Keçmişə boylanmaq ehtiyacı
YAZIÇI-DRAMATURQ ƏLİ ƏMİRLİYƏ AÇIQ MƏKTUB
Əziz
qardaşım Əli!
Sənin "Azərbaycan" jurnalının oktyabr
nömrəsində çap etdirdiyin "Ağdamda nəyim
qaldı?" avtobioqrafik romanını, demək olar, birnəfəsə
oxudum. Etiraf edim ki, burada "oxudum" ibarəsi, sənin
romanını oxuduğum anlardakı ovqatımı heç də
özündə tam əks etdirmir. Sənin
səmimi, özü də koloritli, Qarabağ qoxulu xatirələrin
istər-istəməz məni də Ağdamlı günlərimə
qaytardı, həm bolluca duyğulandırdı, həm də
ifrat dərəcədə güldürdü. Yazırsan ki, "keçmişə
boylanmağı sevmirəm, gələcəyə də
heç vaxt möhtəşəm planlar qurub, arzular
sorağında olmuram". Əlbəttə,
heç bir etirazım yoxdur. Amma düşünmürəm
ki, "keçmişə boylanmağa" hacət yoxdur,
var! Axı hər bir insanın keçmiş
yaşantıları onun dışında yox, özündə,
içində, yaddaşındadır. Yaddaş
isə adi bir sözdən oyanır, canlanır, ləpələnir,
yatmış duyğular, hisslər üzə
çıxır, nə vaxtsa yaddaşının
"künc-bucağından" boylanıb çəkilir.
Əslində səni
avtobioqrafik roman yazmağa təhrik edən, çox-çox
illər öncə Ağdamda qoyub gəldiyin (əgər
qoyub gəlmək mümkünsə!), zaman-zaman qövr eləyən
keçmişindi.
Səninlə tanışlığımızın
yaşı kifayət qədər çox olsa da, xatirə-romanını
oxuyanda anladım ki, uşaqlıq və yeniyetməlik, o
dövrkü mühitin, valideynlərin haqqında, əslində,
xəbərsizəmmiş.
Bir oxucu kimi xatırladım ki, memuar ədəbiyyatını,
görkəmli tarixi şəxsiyyətlər haqqında
avtobioqrafik əsərləri çox sevirəm. Çünki
bu əsərlərdə bəzəmə, şişirtmə
olmur, əsasən, hər bir hadisə, əhvalat olduğu
kimi təsvir olunur. Bildiyin kimi, rus və Qərb
ədəbiyyatında bu janrda yazılmış əsərlərin
sərhədləri aşmış çoxlu nümunələri
vardır. Təəssüf ki, Azərbaycan
ədəbiyyatında diqqəti cəlb edən ədəbi
memuarlar barmaqla sayılacaq qədər azdır. Bəlkə də, bu qıtlığın
başlıca səbəbi bizim mentalitetimizlə
bağlıdır. Şifahi nitqimizdə nəsil-kökümüz,
valideynlərimiz və ətrafdakılar haqqında yeri gələndə
hər şeyi bütün çılpaqlığıyla
danışırıq, lətifələr qoşmaqdan belə
çəkinmirik, ancaq elə ki, olmuşları qələmə
alırıq, vəziyyət dərhal qəlizləşir.
Qohum-əqrəba bu qələmə
alınıb əbədiləşmiş memuara, avtobioqrafik əsərə
qısqanc, bəzən isə əsəbi, qərəzli
münasibət bəsləyir. Səbəb
sadədi - hamı yazılmış xatirə ədəbiyyatında
özünü qəhrəman, qüsursuz görmək istəyir,
təbiətindəki naqisliyi, ziddiyyətləri, ikiliyi
görmək istəmir. Bu baxımdan memuar
ədəbiyyatımızın bolluğundan danışa bilmərik.
Əlbəttə, bu sahədə cəsarət göstərən
yazıçılarımız da var. Cəlil Məmmədquluzadənin
"Xatıratım", Yusif Vəzir Çəmənzəminlinin
"Bir cavanın dəftəri", "Həyatımın
20 ili", Həmidə xanım Cavanşirin "Xatirələrim"
əsərlərini məmnunluqla xatırlamalıyıq. Bu müəlliflər həyatlarında, talelərində
iştirak etmiş doğmaları, tanışları barədə
çəkinmədən, hər şeyi olduğu kimi qələmə
almışlar. Onsuz da bu dünyada nə gizli qalır
ki... Ələlxüsus da tanınmış
adamların həyatı.
