Keçib gedən hər şey...

 

İstedadlı nasir, kinossenarist Əli Qafarovun xatirəsinə

 

 

 

“Keçib gedən hər şey...” Onun Sibir hekayələrindən biri belə adlanır. İnanmaq olmur: axı o hələ çox yaşaya bilərdi. Bu gün yaşı onunkundan da artıq olan bir çox yaşıdları, dostları, həmkarları həyatdadırlar.

 

Alikin isə oktyabrın 16-da 80 yaşı oldu. Daha doğrusu, olacaqdı, əgər o 1979-cu ilin dekabrında çox cavan

yaşlarında həyatdan getməsəydi...

 

Bizim, böyük qardaş və kiçik bacı kimi aramızda xüsusi yaxınlıq olmayıb. Ola da bilməzdi - zarafat deyil, yaşımız arasında az qala iyirmi il fərq var. Bununla belə, möhkəm əminəm ki, məhz Alik hansı mistik yollasa məni ədəbi yaradıcılıqla məşğul olmağa, özünün büsbütün sadiq olduğu Sözə xidmətə təşviq etmişdir.

 

Əli Qafarov, yaxud dostlarının və yaxınlarının çağırdığı kimi Alik ailədə böyük uşağı idi. Ən böyük və ən istedadlı. Valideynlərin və hər iki nənənin onunçun ürəyləri gedirdi (babalarını görməmişdik, onlar həyatdan cavan gediblər), dostları onu çox sevirdilər, qızlar ucdantutma vurulurdular. Alik qəşəng, cəld, idmançısayaq və son dərəcə istedadlı idi.

 

Alik Ukraynada, anasının vətənində, Sinelnikovo şəhərində doğulub, lakin məktəbi atasının vətənində - Lənkəranda bitirib. Sonra Əli asanlıqla Kirov adına ADU-nun Filologiya fakültəsinə qəbul olunur. Və tezliklə bütün institutda məşhurlaşır.

 

Əli Qafarovun dostu və həmkarı, kinorejissor Yalçın Əfəndiyev xatırlayır: “Alik barədə ən istedadlı tələbə kimi danışırdılar - onun hekayələri, şeirləri əl-əl gəzirdi. İnstitutun rektoru o zaman məşhur alim Yusif Məmmədəliyev idi. Əli Qafarov haqqında söhbətlər onun da qulağına çatmışdı. O, hekayələri oxuyub Aliki yanına çağırır, onunla söhbət edərək soruşur: arzun nədir, gələcəkdə kim olmaq istəyərdin? Alik deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumaq və gələcəkdə kinoda ssenarist kimi işləmək arzusundadır. O vaxtkı təhsil naziri Yusif Məmmədəliyevin dostu idi, ADU-nun rektoru ona Əli barədə danışır və istedadlı tələbənin ÜDKİ-yə keçirilməsini xahiş edir. O vaxt bu instituta düşmək çox müşkül məsələ idi, qəbul olmaq istəyənlərin sayına görə ölkədə ilk yerlərdən birini tuturdu. Çox böyük konkurs var idi. Buna baxmayaraq, Əlini ÜDKİ-nin birinci kursuna keçirtdilər (düzdü, Bakıda artıq üçüncü kursu bitirmişdi), kursu çox uğurla sona çatdırdı. Və bu zaman gözlənilməyən hadisə baş verdi...”

 

Baş vermiş hadisə barəsində müxtəlif cür danışırlar. Yalçın Əfəndiyev deyir, Alikin Ssenari fakültəsindən üç kurs yoldaşı Sovet təhsil sisteminə qarşı etiraz bildirmişdilər, axır ki, tənqidi nə isə söyləyiblər. Və onlar institutdan xaric edilməliydilər. Əli fakültənin komsorqu seçilmişdi, ona tapşırıblar institutun ümumi iclasında çıxış edərək dostlarını pisləyib desin ki, düz eləməyiblər və s. O vaxtlar daha çox divanxanalara bənzəyən bu cür iclaslar nadir hadisə deyildi. Bu məhşərdən çoxları keçib. “Alik danışırdı ki, - Y.Əfəndiyev xatırlayır, - iki gün özünə yer tapmayıb, çünki hesab edirdi ki, kurs yoldaşları öz tənqidi fikirlərində tamamilə haqlıdırlar. Ona söz verilərkən anlayıb ki, dostlarına qarşı çıxış edə bilməyəcək. Və o, onları müdafiə etməyə başlayıb, özü də niyə məhz haqlı olduqlarını izah edərək”.

