Rənglərlə “yazılan” mətnlərin
sehri...
Gərgin
iş gününün
yorğunluğundan sonra-çiskiniylə
sifəti xəfifcə
qırmanclayan bir payız axşamında ruhi dinclik tapmaq
arzusuyla özümü
Müasir İncəsənət
Muzeyində gördüm.
Təsadüfi səfər deyildi:
“Azərbaycanın tanınmış
rəssamı, Rusiya İmperator Akademiyasının
Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə
elmləri doktoru, Rəssamlıq Akademiyasının
dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılıb”-elanı böyük zövq və mənəvi rahatlıq vəd edirdi. Gəlişimdən bir gün əvvəl, qələbəlik şəraitində
təntənəli açılışı
baş tutmuş sərgini indi sakit, rahat, məşhur
rəssamın şəxsən
özü ilə-incə
yumoru, maraqlı şərhləri və dəyərli yozumları ilə izləyib dadını çıxarmağın
avantajı da üstəlik!
Məşhur dünya brendi “Hennesy”nin 250 illik yubileyi münasibətilə təşkil
edilən sərgidə
əsasən bu il ərsəyə gəlmiş təxminən
35-dək əl işi
-müxtəlif mövzuda
rəsmlər, instalyasiyalar
nümayiş etdirilir.
Rəsmləri seyr edə-edə
rəssamla söhbətim
zamanı maraqlı və yaddaqalan məqamlardan ən önəmlisi Rəşad
Mehdiyevin öz əsərlərini “mətn”
adlandırması oldu.
Bu, həm də təsirli
idi: doğrusu, ilk dəfə idi bir rəssamın öz əl işini sözə, mətnə bənzətdiyini
eşidirdim. Rəssamın bu baxış
bucağı məni də bu sərgiyə
başqa rakursdan yanaşmağa sövq elədi. Onun məntiqini izləsək,
burada hər rəsm, hər instalyasiya bir mətndirsə, deməli,
sərgidə olduğumuz
müddət ərzində
biz bütövlükdə Rəşad Mehdiyevin “rəngli ideyalar kitabını” “vərəqləmək”,
“mütaliə etmək”
cəhdində bulunmuş
olduq.
Yəqin ki, sənəti sevən, anlayan hər kəs yaxşı rəsm, heykəl, roman, film, tamaşa,
romans və çoxlu sayda adlarla təqdim edilən bütün incəsənət və ədəbiyyat nümunələrində
hər hansı bir mətni oxumağa cəhd edir.
Az müddətə də olsa, real dünyadan qopub gerçəkçi
olduğu qədər
də məhdud çevrəyə sığışdırılan,
amma hansısa sərhədsiz, irreal başqa bir dünyanın genişliyində
“dolaşarkən” gündəlik
bomboz həyatın sıxıcı tonlarından
sonra parlaq, əsrarəngiz
rənglərin düşüncələrimi
də necə rənglədiyini daxili bir heyrətlə hiss eləyirdim.
Rəşad Mehdiyev özü haqqında həddindən
artıq təvazökarlıqla
və xəsisliklə
danışır. Xarici görkəmi
də şüurumuza
həkk olunan-saçları
uzun, başında əndrəbadi beret, əlində
palitra, sifətində
laübali ifadə ilə gözlərini harasa uzaq üfüqlərə
zilləmiş rəssam
stereotipinə uyğun
gəlmir.
Qarşımızda əsl
istedadlı adamlara xas sadəliklə ilk baxışdan çox adi adam
dayanıb. Bu adilik pərdəsi altında rənglərlə
süslənmiş mətnləri
ərsəyə gətirən
parlaq istedad və böyük sənətkarlıq qabiliyyəti
ustalıqla gizlədilib.
Bütün gizlinlərin
açarı isə rəsm-mətnlərdədir...
Sərgidə “rastlaşdığım” iki
“Məcnun” fərqli aspektdən təqdim edilib. Rəsmlərdən birində Məcnun
hamıya arxa çevirib, yeganə qibləgahı Leylinin məzarına üz qoyub. Üzünün ifadəsini görməsək
də aydındır ki, əvvəlcə Leylidən başqa kimsəni görməyən
gözləri indi də sadəcə qəbrin ətrafından qalxan və bozluğun fonunda daha da al-əlvan
görünən güllərə
dikilib. Bu üzçevirmə sanki qaragüruh kütlənin
dəyər adlandırdığı
dəyərsizliklərə qarşı öz sevgisini dəyər kimi nümayiş etdirən insanın protestidir. İkinci “Məcnun”unun üzübəri
olsa da vəziyyəti
o birisindən çox
da fərqli deyil, o, gözlərini yumub. İçi-dışı
-cünunluq səbəbi
Leylidən ibarətdi
sanki. Maraqlı burasıdır ki, o sərgidə Həvvadan üzübəri çoxlu
qadınlar vardı, amma Leyli yox
idi... Rəssamın özünün də söhbət zamanı vurğuladığı kimi
eşqin vəcd halı ilə orqanizmi psixosomatik dəyişikliklərə uğramış
Məcnun üçün
dünya Leylidən ibarətdir, Leyli isə yoxdur... Absurddur, deyilmi? Fiziki olaraq Məcnun arıqlıqdan xəfifləyib,
əriyib az
qala yoxa çıxacaq, yalnız saç topasındakı canlı rənglərdən
diri olduğu nəzərə çarpır.
Rəsmdə sanki yalnız
başı görürük.
Bəlkə də bununla nəzərdə tutulur ki, Məcnunun
eşqi çoxdan vücud sevgisi olmaqdan çıxıb, eşqi başına vurmayıb, eşq başa qalxıb artıq... Bədənin yaddaşı zəifdir, bəlkə də təmasları, toxunuşları
unuda bilər, eşq başa qalxıbsa əgər, ağılla yola getməyə başlayıbsa,
bu ağıllı eşqi başdan çıxarmaq çətin
olsun gərək...
