMT-nin FAO təşkilatının
məruzəsində göstərilirdi ki, Qafqazda əhliləşmiş
ilk məhsul verən ev heyvanı
camışdır. SSRİ-də isə o zaman,
yəni 1991-ci ildə 550 min baş camış vardı, 85
faizi Azərbaycanda idi. Qalan hissəsi
Gürcüstanda, Ermənistanda və Dağıstanda
yaşayan azərbaycanlıların qapısında idi. Yalnız 7 başı Moskva ətrafında
yaşayan erməniyə məxsus idi. Həmin
erməni isə vaxtilə Azərbaycandan köçüb
getmişdi. BMT-nin FAO təşkilatının
hazırladığı məruzə bir qaçılmaz məntiqi
- həqiqəti ortaya çıxarırdı. Əgər
Qafqazda ilk əhliləşmiş məhsul verən ev heyvanı camışdırsa və bu da
tarixən, elə bu gün də azərbaycanlıların
qapısındadırsa, deməli, bu yerlərin ilk oturaq sakinləri
də azərbaycanlılardır. Bax, Sergey
Kozlovun ləğv etmək istədiyi də elə bu imiş.
Amma Heydər Əliyev böyüklüyü və
uzaqgörənliyi buna imkan vermədi. Özünəməxsus
bir cəsarətlə hərəkət etdi, nəinki
camışçılığın ləğv edilməsinin
qarşısını aldı, həm də inkişaf
perspektivinin kardinantlarını plenumda təsdiq etdi.
İndi
sual olunur, xalqını, elini-obasını sevən, adət-ənənəsinə
bağlı Ziya müəllim, Fərrux dayı kimi adamlar
olmasaydı, ən yüksək məqam sahibinin yanında min
illər ərzində Azərbaycan xalqının məişətinə
daxil olaraq tarixin yollarında addımlayan, canlı şahidimiz
camış barəsində inamı kim yarada bilərdi? O
dövrün xüsusiyyətləri belə idi ki, heç kim!
Kimə məlum deyil ki, bədxah qonşularımız dəridən-qabıqdan
çıxaraq tarixi hər cür saxtalaşdırmaqla Azərbaycan
xalqının köçəri olduğunu və bu yerlərə
sonradan gəldiyi məkrini uydururlar. Onların SSRİ-də və xarici
ölkələrdə yaratdıqları cəmiyyətlər
bu sahədə xüsusi iş aparırdılar. Hətta "Azərbaycan camışı"
adını dəyişərək "Qafqaz
camışı" adı ilə rəsmiləşdirmişdilər.
Bu məkrli işə Gəncədə
doğulan, Moskvada yaşayan akademik Rafiq Arzumanyan
başçılıq edirdi. Azərbaycanda
rəhbər vəzifədə olan Kozlovların və onlara
xidmət göstərən bəzi nadan adamların
dırnaqarası səxavətindən də istifadə edərək
saxtalaşdırılmış "Azərbaycan
camışı" adı yalnız 1991-ci ildə
özünə qaytarıldı. Varnada
keçirilən Ümumdünya Camışçılıq
Konqresinin yekunları ilə əlaqədar "XXI əsrin
ümidi və ya Qoca Şərqin böyük kəşfi"
adlı geniş məqalə yazdım və Mərkəzi
Komitənin rəsmi orqanı olan "Bərəkət" qəzetinin
ardıcıl olaraq dörd nömrəsində dərc
etdirdim. Məqalədə qaldırılan məsələlərlə
bağlı Azərbaycan hökuməti
"Camışçılığın inkişaf etdirilməsinə
dair" qərar verdi.
Ziya müəllimlə ikinci görüşümüz
1985-ci ilin fevral ayına təsadüf edir. Həmin vaxt
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
bürosunun üzvü, Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Ziya Yusifzadə Şəkiyə gəlmişdi.
O, Şəki şəhər-rayon rəhbərliyinə daxil
olan vəzifəli şəxslərlə
görüşdü. Şəki Rayon Xalq
Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin 1-ci
müavini, Rayon Aqrar Sənaye Birliyinin sədri kimi
görüşdə mən də iştirak edirdim. Ziya müəllim çıxışını azərbaycançılıq
- dövlətçilik ideyası ətrafında qurmuşdu.
