Nağıl adam - (portret-povestdən parçalar)

 

 

Sevdiyim və məni sevən bütün dostlarıma ithaf edirəm.

                    “Uşaq vaxtı bir çox nağıl oxudum.

     Nağılla yaşadım...

Nəhayət, mən də bir nağıl

oldum”.

 

Sinan Yağmurun

“Eşqin göz yaşları” kitabından

 

“AYDIN ÜÇÜN AYDIN TƏKDİ...”

 

Aydını mənə doğmalaşdıran bir amil də bəlkə onun həm də Leriklə bağlılığıdır. Bir vaxtlar Lerik rayonunda təhsil şöbəsinə başçılıq etmiş Gülağa Rüstəmovdan, yerli rayon qəzetinin redaktoru olmuş Həmzə Vəliməmmədovdan, dəfələrlə evində qonaq qaldığı Abdulhüseyn kişidən, qısa müddətə də olsa, müəllim həmkarları rəhmətlik Əlihüseyn müəlimdən, onun həyat yoldaşı Səidə xanımdan indi də ağız dolusu minnətdarlıqla danışır.

 

Hə, deməli, ali məktəbi yeni bitirən Aydını 1974-cü ildə müəllim kimi təyinatla Lerik rayonuna göndərirlər.

 

Və o da nə az-nə çox, düz üç ay bu rayonun Çayrud kəndi ilə qonşu Andurma kəndində rus dili müəllimi işləyir.

 

Andurma da yadında qalıb, Çayrud da, hələ Orandda bir Kamran kişi vardı, o da... Rayonun sayılıb-seçilən köhnə kişilərindən idi və o kişinin oğlu - hələ tələbəlik illərindən dostu olan İmranın dəvətilə Aydın onların evlərində qonaq da qalıb.

 

Və əgər Orandda olubsa, o tərəflərə yol Pirəsoradan ötüb keçir, deməli, o elin ağsaqqalı Meyxoş kişini, Hacı Meyxoşu da tanımış olar.

 

Aydın Lerikdən, o dağların gözəlliklərinin  rayihəsinin içində olmaqdan, zənnimcə, hələm-hələm ayrılmazdı, əgər atası Əhməd kişi işə qarışmasaydı.

 

Aydın Lerikdən söz düşəndə bir vaxtlar elə mənim də çox sevdiyim, adı-sanı ilə öyündüyüm gözəl bir insan olan Abdulhüseyn Abdullayevin adını indi də hörmət və ehtiramla çəkir.

 

Aydın təyinatla Lerikə müəllim işləmək üçün göndəriləndə köklü-köməcli bu torpaqdan olan Abdulhüseyn müəllim o illərdə qonşu Astarada rayon milis idarəsinin rəisi işləyirdi.

 

Aydını “saf su” pərəstişkarı olmaqdan çəkindirə bilməməsinə, arada bu işinə görə onu qınamasına rəğmən oğlundan belə uzaq məsafədə aralı dayana bilməyən ana, Əhməd kişinin iki ayağını bir başmağa yığır ki, heç işi-gücü də lazım deyil, bəs, necə eləyirsən elə, oğlumu geri, evə qaytar.

 

Dostumuz sarıdan elə anası qədər narahat olan atası da həmyerlimiz, əslən Zöhrab kəndindən olan qohumları, o vaxtlar Ali Məhkəmənin sədri işləyən Abdulla İbrahimovun qardaşı, milis polkovniki, DİN-in idarə rəisi Davud İbrahimovdan oğlunun Şabrana (o vaxtkı Dəvəçi) qaytarılmasına köməklik göstərilməsini xahiş edir.

 

Davud İbrahimov haqda burdaca belə bir faktı xatırladım ki, o, keçmiş sovetlər dönəmində respublikamızda ən cavan yaşda milis polkovniki rütbəsi almışdı. Respublika DİN-də müxtəlif rəhbər vəzifələrdə çalışmışdı, bir ara nazirliyin kadrlar idarəsinin rəisi də olmuşdu.