Əzizim Əli müəllim, sən də uzun illərdən
sonra özündə cəsarət tapıb uşaqlıq və
yeniyetməlik dövründən, valideynlərindən,
qohum-qonşudan bəhs edən maraqlı bir xatirə-roman
yazmısan. İllərlə içində gəzdirdiyin, səni
ağrıdan, incidən kədəri, fərəhsiz keçən
uşaqlıq və yeniyetməlik çağını, nəhayət,
avtobioqrafik romanınla ictimailəşdirmisən. Bəlkə də, romanında bəhs etdiyin bir
çox məqamları yazıya köçürmək
üçün zaman gərəkmiş.
Yadımdadır ki, sənin 1991-ci ildə
yazdığın "Ölü doğan şəhər"
romanını 1997-ci ildə mənim baş redaktoru olduğum
"Gənclik" nəşriyyatının planına
salmışdıq. Təəssüf ki, nəşriyyatın
maliyyə vəziyyəti ağır olduğundan romanın nəşri
çox ləngidi. Bir gün nəşriyyata gəlib
dedin ki, istəyirəm kitabı Xanlaroğlu imzası ilə
nəşr edəsiniz. Mən başa
düşdüm ki, bu romanda təsvir etdiyin hansısa əhvalatamı,
hadisəyəmi, prototipəmi görə kimisə incitmək
istəmirsən. Baxmayaraq ki, kitabın əvvəlində
oxucuya belə bir ismarış göndərmişdin:
"Hörmətli oxucum, bu kitabdakı surətlər, hadisələr
və şəhər, təbii ki, mənim yazıçı
təxəyyülümün, fantaziyamın məhsuludur. Burada prototiplər axtarmağını, oxşar
hadisələrlə, tanış məkanlarla eynilik gəzməyini
istəməzdim".
Sənin romanın xeyli gec, 1999-cu ildə Xanlaroğlu
imzası ilə yox, Əli Əmirli imzası ilə nəşr
olundu. Mən onda bilmədim ki, Xanlar sənin doğmaca atan
olub.
Xatirəndən bəlli olur ki, Ağdamın Novruzlu kəndində,
Boccalı məhəlləsində Xanlar kişinin dörd
qız övladından sonra dünyaya gəlmisən. Dörd
bacının balaca qardaşı kimi ailənin ərköyünü
olmusan. Lakin sən yeddi yaşında olanda bütün
Qarabağda Artist Mamed ayaması ilə tanınan, hörmət,
izzət sahibi Məmməd Əmirovun təzə, özü
də övladı olmayan xanımıyla sizə gəlməsi
ilə sənin ərkəsöyünlüyünə son
qoyulur. Mamed müəllimin zövcəsinin səndən
xoşu gəlir və səni oğulluğa
götürüb Ağdama, evlərinə aparmaq istəyir.
Mamed müəllim arvadının
sözünü yerə salmır və səni anandan -
doğmaca bacısı Sitarə xanımdan istəyir.
İndiki əxlaq prinsipimizlə yanaşsaq, Sitarə xanım
sevimli qardaşına qətiyyətlə "yox" deməliydi,
"yox", ən azından ona görə ki,
qardaşının yetkin yaşlı oğlu vardı, övlad
həsrətlisi deyildi. Ancaq söhbət 50-ci
illərdən, başqa bir mənəvi-əxlaqi dəyərlərin
hökm sürdüyü, hörmətli-izzətli qardaşa
sayğı dolu çağdan gedir və Sitarə xanım
heç bir tərəddüd etmədən razılıq
verir və üstəlik "Saa mənim canım da
qurbandı!" - deməyi də
unutmur.
Mamed müəllim səni
Ağdama, evinə gətirir və özünün dediyin
kimi, bununla da uşaqlıq həyatın bitir. Nə gizlədim, məni içdən
ağrıdan da sənin uşaqlığının belə
gözlənilmədən "bitməsidir". Halbuki uşaqlıq elə o yaşdan
başlayır. Çünki sən həmin
çağdan doğmaca atan Xanlar kişinin yox, Papa dediyin
Mamed müəllimin oğlu kimi böyüdün və onun
soyadını daşıdın. Əlbəttə,
indiki yaşında səni qınayıb demək olar ki,
Əli, qardaş, niyə onda ağlayıb-bağırıb,
"atamı-anamı istəyirəm!" - deyə həşir qoparmamısan? Amma dərhal da fikrimdən daşınıram ki, o
yaşda uşaq çox şeyin fərqində olmur, nədənsə
xoşu gəlir, nədənsə hürküb çəkinir,
qapalı olur.
Qardaşım,
insan xisləti nə qədər mürəkkəbdir! Anan
Sitarə xanım, artıq əmi deyə müraciət
etdiyin Xanlar kişi sənin xiffətini
çəkirlər. Doğmaca anan kənddən Ağdama
bazarlığa gələndə girəvələyib:
"Ə, qorxub-eləmə, saa pis baxırlarsa de, bu saat
aparım səni evimizə" - deyər, amma sən dayı
evindəcə güzəranından razı olmasan da,
onların ürəyinə xal salmırsan. Çünki
başa düşmüsən ki, Papa dediyin dayın Mamed
müəllim ananın "uman və güman yeriydi".
