Azərbaycanın orta əsrlər
tarixinə dair yeni tədqiqat
Şərqşünas alim, tarix elmləri doktoru Nərgiz Əliyevanın yenicə çapdan çıxmış
"Azərbaycanın elmi-mədəni
mühitinin öyrənilməsində
ərəbdilli ədəbiyyatın
rolu (XI-XIII əsrlər)"
monoqrafiyası Azərbaycan
tarixşünaslığında az toxunulmuş sahə olan orta əsrlər Azərbaycan şəhərlərinin
ziyalı mühitinə
həsr olunub.
Kitabda dövrün elmi mühitini formalaşdıran
görkəmli xadimlərin
elmi fəaliyyətinin
öyrənilməsində rolu olan XI-XIII əsrlər ərəbdilli
müəlliflərin - Siləfinin
"Mucəm əs-Səfər",
İbn Makulanın
"əl-İkmal", İbn
Nöqtənin "ət-Təqyid",
İbn Sabuninin "Təkmilə əl-İkmal
lil-İkmal" əsərləri
ilk dəfə elmi tədqiqata cəlb edilərək kompleks şəkildə araşdırılıb.
Eyni zamanda monoqrafiyanın müəllifi bu mənbələrdəki məlumatlara
istinadən tarixi, tarixi-coğrafi və digər ərəbdilli mənbələrə, yerli
və xarici ölkə alimlərinin əsərlərinə, eləcə
də arxeoloji, numizmatik və epiqrafik materiallara müraciət olunmaqla Azərbaycan ərazisində
ərəb-müsəlman mədəniyyətinin
yayılması problemi
tədqiq edib.
Şəhərin intellektual mühitini formalaşdıran şəxsiyyətlər
və onların əsərləri haqqında
bütöv təsəvvürün
yaradılması, həmçinin
Azərbaycanın Yaxın
və Orta Şərqin müxtəlif
mədəniyyət mərkəzləri
ilə əlaqələrinin
öyrənilməsi baxımından
ərəbdilli bioqrafik
mənbələrin təhlili
xüsusi önəm daşıyır. Misilsiz əhəmiyyəti olan bu mənbələri
tədqiq etmədən
Azərbaycanın o dövrdəki
mədəni- mənəvi
həyatının öyrənilməsi
mümkün deyildir.
Odur ki, dövrün mədəniyyətinin daşıyıcıları
olan ziyalılarımızın
ümummüsəlman mədəniyyəti
kontekstində rolunun aşkarlanmasında ərəbdilli
bioqrafik əsərlərin
misilsiz əhəmiyyəti
vardır.
Monoqrafiyanın mühüm istiqamətlərindən
biri tarixşünaslığımızda
bəhs edilən dövrün ziyalı mühitinə toxunan tədqiqat əsərlərinin
obyektiv elmi nöqteyi-nəzərdən tənqid
olunmasıdır. Müəllif haqlı olaraq qeyd edir ki,
Sovet hakimiyyəti dövründə islam və islam mədəniyyətinə
münasibət, bu sahədə aparılan elmi tədqiqat əsərləri obyektivlikdən
uzaq olmuşdur. Bəzən islam
mədəniyyətinə aid, o cümlədən, islam dinindən bəhs edən mənbələr
tədqiqata cəlb olunmur, ya da
tarixə aid kitablar yazılarkən bu mövzunun üzərindən
sükutla keçilirdi.
Nərgiz
Əliyevanın orta əsrlər Azərbaycan tarixinə dair yeni əsərinin maraqlı cəhətlərindən
biri də Azərbaycanda islamlaşmanın
və islam
elmi mühitinin mərhələşdirilərək hər dövrün səciyyəvi xüsusiyyətlərini,
islamın və islam elmi mühitinin
yayılmasına təsir
göstərən hadisə
və istiqamətlərin
verilməsidir. Əsərdə
raşidi xəlifələr,
sərkərdə və
yerli hakimlərin islamlaşma və islam mədəniyyətinin
təbliğ olunması
yönündə apardığı
siyasət təhlil olunur, müqayisə aparılaraq onların arasında bu baxımdan fərqlənənlər
üzə çıxarılır.
Müəllif tarixşünaslığımızda
ilk dəfə olaraq Səmani, İbn Makula, Siləfi, Hakim Nişapuri, Daraqutni və Yaqut Həməvi
kimi ərəbdilli müəlliflərin bioqrafik
janrdakı əsərlərini
müqayisəli şəkildə
təhlil edərək
azərbaycanlı alimlər
haqqında səhih məlumatlar üzə çıxarmışdır. Məsələn,
Səmaninin "Kitab əl-Ənsab" əsərində
120, İbn Makulanın"
əl-İkmal" və
İbn Nöqtənin
"ət-Təqyid" əsərlərində
60-dan çox azərbaycanlı
ziyalıdan söz açılır.
Monoqrafiyanın müəllifi Azərbaycanda
islam elmi-mədəni
mühitinin yaranıb
təşəkkül tapması
prosesinə toxunaraq qeyd edir ki,
islamlaşmanın ilk mərhələsində
qəbul edilmiş islam dini yalnız
müəyyən vaxt
keçdikdən sonra
öz mədəni təsirilə həqiqi inam kimi mənimsənilmiş,
tam əqidəyə çevrilmişdir.
