"İrəvan Teatrı Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə fəal mədəni məkandır"

 

İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ DİREKTORU İFTİXAR PİRİYEVLƏ SÖHBƏT

 

 

Azərbaycanlıların qocaman sənət ocaqlarından, milli teatrımızın ilk binələrindən biri  qədim yurd yerimiz İrəvanda yaradılan, özünəməxsus yaradıcılıq yolu keçən və bu gün də tarixi adını yaşadan İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır.  Artıq neçə illərdir ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi doğma yurdda didərgin, qaçqın taleyi yaşayan teatr bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolunda inamla çarpışır. Bizimlə müsahibəsində bu məqamı xüsusi qeyd edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  İftixar Piriyev zəngin tarixə malik teatrın dünəni və bugünkü nailiyyətləri barədə danışır.

 

- İftixar müəllim, İrəvan teatrının 134-cü mövsümünün başlanğıcındayıq. 134 il - bir sənət ocağı, xüsusən teatr üçün bu, çox böyük tarixdir.

 

- Nəzərə alaq ki, teatrımızın tarixinə dair bəzi faktlar da vardır ki, onlara əsaslanaraq bu sənət ocağının təşəkkülünün daha əvvələ getdiyi barədə də fikir yürütmək olar. Bunu deməyi özümə borc hesab edirəm ki, ölməz ədib Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz işgüzar kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli sənət xadimləri ilə mənim həyatımın çox qiymətli anlarını özündə birləşdirir. Ömrümün 15 illik bir tarixini özünə bağlayan və mənə parlaq anlar bəxş edən bu sənət ocağına və məni bu sənət ocağı ilə birləşdirən insanlara həmişə minnətdaram. Bu sənət məkanında yaşadığımız bəzən çətin, bəzən asan, bəzən gərgin olan bütün hadisələr, ümumiyyətlə, İrəvan teatrı və onun istedadlı kollektivi müqəddəs məkan olaraq, mənim üçün əvəzi olmayan bir anlam kəsb edir.

 

İrəvanın adına, keçmişinə, yaşamına məsuliyyətin anlamını məsuliyyətlə dərk edirəm. Hesab edirəm ki, belə bir qədim sənət məbədinə rəhbərlik etmək üçün başqa cür düşüncədə olmaq yanlışlıqdır. Çünki bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə canlı, yəni fəal olan mədəni məkandır. Bu teatr təkcə adi məkan deyil, həm də zamanın tələblərinə uyğun öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan, Ermənistan adlanan dövlətə öz bədii kredosu ilə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır. 2000-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olundum və bu günə kimi də həmin missiyanı şərəflə yerinə yetirməyə çalışıram.

 

- Xüsusi binası olmayan, kirayənişin həyatı yaşayan, truppası hələ tam formalaşmamış, dekor, butafor, rekvizit, geyim sexləri çox kasıb teatrda fəaliyyətə ilk növbədə nədən başladınız?

 

- Rəhbərliyə başladığım andan ilk növbədə İrəvan Teatrının bütün ənənələrini, bu günə qədər keçdiyi uzun, keşməkeşli yolda nail olduğu intibahı qoruyub saxlamağa çalışdıq. Eyni zamanda teatrı zəngin ənənələr üzərində sabaha doğru yeni yaradıcılıq uğurları ilə aparmağı uzunmüddətli strategiya kimi qarşıya məqsəd qoyduq. 2000-ci ildən əldə olunan nailiyyətlər barədə qısa olaraq belə deyə bilərəm ki, fəaliyyətimizin dəyəri 125 illik yubileyimizə qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan teatrımız dövlətimiz tərəfindən bina ilə təmin edildi. Mədəniyyət və turizm nazirinin qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək nəsibimiz oldu.  Bütün bu fərəhverici qayğılar teatrı daim genişmiqyaslı beynəlxalq layihələr həyata keçirməyə sövq edir. Kollektivimiz dəfələrlə Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olub. Əsas odur ki, həmin səfərlərin hamısından uğurla qayıtmışıq. Bu fərəh, təbii ki, bizi daha böyük sənət nailiyyətlərinə səfərbər edib. Bu gün respublikanın bütün teatrları kimi İrəvan Teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatələnib. Biz bu qayğıdan səmərəli şəkildə yararlanmağa həm bütün düşüncəmizlə, həm də coşqun yaradıcılıq ehtirasımızla çalışırıq.

 

- İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir. Belə layihələrlə bağlı açıqlama vermənizi istərdik.

 

- Bir daha təkrar edirəm ki, İrəvan Teatrı davamlı olaraq genişmiqyaslı beynəlxalq layihələr həyata keçirir və bu layihələrlə qastrol səfərlərində ölkə mədəniyyətini layiqincə təmsil edir. Biz əvvəlki illərdə də çoxlu orijinal beynəlxalq layihələr həyata keçirmişik. 133-cü mövsümdə, yəni bu ilin fevralında isə, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kompaniyası kontekstində gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında "Didro" tamaşasını hazırladıq. Tamaşa İrəvan Teatrının, Binəqədi rayon ziyalılar cəmiyyətinin, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin və Tiflis Dövlət Azərbaycan Dram Teatrının birgə layihəsi olaraq həyata keçirildi.

 

Daha sonra Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti "Anadolu Aydınlar Ocağı", Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə möhtəşəm tədbir gerçəkləşdirildi. Bunu da diqqətə çatdırmaq yerinə düşər ki, müəllifi olduğum "Soyqırımı tarixinin dastanı" əsəri ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi Nuru Paşanın, Demet Çizmelinin "Cümhuriyyətin ilk sədasi" əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırıldı.

