Möhkəm dayan
Dəstəboy...
Gülərüz...
Şirindil...
Cəld...
Yalansız...
Borcsuz...
Şair qəlbli...
Hansısa
adamın haqqında yazmağa başlayanda ilk olaraq onun
doğum günü, yəni doğulduğu günü,
ayı, ili, tanıtım məqsədi ilə
oxucuya təqdim edilirlər. İndi mən durub
desəm ki, O, 1955-ci ilin 30 oktyabrında doğulub,
dostlarımız mənə yalançı deyəcək.
Mən yalançı adı qazanmayım deyə
sizə deyəcəm ki, O, 1956-cı ilin 6 noyabrında
dünyaya gəlib. Sadəcə, atası
Muradxan Cahangirov onun doğum tarixini dəyişib. Niyəsin soruşmayın, çünki deməyəcəm.
Doğum günü ilə talehini yazan,
böyük məktəbin dəstəboy alimi Cavanşir
Cahangirovdan - ildə iki dəfə ad gününü qeyd
etdiyimiz adamdan sizə soraq gətirmişəm.
Böyük
məktəb - AZTV
Azərbaycan Televiziyası ilə bir yaşdadı
Cavanşir Cahangirov. Azərbaycan radiosu ilə isə bir
gündə doğulub. “Əmək fəaliyyətinə
Azərbaycan Televiziyasında başlamışdır” (Azərbaycan
Radiosunda isə bitirmişdir). Bu sözləri
dırnaq arasında yazmağımın xüsusi mənası
var. Hətta mənaları var desəm, yanılmaram.
1)
Cavanşir Cahangirov
Azərbaycan Televiziyası ilə doğulub, təkcə
əmək fəaliyyətinə Azərbaycan televiziyasında
başlamayıb.
2)
Cavanşir Cahangirov
bu televiziyanı özünə təkcə iş
yeri deyil, həm də doğma yurd edə bilib.
3)
Cavanşir Cahangirov ən əsası bu məktəbin öz
sözünü deyən müəllimi ola
bilib. (Azərbaycan Televiziyasının tarixində
ilk dəfə efirə gedən səhər verilişinin,
xaricdə yaşayan azərbaycanlılarla
telekörpünün müəllifi və bununla bərabər
ilk dəfə olaraq 65 yeni layihənin yaradıcısı və
ilk aparıcısı olub.
Azərbaycanlı
tamaşaçı, xatırlaya bilmədinsə birini də
deyim, onu xalq arasında “Çay dəstgahı”nı
aparan oğlan kimi də tanıyırdılar).
Bilirəm,
məktəb deyəndə bəzilərinizin
gözünün önünə adi bir sinif otağı gəlir
və düşünürsüz ki, görəsən, müəllif
niyə yazısının ilk cümlələrində
“böyük məktəbin dəstəboy alimi Cavanşir
Cahangirov” deyə qəhrəmanını qələmə
verdi. Alimlər həm təbliğatçı, həm də
ixtiraçı olur. Bir çoxları da dəstəboy.
“Cavanşir Cahangirov əmək fəaliyyətinə
Azərbaycan Televiziyasında başlamışdır” cümləsini
redaktə etsə, “mış” şəkilçisi mütləq
əvəz ediləcək. Cümlə vərəq
üzərində deyil, canlıbacanlı müəllifə əsl
redaktor kimi izah edilərək redaktə olunacaq. Məncə,
cavanlığından başında qalıb bu xasiyyəti ...
- deyir: “Televiziyada işləməyə
başladığım vaxtlar demək olar ki, hər gün
yeni bir fikirlə gəlirdim baş redaktorumuz İmamverdi
İsmayılovun yanına”. İmamverdi müəllim
isə “Cavanşir, danışma, get
danışdıqlarını elə” deyirdi. Sözün əsl mənasında o məni qova-qova
gözəl verilişlərin müəllifi etdi. Yoxsa Azərbaycan televiziya tarixində “Çay dəstgahı”
kimi bir nömrəli veriliş olmayacaqdı”. Onun elə bu xasiyyətindən
görünürmüş ki, bu adam vərəqlə
yox, yeni fikirlər, mikrofon və kamera ilə işləyəcəkdi.
İllərdən sonra isə yəqin ki, bizə,
radio rəhbər qoyulmağının da səbəbi elə
bu idi. Onu jurnalist kimi Akif Əli kəşf
etdi, müəllif kimi İmamverdi İsmayılov
yetişdirdisə, rəhbər kimi də Arif Alışanov
görə bildi. C.Cahangirov deyir ki, “idarəetməni
və idarəçiliyi Arif Alışanovdan öyrənmişəm.
Arif Alışanovdan, şahmat oyununda olduğu kimi, beş-on
gedişi əvvəlcədən görməyi
götürmüşəm”. Dilinin
axıcılığı və sözünün kəsərliliyi
ilə böyük məktəbin dəstəboy müəllimi
həm də mənə dəstəboyluğu ilə
jurnalistika müəllimimi xatırladır. Bu adam mənim universitetdəki müəllimə
bənzəyir. O universitetdə ki, mənə mətbuatın
sirrlərini öyrədiblər. Deyəsən, bir az qarmaqarışıq nəql elədim,
axı.