Azərbaycan ədəbiyyatı, onun Sovet və
dünya ədəbiyyatındakı yeri barəsində, millətimizin
yetirdiyi görkəmli şəxslər barəsində
danışdı. Onları
tanımağımızı və sevməyimizi, bir-birimizə
arxa olmağımızı tövsiyə etdi. Sonra erməni milliyyətçi dairələrinin,
diaspor təşkilatlarının dünyada
apardığı anti-Azərbaycan təbliğatının
görünməyən tərəflərindən, gələcəkdə
torpaqlarımıza oluna biləcək qəsdlərdən,
onların digər məkirli niyyətlərindən söz
açdı.
Aradan illər keçdi, SSRİ-də yenidənqurma
şüarları səsləndirilməyə başladı. Bu şüarlar
sırasında erməni millətçi alimi, SSRİ-nin rəhbəri
Mixail Qorbaçovun yaxın ətrafına daxil olan akademik
Aqanbekyan Fransada - Parisdə Azərbaycanın
ən qədim torpağı olan "Qarabağın
dağlıq hissəsinin Ermənistanın iqtisadiyyatına
bağlı olduğu" və buna görə də ona birləşdirilməsi
iddiası ilə bəyanat səsləndirdi. SSRİ
rəhbərliyi isə susurdu. Azərbaycan
xalqı haqlı olaraq etiraz səsini bütün dünyaya
ucaltdı. Hansı ki Ziya Yusifzadə
Aqanbekyanın sensasiyalı və olduqca təhlükəli bəyanatından
neçə illər öncə bu barədə dövlət
adamı olaraq bizi xəbərdar etmişdi və məndə
heç bir şübhə yeri qalmır ki, o bu barədə
respublika (Azərbaycan) və ölkə (SSRİ) rəhbərliyinə
də ən məxfi məlumatları
çatdırırdı.
Ziya
müəllim hələ 1986-cı ildə "Azərbaycan
kommunisti"
jurnalında dərc edilmiş yazısında
açıqca olaraq Erməni ümummilli konqresi tərəfindən
SSRİ-nin dağıdılmasına hesablanan Qarabağın
dağlıq hissəsində separatçılıq hərəkatının
başlanması barəsində məxfi qərar qəbul
edildiyini vurğulamışdı. Təsadüfü
deyildi ki, bu hadisələrin başlanğıc dövründə
Moskva regiona yaxşı bələd olan, milli və dövlət
təhlükəsizlik məsələləri üzrə
böyük təcrübəyə malik generalının
görəvindən uzaqlaşdırılması planı
cızırdı və nəticədə o, istefa vermək məcburiyyətində
qaldı.
Onunla üçüncü görüşümüz
1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Bürosunda oldu. O zaman məni Respublika Dövlət
İstehsalat - Elm "Azərdamazlıq" Birliyinin baş
direktoru vəzifəsinə təsdiq edirdilər. Ziya müəllim də Mərkəzi Komitə
Bürosunun üzvü kimi burada əyləşmişdi.
Mənim anket məlumatlarım oxunandan sonra
büronun sədri - həmin dövrdə Azərbaycanın rəhbəri
olan Kamran Bağırov "Kimin sözü var?" deyə müraciət etdikdə, ilk
sözü Ziya müəllim söylədi: "Əşrəf Məmmədovu yaxşı
tanıyırıq. Respublikada tanınan,
bacarıqlı kənd təsərrüfatı təşkilatçısıdır,
yaxşı mütəxəssisdir, yenilikçidir, təmiz
kadrdır. Aşağıdan - kənddən
başlayaraq respublika səviyyəsinədək vəzifələri
pillə-pillə keçib. Hər yerdə
də özünü doğruldub. Özünə
və tabeliyində olan işçilərə qarşı tələbkardır.
Eyni zamanda onların qayğısına da
qalır. Mən təklif edirəm ki, təsdiq
edilsin!" Hamı bir
ağızdan "Təsdiq edilsin" dedi. Dövlət
Təhlükəsizlik Komitəsinin sədrinin verdiyi
arayış mənə ünvanlanması ehtimal edilən
bütün sualları cavablandırmışdı.
Onunla
dördüncü dəfə 1991-ci ildə Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyinin
qarşısında görüşdük. Özü
yaşda iki nəfərlə gəzişirdilər. Yay
gününün axşamı sərin hava qəbul etmək
üçün yüzlərlə adam gəzintiyə
çıxmışdı. Bu adamların
içərisində yaşlı və gənc nəsillərin
nümayəndələri də var idi. Mən
də bir neçə adamla birlikdə burada idim. Artıq Ziya müəllim bütün vəzifələrdən
getmişdi. Lakin bu, onun sadə insanlar
arasındakı nüfuzuna təsir göstərməmişdi.