 

O kişilərin hörmətinə Abdulhüseyn müəllim Aydını evində qonaq saxlayır. Kifayət qədər diqqət göstərib:

 

- Hələ get işə başla, sonra baxarıq, - deyə əvvəlcə onu təyinat yerinə, üç ay işlədikdən sonra da Şabrana, ata-anasının yanına yola salır.

 

İki il əvvəl Çuxurəzəmi tərəfə getmişdik və Aydın da  səfərimizdən, bir günün xatirələrindən doğan

 

“Ömrümüzə yazılan gün” adlı bir kitab yazmışdı. (İndi bu danışdıqlarımı da Aydın, bax, o kitabda yerli-yataqlı, elə maraqla təsvir edib ki...) Və söhbətin bu yerində mən o kitabdan sətirləri sözümə qatıram...

 

lll

 

“1974-cü ildə Pedaqoji İnstitutu bitirmiş, romantik arzularla yaşayan aranlı bir gənc kimi öz xahişim ilə təyinatımı, qan təzyiqi-filan fikirləşmədən, ucqar dağ rayonu olan Lerikə almışdım.

Təbii ki, bu hərəkətimdən gec xəbər tutan rəhmətlik atam təyinatımı dəyişdirmək üçün kimlərə xahiş-minnət etməyi ölçüb-biçəndən sonra məni də yanına qatıb Davud əminin yanına yollandı.

 

Davud əmi də belə çətin bir işlə bağlı xahişi yerinə yetirə biləcək yaxın, ərki çatan adamları yada salmaq üçün, təbii ki, əvvəlcə bir qədər fikrə getdi. Sonra da qarşısındakı neçə-neçə telefondan birinə əl atdı.

 

Dəstəyin o başındakı kim idisə, onunla əvvəlcə xidməti işləri ilə bağlı hal-əhval tutdu. Sonra da yaxın, məhrəm adamlar kimi ailəvi söhbətə keçdilər. Və bundan sonra Davud əmi mənim məsələmi də açıb ona dedi.

 

Dəstəyi yerə qoyub “əmioğlu”suna, atama üzünü tutub məmnunluqla:

 

- Astara rayonunun milis şöbəsinin rəisi ilə danışırdım, - dedi, - Abdulhüseyn Abdullayevlə. Mənə yaxın, əziz, doğma bir adamdır. Özü də əslən Lerikdəndir. O bölgədə böyük xətir-hörmət yiyəsidir. Etibarlı adamdır. Qayda-qanun dairəsində əlindən gələni əsirgəməyəcək.

 

Ertəsi gün Bakıdan Lənkərana avtobusla yola düşdüm. İlk dəfə doğma ölkəmdə - respublikamda sərhəd dirəkləri ilə üz-üzə gəldim. O vaxtkı Puşkin (indiki Biləsuvar) rayonu ərazisində Sovet (rus) sərhədçiləri avtobusumuzu saxladılar. Sənədlərimizi, cənub sərhəd zonasına getmək üçün buraxılış vərəqələrimizi yoxladılar.

 

Astarada evində qonağı olduğum, halal duz-çörəyini kəsdiyim o günlərdə Abdulhüseyn əminin ailəsi ilə də tanış oldum. Ailənin sonbeşiyi, ərköyün olduğu qədər də dərrakəli, balaca Rövşənlə əməlli-başlı dostlaşdıq.

Elə Rövşəndən öyrəndim ki, böyük “qaqaşı” Tofiq Bakıda həkimlik oxuyur, bacısı isə müəllimə olacaq.

 

Günorta Abdulhüseyn müəllimgildə nahar edib Lerikə yola düşdük. Atasının səfər üstdə olduğunu bilən Rövşən ondan pul istədi. Abdulhüseyn müəllim də əlini şalvar cibinə aparıb pul çıxartdı. Qırmızı onluqları görən oğlanın səsi hələ də qulaqlarımdadır:

 

- Uy daad! Ata, bu pulları işdə qazanmısan?

 

Əlbəttə, səfər üstdə əynini dəyişən və təbii ki, əynini dəyişməklə yanaşı cibini də “dəyişən” rəisin hərəkəti az-para mənə tanış idi, ancaq balaca oğlanın bu zirək sualından qeyri-ixtiyari mənim də qımışdığımı sezən rəis ata da özünü saxlaya bilməyib qəhqəhə çəkdi... Hər ikimiz uğunub getdik.

