Şairliklə insanlığın həmişəyaşar
vəhdəti
ABBASAĞA AZƏRTÜRKÜN 80
İLLİYİNƏ
1970-ci ilin qışı
idi. Cəlilabad rayon qəzetinin redaktoru
təyin olunmuşdum.
Həvəslə işə başlamışdım.
İş gününün qızğın vaxtında
qapım döyüldü.
Qarayanız, düz qamətli,
ortaboylu, çevik hərəkətli, 35-36 yaşlarında
bir kişi
iti addımlarla mənə sarı gəldi, əlini irəli uzadıb adını dedi:
- Abbasağa!
Mən ayağa qalxıb onun əlini sıxdım:
- Xoş gəlmisiniz, Abbasağa müəllim,
- dedim, - sizin barənizdə çox eşitmişəm. Redaksiyanın sürücüsü Əlifağa
yol boyu şeirlərinizi əzbər
deyib, mən də məmnuniyyətlə
qulaq asmışam.
Qasım bəy Zakirə nəzirəniz xüsusilə xoşuma gəlib... Doğrusu neçə vaxtdır,
yolunuzu gözləyirəm.
Şair olasan, redaksiyanın qapısını açmayasan,
mümkün deyil.
Onun çöhrəsi təbəssümdən
işıqlandı:
- Özüm ləngidim, - dedi, - fikirləşdim ki, əvvəl
bu cavan təzə redaktorun çıxardığı qəzetlərə
baxım, sonra gedim özünü görüm. Yaxşı başlamısız. Qəzet əldən-ələ gəzir.
Xüsusilə, şənbə nömrələri, "Dəryaz"
səhifəsi, tənqidi
yazılar oxucuların
xoşuna gəlir.
Vəzifə sahiblərinin karikaturalarını
verməyiniz, satirik yazılarınız, felyetonlar
camaatın ürəyindən
xəbər verir.
- "Dəryaz"da
sizin satirik şeirlərinizin yeri görünür.
O, mənim sözlərimə
bənd imiş kimi qeyri-adi çevikliklə yeni şeirləri yazılmış
vərəqləri qarşıma
qoydu.
Həmin gündən başlayaraq Abbasağa müəllim qəzetimizin daimi müəlliflərindən oldu. Onun rayon qəzetində
çap olunan şeirləri sevilə-sevilə
oxunur, sonra respublikanın ədəbi-bədii
jurnallarında, müxtəlif
qəzetlərdə dərc
edilir, müəllifinə
şöhrət qazandırırdı.
Abbasağa Azərtürk anadan şair doğulmuşdu. Bu, Allah vergisi, Tanrının əvəzsiz töhfəsi
idi. Mən şairin "Səbzə
yadigarı" poeması
qəzetimizdə hissə-hissə
çap olunduğu vaxtlarda bu qənaətə
gəlmişəm. Bu gözəl əsərin yazılmasının çox
maraqlı tarixçəsi
var.
Əmək Qəhrəmanı Səbzə
Zeynalova vaxtsız vəfat etmişdi. Matəm
mərasimində mərhumun
qardaşı, rayonda sayılıb-seçilən təşkilatçı
Vəkil Zeynalov müharibənin ağır
illərində böyük
bacısının hələ
yeniyetmə ikən hər cür əzab-əziyyətə qatlaşaraq
tarlada yorulmaq bilmədən çalışmağından, atasız, başsız ailəni, kiçik bacı-qardaşlarını təkbaşına
dolandırmağından, öz
zəhməti ilə yüksəlib Əmək
Qəhrəmanı adına
layiq görülməyindən,
cavan yaşlarından
el-obaya ağbirçəklik,
yetim-yesirlərə analıq,
böyük bir təsərrüfata başçılıq
etməyindən hüznlə
danışarkən hamı
kövrəldi, şairin gözlərində
yaş gilələndi...
Ertəsi gün səhər tezdən Abbasağa müəllim redaksiyaya gəldi.
Bütün gecəni yatmadığını,
Səbzə Zeynalova haqqında poema yazdığını bildirdi. Oxuyub kövrəldim.
Elə bil ürəyinin qanı ilə yazmışdı.