Muzeyin qarşısındakı meydanda tez-tez
adamlar yaxınlaşaraq onunla görüşür, hal-əhval
tuturdular. Vəzifəli şəxslər
isə onu gördükdə qarşılaşmamaq
üçün səmtlərini dəyişərək dərhal
uzaqlaşırdılar. Həmin dövrdə
mən artıq ilk dəfə alternativ əsaslarla keçirilərin
seçkilərdə Azərbaycan parlamentinin deputatı
seçilmişdim. Ətrafımdakılardan biri -
1950-70-ci illərdə Azərbaycan hökumətində Sovet
orqanları şöbəsinə, Qusar və İmişli
rayonlarına, Şəki şəhərinə
bacarıqla rəhbərlik etmiş, sözün əsl mənasında
böyük insan, böyük ziyalı, böyük ideoloq
olan Əbdürrəhim Məmmədov, digəri isə Azərbaycan
jurnalistika məktəbinin sayılıb-seçilən
nümayəndəsi, "Qızıl qələm"
mükafatı laureatı, uzun illər "Azərbaycan gəncləri"
qəzetinin məsul katibi, "Naxçıvan" qəzetinin
baş redaktoru görəvini yaradıcılıqla yerinə
yetirmiş yazıçı-publisist, müstəqillik,
demokratiya, aşkarlıq
çağırışlarını özündə ehtiva
edən məqalələr, publisistik yazılar müəllifi
Abdul-Qəni Qədirov idi. Hər
üçümüzün Ziya müəllimə münasibətindəki
fikirlərimiz demək olar ki, üst-üstə
düşürdü. Həmin ərəfədə
ona qarşı haqsızlıq edildiyini - Azərbaycanı
gözləyən təhlükəni
doğru-düzünü dediyinə görə vurulduğunu
düşünürdük. Meydanda
növbəti dövrəni vurarkən yaxınlaşaraq onunla
görüşdük. O hər
üçümüzü yaxşı
tanıdığından özü təşəbbüs
göstərərək dedi: "Əbdürrəhim,
maşallah otuz il əvvəlki tanıdığım Əbdürrəhimsən. Saçların da həminkidir, qapqara şəvə
kimi. Bir dənə də olsun ağ
tük yoxdur başında". Əbdürrəhim
müəllim də zarafatından qalmadı,
saçlarının arasındakı bircə dənə ağ tükdən yapışaraq: "Ziya, bəs
bunu niyə görmürsən, bəs bu nədir?" - dedi. Bir sözlə, həyat məktəbinin təcrübəli
daşıyıcıları söhbətə keçməzdən
qabaq xoş ünsiyyət üçün əsəblərə
rahatlıq gətirən bir tarım çəkdilər.
Xeyli müddət burada gəzişərək
söhbətləşdik. Fikir mübadiləsi
əsnasında məlum oldu ki, Ziya müəllim hər
hansı vəzifə tutmasa da, cəmiyyətimizdə,
ictimai-siyasi həyatımızda baş verənləri diqqətlə
izləyir və öz təfəkkür süzgəcindən
keçirir. "Əşrəf, sən
çox düz dedin, keçmişdə baş verən
neqativ halların yalnız şəxsiyyətlərlə əlaqələndirilməsi
düzgün deyil. Burada imperiyanın,
quruluşun mahiyyətindən, xislətindən doğan hallar
daha böyük faciələrə səbəb olub".
Ziya müəllim bununla da mənim parlamentdəki
çıxışıma işarə etməklə hər
şeydən xəbərdar olduğunu, heç nəyə
biganə qalmadığını nümayiş etdirirdi.
Onunla
beşinci görüşümüz 1998-ci il
avqust ayının 15-də telefonda oldu. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı
ilə mənim Şəki şəhər İcra Hakimiyyətinin
başçısı vəzifəsini həyata keçirməyə
başladığım üç gün idi. Telefon zəng
çaldı, dəstəyi götürdüm: "Əşrəf
salam, Ziya Yusifzadədir danışan. Səni təbrik edirəm, inanıram ki, sən
Şəkidə də yaxşı işləyəcəksən.
Orda uzun illərdir yığılıb qalan
problemləri həll edəcəksən. Camaatımız
bunu gözləyir. Bilirəm çox
çətindir, orada indi çörəklə təminat
özü ciddi problemə çevrilib. Hərci-mərcilikdir.