 

Ancaq mən sonralar bildim ki, həmin gözüaçıq, diribaş oğlan böyüyüb ali hərbi məktəbdə oxuyacaq, zabit olacaq, doğma Azərbaycan torpaqlarının bütövlüyü uğrunda erməni qəsbkarları ilə müharibədə qəhrəmanlıqla döyüşüb şəhid olaraq ən yüksək təltifə - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüləcək, Lənkəran şəhərində büstü ucaldılacaqmış...

 

Arabir Davud əmi ilə görüşəndə məni də xəbər alan Milli Qəhrəman atası, yadımda əmi qədər əziz, doğma olan o ağayana, əsilzadə Abdulhüseyn Abdullayevi axtarıb tapmağa, nəsə təsəlli verməyə, sözlərimlə onun böyük ata dərdini yüngülləşdirməyə ürək eləmədim. Ancaq Abdulhüseyn müəllimlə tanışlığımdan xəbəri olan Novruz müəllim onun bir neçə il bundan əvvəl vəfat etdiyini deyəndə gözlərim önünə 38 il bundan qabaqkı dəli-dolu, dəcəl bir oğlan və o dəcəl oğlunun gözüaçıqlığına, zirəkliyinə daxilən sevinən bir ata - orta boylu, dolu bədənli, milis rəisindən çox, ürəyi işıqlı-nurlu bir müəllimə oxşayan ziyalı bir insan - Abdulhüseyn əmi gəldi.

 

Qəhərimi güclə boğa-boğa yazdığım sətirləri tamamlamağa çalışdım: “Cənnətdəki ata-oğul görüşünüz mübarək!..”

 

lll

 

Bax, elə o vaxtdan, Lerikdən qayıdandan sonra - hə, yenə qayıdım Aydının Lerikli günlərinə - 1974-cü ilin noyabrından Aydın da gəlib ilişib qalır Şabranda. Dəfələrlə paytaxta yerləşib yaşamaq üçün şərait yaransa da, o, eldən-obadan, sevib-hörmət etdiyi, həm də hörmət gördüyü insanlarla bir cameədə yaşamağı üstün tutur və hamının istəklisi olaraq  da yaşamaqdadır.

 

Bizim Lerikdə bir Aydın Tağıyev də var idi və o da şair idi. Dağlar diyarındakı o bir neçə aylıq “gərgin” əmək fəaliyyəti dövründə dostumuz, bizim Aydın qripləyir. Aspirin almaq üçün o zamanlar rayon mərkəzindəki iki əczaxanadan birinə girib lazım olan ilacı soruşur.

 

Əczaçı dolabların arasında aspirin axtara-axtara təhər-tövründən, ən əsası isə şivəsindən bu yerlərin adamına oxşamayan Aydından:

 

- Buraların adamına oxşamırsan, kimsən, nəçisən, haralısan, -deyə sakit-sakit (təbiəti beləydi), ancaq sicilləmə suallar verir.

 

- Aydın da elə əczaçı kimi asta-asta:

 

- Bəs belə-belə... Şabrandanam, müəlliməm, Andurmada müəllim işləyirəm, təyinatla təzə gəlmişəm, -deyir.

 

Qonaqpərvər, dostcanlı əczaçı da ta bayaq əlini qonağa uzadıb:

 

- Tanış olaq, Aydın Tağıyev, -deyir.

 

Bizim Aydın da adaşının əlini sıxıb:

 

- Necə dedin, Aydın Tağıyev, qardaş, nə xoş təsadüf, biz həm adaş, həm də familiyadaşıq ki! - deyir və iki Aydın köhnə kişilər kimi döş-döşə gəlib sağ, sol çiyinlərini bir-birinə toxundururlar. Vallah, bu sayaq tanışlıq, görüş, qucaqlaşma əslində qardaşlıq andı kimi bir şeydir.

