Azərbaycan-Polşa əlaqələrinin
təşəkkülü, formalaşması
POLŞA RESPUBLİKASININ MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ
Azərbaycanın
görkəmli dövlət xadimi, Azərbaycan Milli Qurtuluş
Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Azərbaycan-Polşa
əlaqələrinin üç başlıca səbəbini
göstərirdi: "Azərbaycanın Qafqaz xalqları ailəsinə
mənsubluğu, ölkədə yerli türk əhalisinin
çoxluğu və nəhayət bu xalqın rus imperializmi tərəfindən
əzilməsi".
M.Ə.Rəsulzadə qeyd edirdi ki, azərbaycanlılar
Polşanın ən yaxşı oğullarının
Şamilin qəhrəmanlıq mübarizəsi ilə
maraqlandıqları dövrü həmişə
heyranlıqla xatırlayır. Məlum olduğu kimi
həmin dövrdə polyaklar bu ölməz qəhrəmanın
azadlıq mübarizəsinə kömək üçün
artilleriya istehsalını təşkil etmişdilər.
Eyni zamanda Qafqazda knyaz Adam Çartorıskinin
Zax və Jordan kimi agentləri də fəaliyyət göstərirdilər.
Polkovnik Teofil Lapinskinin 200 nəfərlik dəstəsi
üç il Qafqazın
azadlığı uğrunda mübarizə
aparmışdılar. Qeyd olunmalıdır ki, Türkiyənin
Polşanın bölünməsi faktını
tanımaması da bu xalqın Türk xalqlarına daimi rəğbətinə
səbəb olmuşdur.
Rusiya əsarəti altında əzilən xalqlar
arasında Azərbaycanın siyasət xadimləri də
Polşanın siyasətçiləri ilə ciddi əlaqələr
qurmuşdular.
Bu əlaqələr daxilində hələ
çar Rusiyasının Dövlət Dumasında bizim
nümayəndələrlə Polşa təmsilçilərinin
münasibətlərini qeyd etmək mümkündür.
Eyni zamanda bu əməkdaşlıq o
dövrün məşhur "Federalistlər cəmiyyəti"ndə
də davam edirdi. Bu cəmiyyəti isə
Birinci Dövlət Dumasının başqa əyalətlərdən
olan nümayəndələri yaratmışdılar. Həmin
cəmiyyətin rəyasət heyətində Polşanın
tanınmış siyasi xadimi A. Lednitski ilə sonradan Azərbaycan
Parlamentinin sədri olan Əlimərdan bəy
Topçubaşov əyləşirdi.
Hər
iki xalqın oxşar tale yaşadığını qeyd edən
M. Ə. Rəsulzadə yazırdı: "Gəncə
mühasirəsinə rəhbərlik etmiş Sisiyanov şəhəri
işğal etdikdən sonra bu şəhərin müdafiəçiləri
ilə yanaşı, dinc sakinlərinə də
amansızcasına divan tutmuşdu. Gəncəli
Cavad xana göndərdiyi ultimatumda isə rus silahını tərifləyərək
qorxudurdu ki, bəs "Polşalılarla müharibədə
böyük qələbələr qazanmışam".
Azərbaycanlıları polyaklarla əlaqələndirən
çoxlu sayda faktları sadalamaq mümkündür. Məlumdur ki, tanınmış Azərbaycan mütəfəkkiri
Abbasqulu ağa Bakıxanov XIX əsrdə səyahətə
çıxarkən Varşavada da olmuşdu. Bu ölkə və şəhər haqqında,
oradakı insanlar ilə bağlı xoş təəssüratını
bildirmişdi. Məşhur polyak şərqşünası
Vladislav Kostyuşki isə 1858-ci ildə çap edilmiş
yazılarında məşhur alim və şair Mirzə
Kazım bəy haqqında maraqlı məlumatlar vermişdir.
O, göstərmişdir ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini
əsaslı şəkildə öyrənmişdir. Eyni zamanda o, Varşavaya gözəl şeirlər həsr
etmişdir. Mirzə Kazım bəyin poetik nümunələri
içərisində polyak dilində dini mövzuda
yazdığı bir neçə şeir də vardır.