Yaranmış başıpozuqluqdan istifadə
edib camaatın başına min oyun açırlar. Nəticədə günahsız insanlara zərər
dəyir, müstəqilliyimizə bəslənilən
ümidlər zədələnir. Heydər
Əliyev də etibar edib səni Şəkiyə göndərib
ki, bunları aradan qaldırasan, vəziyyəti qaydasına
qoyasan. Sənə şəkililər
böyük ümid bəsləyirlər. Şübhəm
yoxdur ki, prezidentin etimadını, Şəki camaatının
sənə olan inamını, ümidini doğruldacaqsan!"
Ziya müəllimlə altıncı
görüşümüz 2009-cu ilin fevral ayında Bəxtiyar
Vahabzadənin hüzn mərasimində oldu. Onunla ilk
görüşümüzdən 37 il
ötmüşdü. Ömrün oğlan
çağlarını arxada buraxaraq ahıl dövrünə
qədəm qoymuş Ziya müəllim məclisə bir nəfərlə
təşrif
buyurmuşdu. Çox keçmədi,
onun ətrafında qələbəlik yarandı. Hamı ona qulaq asmaq istəyirdi. O isə hər
məsələdə olduğu kimi, danışarkən də
ölçülü-biçili idi. Ətrafa
xoş gəlmək üçün papulist leksikondan istifadə
etmir, reallığın doğuracağı atmosferdən
çəkinmir, həqiqəti özünəməxsus tərzdə,
qərəzsiz söyləyir və bu zaman
çıxış yollarını səsləndirməyi də
unutmurdu.
1985-ci ildə
bizimlə Şəkidə görüşəndə:
"Mirzə Fətəli Axundzadəni, Rəşid bəy
Əfəndini, Salman Mümtazı tanıyın, onların
xalqımız qarşısındakı xidmətlərini
öyrənin. Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə,
İsmayıl Şıxlı kimi görkəmli
adamlarımızın, şair və
yazıçılarımızın cənubi Azərbaycandakı
tanınmış soydaşlarımızla Şəhriyarla, Səhənglə
və digərləri ilə əlaqə qurması, məktublaşması
xalqımız üçün mühüm əhəmiyyət
kəsb edir. Heydər Əliyevi sevin, o bizim
xalqımıza çox gərəkdir" - deyəndə də
həqiqəti söyləyirdi. Lakin orada olan muzdur
düşüncəli, sürüşkən təbiətli
vəzifəli şəxslərdən birisi Ziya müəllimin
yanında başını tez-tez yerli-yersiz yırğalayaraq
bu fikirləri canla-başla qəbul etdiyini təsdiqləyən
ifadələr səsləndirsə də, aradan bir müddət
keçdikdən - Ziya müəllim vəzifəsindən
getdikdən sonra Azərbaycana Moskvanın yenicə təyin
etdiyi canişini - Mərkəzi Komitənin II katibi Konavalova bu görüş barədə
danos ötürmüşdü və bunu özünə
şərəf bildiyini tez-tez təkrarlayırdı.
Təəssüflər ki, bu gün də həmin adam iygənc, düşük mövqeyi ilə
kimlərəsə lazım olur.
Ziya müəllimlə birinci görüşdən on
illər ötür, o zaman nələrə işarələr
etdiyi böyük əksəriyyət üçün indi təfərrüatı
ilə aydın olurdu. Heydər Əliyevi SSRİ rəhbərliyindən
uzaqlaşdırırlar. Sonra isə Ermənistan
Azərbaycan torpaqlarına təcavüz edərək
Qarabağın dağlıq hissəsini və ətraf
rayonları işğal altına alır. Moskva
nəinki ədaləti, beynəlxalq hüququ bərpa edir, əksinə,
təcavüzkarın tərəfində durur, hətta
birbaşa erməni tərəfindən işğalda
iştirak edir. Dünyaya səpələnmiş
erməni diaspor təşkilatları isə insanlar arasında
yazıq, əzilən erməni obrazını
formalaşdırır, dünyanı aldatmaqla məşğul
olur.
Təcavüzə
məruz qalmış Azərbaycanın harayı isə Bakıda alovlanır, elə
Bakıda da sönürdü. Azərbaycan
diaspor təşkilatlarının səsi eşidilmirdi.
Dünyadakı hər bir azərbaycanlının əsas dayaq
yeri olan ana vətənin başına gətirilən
oyunları, daha dəqiq desək, heç kim
eşitmək istəmirdi. Səbəbi isə aydın idi:
bütün dövrlərdə (hətta dəmir pərdələrə
bürünmüş SSRİ-də) ermənilər xaricdəki
işbazlarını dəvət edərək Ermənistana gətirirlər,
nümayəndələrini müntəzəm olaraq xaricdəki
diasporları ilə görüşə göndərirdilər.