 

Hal əhli olmaqda şabranlı yazıçı Aydından heç də geri qalmayan lerikli “cəllad” Cehinin oğlu şair Aydın ta bayaq əczaxananın qapısını bağlayıb üstündən də “bağlıdır” işarəsi asır, dostunu arxa otağa, anbara dəvət edib iş stolunun üstündə, olan-olmaz ehtiyatından süfrə düzəldir, aptekdəki təmiz 96 dərəcəli tibbi spirtlə dolu iri bir şüşəni də qoyur ortalığa. Lerikin də saf, təmiz suyuna nə gəlib?

 

Bu təmtəraqla hər iki Aydın tanışlıqları münasibətilə badə qaldırıb sonralar uzun illər davam edəcək dostluqlarının şərəfinə vururlar. Elə o məclisdə Cehinin oğlu lerikli Aydın öz şeirlərindən, bizim Aydın da sevdiyi şairlərdən yaddaşında olanlardan şeir deyib əhvallarını xoş edirlər.

 

Yeri gəlmişkən, lerikli Aydının atası həqiqətən “cəllad” idi. Ancaq malın, heyvanın cəlladı. Kişi qəssab idi.

 

Nəhəng cüssəli bu kişi üç-dörd adamın gücü çatmayan buğanı parçalayıb bir anda yerə sərər, kimsənin də yardımı olmadan boğazını üzüb bir kənara itələyərdi.

 

O Aydın - şair Aydın da dostum idi. Atası da məni tanıyır, o kişinin sənətinə, daha doğrusu sənətinin məhsuluna ehtiyacım olanda ən yaxşı yerindən payımı ayırıb verirdi. Yaxşı, mərd adam idi.

 

Görkəmli yazıçımız Seyran Səxavətin sözüdür: “Bütün qələm əhli bir-biri ilə qan qohumudur”.

 

Düşündürücü olduğu qədər də real, həqiqətə uyğun yanaşmadır.

 

O, əczaçı-farmasept Aydın Tağıyevin şeirləri həmin vaxtlar Lerikdə çıxan “Bolluq uğrunda” qəzetindən uzağa getməsə də, yaşadığı eldə-obada, tanıyanların, dostlarının arasında sevilə-sevilə oxunub, müəllifini həm də şair kimi tanıdıb. Elə indi də Aydın Cehi oğlu daha çox şair kimi yadda qalıb, beləcə də xatırlanır.

 

lll

 

İnsanlar üz-üzə, göz-gözə bir-birinə aça bilməyə çətinlik çəkdikləri ən səmimi duyğularını, etiraflarını məktublarla ifadə ediblər. Yazışmalarla çox dostluqlara körpü salınıb, çox qovğalar barışıq tapıb, ədavət, küdurət səmimiyyətə, qarşılıqlı hörmətə çevrilib.

 

Hayıf, elektron texnologiyaların belə sürətli inkişafı o sayaq yazışmaların, məktublaşmaların nöqtəsini elə qoydu ki, birdəfəlik tarixin yaddaşına, “arxiv”lərə ötürdü.

 

lll

 

Sözümün bu yerində, oxucusunu duyğulandıran, duyğulandırdıqca da düşündürən, həyat eşqi ilə dolu, ağrıya-acıya divan tutan, ürəkdə-qəlbdə ümid atəşi yandıran, dosta, dostluğa məşəl olan saf səmimiyyət ünvanlı bizim Aydınların ötən əsrin yetmişinci illərdəki yazışmalarından, lerikli Aydının şabranlı Aydına yazdığı üç məktubu, vergülünə, nöqtəsinə toxunmadan, olduğu kimi təqdim edirəm.

 

lll

 

Bir məktub oxudum, dost əllərinin,

İzini sətrində, sözündə gördüm.

Sözlər arasında söz oxuyanam,

“Əyrisin” də gördüm, “düzün” də gördüm.

 

lll

 

Uzaqlar gözümə yaxın göründü,

Könül dilə gəlib dindi, nə dindi.

Önümdə məktubun aynaya döndü,

Onda mən dostumun özün də gördüm.

 

lll

 

Haşiyə: O zamanlar bizim Aydın “Ulduz” jurnalında çap olunan “Buz heykəllər əriyir” adlı hekayəsini lerikli Aydına göndəribmiş. Bu da Aydının adaşının hekayəsinə nəzmlə verdiyi cavab:

 

Oxudum mən hekayəni,

Orda yanar ürək gördüm.