 

Ailəmizdə qardaşımın həyatını korlayan həmin hadisəni xatırlamağı sevmirdilər. Anam bir dəfə necə oldusa dedi ki, Stalinin şəxsiyyətə pərəstişini ifşa etmiş partiyanın XX qurultayından sonra, qardaşım o vaxtkı baş katib Nikita Xruşşov barədə qərəzli danışıb və ətrafdakı “stukaçlar” bunu da lazım olan yerə çatdırıblar. Sonralar Ssenarist və Rejissorların Ali Kurslarına qəbul ərizəsində Əli Qafarovun özü həmin qarışıq dövrü belə xatırlayırdı:

 

“Bu mürəkkəb dövr idi - XX qurultay zamanı, Stalinin şəxsiyyətə pərəstiş dövründə buraxılmış sui-istifadə hallarının aşkara çıxarılması, M.Dudintsevin “Təkcə çörəklə deyil...” kitabının çap olunması və B.Pasternaka “Doktor Jivaqo” romanına görə Nobel mükafatının verilməsi dövrü. İnstitut divarları arasında və yataqxanalarda tamamilə açıq gedən adi tələbə söhbətlərində antisovet heç nə yox idi - bunlar yalnız  aşkar olunan çatışmazlıqlarla adət etdiyi təsəvvürlər dairəsindən çıxarılmış iyirmi yaşlı oğlanın, komsomolçunun tamamilə anlaşılan sarsıntılarını əks etdirirdi.

 

Axır ki, Əli Qafarov qrup yoldaşları ilə birlikdə gizli gənclər dərnəyi təşkil etməkdə günahlandırılıb cəzalandırılmışdır. Dövlət Təhlükəsizliyi əməkdaşları onu birbaş tələbə auditoriyasından götürüb apardılar və 1957-ci ilin aprelində Moskva şəhər məhkəməsi Əliyə üzdəniraq RSFSR CM-in 58-10 maddəsiylə üç il azadlıqdan məhrum etmə hökmü çıxartdılar (“antisovet təbliğatı və təşviqatı”) və o, etap üzrə Sibir düşərgələrinə yollandı. Mən uşaq idim və əlbəttə bütün bunlar yadımda deyil. Anam sonralar danışırdı ki, vaxtından qabaq azad olmasına görə Alik atasına borcludur - o, tez-tez Moskvaya gedir, instansiyaları dolaşır, nəyisə sübut edirdi, bütün əlaqələrini işə salmışdı. Və yenə Yalçın Əfəndiyev xatırlayır: “İki ildən sonra onlara bəraət verdilər və yazdılar ki, Əli Qafarov ÜDKİ-yə bərpa oluna bilər. Lakin Alik daha ora qayıtmamaq qərarına gəldi, çünki onunla bu cür rəhmsizcəsinə rəftar etmiş elə həmin rektor, həmin müəllimlər, həmin tələbələr orada idilər. Və o qalıb Sibirdə yaşadı və işlədi”. 

 

1960-dan 1962-ci ilədək Əli Qafarov SSRİ Elektrikstansiya Tikintisi Nazirliyi KİP-1-də, Anqara ekspedisiyası, Hidroenerjilayihədə topoqrafik və buruq dəstələri fəhləsi işləmişdir. O illər qardaşım üçün sərt həyat məktəbi olmuş, onu unudulmaz təəssüratlarla zənginləşdirmişdi. Sonralar respublika və ümumittifaq dövri mətbuatı səhifələrində Əli Qafarovun ədəbi ictimaiyyətin diqqətini dərhal cəlb edən “sibir” hekayələri çıxacaq. İki hekayəsini 60-cı illərin əvvəllərində “Literaturnaya Rossiya” qəzeti dərc etdi və Alik bir gecədə məşhur oldu.

 

O, hekayələr yazmağa davam edə, ən nüfuzlu ümumittifaq nəşrlərində çap oluna bilərdi, lakin gənc arvadı - İrkutskdan olan Qalina adında sibirli qızla vətənə dönməyi üstün tutdu. Alik “Bakinskiy raboçiy” qəzetinə işə düzəlir, qüvvəsini jurnalistikada sınayır. Onun həmkarı, respublikanın qocaman jurnalisti Elmira Əliyeva bu dövrü belə xatırlayır:

 