Müharibə başlayan kimi Abbasağanın atası cəbhəyə getmiş,
anası "kirpiyində
od götürüb"
balalarını aclığın,
ehtiyacın pəncəsindən
qurtarmış, əzab-əziyyətlə
böyüdüb boya-başa
çatdırmışdı. Mənim də
uşaqlıq taleyim belə olmuşdur. Tərcümeyi-halımızdakı bu
oxşarlıq bizi sanki doğmalaşdırmışdı.
Odur ki, mən rəsmi redaktor deyil, həmin məşəqqətli
illərin şahidi kimi arxa cəbhəni, camaatın güzəranını,
bir tikə çörək tapıb
uşaqlarını yarıac,
yarıtox dolandırmaq
üçün analarımızın
necə müsibətlər
çəkdiyini şairin
son dərəcə təsirli,
bədii realist boyalarla
əks etdirməsini yüksək qiymətləndirdim.
Abbasağa müəllimi təbrik edib, məsləhət gördüm ki, əsəri tamam-kamal bitirsin, sonra qəzetdə hissə-hissə
çap edək. Razılaşmadı. Əlini ürəyinin üstünə qoyub dedi: "Hamısı buradadır. Siz bu hissəni
çap edin. Mən gecələr yazıb səhərlər ardını
hissə-hissə gətirərəm,
beləcə bütün
poemanı yazıb sizə çatdıraram".
Mən onun istedadına bələd idim. İnanırdım ki, gecəni
gündüzə qatıb
əsəri tamamlayacaq.
Ancaq bütün poemanı tamamilə oxuyub çapa hazırlamadan qəzetdə dərc etməyə başlamaq o vaxt mənim üçün bir redaktor kimi böyük
risk idi. Nəhayət, razılaşdım. Poema bir
aya qəzetdə hissə-hissə çap olundu. Bu müddətdə
mən hər səhər Abbasağanı
intizarla gözləyir,
o isə vədinə
əməl edərək,
əsərin davamını
"isti-isti" mənə
çatdırırdı. Açığını deyim ki, mən həm həyəcanlanır, həm
də Abbasağanın
fitri istedadına heyran olurdum. Qəzet əldən-ələ gəzir, ətraf rayonlara, Bakıya aparıb oxuyurdular.
Nəhayət, poema bütövlüklə çap
olundu. Az
sonra Bakıda Abbasağanın şeirləri
ilə birlikdə kitab şəklində buraxıldı, müəllifinə
böyük şöhrət
və hörmət qazandırdı.
lll
Abbasağa Azərtürk, istedadlı şair, gözəl ədəbiyyatçı, müəllim olmaqla bərabər, bütöv şəxsiyyət idi. El-obanın dərd-sərini öz qayğılarından ayrı düşünməyən, ədalətsizliyə, nadanlığa düşmən kəsilən, ürəyindəki dilində olan, hiddətini, nifrətini cilovlaya bilməyən, haqsızlığa dözməyən, sözünü üzə, vəzifəsindən asılı olmayaraq təqsirkarın düz gözünün içinə deyən, elə buna görə də tez-tez "başı ağrıyan", yuxarıların qəzəbinə düçar olan, bütün ağrı-acılara, çətinliklərə məhəl qoymayaraq haqq yolundan dönməyən mübariz, inadkar, dəyanətli, qətiyyətli şəxsiyyət, yeri gələndə dostları qarşısında səhvlərini etiraf etməyi bacaran təmiz, saf, kövrək qəlbli insan, qılınc kimi kəsərli, gül təki ətirli poetik əsərlər müəllifi idi Abbasağa Azərtürk!
Tək mənəm yer üzündə gül əkib,
tikan dərən,
Yaradanın özüdür başıma kül əndərən
Varmıdır mənim kimi milləti
pərən-pərən,
Vətəni bölüm-bölüm?!
lll
Məni darda qoysalar da,
Gözlərimi oysalar da,
Dabanımdan soysalar da,
Səngərimdə dipdiriyəm!
Azərbaycan şairiyəm!
- deyən istedadlı
qələm sahibinin poeziyası, gözəl lirikası öz təravətini heç zaman itirməyəcək,
onun adını daim yaşadacaq!
Əlövsət BƏŞİRLİ
525-ci qəzet.- 2015.- 11 noyabr.- S.6.