Əslində çar Rusiyasının amansız rejimi
şəraitində yaşayan polyaklar azərbaycanlılara
qarşı imkan olanda xeyirxahlıq göstərirdilər. Milli mətbuatımızın
ilk nümunəsi olan "Əkinçi" qəzetinin nəşrinə
milliyyətcə polyak əsilli Bakı qubernatoru Staroselski
xeyirxahlıqla yanaşmışdı.
Artıq XX əsrin əvvəllərində Bakıda
şəhərin müsəlman dairələri ilə sıx
əlaqələri olan Polşa təşkilatları
mövcud idi.
Həmin vaxt azərbaycanlı tacirlər də
Polşaya tez-tez gedirdilər. Bakı
Varşava ilə sıx iqtisadi əlaqə saxlayırdı.
O dövrdə bəzi azərbaycanlı tələbələr
Varşava Politexnik İnstitutunda təhsil alırdılar. Onlar
danışırdılar ki, polyaklar çar
Rusiyasına nifrət edirlər və azərbaycanlılara
nümunə göstərərək nümayişkaranə
şəkildə rusca danışmaq istəmirdilər.
Bakı
neft sənayesi rayonunda polyak kapitalistlər də
çıxış edirdilər ki, onların arasında
Rılski qardaşlarını göstərmək olar. Əsədullayev qardaşlarının neft şirkəti
Polşaya neft daşıyırdı və orada çoxlu
ambarları vardı.
Polşa ilə olan əlaqələr iqtisadi məzmunda
deyil, həm də mədəni sahədə inkişaf edirdi. Xüsusən
gənc nəsil hələ XX əsrdən başlayaraq
Polşa ədəbiyyatı ilə maraqlanmağa
başlamışdı. Adam
Mitskeviçin və Senkeviçin adları milli mətbuatımızın
oxucuları üçün artıq yad deyildi.
Əslən polyak olan vəkil Vonsoviç isə 1918-ci
ildə formalaşan ilk Azərbaycan Parlamentinin üzvü idi. AXC
dövründəki (1918-1920) mövcud qaydalara görə
milli azlıqların nümayəndələri yalnız bir
mandata sahib olurdular. Polyak Vonsoviç
parlament iclaslarındakı çıxışlarında həmişə
Azərbaycan dövlətçiliyinin və milli partiya olan
Müsavatın mövqeyini müdafiə edirdi.
Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında
da polşalı ziyalılar yaxından iştirak edirdilər. Mühəndislər,
hüquqşünaslar bu sahədə böyük fəallıq
göstərirdilər. Azərbaycan
ordusunun formalaşmasında isə polyak zabitlərin
böyük rolu vardı. Sonradan bolşeviklər
tərəfindən güllələnən polyak, tatar əsilli
general Sulkeviç Azərbaycan ordusunun qərargahına
başçılıq edirdi.
Qeyd olunmalıdır ki, Azərbaycanda 1918-1920-ci illərdə
ilk demokratik dövlət qurulmasında və möhkəmlənməsində
Polşa tatarlarının da mühüm rolu olmuşdu. Onların arasında 1919-cu
ilin martında bolşevik işğalına qədər Azərbaycan
ordusunun ilk Ümumi Qərargah rəisi vəzifəsində
işləmiş general-leytenant Masey Sulkeviç (1865-1920),
Nazirlər Şurası dəftərxanasının rəisi,
publisist və tarixçi Leon Kriçinski (1887-1939), onun
qardaşı Ədliyyə Nazirinin müavini Olgerd
Kriçinski (1885-1939) və
başqalarının fəaliyyəti diqqəti cəlb edirdi.
Ümumilikdə isə Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi və dövlət
strukturlarında 20 nəfərə qədər Polşa
tatarı çalışırdı.
M. Ə.
Rəsulzadə polyak dilində nəşr edilmiş "Azərbaycan
Müstəqillik uğrunda mübarizədə"
kitabında isə əslən polyak olanların adı
sadalayır: "Azərbaycanın müəssisələrində
mən yalnız tatar polyaklarını deyil, eyni zamanda əsl
polyakları da görmüşdüm. Biz əlbəttə
ki, texniki səbəblərə görə burada həmin
adamların böyük bir siyahısını vermək
fikrində deyilik. Lakin Azərbaycanın dövlət həyatında
iştirak etmiş bəzi polyakların adlarını çəkmək
istəyirəm: Çeslav Qutovski - təhqiqat hakimi,
Çeslav Klossovski - prokuror köməkçisi, Kazimej Jepski
- prokuror köməkçisi, Komarovski - prokuror köməkçisi,
Ziqmund Belinski - notarius, Zaxobiç - hakim, Paçeviç -
hakim, Kiselevski - Ədliyyə Nazirliyinin kanselyariya direktoru və
s.