Azərbaycan torpaqlarına gələcəkdə
edəcəkləri təcavüzün uydurma təbliğatını
aparırdılar. Hansı ki həmin
dövrdə Azərbaycanda atılan buna bənzər ən
kiçik addıma pantürkçülük, millətçilik
damğası vurularaq yox edilirdi. Dərhal
içərimizdəki buyruqqulların baltalarını işə
salırdılar. Həmin baltalardan birini də
çox sonralar Ziya müəllimə tuşladılar. Bu bizim gördüyümüz idi, görə bilmədiklərimiz
isə daha çoxdur. Yaxşı ki zaman
hər şeyi öz yerinə qoya bilir - yalançı qəhrəmanları
əməlləri ilə birlikdə yaddaşlardan silərək
yox etdiyi kimi, yaxşılarıda necə varsa olduğu kimi
yeni nəsillərə çatdırır.
lll
Onun barəsindəki yazını məktubla
çalışdığı Milli Təhlükəsizlik
Akademiyasının ünvanına yolladıqdan sonra bir
müddət keçir. Bu il may ayının 20-də nahar
fasiləsində telefonuma zəng gəlir. Aparatın düyməsini
basaraq: "Alo, buyurun" - deyirəm. Salamlaşaraq: "Ziya
Yusifzadədir, necəsiniz" - deyir. Mən də
qarşılığında: "Çox sağ olun, Ziya
müəllim" -
deyərək onu salamlayıram.
- Əşrəf, sənin
yazıçılığında varmış ki (bununla da
ona ünvanladığım məktuba işarə edirdi). Yaxşı
olardı ki, özünün həyat yolunu da qələmə
alasan. Keçdiyin yol hər cəhətdən
maraqlıdır, zəngindir. Nə qədər ki
canın sağdır, düşünə bilirsən, yaza bilərsən,
bunu et. Qocalıqda bunları
etmək çətinləşir.
- Ziya
müəllim bu barədə fikirləşirəm. Biz sizi həmişə
səngərdə - döyüşə hazır general kimi
görürük!
- Əlbəttə, getmək istəsəm də,
buraxmırlar.
Qoymurlar getməyə.
-
Doğrudan da, Ziya müəllimin öz təcrübəsini,
xidməti dəst-xəttini müstəqil dövlətimizə
xidmətdən, millətimizin hər gün formalaşmaqda
olan yeni nəsillərinə öyrətməkdən imtina etməsini
anlamaqda çoxları çətinlik çəkər.
- İndi bir kitab üzərində tamamlama işləri aparıram. Orada Heydər Əliyevlə keçirdiyimiz 47 illik bir yolda baş verənlər öz əksini tapır. Axı, mənim iş fəaliyyətimin 70 faizi onunla birgə olub. Onun barəsində hər yetən kitab yazır. Bu belə olmamalıdır.
- Ziya müəllim, doğru buyurursunuz. Heydər Əliyev barəsində sizin kimi - onunla uzun illər birlikdə çalışmış insanlar yazarsa, o zaman gələcək nəsillər daha dolğun məlumatlar əldə edə bilərlər.
- Təmizlik mənim qürur duyduğum məsələdir. Düz deyirsən, bütün həyatım boyu bu prinsiplərə sadiq qalmışam. Əlbəttə, sənin kimi mənalı bir həyat yolu keçən, təcrübəli, məndən heç vaxt asılılığı olmayan bir insanın barəmdə yazmasını mənə verilən dəyər kimi qəbul edirəm. Buna görə də çox sağ olun.
- Mənim düşüncəmdə uzun illərdir formalaşan bir Ziya Yusifzadə var. Məni sizə bağlayan və barənizdə qələmə aldıqlarım da elə budur.
- Qoy Avropa Oyunları keçirilsin, başa çatsın görüşərik. Allah qoysa hər şey yaxşı olacaq. Avropa Oyunlarından sonra sənə zəng edəcəyəm! Hələlik, salamat qal!
- Ziya müəllim, çox sağ olun.
Bir də Ramazan bayramında (17 iyulda) zəng edərək onu təbrik edirəm.
Qurban bayramında (24
sentyabrda) onun telefonu cavab vermir - susur...
30 sentyabr
2015-ci ildə isə artıq özü susmuşdu - əbədi
dünyasına köç etmək üçün!
Allah rəhmət eləsin!
Əşrəf MƏMMƏDOV
525-ci qəzet.- 2015.- 6 noyabr.- S.6;8