“Biz birlikdə uzun müddət işləməmişik. Lakin elə oldu ki, biz dostlaşdıq. O, yanıma otağa gəlir, öz hekayələri, fikirlərilə bölüşürdü. Onu dinləmək mənə maraqlı idi. O, belə ifadə etmək mümkünsə, çox incə konstruksiyalı, iliyinədək ziyalı, çox xoş, həqiqətən işıqlı, parlaq insan idi. Biz çoxlu söhbət edirdik və mən anladım ki, o, bizi əhatə edən həyatda heç də hər şeyi qəbul etməyən insanlara aiddir. O, hər şeyi özündən, ürəyindən keçirirdi. Və deyək ki, o zamankı gerçəkliyimizdə xoşuna gəlməyən nəyisə düzəltmək iqtidarında olmaması onu köməksiz edirdi. Əli mənə həmişə, bir növ, daxilən müdafiəsiz görünürdü...”

 

Bununla belə, peşəkar ssenarist, kinodramaturq olmaq arzusu onu tərk etmirdi. Altmışıncı illərin sonunda Əli Qafarov Moskvada Ssenarist və Rejissorların Ali Kurslarına, məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasına daxil olur.  Bu, müsabiqəçinin Ssenarist və Rejissor Ali Kurslarına bitirilməmiş ali təhsilsiz qəbul olunduğu çox nadir hadisə idi.

 

Azərbaycan Kinematoqrafiya İttifaqının icraçı katibi, kinorejissor Cəmil Quliyev xatırlayır:

 

“1980-ci ildə ÜDKİ-nin ikinci kursunda oxuyurdum, bizdə kinodramaturgiya üzrə çox məşhur kinoşünas-alim, kinossenarist İlya Veniaminoviç Vaysfeld var idi. Bakıdan olduğumu bildikdə o, necə oldusa mənimlə Əli Qafarov haqqında danışmağa başladı. Dedi ki, Əli Sovet dramaturgiyasının tanınmış ustadı Aleksey Kaplerin sevimli tələbəsi idi. Qəribədir, qeyd edirdi o, - ustad və onun sevimli tələbəsi demək olar ki, eyni vaxtda həyatdan getdilər, onların ölümü arasında cəmi iki-üç ay fərq olub. Vaysfeld Əlinin fitri istedadını qeyd edir, onun Sibir hekayələri silsiləsini yada salır, deyirdi ki, onlar Şukşinin hekayələri səviyyəsindədir. İlya Vaysfeldin  dediyinə görə, Əli Qafarov rus dilini onunla bir yerdə oxuyan rus oğlan və qızlarından daha yaxşı bilirdi. Alik kursda çoxlarına kömək əlini uzadır, redaktə edir, yoldaşlarının ssenarilərini təzədən işləyirdi, çünki hamıdan istedadlı idi...”

 

Əli Qafarov Ssenarist və Rejissorların Ali Kurslarını bitirərək Bakıya qayıdır və nəhayət sevimli işiylə məşğul olmaq imkanı yaranır. “1969-cu ildə, - danışır C.Quliyev, - o, Şövkət Məmmədova haqqında “Musiqiyə verilmiş ömür” filminin ssenarisini yazır. Əli filmin sənədli təməlinə novatorcasına yanaşmışdır. Bu filmdə, olsun ki Azərbaycan kinosunda ilk dəfə qəhrəman özü haqqında özü danışır, yəni burada diktor mətni istifadə edilməmişdi. Sonra Əli Qafarovun yaradıcılığında, yeni istedadlı rejissor nəslinin nümayəndəsi Teymur Bəkirzadə ilə birlikdə çəkdikləri Gülbala Əliyev haqqında film meydana çıxdı. Və onlar yenə o dövrün stereotipləri çərçivəsindən çıxdılar və üslubca bu günəcən milli kinodokumentalistikanın  ən yaxşı filmlərindən biri sayılan sənət əsəri yaratdılar. Sonrakı illərdə istedadlı rejissor Yalçın Əfəndiyevlə bir sıra maraqlı sənədli filmlər yaradıldı”.

 

Paralel olaraq Alik 1974-cü ildə kinorejissor Tofiq Tağızadənin çəkdiyi “Flaminqo, çəhrayı quş” bədii filminin ssenarisini yazırdı. Tamaşaçı filmi yaxşı qarşıladı, bir sıra məşhur Sovet tənqidçiləri isə ümumittifaq nəşrlərində bu filmə müsbət resenziyalar dərc etdirdilər. Onlardan biri Markov, “Sovetskiy ekran” jurnalının 1974-cü il 5-ci nömrəsində yazırdı:

 

“Flaminqo, çəhrayı quş” filmi Xəzər sahilində balıqçı qəsəbəsində yaşayan sadə insanlardan və onları narahat edən əxlaqi problemlərdən söhbət açır. Mübaliğəsiz demək olar ki, bu problemlər dünyanın özü qədər əbədidir. Tamaşaçıyla həyatın mənası haqqında, şərəf, vicdan, sevgi kimi uca anlayışlar barədə söhbət etmək - “Flaminqo, çəhrayı quş” filminin müəllifləri bax buna çalışmışlar”.