Göründüyü kimi, polyaklar hüquq sahəsindəki
işlərdə üstünlük təşkil edirdilər. Lakin onlardan bəziləri
dövlət müəssisələrində də müxtəlif
vəzifələr tuturdular".
Azərbaycanın müxtəlif bölgələrində
bolşeviklərə qarşı aparılan mübarizədə
polyaklar əsl fədakarlıq göstərmişdilər. Polyak zabitlərdən Zuqeniuş
Dunin-Martsinkeviç, kapitan Yeji Klossovski, kapitan Çarnetski,
kapitan Pavlovski, kapitan Tomişin və başqaları Gəncədə
silahlı müqavimətin təşkilində xüsusi olaraq
fərqlənmişdilər.
Qeyd edək
ki, Azərbaycanın
beynəlxalq dövlətlərə
tanıdılmasında da polyakların ölkəmizə həmişə
dəstəyi olmuşdu. Azərbaycan nümayəndələri
Versal konfransında Polşa nümayəndələri ilə
sıx əlaqələr qururdular. Onlar
Parisdə Paderevski və digər nümayəndələrlə
tez-tez görüşürdülər.
Məlumdur ki, Azərbaycanı tanıyan 23 dövlətdən
biri də məhz Polşa idi. O dövrdə başda
Filippoviç olmaqla (sonradan Polşa Respublikasının
Amerikada səfiri) xüsusi bir nümayəndə heyəti
Bakıya gəlmişdi.
1920-ci ildə bolşeviklər Azərbaycanı
işğal etdikdən sonra ilkin olaraq Gəncə şəhərində
böyük üsyan oldu. Bolşeviklərə
qarşı aparılan qanlı döyüşlərdə
minlərlə yerli əhali və əsgər-zabitlərimizlə
yanaşı artilleriya zabiti polyak Stankeviç də şəhid
oldu.
Qeyd edək
ki, Azərbaycan-Polşa əlaqələri tarixi
haqqında ilk mənbələr XV əsrlə
bağlıdır. Məhz həmin dövrdən
hər iki xalq arasında siyasi münasibətlərə aid
yazışmaların əsası qoyulmuşdur.
XVIII əsrdə isə T. Krusinskinin, M. Veçerkovskinin
və 1796-cı ildə Qafqaza səyahət etmiş V.
Bronevskinin əsərlərində Azərbaycanla bağlı
məlumatlar çap edilir.
XIX əsrdən isə hər iki xalq arasında əlaqələrin yeni inkişaf dövrü başlayır. Eyni taleyi yaşayan hər iki xalq (hər ikisinin həmin dövrdə Rusiya tərəfindən işğal edilməsi) ədəbi əlaqələr qurulmasında fəallıq göstərirlər.
Tanınmış Polşa şairi A. Mitskeviçin Şərq mövzusuna maraq göstərməsində isə tanınmış azərbaycanlı, şərqşünas alim Mirzə Cəfər Topçubaşovun tələbəsi A. Xodzkonun xidmətləri az olmamışdır. Sonradan M. C. Topçubaşov Mitskeviçin şeirlərini fars dilinə də tərcümə etmişdir.
Qafqaza sürgün edilmiş polyak şairi Tadeuş Lada Zablotskinin də (1813-1847) yazılarında Azərbaycanla bağlı tədqiq ediləsi faktlar çoxdur. Tanınmış yazıçı Vladislav Stşelnitskinin (1820-1846) "Qafqaz oçerkləri"ndə və "Mahmudbəy" povestində cərəyan edən hadisələrin də başlıca məkanı gözəl Azərbaycan torpaqları olan Lənkəran, Bakı, Şamaxı və Qarabağdır.
İstedadlı Polşa yazıçısı Y. Struşinski də Azərbaycanda olmuş, bu dili öyrənmiş və sonradan özünün "Gülşad" povestini yazıb, 1872-ci ildə nəşr etdirmişdir.