Gələcəyə inam gördüm,

Arzu gördüm, dilək gördüm.

 

lll

 

Öz  vurğusun üstün tutan,

Səsini səslərə qatan,

Haya gələn, dada çatan,

Bir könülü kövrək gördüm...

 

Çox şadam, şadam, dostum! Səni təbrik edirəm! Hər igidin bir eybi olan kimi, sənin də hekayənin eybi hekayənin sonundakı ünvan - bircə “Dəvəçi” sözüdür. Çox yersiz sözdür. Məncə, tənqidi nöqteyi-nəzərdən, onu hekayədən atmaq lazımdır. Amma “xam”lar onsuz da məni doyunca təbrik etdilər.

 

- Ay hörmətli, ay səmimi

Böyük qəlbli cırtdan dostum.

Sənin müştəbehlər kimi,

Nə çoxdur iddian, dostum.

 

lll

 

Zil yerinə çalma bəmi,

Onsuz bunu “qanır” hamı...

Damla ikən, ümman kimi,

“Mənəm”, “mənəm” deyən dostum.

 

Hələlik, bu qədər dostum “a”. İncimə, nə vaxt böyüsən, adını da “A” yazacağam... Yəni, Anar demişkən, qaldı yaşıl ayın başına... Dostum, xahiş edirəm, bu dəfə şair dilində yox, “adam” dilində bir məktub yaz, görüm necəsən, işlərin necədir?

 

Dostum, mən çörəksiz yaşayaram, yumorsuz yox! İncimə. Gülüş ağlayanlarındır! Gülüşün də növləri var...

 

Nə isə, öpürəm səni! Cavabını gözləyirəm!

 

Dostun “A”.

Lerik, 18 fevral, 1975.

 

Bir həftəyə cavab yazan,

Bu cavabın bir ay çəkdi.

Dostum, niyə susursan sən,

Deyən könlüm haray çəkdi.

 

Aydın, əzizim, sənin bu məktubun gecikdi. Yaman darıxdım. Qərara almışdım ki, axşam sənə məktub yazım, gündüz məktubunu aldım...

 

Çoxdur səbrü qərar məndə,

Amma günüm aya döndü.

İntizarın yükü indi

Çiynimə nə yaman çökdü...

 

Dostum, sənə yazmaq, səninlə yazışmaq mənim üçün daxili, qəlbdən gələn zərurətə çevrilibdir. Səni oxumaq mənə xoşdur. Çünki:

 

Məni məncə anan sənsən,

Mənə məncə yanan sənsən.

Məni məncə qanan sənsən,

Aydın üçün Aydın təkdir!

 

Nə isə, dostum, belə işlər. Antuan de Sent Ekzüperi deyib ki, palıd ağacı əkənlər tezliklə onun kölgəsində dincəlməyi güman edirlərsə, yanılırlar (Dostluq barəsində).

 

R.Taqor deyib ki, insan da torpaq kimidir. Torpağın özündə gizlənən qızıl damarından heç vaxt xəbəri olmur.

 

“Soldurulmuş çiçəklər, sındırılmış qəlblər, yolundan saqındırılmış amallar, söndürülmüş istedadlar azdırmı həyatda? Onları görmək lazımdır...” (Sitat Aydınındır).

 

Bir də ki:

 

O qəlbə mən qəlb demərəm,

Alışmasa, yanmasa o.

Yanmayırsa, demək onun,

Nə eşqi var, nə arzusu.

 

lll

 

Çoxdur sözüm, deyəm gərək.

Məni anan, duyan gərək.

Kimə lazım, kimə, ürək,

Hay salmırsa döyüntüsü.

 

Sənət həm istedad, həm də zəhmətdir. Onu yaratmağa imkan gərəkdir. Onu yaşatmağa zaman gərəkdir. A dostum:

 

Doludur qəlbimiz neçə əsərlə,

Bir vursun nəbzimiz gələn səhərlə.

“Biz hələ damlayıq” demə, qəhərlə,

Çağlamaq gərəkdir, coşmaq gərəkdir.

 

Aydın, dostum, sən bilirsən ki, mən hərdənbir daxili zərurətdən doğan bir həvəslə şeir yazıram. Dərc olunmaq üçün yox, çap olunmaq üçün yox, ürək boşaltmaq üçün.