Məhəmməd peyğəmbər və onun ardıcılları
yeni dini etiqadın əqidədə
tam möhkəmlənmədiyi dövrdə bu dinin təbliğində və onu qəbul
edənlərlə ehtiyatlı
olmağı tövsiyə
edirdi. Burada ərəb dilinin
öyrənilməsi məcburiyyətini
ortaya çıxaran səbəblər və tədricən bu dilin hakim dilə çevrilməsinə şərait
yaradan amillər araşdırılır. Tədqiqatçı göstərir ki, xəlifə Əbdülməlikin
hakimiyyəti illərində
(685-705) Azərbaycanda dil
siyasəti yerli ziyalıların öz xalqından çıxmış
imtiyazlı təbəqəsinin
formalaşmasına əlverişli
şərait yaratdı.
Bu imtiyazlı təbəqəyə daxil
olan məvali şairləri təmiz müsəlman adları ilə yazıb yaradırdılar. İbn Quteybənin
"əş-Şeir vəş-Şüəra"
əsərində söz
açdığı azərbaycanlı
şairlər - Musa Şəhəvat,
Əbul-Abbas Əma, İsmayıl ibn Yəsar VII əsrin axırları-VIII əsrin
əvvəllərində yaşayıb-yaratmışlar.
IX əsrin əvvəllərində
xilafətin mədəni-dini
həyatı xüsusilə
inkişaf edir, özünün çiçəklənmə
dövrünü keçirirdi. Mövcud elmi
ədəbiyyatın xarici
dillərdən ərəbcəyə
tərcümə olunması
da elmin və mədəniyyətin
inkişafına təkan
verirdi. Müəllif
monoqrafiyada qeyd edir ki, hələ
xəlifə Harun ər-Rəşidin hakimiyyəti
dövründə (786-809) Bağdadda
təsis edilmiş,
elm və mədəniyyətin
inkişafına daha böyük imkanlar yaratmış elmi mərkəzlərdə ərəb
dilinə tərcümə
olunmuş əsərlər
Azərbaycanda da yayılmışdı.
XI əsrdə Səlcuq sultanlarının Arranın
paytaxtı elan olunan Gəncədəki elmi məclisində İbn Makula kimi hörmətli alimin iştirak etməsi, onun Gəncə kitabxanasının
mühafizi Əbülfəzl
Xodadad ibn Asim ibn Bəkran
Nəşəvinin hədislərini
dinləməsi barədə
məlumat ilk dəfə
olaraq aşkarlanır.
Misirdən Yaxın və Orta Şərqin,
o cümlədən, Arran
və Azərbaycanın
şəhərləri arasında
mədəni inkişaf
səviyyəsinə görə
seçilən Gəncəyə
səyahət edən
"Mucəm əs-Səfər"in
müəllifi Əbu
Tahir Siləfi şəhərdə olarkən
buraya gəlmiş bir sıra alimlərlə
görüşmüş, onlardan bəzilərinin nəql etdikləri hədisləri dinləyərək
bu alimlər və onların isnadları haqqında yeni məlumat toplamışdır. Müasir oxucu
"Mucəm əs-Səfər"
əsərinə əsasən
Gəncədəki Nizamiyyə
mədrəsəsi və
onun müəllimləri
haqqında ilk dəfə
olaraq məlumat əldə edir. Bərdə və Gəncə ilə yanaşı, Yəzidiyyə (Şamaxı),
Nəşavə (Naxçıvan),
Səlmas, Xoy və digər şəhərlərin elmi-mədəni
həyatı haqqında
ilk dəfə aşkarlanan
məlumatlar tədqiqatı
daha da zənginləşdirir.
Kitab Azərbaycanda islam
elmi mühitinin təşəkkül tapmasında
böyük rolu olmuş tədris müəssisələri, burada
çalışan azərbaycanlı
alimlərin fəaliyyətinə
işıq salır, bu tipli mədrəsələr
və onların müəllimləri haqqında
xeyli yeni məlumat ortaya qoyur. Əsərdən çıxarılan elmi nəticələr belə deməyə əsas verir ki, Yaxın və Orta Şərq
xalqları ilə birlikdə azərbaycanlı
alimlərin aparıcı
qüvvələrinin böyük
bir hissəsinin formalaşmasının başa
çatmasında Nizamiyyə
mədrəsələrinin çox mühüm rolu olmuşdur.
Təqdirəlayiq haldır ki, müəllif monoqrafiyanı
ərsəyə gətirmək
üçün 500-ə yaxın
mənbə və elmi ədəbiyyatı araşdırmışdır. Yeni tədqiqat
milli mədəniyyətimizin
tarixini hərtərəfli
öyrənmək üçün
böyük əhəmiyyət
kəsb edir. "Azərbaycanın elmi-mədəni mühitinin
öyrənilməsində ərəbdilli ədəbiyyatın
rolu (XI-XIII əsrlər)"
monoqrafiyası Azərbaycan
tarix elminə layiqli töhfədir.
Teymur BÜNYADOV
525-ci qəzet.-
2015.- 11 noyabr.- S.6.