Qeyd edək ki, hələ XIX əsrdən başlayaraq Azərbaycanın tanınmış elm və ədəbiyyat xadimləri də Polşaya səfər edir, burada ciddi əlaqələr qururdular. XIX əsrin birinci yarısında Azərbaycanın tanınmış alim və yazıçısı Abbasqulu ağa Qüdsi Bakıxanov bu sahədə ilk addımı atanlar oldu. Onun Varşavada olması, tanınmış Polşa şairi T. Zabloçski ilə yaradıcılıq əlaqəsi qurması haqqında dəyərli faktlar mövcuddur.
Azərbaycan-Polşa əlaqələrinin formalaşmasında tanınmış Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının da böyük xidmətləri olmuşdur. Onun Varşavada fransız dilində nəşr edilən "Şərq povestləri" kitabı hər iki xalq arasında əlaqələr tarixinin öyrənilməsində ciddi mənbədir. Böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun da Azərbaycan-Polşa əlaqələrinin inkişafında xidmətləri vardır. Belə ki, 1876-cı ildə tanınmış polyak skripkaçı-virtouz M. Antoni de Kontski Tiflisə gəlir. Onunla tanışlıqdan sonra M. F. Axundov skripkaçının olduqca savadlı, geniş dünyagörüşlü və yüksək polemika mədəniyyətinə malik qızına "Vanda" şeirini həsr edir. Və böyük yazıçı azərbaycanlı qızları da belə savadlı, açıqfikirli görmək arzusunda idi.
Qeyd edək ki, tanınmış şərqşünas alimlərdən Mirzə Kazım bəyin, Mir Cəfər Topçubaşovun, Məhəmməd Sadıq Ağabəyzadənin də Polşa şərqşünaslığının inkişafında əvəzsiz xidmətləri vardır.
Əslən Göyçaydan olan Məhəmməd Sadıq bəy Ağabəyzadə 17 ilə qədər (1927-1943) əsası 1661-ci ildə qoyulmuş Lvov Universitetində çalışmış, istedadlı şərqşünaslar nəsli yetirmişdir.
XX əsrin əvvəllərində isə Azərbaycanda mindən çox polyak yaşayırdı. Bakıda yaşayan polyakların "Faris" adlı 200 tirajdan ibarət elmi-ədəbi aylıq qəzeti nəşr edilirdi. Qəzetin redaktoru Voyniloviç idi. Qəzetin ilk sayı 1907-ci ilin yanvar ayının 22-də çap edilmişdi. 1908-ci ildə isə qəzet nəşrini dayandırdı. Bakıda çap olunan "Kaspi" qəzetində isə Adam Mitskeviç və H. Senkeviçlə bağlı yazılar və onların əsərləri nəşr edilirdi. Yenə həmin dövrdə Polşa yazıçısı A. Asnıkanın "Polşa ürəyi" əsəri tamaşaya qoyulur. "Kaspi" qəzetində isə sonradan da mütəmadi olaraq Polşa ilə bağlı yazılar, məlumatlar dərc edilirdi.
XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən aşağıdakı qəzet və jurnallarda Polşanın mədəni-siyasi həyatı ilə bağlı yazılar çap edilirdi: "Molla Nəsrəddin", "Təzə həyat", "Sədayi-Qafqaz", "Açıq söz", "Sovqat".
M. Ə. Rəsulzadənin redaktoru və naşiri olduğu "Açıq söz" qəzeti də Azərbaycan-Polşa əlaqələri ilə bağlı məlumatlara geniş yer ayırırdı. 1916-cı ildə "Açıq söz"də tanınmış Polşa yazıçısı Henrix Senkeviçin ölümü haqqında nekroloq çap edilmişdi.
XX əsrin əvvəllərində Polşanın tanınmış neft sənayeçisi S. İ. Rılski Bakıda "Polşa Komitəsi"ni yaratmışdı və bu komitə Polşa qaçqınlarına kömək edirdi.
Eyni zamanda Bakıda ayrıca "Polşa evi" də fəaliyyət göstərirdi. "Polşa evi" tez-tez mədəni tədbirlər keçirir, maraqlı tamaşalar səhnəyə qoyurdu.
Nəsiman Yaqublu
525-ci qəzet.- 2015.- 11 noyabr.- S.8.