 

Yazdıqlarım qələmdən necə tökülürsə, elə də qalır. Sonradan işləmirəm. Lənətə gəlsin sənin yumoreskan...

Ocaqqulu... Qatırı axsaq olanın atasına...

 

(Müəllif qeydi: Bizim Şabranlı Aydın danışır ki, o illərdə Lerikli adaşıma “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Hansı birimizi axtaracaqlar” adlı yumoristik bir hekayəmi yollamışdım. Hekayənin qısa məzmunu belə idi ki, işini-gücünü atıb şairliyə qurşanan üç dosta şeirlərini göndərdikləri redaksiyalardan yalnız eyni cavab gəlir: “Bədii cəhətdən zəif olduğuna görə çap edə bilmərik”.

 

Bir gün yenə redaksiyalardan aldıqları belə bir məktubdan sonra özlərini şair hesab edən dostlar qəmlərini, kədərlərini dağıtmaq üçün xudmani bir yerdə oturub bala-bala vururlar.

 

Bir-birlərini tərifləyə-tərifləyə xumarlanan dostlar bir-birlərinə təsəlli verməyi də unutmurlar: “Darıxma, vaxt gələr, səni axtararlar...”

 

Ayıq olan dostlardan biri özünü saxlaya bilmir, bozarır: “Bəsdir, mən bu gündən daha yazı-pozu ilə qurtardım. Bəyəm birik, ikiyik?... Hansı birimizi axtaracaqlar?”)

 

...Nə isə, cırtdan, sən məni tipikləşdirdin. Çox sağ ol, şadam. Mən səni gələn məktubumda həm tipikləşdirəcəyəm, həm də əbədiləşdirəcəyəm... Görüşərik...”

 

Bu da məktubun sonu, bərsiz-bəzəksiz. Arxasında səmimiyyət gizlənən incə ərköyünlük, ya da  “sağollaşmıram, cavabını gözləyirəm ha” nə bilim, daha neçə yerə yozmaq olar...

 

Real vəziyyətin analitik dillə real təsviri, insan qəlbinin, ruhunun, duyğularının ağrılı etirafları, dərin lirizm, bir cümlə ilə bir dünya ciddi mühakimə, yumor, bir sözlə qələmin ruhun marağına köklənmiş hər əhvalı kükrəyir o Aydının bu Aydına ünvanladığı o məktublarda...

 

Elə bir zamanlar mənim də yaxşı tanıdığım dostum, indi axı sənə verə biləcəyimiz nəyimiz var ki? Və nəsə də verə bilsək belə, indi o sənin nəyinə gərəkdir? Mariya Svetayeva Vladimir Mayakovskinin ölümünə yazdığı şeirlərindən birində deyir:  “İlahi, öz günahkar bəndənin ruhuna rahatlıq ver”. Sən isə öz istedadınla Tanrının, İlahinin sevimlisiydin. İndi ancaq uca Yaradandan biz də sənin günahsız ruhuna rəhmətlər diləyirik.

 

lll

 

Qəlbi dost sevgisi ilə alışıb yanan o lerikli Aydının mənim əlimə keçən “Düşüncələr” silsiləsindən bir şeirində:

 

Deyirəm dost-dostdan ayrılaydı kaş,

Qara daş qayadan ayrılan kimi...

Qəlblər yox, dəyanət, əhd olaydı daş,

Daşilqar, daşpeyman olaydı hamı:

 

- deyir, dost adının əzəmətini, ucalığını, dostluqda dəyanəti daş kimi möhkəmlikdə görür...

 

O Aydın da elə bizim şabranlı Aydın kimi ipək xasiyyətli, qərəzsiz, hansı əhvalda olur-olsun, həm də işini bacaran günahsız bir adam idi. Əgər bir günahı vardısa, o da bəxtinə düşən amansız zamanda qərəzsiz yaşamağı, yaşadığı natamam ömürdə şeir yazmağıydı.

 

“Ürək xonça deyil açasan” - deyirlər. Ancaq ürək bəzən xonça tək açılır da, bax beləcə, Aydınlarınkı kimi.

