Qafqaz Albaniyasına səyahət
öyrənilməmiş səhifələrin izi
ilə
Tarix - bizə kimliyimizi tanıdan, dövlətçilik ənənələrimizi yaşadan, tolerantlığımıza şahid olan əsrlərin daş yaddaşı. Tarix – soy kökümüzü qoruyan sirr pərdəsi. O sirləri açmaq, dərin araşdırmalar süzgəcindən keçirmək, oyadaraq gələcək nəsillərə ötürmək müqəddəs missiyadır.
Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası son dövrlər tapılmış antik yaşayış məskənləri ilə hazırda ölkə ictimaiyyətinin dıqqətini cəlb edir. Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən arxeoloq-alimlərimiz tariximizin açılmamış səhifələrini araşdırmaqda davam edirlər. XX əsrin 70-ci illərindən başlayaraq, bu məsələ arxeoloqların diqqətini cəlb etsə də, Azərbaycanda qədim dövrdə salınmış antik yaşayış məskənləri yalnız son illərdə ciddi şəkildə öyrənilməyə başlanıb. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Yaradıcılıq Fondu ilə birgə silsilə tədbirlər həyata keçirir. “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində Qafqaz Albaniyasının tarixinə, abidələrinə dair Azərbaycanın müxtəlif bölgələrində artıq 20-dən çox mühazirə təşkil olunub, tarixi məkanlara yerli və xarici tələbələrin səfərləri həyata keçirilib, dəyirmi masalar, müzakirələr olub. Bilik Fondu tariximizin qədimliyini və Azərbaycanın bəşər sivilizasiyasının ilk məskənlərindən biri olduğunu göstərmək məqsədilə tanınmış alimlərimizin iştirakı ilə Qafqaz Albaniyası marşrutu üzrə turlar müyyənləşdirib.
2015-ci il aprelin 21-də İtaliyanın Pontifik Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və "Nodo di Kordio" Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udi-lər)" mövzusunda keçirilən beynəlxalq konfransda Bilik Fondu Qafqaz Albaniyası abidələrinin fotosərgisini təşkil edib. Sərgidə Azərbaycan ərazisində tapılmış qədim yaşayış məskənlərinin, Alban mədəniyyətinə məxsus tikililərin fotoları nümayiş olunub. Konfrans iştirakçıları sərgini böyük maraqla izləyiblər.
Sentyabrın 22-də Qazaxda keçirilən tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova iştirakçılara Qafqaz Albaniyası və arxeoloji qazıntılar barədə danışıb. Alim həm Qarabağ bölgəsində, həm də Gədəbəy rayonunda aşkar edilən arxeoloji tapıntılar, həmçinin, Qazax rayonunda yerləşən Qafqaz Albaniyasının maddi-tarixi abidələri barədə geniş məlumat verib. Tədbirə qatılan tələbə və şagirdlər rayon mərkə-zindəki kilsəyə, Daşsalahlı kəndindəki Damcılı yaşayış məskəninə, qədim albanlara məxsus məbədə ekskursiya ediblər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin rəhbərlik etdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən etibarən Qalatəpədə tədqiqatlar aparıb və aparılan arxeoloji qazıntılar bu abidənin antik və orta əsrlərə (e.ə.III – b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər məskəni olduğunu təsdiq edib. Bilik Fondu oktyabrın 31-də müxtəlif ali məktəblərdə təhsil alan bir qrup tələbənin Ağcabədi rayonuna səfərini təşkil edib. Səfərdə azərbaycanlı gənclərlə yanaşı, əcnəbi tələbələr də iştirak ediblər. Qalatəpə ekskursiyasına bələdçilik edən Təvəkkül Əliyev Mil-Qarabağ düzündə - Ağcabədi rayonunun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qar-qarçayın sağ sahilində yerləşən, ümumi sahəsi 26 ha malik olan, Azərbaycanın qədim dövr tarixinin şahidi olan Qalatəpə (Ayniana – Yunan) yaşayış məskəni haqqında maraqlı məlumat verib. T.Əliyev aparılan arxeoloji qazıntılar əsasında əldə edilən dəlillərə söykənərək, bu ərazidə insanların eramızın əvvəllərindən etibarən yaşamağa başladığını deyib. Təcrübəli arxeoloq bu yaşayış məskəninə məxsus olan antik nekropolda 14 küp və 3 torpaq qəbrin tapıldığını, bu qəbirlərdən alban tayfalarının gündəlik həyatını, məşğuliyyətini əks etdirən eksponatların aşkar edildiyini də gənclərin diqqətinə çatdırıb. Bu səfərdə iştirak edən Türkiyə, Polşa, İta-liya, Ukrayna, Pakistan, Qazaxıstandan olan tələbələr Azərbaycan ərazisində belə qədim yaşayış məskəninə ekskursiya etməkdən məmnun olduqlarını bildiriblər.
Ta qədimdən multikultural ənənələrlə yaşayan Azərbaycan ərazisində bütün dinlərin nişanələri, fərqli
mədəniyyətlərin daşıyıcısı olan qədim abidələr var.
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.8