Maarifçilik
missiyası
BU GÜN TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR
İstənilən sahədə birinci olmaq həm şərəfli, həm də çətin və məsuliyyətli işdir.
Bu fikri Azərbaycan
Radiosuna və Televiziyasına da şamil etsək, yanılmarıq. Azərbaycan radiosu düz 89 il öncə
- 1926-cı il noyabrın
6-da ilk dəfə efirə
çıxmış və
"Danışır, Bakı!"
çağırışı ilə paytaxt sakinlərinə müraciət
etmişdi. Bu tarixdən
30 il sonra
- 1956-cı il fevralın
14-də Bakı televiziya
studiyasının (indiki
AzTV) efirə çıxması isə
böyük ictimai-siyasi
və mədəni hadisə kimi yaddaşlara həkk olunmuşdu.
Cümhuriyyət ideallarının darmadağın
olunduğu, Sovet işğalının gerçəkləşdiyi,
məmləkətimizin əksər
hissəsində mövhumat
və savadsızlığın
hökm sürdüyü
bir dönəmdə Azərbaycan Radiosunun fəaliyyətə başlamasının
nə qədər vacib olduğunu yalnız bu günün rakursundan baxanda anlamaq olur. SSRİ kimi qorxunc
bir dövlətdə
öncə Azərbaycan
Radiosu, sonradan isə həm də AzTV milli
dəyərlərimizin qorunub
saxlanılmasında çox
böyük rol oynadı, məmləkətimizin
nəhəng simalarının
vaxtilə apardığı
maarifçilik kimi müqəddəs missiyanı
öz üzərinə
götürdü, müstəqilliyə
aparan mübarizə yolunda şəhid verdi... amma sınmadı.
Məhz bu üzdən doğma dilimiz, qədim tariximiz, mədəniyyət və
incəsənətimiz unudulmadı,
milli şüur və düşüncə
tərzinin tamamilə
sıradan çıxarılmasına
yol verilmədi.
Bu gün həmin
missiyanın önündə
getmiş dahi bəstəkarlar Üzeyir
bəy Hacıbəyovu,
Müslüm Maqomayevi
və istedadlı ədib Məmməd Səid Ordubadini xatırlamamaq qeyri-mümkündür. Məhz bu
məşhur üçlüyün
sayəsində Azərbaycan
Radiosu sənət və söz məbədinə, dünyaya
səpələnmiş azərbaycanlıların
ümid və pənah yerinə çevrildi.
Təqdirəlayiq haldır ki, Azərbaycan Radiosunun əməkdaşları bu
müqəddəs və
şərəfli yolu
indi də davam etdirirlər və ölkənin birinci radiosu heç bir təsirə uymadan milli dəyərlərin qorunub saxlanılması kimi missiyasına sadiqliyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkənin əsas televiziyası hesab olunan AzTV-dən
və birinci radiodan da yan
keçməyib. Televiziya ilə
yanaşı, radionun da maddi-texniki bazası gücləndirilib,
studiyalar və səsyazma sexi müasir avadanlıqla təchiz edilib, kadr islahatları həyata keçirilib.
Uzun illər boyu ədəbi dil üzrə məktəb hesab olunan Azərbaycan
Radiosunda bəsit, şit və qalmaqal doğuran veriliş və proqram dinləmək qeyri-mümkündür. "Bulaq",
"Muğam saatı"
"Lirika dəftərindən",
"Axşam görüşləri",
"Ovqat" kimi uzunömürlü verilişlərlə
yanaşı, "Sabahınız
xeyir!", "Gəl
səhərim", "Şəbəkə",
"Səslər muzeyi",
"Sənət söhbətləri",
"İlham çeşməsi",
“Elçi daşı",
"Dünyanı tanıyın",
"Gəzdim Azərbaycanı",
"Vətən yaşasın",
"İgidnamə", "Azərbaycan əsgəri",
"Sabaha pəncərə",
"Gecə döyülən
qapılar", "Ozanların
dilindən", "Şirvan
şikəstəsi", "İrəvan çuxuru",
"Ustad nəfəsi",
"Könül körpüsü",
"O səsin sorağında",
"Ömrümüzdən keçən səslər",
"Yaşıl planet", "Boğça", "Sehirli
başmaq", "Haydı,
qoçaqlar" və
digər müasir proqram və verilişlər dinləyicilərdə
böyük maraq doğurur.
"Qızıl Fond" və Niyazi adına Dövlət Simfonik Orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Tofiq Əhmədov adına estrada-simfonik orkestri, Cahangir Cahangirov adına xor, Əfsər Cavanşirov adına Uşaq xoru, Əhməd Bakıxanov və Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblları, Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı kimi musiqi kollektivləri isə həm Azərbaycan radiosunu, həm də AzTV-ni teleradioməkanda fərqli və bənzərsiz quruma çevirib. Bu, Azərbaycan Radiosuna və Televiziyasına nəsib olan tarixi lütfdür!
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Radiosunun efirə çıxdığı gün həm də teleradio əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Şübhəsiz, noyabrın 6-sı yerli teleməkanın böyük ailəsi üçün əlamətdar gündür. Amma Azərbaycan Televiziyası və Radiosu əməkdaşları ona xüsusi ovqatla hazırlaşırlar.
AzTV-nin bu bayramı Opera və Balet Teatrında təntənəli şəkildə qeyd etməsi artıq ənənəyə çevrilib. Azərbaycan Radiosunun 89-cu, AzTV-nin isə 59-cu ili arxada qoyduğu bu dönəm isə həm də ən möhtəşəm beynəlxalq layihənin - "Səs Azərbaycan"ın ("Voice") tamaşaçılara təqdim edilməsilə yaddaşlarda silinməz iz buraxacaq. Məhz noyabrın 6-da efirə çıxacaq tok-şok "Səs Azərbaycan" layihəsinin teleradio işçilərinə bir bayram töhfəsi olacaq. Növbəti həftədə isə artıq yeni səslər və simalar tamaşaçıları AzTV-nin ekranı qarşısına toplayacaq. Bu isə o deməkdir ki, muğamda olduğu kimi estrada müsabiqəsində də bu janrın həvəskarlarını unudulmaz anlar, ekran-efiri isə bitib-tükənməyən istedadlar gözləyir.
Ümumiyyətlə, 60 illik yubileyinə doğru irəliləyən AzTV-nin əldə etdiyi uğurlar tamaşaçıları sevindirməyə bilməz. Qısaca desək, məhz AzTV maarifçilik, əyləncə və informasiya təhlükəsizliyi prinsiplərinə əməl etməklə ölkə teleməkanının flaqmanına çevrilib. AzTV-nin 2015-ci ilin iyununda Bakıda keçirilmiş I Avropa Oyunları zamanı nümayiş etdirdiyi peşəkarlıq bunu qabarıq şəkildə sübut etdi.
Odur ki, Azərbaycan Radiosunun və AzTV-nin simasında uzun illər boyu teleradio məkanının inkişafında göstərdikləri misilsiz fədakarlıqlara görə böyük teleradio ailəsinin hər bir üzvünü peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır, dünyasını dəyişənləri isə böyük hörmət və ehtiramla anırıq!
Orxan QASIMBƏYLİ
525-ci qəzet.- 2015.- 6 noyabr.- S.4.