Ax,
Əli bəy, mən sənin çox ustalıqla təsvir elədiyin
o Dəyirman həyətində necə də tədricən
böyüdüyünü, balaca çiyinlərinin, əslində,
sənə yad-yabançı olan ailə qayğıları
altında ağrıyıb-sızladığını,
valideyn sığal-tumarına tamarzı
qaldığını, əyin-baş sarıdan çəkdiyin
korluğu, daim ürəyinlə
danışdığını, ürəyindən keçənləri
bölüşdürməyə həmsöhbət, simsar
tapmadığını incədən-incə duyuram və istər-istəməz
kövrəlirəm.
Əli bəy, heyrət edirəm ki, Dəyirman həyətinin
təsvirində bu həyətdə yaşayan azərbaycanlı,
erməni, cuhud ailələrinin bir-birinə münasibətlərini
necə də bütün aydınlığı, koloriti ilə
illərin ardından bu günə gətirə bilmisən? Bu həyətin
və həyətdəki insanların təsvirində yazıçı
Əli Əmirli ilə dramaturq Əli Əmirli çəkici
zindana eyni ahənglə vurur. Dialoqların
sərratlığı, canlılığı heyrət
doğuracaq qədər təbiidir. Sən
yaşlı qarabağlıların - nənənin,
dayının, eləcə də erməni və başqa tiplərin
bir-birindən fərqlənən danışıq tərzini,
ədalarını, özlərinə məxsus
söyüşlərini belə, necə də yadında
saxlaya bilmisən. Etiraf edim ki, bu
qarşılaşma səhnələrini oxuyarkən, bəzən
gözüm yaşaranacan gülmüşəm. Səni çox da sevməyən (səbəbini, yəqin
ki, bir özü, bir də Allahı bilib) Nənənin obrazı
unudulmazdı. Sən öz romanında nə qədər
təbii və səmimisən! Bir yerdə
yazırsan ki, "Nənəm demiş, "uluyan
arvaddara" xüsusi bir ləzzətlə qulaq
asırdım. Zəhra Rəhimovanın
ifasında Firuzənin ariyasını dinləməkdən
doymurdum, hətta Üzeyir bəyin bu gözəl əsərini
əzbər bilirdim. Bir də görürdün
ariyanın kuliminasiya hissəsində Nənəm müğənnidən
bərk qışqırırdı:
- “Ay üstünə od tökülsün, kəs o
uluyan arvadın səsini, başım getdi!"
Sənin təsvir elədiyin Dəyirman həyətində
erməni millətinin Baqrat, Arsen, Knarik, Donora, Şurayya,
Robert, Valod kimi tipik nümayəndələri də
yaşayır.
Altmışıncı illərin adamları.
Sənin təsvirindən bəlli olur ki, onlar nəinki
bizimlə, heç bir-biriləriylə də yola getmirmişlər.
Ətli-əndamlı Knarikin abırlı-həyalı,
ondan daha yaxşı dolanan Baqratı, onun ailəsini görməyə
gözü yoxdur. Qadının hikkəsi
o yerə çatır ki, Baqratı əlindəki
süpürgə ilə döyür. Sənin şahidi
olduğun bu mənzərənin təsvirini necə gülmədən
oxuyasan: "Baqrat süpürgə zərbələrinin
altında çaşıb qalmışdı. Neyləyəcəyini
kəsdirə bilmir, müqavimət də göstərmirdi.
Hiss olunurdu ki, süpürgə zərbələrindən
qorunmağı özünə
sığışdırmır. Sir-sifətdən
çıxmış arvad isə getdikcə
azğınlaşırdı. Nəhayət, rüsvay
olmuş kişi hirsindən tüpürcək
ifraz edən qadını dayandırmaq üçün ermənicə
nəsə dedi. Elə bil Knarikə od
qoydular. Hikkəsindən ağlını itirmiş qadın
dava-dalaşdan ləzzət alan
tamaşaçıların gözünün qabağında
arxasını Baqrata çevirib ətəyini yuxarı, belinə
qaldırdı. Əlini on qoyun quyruğuna bərabər
yanına bir neçə dəfə ləzzətlə
şappıldadıb erməni dilində deyil, bizim dildə elə
bir təklifdə bulundu ki, onu redaktorun müdaxiləsi olmadan
da təkrar eləyə bilmərəm. O sözdən və
əcaib təklifdən sonra Baqrat kişi qadının öz
şapalağından hələ də titrəyən
yanına yaxşı bir təpik vurmalı idi, amma dediyim kimi,
Baqrat çox tərbiyəli kişiydi; Knarik isə hələ
də ikiqat dayanıb təklifinin nəticəsini gözləyirdi".