 

O müqəddəs xonçanı açılmaq qüdrətinə çatdıran əxlaqa, mənəviyyata, səmimiyyət və sədaqətə alqışdan başqa nə demək olar?! Bu alqış payının da hamısı yuxarıda sadaladığım keyfiyyətləri ilə üz tutub göz-gözə gəldiyi, kəlmə kəsdiyi, əlin sıxıb dost dediyi tanıdıqlarının sevimlisi olan bizim Aydına yaraşır və birbaşa elə ona aiddir.

 

Aydının gedib-gəldiyi, “gəzib-dolaşdığı”, yaddaşından silinməyəcək şirin xatirələrlə dolu hələ çox “ünvanlarla” məktublaşmaları var.

 

- Daha keçib, gəl aç birlikdə oxuyaq,- desəm də hələlik razı olmadı. Ancaq yəqin ki, elə o məktublar da maraqlı olar, nə vaxtsa “məxfilik” qrifini yırtıb işıq üzünə çıxar.

 

lll

 

İki Aydının dostluğundan bir məktub da qalıb - son görüşlərinin məktubu. Ancaq bu məktubun yazılı mətni yoxdu, yaddaş mətni var. Və mən dostumun, bizim Aydının  yanğı ilə mənə danışdığı o mətni yazıya köçürürəm.

 

Aydın danışır ki, aradan neçə il ötəndən sonra, iş-güc, ailə qayğıları başımızı necə qatdısa, daha oturub, ürəyimizi boşaldan gen-bol məktublar yaza bilmədiyimizdən, keçdik şəhərlərarası telefon danışıqlarına, şükürlər ki, hər ikimizin evində telefon vardı. Hərçənd ki, dəqiqəsi o vaxtın pulu ilə heç də ucuz olmayan o telefon danışıqlarında, necə deyərlər, salam-əleyk edir, həsbi-hal tuturduq.

 

Məktublaşmanın arasını kəssək də, mən (yəqin ki, lap dəqiq, daha doğrusu yüz faiz elə o Aydın da) bilirdim ki, “gözümüz gözümüzdən uzaq olsa da, könüldən könülə yollar görünür...”

 

Beləcə, aradan aylar-illər keçir, Aydın lerikli dostlarından adaşını xəbər alıb hal-əhval tutur, yəqin ki, o da tanıyanlardan Şabran elində binələnən dostu sarıdan məlumatlıymış...

 

... Nə isə... Nağıl dili yüyrək olar, - deyirlər, zaman gəlib yetişir 1994-cü ilə. Aydın deyir ki, o zaman mən yenicə yaradılmış Siyəzən rayonunun yerli “Çıraq” qəzetinin redaktoru idim. Rayonda mətbəə olmadığından qəzeti Bakıda, “Azərbaycan” nəşriyyatında çap etdirirdim. Bu da bir ətək pul, ən əsası, vaxt tələb edirdi. Yerli mətbəə üçün isə linotip, çap maşını lazım idi.

 

SSRİ-nin təzəcə dağıldığı vaxtlar idi. Çap üçün həmin avadanlıqlar isə Rusiyadan gətirilirdi. Daha o Rusiya nə gəzirdi...

 

Məlum, çətin illər idi. Və burası da məlum idi ki, qəttəzə belə avadanlıqlar respublikamızın digər rayon qəzetlərinin sovetlərdən qalma mətbəələrində olmamış olmaz. O vaxt respublikanın Mətbuat və İnformasiya naziri işləyən, cavanlıqdan tanıdığım hörmətli Sabir Rüstəmxanlı və onun tabeliyindəki köhnə tanışım Xalidə xanımdan eşitdim ki, Yardımlı rayon qəzetinin mətbəəsində belə avadanlıqlar var... 1994-cü ilin aprel ayının 24-ü, bir yaz günü idi. (O yaz günlərini təsvir etmirəm... Yaz elə hər yerdə yazdı...)

