Tofiq Quliyev Niyazinin ev-muzeyində anılıb
Maestro Niyazinin ev-muzeyində
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin təşkilatçılığı
ilə görkəmli
bəstəkarı, Xalq
artisti Tofiq Quliyevin yaradıcılığına
həsr olunmuş tədbir keçirilib.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri iştirak ediblər.
Əvvəlcə muzeyin arxiv materialları əsasında hazırlanmış T.Quliyevin əsərləri və xatirə lent yazısı səsləndirilib.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın bənzərsiz yaradıcılığından söhbət açıb.
Bildirilib ki, T.Quliyev "Nəsimi", "Bəxtiyar", "O qızı tapın", "Görüş", "Ögey ana", "Qaynana", "Dərviş Parisi partladır", "Səbuhi", "Qızmar günəş altında", "Qayıdış" və digər filmlərə musiqi bəstələyib.
Çıxış edənlər Azərbaycan musiqisinə əvəzsiz töhfələr bəxş edən T.Quliyevin, həmçinin bir çox görkəmli sənətkarların yetişməsinə böyük təsir göstərdiyini söyləyiblər.
Bildirilib ki, Tofiq Quliyevin mahnılarını görkəmli müğənnilər- Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova və başqaları məharətlə ifa ediblər. Bir zamanlar böyük dinləyici auditoriyası toplayan məşhur "Qaya" vokal instrumental ansamblı Tofiq Quliyevin mahnıları ilə şöhrət qazanıb. 200-dən artıq mahnı bəstələyən Tofiq Quliyevin əsərlərinin təravəti bəstəkarın xalq musiqisini dərindən bilməsindən irəli gəlirdi. Azərbaycan caz və estrada musiqisinin banisi kimi şöhrət tapan T.Quliyevin novator fəaliyyəti həmişə yüksək qiymətləndirilib.
Tədbirdə bəstəkarın əsərləri gənclərin ifasında səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 6 noyabr.- S.7.