 

Lakin yadımdadır ki, Alik özü onun ssenarisi üzrə çəkilmiş filmin keyfiyyətindən və səviyyəsindən razı deyildi. Xatırlayıram, o hətta Tofiq Tağızadə ilə möhkəm dalaşdı, halbuki Tağızadə onu çox yüksək qiymətləndirir və hər yerdə Azərbaycanfilmin ən istedadlı ssenaristi kimi tərifləyirdi. Ancaq Alik maksimalist idi və tez-tez, qəsdən ya bilməyərəkdən sevdiklərini və ona yaxşı münasibət bəsləyənləri acılayırdı.

 

Ümumiyyətlə rejissorların onun ən gözəl niyyətlərini ifadə etmək səviyyələri, demək olar ki, Əlinin yaradıcılıq həyatında əsas problem idi. Prinsipcə bu, istənilən kinossenaristin problemidir, yazıçı və kinodramaturqlardan hansınınsa nadir halda ssenarisi, əsəri üzrə çəkilmiş film xoşuna gəlir. Bu Aliki üzür, incidir, müvazinətdən çıxarırdı. Yəqin ki bizim bütün o zamanki senzuraya tabe sosrealist gerçəkliyimiz də üzürdü onu. Qəlbən o axı həmişə dissident olub, yadımdadır, hələ yeniyetmə ikən mən onun otağındakı şkafın xəlvəti küncündə papiros kağızında çap olunmuş hansısa samizdat nümunələri tapırdım, xatırlayıram ki, məhz onun yönləndirməsiylə artıq 70-ci illərin əvvəllərində, 1962-ci ildə “Novıy mir”də Soljenitsının çap olunmuş “İvan Denisoviçin bir günü” povestini oxumuşdum (qardaşım bu “qiyamçı” nömrəni qayğıyla qoruyurdu) və sonra hələ  uzun müddət ruhi sarsıntı vəziyyətində oldum. Tarkovskinin “Güzgü” filminə ikinci dəfə baxmağı məsləhət görməsi yadımdadı, çünki birinci dəfə heç nə başa düşməmişdim. Bir də yadımdadır, Vasili Şukşinin “Qırmızı ağcaqayın” (“Kalina krasnaya”) filmi Bakıdakı kinofestivalda əsas mükafatı alanda necə sevinmişdi. Onun təbiətində daha uğurlu həmsənətinə paxıllıq hissi tamamilə yox idi. Çünki Alik özünün nə qədər qabiliyyətli, istedadlı olduğunun fərqindəydi. Belələri üçün çox dəqiq - tanrı səxavətini əsirgəməyib - deyirlər.

 

“Azərbaycanfilm” kinostudiyasında işə başladığı bir neçə ildən sonra Əli Qafarov barədə əfsanələr dolaşmağa başladı - guya bu gənc öz mətniylə ən ümidsiz filmə can vermək iqtidarındadır, istənilən ən fərsiz ssenariyə isə bir neçə günə elə əl gəzdirər ki, doğma anası tanınmaz, ən tələbkar komissiya isə birdəfədən qəbul edər. Əslində bu elə belə idi. Və Alik üçün canlı növbə düzülməyə başladı. Mən o vaxt onları evimizdə tez-tez görürdüm - növbəti ssenarisinin çıxmaza düşdüyü uğursuz kinodramaturqlar, filmini təhvil verə bilməyən kinorejissorlar və digərlər və digərlər. Alik heç kimə yox deyə bilmirdi. Onlarla kinostudiya, telestudiyaya yollanar və həqiqətən reputasiyalarını (və ciblərini) xilas edərdi. Bu adamlar isə açıq-aşkar onun bu zəifliyindən istifadə edirdilər. Bu barədə kinodramaturq Ramiz Fətəliyev xatırlayır:

 

“Başa düşmürəm, Lənkəranda böyümüş bu adam rus dilini belə dərindən harada öyrənib? Çünki o, o dövrün ən yaxşı rus nasirlərinin səviyyəsində yazırdı. Kimiydi o vaxt dillərdə? Yuriy Kazakov, sonra Vasiliy Şukşin, digərləri. Bu qəribə söz hissiyyatına, sözə bu dərəcədə yiyələnməyə mən o vaxt demək olar ki, daha heç kimdə rast gəlməmişəm, hər halda o illərdə.