 

Günortadan az keçmiş gəlib Yardımlıya yetişdik. O zamanlar şair Sahib Əliyev Bakıya köçməmişdi, yerli “Yeni kənd” qəzetinin redaktoru idi. Sahib müəllim məni  imzamdan, elə mən də onu  imzasından tanıyırdım. Redaksiyada görüşüb hal-əhval tutandan sonra mətbəəyə gəldik. Məlum oldu ki, linotip və çap maşınını darısqal, örtülü mətbəədən çıxarmaq üçün onları “montaj” etmək, yəni söküb hissələrə ayırmaq lazımdır. Bu iş üçünsə bacarıqlı ustalar lazımdır, o ustalar da qonşu Masallı və Lerikdə var.

Sahib müəllim Lerik deyəndə qulağım səksəndi, ürəyim titrədi.

 

(Açığı, Yardımlının Lerikə yaxın olduğunu bilmirdim. Mən Lənkəranla Astaranı Lerikə yaxın sanırdım. Görünür, coğrafiyanı düz-əməlli bilmirmişəm...) Masallı lap yaxın imiş və Masallıdan gələn ustalar bu iş üçün haqq tələb edəndə razılaşmadım. Daha doğrusu, bunu bəhanə elədim. Lerikli ustaların üstündə durdum, guya ki, onlar bu işi daha ucuz başa gətirəcəkdilər. Ürəyim atlanmışdı, arzum-istəyim 20 ildən bəri görmədiyim, qısa bir vaxt olsa da, illər öncə yaşadığım, mənə doğma Şabranım (o vaxtkı Dəvəçi) qədər əziz olan Leriki, bəlkə də rast gələcəyim köhnə dostları, ən əsası isə, illərlə görüşmək arzusunda olduğum adaşımı - şair Aydını görmək idi.

Son 20 ildə Lerik də dəyişmişdi. Mənə doğma, isti ocaq - Aydının təpənin döşündəki köhnə, o vaxtlar az qala bütün Azərbaycanda (elə bizim Şabranda) rast gəlinən, taxtadan quraşdırılmış eynitipli aptek də yerini  dəyişmişdi.

Günortaya yaxın, necə deyərlər, alverin şıdırğı vaxtı idi. Aptek də müştəri sarıdan gur idi və dəva-dərman üçün də nədənsə uzunömürlülər diyarı Lerikə xas olmayan dərəcədə növbə var idi.

Dostum da işçiləri ilə birgə diqqətlə reseptlərə baxır, alıcıları yola salırdı. Qəsdən dərhal görüşməyə tələsmir, bir qıraqda durub doyunca dostuma baxmaq istəyirdim. Artıq qocalmış, bir vaxt mənə yolladığı şəklində yazdığı kimi, saçlarına dən düşmüş Aydın yox, saçları ağappaq ağarmış adaşımı gah sevinc, gah kədər, gah nisgillə müşahidə edirdim və indi də özüm-özümə məəttəl qalıram ki, niyə mən aptekə girən kimi onun üstünə atılıb qucaqlamamışdım. Bəlkə də bu, Aydının halına-əhvalına o qədər də təsir etməzdi, axı, mən onu tanıyırdım, ya bəlkə bu qəfil görüşümüzdən nə qədər sevinsə də, məni bağrına basardı, eləcə qucaqlaşıb öpüşərdik... Nə isə... Mən də səbrimi basıb bir müştəri kimi növbəmi gözləyirdim. Növbə mənə çatanda: - Əşi, əlli tərpən də, nə qədər gözləmək olar? - deyə dilləndim.

Səsimdən tanıdı. Əlində resept olmayan, 20 ildən bəri görmədiyi “müştərini” görən əczaçı, özünün dediyi kimi “A”, əynindəki ağ xalatını dərhal soyunub harasa atmağı, piştaxtanın arxasından şığıyıb üstümə atılmağı indi də gözlərim önündədir, illər keçsə də, o səhnəni heç unuda bilmirəm...”

Eh, əzizim Aydın, unudulası o qədər işlər var ki, ruhunun harayı ilə zaman-zaman qucaqlaşan, uzun yollar keçib gələn, belə saf, pak duyğuları unutmaqmı olar? Unutma, əzizim unutma. Bir də ki, heç istəsən də unuda bilməzsən, nə olsun ki, “hal əhlisən”, sən özün də elə nurdan gələn ruh kimisən, pak, təmiz, məsum!

 

(Ardı var)

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.18-19;30