Müəllimim
Deməli
belə, mən bir universitetin Jurnalistika fakültəsini
bitirib, bəzi qəzetlərlə də əməkdaşlıq
edib, sonra Azərbaycan Radiosuna gəlirəm, zaman etibarı ilə
bir həftə sonra isə radio üzrə sədr müavini
Cavanşir Cahangirov təyin edilir. Radioda hamı
təşvişə düşür. Gözümün
önünə Akif Əlinin (Cavanşir Cahangirovu jurnalist kimi
kəşf edib, televiziyaya işə götürən kəsin)
bir “Mozalan”ı gəlir. Yəqin ki, “həkim
xalatı” mozalanı xatırlayırsız.
Təxmini olaraq sizə nəql edim ki, bir gün xəstəxanaya
baş həkim təyin edilir və bütün həkimlər
“cibi yoxdu, cibi yoxdu” deyə iclas zalına
yığışır.
Baş həkimin iclasın sonunda xalatını tərsinə
geyinildiyi məlum olur. Misalı Cavanşir Cahangirovdan uzaq, bizim
radio əhlinin, sən demə, dərdi rüşvət
deyilmiş. Cavanşir Cahangirov gəlibsə,
deməli, radioda yazıb, pafosla oxumaq yox, danışmaq
zamanı başlayacaqdı. O zaman məsələnin
mahiyyətinə varmadan mən də ona qorxulu adam kimi uzaqdan
salam verir və hətta keçirdiyi iclaslardan da
qaçmağa çalışırdım. Günlərin
bir günü radionun dəhlizində “Əzizim, Xoxan” deyə
mənə səslənir və deyir: “Montajdan sonra yanıma gəl”.
Onun
“Xoxan” deməyindən, sözün düzü, diksindim və
düşündüm ki, əgər bu adam
kollektivin ən az yaşlı əməkdaşının
kitabını tapıb oxuyubsa, hətta ona kitabının
adı ilə xitab edirsə, deməli adam səmimi və
söz qədri bilən adamdı. O zamanlar verilişlərimizi
STM montaj aparatlarında lentləri kəsib doğramaqla həyata
keçirirdik. On dəqiqəlik bir işi
hardasa dörd saata edir və sonra da efirə razılıq verəcək
adamların qəbuluna verirdik. Xülasə
işimi bitirib, gəldim Cavanşir müəllimin qəbul
otağına. Qapısı hər zaman açıq
olduğundan qəbul otağına kim daxil
olsa, dərhal çağırardı öz otağına. Mənə
də “Gəl, Xoxan” dedi. Gəldim, oturdum və
sözün əsl mənasında insanın səmimiyyətinə
vuruldum o günü. “Xoxan, sən
kompüterlə montajı bacarırsan, axı”... - deyə məni
utandırmağa başladı. Onun bu
danışığında üz vurmaq var idi. Mən indi anlayıram ki, 2009-cu ildə Azərbaycan
Radiosunda hələ də STM-də veriliş montaj etmək
gülünc idi. Sözün əsl mənasında onu
“get, Azərbaycan radiosunu dəyişdir” diyə bizə rəhbər
yollamışdılar. Səsinin tonunda 30
yaş özündən kiçik olan uşağa həm
yalvarış, həm də çağırış var
idi. Beləcə, Cavanşir Cahangirov Azərbaycan
Radiosunda öz heyətini toplaya bildi. Efirdən
danışmaq bizə nə qədər xoş idisə, dinləyiciyə
də sevimli idi. Amma dinləyici bilmir ki, biz
danışana qədər Cavanşir Cahangirov nələr
çəkirdi.
At muraddı, deyirlər, Cavanşir müəllimin bir
külqabısı var idi at formasında. Biz radiodan
çıxış edir, maaş
alırdıq, o isə özünü otağına
qapayıb, külqabısına yük yükləyirdi. Çəkdiyi hər siqaret kötüyü bizə
nələrsə deyirdi bu gün və onun xəstəliyi
haqqında. Bu gün Azərbaycan Radiosunun
efir bəzəyi olan 37 verilişinin yaradıcısı olmaq,
məncə, çox çətin olmuşdu. Ümumiyyətlə, onun
verilişlərin adını sadalasaq və hərəsi
haqqında beş cümlə yazsaq gərəkdir
ki, bir kitab edək.
Beləcə, o zaman təkcə mən on iki müəllifi
olduğum verilişdə danışdım. “Məqsədimiz
var”la gəldim Azərbaycan Radiosuna. Baş
redaktorum Aybəniz Məmmədəliyeva ilk verilişimdən
dəyər verib Cavanşir Cahangirova təqdim etdiyi kimi də
Cavanşir müəllimin sayəsində davam etdim. Qalan on bir verilişimin adını və mahiyyətini
bir yerdə müəyyənləşdirdik. Hər
yeniliyimdən öncə mənə “Heç nə
bacarmırsan!” deyə inadkarlaşdırıb və
otağında oturub məndən yeni veriliş gözləyən
adam Cavanşir Cahangirov idi. Ustad,
darıxmışam sənin o gülə-gülə dediyin
“Heç nə bacarmırsan!” cümlən üçün.