Sərgilənən əsərlər arasında
qadınların hərtərəfli
təsviri üstünlük
təşkil edir. Rəssam
zarafatyana bu
tendensiyanı özünün
əks cinsdən olması ilə əlaqələndirir. Amma
rəsmlərdə maraqlı
bir nüans gözümdən qaçmadı:
Rəşad Mehdiyevin çəkdiyi qadınlar
sanki bütünlüklə
qadın deyillər, çəkdiyi kişilər
də həmçinin.
Qeyri-müəyyən cins kimi nəzərə çarpan,
fizioloji baxımdan nə tamamilə qadına, nə də tamamilə kişiyə bənzəməyən
insanların təsvir
olunması mənə
rəssamın cins diskriminasiyası aparmadan, qadın-kişi ayırımı
eləmədən vahid
bir tamı-İnsanı
təqdim etmək istəyinin təzahürü
kimi göründü.
“Xalçanın uçuşu”
rəsminin yaratdığı
təəssüratdan yaddaşım
heç ayrılmaq istəmir. Rənglərin parlaqlığı, təbiiliyi göz oxşayır, xalçanın
naxışları, ilmələri
bircə -bircə göz yaddaşına həkk olur, bu da öz
yerində. Ancaq məni
burada maraqlandıran əsas məqam -uçan qadının, daha doğrusu uçmaq istəyən qadının çəkilməz
əzablarının, dözülməz
iztirablarının heyrətamiz
dərəcədə dəqiq
və gözəl ifadəsidir. Azadlıq istəyi
üzündə ifadə
olunan qadının bu mimikalarına verdiyim məna bəlkə bir qədər femininruhluluqdan
qaynaqlana bilər, amma həqiqət bu ki, tabloda
uçmaq istəyən
qadına saçlarından
yapışan kişilər,
yaxud da onların kölgəsi hər vəchlə mane olur. Bunu mənə həmin qadının saçlarının
ucundan asılan kişi fiqurcuqları
“pıçıldadı...” Qadının damarları gərilmiş boynu, açıla qalan ağzından çıxıb
yuvarlaq bir enerjiyə dönən ahı, əzabı adamı yenə və yenə tabloya qayıtmağa sövq edir...
Rəşad Mehdiyevin “qadınları” siluet və fizioqnomik baxımdan bir-birinə bənzəyir, amma onların yaşantıları və bu yaşantıların tam fərqli ifadəsi var. Qadınlar zahirən bir-birinə bənzəyə bilərlər, ancaq xaraktercə tamam fərqlidirlər. Biri mal-dövlət hərisidir, qulağından az qala bir neçə kiloluq sırğa asılıb, heç özü də fərqində deyil ki, bu maddi ehtirası ilə kənardan necə də eybəcər görünür. Bu qadınların sırasında üzü günəşlə işıqlanan da var, baxımsızlıqdan kobudlaşıb kişiyə bənzəyən də, milli arxalıqda keçmişi xatırladan da, üzünü gizlədib şəxsiyyəti ikiləşən də, əlindəki əzəli “günah alması” ilə maraqlı bir duruşla yerəmi, göyəmi yönəldiyi bilinməyən də, içindəki qarışıq duyğuların ritmi ilə rəqs eləyən də...
Rəşad Mehdiyevin “ insanlarının” əlləri, barmaqları danışır. Daxili təbəddülatların, yaşantıların ifadəsi əllərin, barmaqların hərəkətlərində, hətta dırnaqların uzunluğunda maraqlı bir şəkildə “dil açır”. İnstalyasiyalarda da “hakimiyyət” əllərdə, hökm barmaqlardadır.
Sərgidə behiştdən qovulandan üzübəri zamanın “bağışladığı” suçlarla günah alması getdikcə böyüyüb belini əyən, amma buna baxmayaraq nəfsinə uyub itirdiyi cənnətinə uçmağa çalışan Adəmlə də rastlaşdım.
Sərgidə olduğumu zaman ərzində çalarını seçdiyim və seçə bilmədiyim neçə-neçə uyumlu rəngin qarışımından, həm də riyazi dəqiqliklə işlənmiş ölçü və proporsiyaların vəhdətindən yaradılan “Dörd fəsil”də də yaşamağa macal tapdım. Əsrarəngiz rənglərin müşayiəti ilə mövsümdən mövsümə keçid etdikcə bu qəribə zaman və məkan anlayışının adamın əhval-ruhiyyəsini burdan ora, ordan bura qovmasından yaranan silkələnmədən ruhi müvazinəti itirmə hissi yaranır, rəsmlərdəki rənglərin arasında daha çox nəzərə- çarpan isti, enerjili, günəş sarısının “içilməsindən” mənəvi sərxoşluq yaşanır. Yəqin əsl sənətin meyarı da budur: bayırda hansı fəslin, hansı havanın olması əhəmiyyətli deyil, önəmli olan “oxunan” mətnin hansı səviyyədə “hava”landırmasıdır, iç dünyasında dəyişdirdiyi fəsildir...
...Gecə düşmüşdü,
payız yağışı, küləyi, soyuğu
ilə “cəzalandırmağa” israrlıydı deyəsən...Havanın fərqinə varmırdım, içimdə
fəsillərin, duyğuların, rənglərin, mətnlərin
qovuşmasından yaranan xüsusi
bir mövsümün
sehrinin diqtəsi ilə sövq-təbii hiss eləyirdim ki, həyat
təkcə soyuq payızdan ibarət deyil...
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 7 noyabr.- S.23