 

Alikin qıvraq idmançı bədəni vardı, o, güclü, lakin yumşaq xarakterli insan idi. Yadımdadır, yumşaq saçları vardı, xasiyyətidə eləcə gözəl və yumşaq idi. Və bu xarakterlə onun üçün yaşamaq və kiməsə yox demək çətin idi. Və əgər onun səxavətli olduğunu və pul üçün əlini cibinə birinci saldığını nəzərə alsaq, aydındır ki, o, tədricən sümürgəçi və qabırğaların əhatəsinə düşməli idi. İki parazit kateqoriyası var idi - onun cibindən istifadə edənlər və ikinci  - onun istedadından faydalananlar. Alik Qafarov həqiqətən bir gecəyə filmin mətnini yaza və onu xilas edə bilirdi, o, bu ...ənənələrə yox deyə bilmirdi. Tez-tez başqaları üçün yazırdı.

 

Baxmayaraq ki titrlərdə Alikin yox, bu fərsizlərin soyadı gedirdi. Bu cür səxavətlə o özünü tikə-tikə onlara verirdi.

 

Alik dramatik və hətta deyərdim faciəvi sima idi. Nəyə görəsə yanında heç kim tapılmadı ki, sadəcə, onun yaxasından tutub başqa cür yaşamağa məcbur etsin. Yəqin bu mümkün də deyildi. O, istədiyi və bacardığı kimi yaşayırdı...”

 

Ölümündən qabaq son illər Alik get-gedə daha çox içməyə başlamışdı, halbuki bunu tamamilə bacarmırdı, çünki müəyyən qədər spirtli içkidən sonra büsbütün dəyişirdi. Biz, kiçiklər onun bu halını sevmirdik və qorxurduk. Bununla belə o, yarım il qədəhə toxunmaya bilərdi.  Bu, nə isə beyninə təzə fikir düşəndə olurdu və o bütünlüklə sevimli işinə qapılırdı. Öz otağında neçə ay masa arxasında oturaraq Həzi Aslanov haqqında “O vaxt, 42-də” bədii filminin ssenarisini yaratması yadımdadır. Ssenari əla alınmışdı, Azərbaycan kinodramaturgiyasında hələ beləsi olmamışdı - ssenari sadəcə müharibə haqqında deyil, o müharibədə qalib gələn insanlar barəsində idi. Onun kinostudiyada coşquyla qarşılanması da yadımdadır.

 

Sonra Əli onu çox sevən və Alik üçün hər cür şərait yaradan kinostudiyanın direktoru Cəmil Əlibəyovla savaşdı. Çünki Cəmil müəllim dedi ki, Moskva iki seriyaya pul verməz və onda Alik kinostudiyadan ssenarini götürdü - yəni bir seriyaya qətiyyən razı deyil. Və yenə depressiyaya düşdü. Yeri gəlmişkən, o cür gözəl ssenari reallaşmamış qaldı...

 

Əlbəttə, demək olmaz ki, Əli Qafarovun həyatında yalnız faciəli anlar olmuşdur. O, həqiqətən istədiyi kimi, özünə korluq vermədən yaşayırdı. İki günlük keyfə 5-6 min rubl (o dövr üçün böyük puldu) buraxa bilərdi, sonra isə anadan ona 15 qəpiyə “Avrora” almasını xahiş edirdi. Qəti əşyabaz deyildi, bu mənada elə axıracan 50-ci illərin komsomolçusu qaldı. Ümumiyyətlə, məişət məsələlərində tamamilə köməksiz idi.

 

Əvəzində əsl kişi hobbisi vardı - əvvəla, o, sualtı ov üçün əldən gedirdi, ikincisi, sərrast atıcı idi və atasının peşəkar ovçu olan kiçik qardaşı ilə öz sevimli Sarı adasında tez-tez qaşqaldaq və başqa çöl quşları ovlayırdı. Yadımdadır, Alik quş və balıq dolu çantalar gətirərdi və anam köks ötürüb deyinərək bütün gecəni onun gətirdiyi ovu təmizləyərdi. O, futbola baxmaqdan həzz alırdı, xokkey üzrə yığmamıza elə azarkeşlik edirdi ki, bir dəfə dəhşətli ağrıya üstün gələrək hansısa oyunun yayımının sonunadək dözdü və yalnız sonra xəstəxanaya yollandı. Və orada onu güclə xilas etmək mümkün oldu, çünki Alikdə peritonit inkişaf etmişdi. Onu çox gözəl qadınlar sevirdi, Qalinadan sonra iki arvadı da olmuşdu. Lakin heç  biri Aliki zərərli vərdişindən qoruya bilmədi.