Sənin təsvir etdiyin bu Dəyirman həyətində
"Avrora"sını tüstülədən hiyləgər
Arsenin bic təbəssümünü də görürəm. Həmin o Arsen ki, hələ
60-cı illərin əvvəlində, Ağdamın tən
ortasında: "Vazgen deyir səbr eləyin,
hoppanıb-düşməyin, hər şeyin vaxtı var,
axınına buraxın" - deyir.
İllər sonra başa
düşmüşük ki, Vazgen deyilən bu iblis erməni
katalikos Vazgendir.
Əlbəttə, Mamed müəllim - sənin Papan bu
qudurğanın cavabını ağdamlılara xas tərzdə
verir.
Adamın yeddi qatından keçən latayır kəlmələrin
qarşısında Arsen heç nə demir, hiyləgərcəsinə
susur və Vazgenin tapşırığına əməl edib
"hoppanıb-düşməyir". Lakin fakt
faktlığında qalır. İfrat
humanistliyimiz, kirvə deyib başa keçirtdiyimiz, çox
vaxt sözlərinə, davranışlarına əhəmiyyət
vermədiyimiz ermənilər nəticədə çox illər
sonra öz məkrli niyyətlərinə nail oldular. Nəsə bu, başqa bir söhbətin
mövzusudur.
Söhbət sənin romanından gedir. Bu əsərdə nəsrə xas detallarla dramaturgiyaya məxsus olanları çox ustalıqla uzlaşdırmısan. Yumor qarışıq təhkiyən, yerli-yerində işlətdiyin replikalar oxucunu mütaliəni davam etdirməyə vadar edir. Əsərində kədərlə nikbin ruh bir-birini əvəz edir.
Qardaş, sənin gəlin qayğısı görməyən, yaşlaşıb taqətdən düşmüş, şəhər hamamına belə getməyə gücü olmayan ağsaçlı, ixtiyar yaşlı Nənəni vannaya qoyub çimizdirməyə məcbur olduğunu oxuyanda həyəcanlanmaya bilmədim. Çox insani bir səhnədi. Sən hətta bəzən göz yaşlarını saxlaya bilmədiyini də illər sonra etiraf edirsən: "Məni ağladan Əmimin ölümündən sonra içimdə yığılıb qalmış və heç kimə etiraf etmədiyim qəhər, mamamın dərdi, bacı-qardaşlarımın yetim qalması idi. Məni ağladan həmişə içimdə diri olan gizli qürurumun bir buxanka qara çörəyə görə əzilməsi, təhqir olunmasıydı".
Nə deyim, Əli bəy, bəlkə də, belə bir taleyin olmasaydı, bu gün məşhur bir dramaturq olmazdın, başqa bir sənətin sahibi olardın. İnsanı firavan həyatdan çox, əziyyətli, əzablı həyat formalaşdırır. Kədərin ömrü sevincli anlardan qat-qat uzundur. Şükür ki, orta məktəbi bitirdikdən sonra ömrünün ən uzun, ən çətin on ilini yaşadığın Dəyirman həyətindən sınmadan, əyilmədən çıxa bilmisən. Bir gün qatara minib paytaxta gəlmisən. O zaman səni nə ötürən olub, nə qarşılayan. Ümidlərinin az qala öldüyü bir vaxtda, soyuq bir qış günündə "Vidadi 157"-nin rəngi bilinməyən köhnə, sınıq-salxaq qapısından sevdiyin qız, gələcək həyat, ömür-gün sirdaşın çıxır və beləcə, o çağdan sənin səadət dolu günlərin başlayır. Və nə yaxşı ki, Yaradanımız bu ailə səadətini səndən əsirgəməyib. Sən çox sevdiyin paytaxtda rahat bir ömür sürməkdəsən. Tanınan və sevilən bir dramaturqsan, pyeslərin respublikanın teatr səhnələrini bəzəyir.
Sənin təsvir etdiyin Ağdamdakı o Dəyirman həyəti artıq çoxlarını üyüdüb, çoxlarını yola salıb, təkcə unudulmayan, o günləri unudulmağa qoymayan, yaşadan sənsən!
"Ağdamda nəyim qaldı?" deyirsən. Romanının adını daşıyan bu sualın bu gün min bir cavabı var, sözün həm birbaşa, həm müstəqim mənasında.
Mənim isə sənin bu sualına bircə cavabım var: Əli bəy, bizim Ağdamda nəyimiz qalmadı?!.
Hörmətlə,
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.7.