 

Aprelin 26-dan 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə bizim təşəbbüsümüzlə həyata keçirilən "Qafqazda sülh tərəfdarıyıq" adlı növbəti Beynəlxalq layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşdı. Layihə üçün İrəvan Teatrının bazasında Tiflis Teatrının kollektivi ilə birgə hazırlanmış Nodar Dumbadzenin "Didro" əsəri Tiflis şəhərində - Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olundu.

 

- İrəvan Teatrının bölgə səfərləri həmişə maraqla qarşılanır. Bilirik ki, budəfəki səfəriniz də respublika miqyaslı bir layihə qismində həyata keçirilib. Necə qarşılandı?

 

- Respublika miqyaslı deyil, bu səfərimizdə oynadığımız tamaşa da beynəlxalq miqyaslı, mötəbər hadisəni özündə ehtiva edən bir layihədir. Biz dünya azərbaycanlılarını birləşdirən, Azərbaycan və azərbaycançılıq ideyalarını həyatının mənası hesab edən və həmişə bu fenomen qüdrəti ilə yaşayan ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi  məqsədi ilə "Heydər Əliyev irsini öyrənirik" adlı layihə ilə qastrol səfərimizə bölgələrimizdən başladıq. Müəllifi olduğum "Qalx ayağa, Azərbaycan" adlı bu layihə ilə əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə dünya azərbaycanlıları qarşısında geniş miqyaslı səfərlər həyata keçirmək niyyətindəyik.

 

Həmişə olduğu kimi 134-cü teatr mövsümündə də kollektivimizin bölgələrə olan əlamətdar səfəri çox uğurla keçdi. 5-15 oktyabr tarixlərində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Laçın, Samux, Göygöl rayonlarında, eləcə də Ağcabədinin Qaradolaq kəndində yerləşən "N" hərbi hissəsində oynadığımız "Qalx ayağa, Azərbaycan" adlı tamaşamız böyük coşqu ilə qarşılandı. Vətənpərvərlik ruhu aşılayan, ümummilli liderimiz Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən, azərbaycançılıq ideyalarından  bəhs edən bu tamaşa ilə biz təkcə mədəni xidmət göstərməklə məhdudlaşmırdıq. Eyni zamanda sənət dili ilə ifadə etdiyimiz azərbaycançılığın poetik təcəssümünü, vətən sevgisini, xalqın öz liderinə olan məhəbbətini əyani şəkildə sübuta yetirirdik.  Müstəqillik tariximiz, bu tarixin yaranmasında müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin fenomenal fəaliyyəti və ən vacib məsələ olan estafetin müdrikcəsinə layiqli ələ tapşırılması, bu düzgün seçimin nəticəsi olaraq bu gün xalqımızın qazandığı parlaq quruculuq və inkişaf prosesi tamaşanın məzmun və mahiyyəti ilə vəhdət təşkil edən bir mənzərə yaradırdı.

 

İrəvan Teatrı kollektivinin rayon zəhmətkeşləri qarşısında çıxışı böyük mədəni hadisəyə çevrildi. Biz belə səfərlərlə rayonlarla paytaxt arasında mədəni əlaqələrin yenidən canlanmasına nail ola bilirik. Bölgələrimizdə teatra marağın xeyli artması müşahidə olunurdu. Tamaşaçılar məmnunluqla qeyd edirdilər ki, mərkəz teatrlarının belə səfərləri onlara mənəvi qida verir. Yeni maraqlı əsərlər seyr etmək arzusunda olduqlarını bildirirdilər.

 

Bilirsiniz, istər regionlara səfərlər, istərsə də hər hansı festivallarda çıxışlar teatr kollektivi üçün mədəniyyətin təbliği, tanıdılması, sənətkarlıq səviyyəsinin nümayişi olmaqla yanaşı, həm də teatr kollektivinin özünütəsdiqi və məsuliyyəti anlamını daşıyır. Heç bir teatr öz divarları arasında inkişaf edə bilməz. Teatrın, səhnə sənətinin inkişafı, truppanın yaşaması onun başqa səhnələrdə oynadığı tamaşalarda  formalaşır. Qastrol səfərlərsiz teatr öz ənənəvi anlayışını itirmiş hesab olunmalıdır. Onu da qeyd edim ki, istər maddi, istərsə də mənəvi cəhətdən bu qastrol səfərləri aktyorların da həyatında böyük rol oynayır. Biz hər bir qastrol səfərlərimizdə teatrımızın yaradıcı və texniki heyətinin qayğısına maksimum dərəcədə qalmağa çalışırıq, onları ən yaxşı otellərdə, yüksək səviyyəli rahat şəraitdə yerləşdirir, qidalanmalarına, gündəlik xərclərinin ödənişinə çalışır, bədii keyfiyyətinin itməməsi üçün yaxşı şəraiti olan tamaşa salonları seçirik. Yalnız belə olduqda truppadan keyfiyyətli iş tələb etmək olar.

 

- Bəs teatrın repertuarı hansı prinsiplərə uyğun qurulur?

 

- Bu günün reallıqları çərçivəsində. Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur. O ki qaldı görüləcəklərə, niyyətimizdə çoxlu layihələrin həyata keçməsi vardır. Binamızın əsaslı təmirindən sonra bu barədə geniş proqram təqdim edəcəyik.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 6 noyabr.- S.4.