 

...Onun ölümü qəribə, ağlagəlməz və anlaşılmaz oldu. Sadəcə, bir dəfə evə gəlmədi. Əvvəl valideynlər çox da həyəcanlanmadılar, çünki Alik əvvəllər də başı keyfə qarışanda (evdə heç vaxt içmirdi) günlərlə dostlarıgildə itib-batırdı. Sonra atam milisə yollandı. Məlum oldu ki qardaşım artıq iki həftədir  həyatda deyil. Rayon milis bölməsində bizə onun paltarlarını verdilər, hər şey qan içində idi. Əlbəttə, istintaq başladı, əlbəttə, biz həqiqəti üzə çıxarmağa çalışdıq. Lakin nəhayətdə cinayət tərkibinin olmaması səbəbindən iş bağlanıldı. Bizə deyilənə görə, Alik öz əcəliylə ölmüşdü. Özü də lap evin yaxınlığında. Elə getdiyi yerdə sərxoş halda büdrəyib daşa dəyib. Qan da o səbəbdəndi. Buna inanmaq çətin idi. Amma onlara heç nə sübut edə bilmədik...

 

Əlinin ölümündən bir neçə il sonra Azərbaycan Yazıçılar İttifaqının birinci katibi İsmayıl Şıxlının köməyi ilə mənə Moskvada, “Sovetskiy pisatel” nəşriyyatında qardaşımın seçilmiş povest və hekayələrini çap etdirmək mümkün oldu. O elə belə də adlanırdı, “Flaminqo, çəhrayı quş”. Kitab çapa qəbul edilərkən Moskvadan nəşriyyatın direktoru tərəfindən anama məktub gəldi. Orada Sovet ədəbiyyatının çox istedadlı yazıçını itirdiyi barədə təəssüflə dolu gecikmiş sətirlər var idi. Azərbaycanın Xalq artisti, Alikin dostu, kinorejissor Yalçın Əfəndiyev isə hesab edir ki, “əgər Əli Qafarov yalnız şeir yazsaydı, o, ciddi şair olardı.

 

Əgər nəsrlə məşğul olsaydı, məşhur yazıçı olardı. Əgər bir az çox yaşasaydı, Azərbaycan kinosunun klassiki olardı”.

 

Təəssüf ki, tarix feilin lazım formasını bilmir. Və Alik artıq 36 ildir ki, aramızda yoxdu.  Onu 44 yaşında itirdik. Üç il əvvəl Cəmil Quliyevin təşəbbüsü ilə Muzey Mərkəzində Əli Qafarovun xatirə gecəsi keçirildi. Tədbirə çox sayda insan - yazıçılar, rejissorlar, operatorlar gəlmişdi. Onların hamısı Aliki çox gözəl xatırlayırdılar və onun haqqında ürəkdən və səmimi danışırdılar. Siyavuş Məmmədzadə isə qardaşımın xatirəsinə kiçik bir şeir ithaf etmişdi və mən elə həmin şeirlə öz essemi bitirmək istəyirəm.

 

Siyavuş Məmmədzadə:

 

“Əli işıqlı insan idi, inanılmaz xarizması vardı. Və bizə yaşamaqda kömək edən insanın xatirəsi haqda düşünərkən məni bürüyən hissləri şeirlə ifadə etməyə çalışmışam:

 

Zaman yaman tez ötür...

  İllər çapır dördnala...

İldırımtək sürətə inanmaq olmur əsla!

Arxaya boylanırsan, heyrətlə dayanaraq

Dünyadan köçənləri yana-yana anaraq.

Keçmişdən bizə baxır,

baxır haçandan bəri

     Unudulmaz dostların nurani sifətləri.

 Dünya yerində saymır.

  Dəyişir gərdiş, dövran.

 Bağlara xəzan gəlir,

  solur gözəl gülüstan...

 Xatirələr əbədi,

  ölməzdir biz qalınca,

 Biz sağikən, əcəlin

  əli çatmaz qılınca...

 

Elmira Axundova

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.24-25