Amma təəssüf ki, ötən günləri
geri qaytarmaq olmur. Kaş ki, 2010-cu ilin
payızı olaydı, gəlib sənə deyəydim ki,
“Bostanına daş atmışam, xəbərin varmı?”
Sən də kaş elə həminki kimi duruxub
qalaydın və “Yenə nə etmisən, ay hoqqabaz” deyəydin.
Hoqqabaz da deyəydi ki, vallah bilmədən yeni verilişin
adını “Sorağın gəlsin” qoymuşam.
Həqiqətən də bilmədən qoymuşdum o
verilişin adını. İlk olaraq Zakir Sadatlıya oxumuşdum
yeni verilişin ssenarisini və gülərək demişdi ki,
“Cavanşirin yetirməsisən də, verilişlərinizin
adı da oxşardı”. Kaş ki, bir də
o günlər olaydı və sən də “adamın
üstündə Allah var” deyib, verilişimi bəyənəydin.
Deyəydin ki, “gəl, bunun adını dəyişək,
“Səsin gəlsin” edək.
Beləcə, atdığım hər addımda
yanımda olan (“Addım-addım” verilişinin də
adını qoymaqda mənə kömək edən) və
atdığı hər addımda məndən də
(kollektivin ən az yaşlısından)
fikir qopardan biri, mənim məktəbimin müəllimlərindən
ən gözəli də fəxrlə deyirəm yaşayan kəslərdən
Cavanşir Cahangirov oldu.
Diqqət!
Diqqət!
2009-cu ildə
Cahangirovun otağında, yeni il verilişlərinə
hazırlıq zamanı yaşadığım hadisə və
elə ordaca yazdığım ithaf şeiri.
Əzizim
Qarşında
külqabı görüb daya
ndım,
“Bu qabın içində küldür, Əzizim”.
Təəccübüm
səbəbsiz deyil təbii ki,
Dünən bir külqabı yiyəsi öldü,
Əzizim.
Sən isə
hələ də dərdi çəkirsən...
-torpaq da maqnit nəfəsi ilə dəmiri çəkir.
Dəmir
bədəninlə, dəmir canınla,
Torpağa qarışma, ölmə, Əzizim.
İstəmirəm
bağımıza hasar olma sən!!!
Mindiyim
dörd təkər qatar olma sən!!!
İstəmirəm
mətbəxdə bıçaq olma sən!!!
Çəkib
dərdləri...
-çəkib
sinənə, üzümə yalandan gülmə,
Əzizim.
Dörd
sual verirəm dinlə sən məni:
Bu dünya fani isə canisi kimdir?
Əlindəki siqaret sənin nəyindir?
Səncə torpaq nədir?
Bəs dəmir nədir?
Bunların
hər biri sənin özünsən!
Gözünlə
üzümü döymə, Əzizim,
Yox
lazım deyil özünü yenə...
-yenə də özünü söymə, Əzizim.
İndi bizə gözəl insana ancaq və ancaq uzun
ömür arzulamaq qalır. Ustad, söz
vermişdim ki, bu cümlələri oxuculara
oxutdurmayacaqdım. Amma söz elə bir varlıqdı
ki, yazarın hətta öz sirrini açıb,
açıqlayır. Mən əminəm ki, əziz
oxucu, Cavanşir Cahangirovun yazıb, gizlətdiyi şeirləri
də əladan, əla...- yaxşıdan, yaxşıdı.
Söz verdiyim kimi, ƏZİZ USTADIM,
yazmadım. Bütün zarafatlar bir yana,
altmışın mübarək olsun, baba. Gün o gün
olsun nəvənin də toyunu görəsən və səni
boğan o alçaq xəstəliyə də
“mən sənə qalib gəldim” deyəsən.
Sonda mənim verilişlərimdə sağollaşma
zamanı işlətdiyim bir cümlə ilə nöqtə
qoymaq istəyirəm. “Yəqin ki, gələn il
görüşərik”. Bu cümləni oxuyanlar, bəlkə
də, nikbin bir cümlə kimi qarşılayacaq, əsla bu
cümlə mənim ustadımın bəyəndiyi cümlə
olduğundan və bir də onun həqiqətən
altmış yaşı gələn il tamam olacağından
deyirəm yəqin ki,
gələn il görüşərik...
“Mənim
haqqımda yalan danışma, yalan şayiələr yayma,
yoxsa... sənin haqqında əsl həqiqəti
danışaram” deyən, adam, möhkəm
dayan.
Günay NOVRUZ
525-ci qəzet.- 2015.- 7 noyabr.- S.22