Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Lənkəranın yeri və rolu
Azərbaycanın ən gözəl, dilbər guşələrindən
biri olan Lənkəran bölgəsinin
tarixi çox qədimdir.
Lənkəran bölgəsi ayrı-ayrı
dövrlərdə müxtəlif
Azərbaycan dövlətlərinin
- Manna, Atropatena, Sacilər,
Salarilər, Atabəylər,
Qaraqoyunlu, Ağqoyunlu
və Səfəvilərin
tərkibində olub. Bölgə ərazisində
aparılmış arxeoloji
qazıntılar bu yerlərdə hələ
tünc dövründən,
yəni eramızdan əvvəl III-II minilliklərdə
insanların yaşadığını
təsdiq edir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə
Şərqi birləşdirən
əsas karvan yollarının üstündə
və Xəzər dənizi sahillərində
yerləşməsi onun
inkişafını xeyli
sürətləndirib. Lənkəran adına
ilk dəfə orta əsr mənbələrində
rast gəlinir. Bununla bağlı ilk məlumata
Təvəkkül ibn
Bəzzazın 1357-ci ildə
yazdığı "Səfvətüs-səfa"
əsərində Ləngərkonan
yaşayış yeri
kimi rast gəlinir.
1409-cu ildə ərəb dilində yazılmış
"Fərruxnameyi-cəmali" adlı kitabın müəllifi Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı
1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Ləngərkonani
bu təxəllüsləri
özlərinə götürməklə
"Lənkəran" yer
adının XV-XVI əsrlərdə
mövcud olduğunu nəzərə çatdırıblar.
Bu bölgənin yerli əmirləri Azərbaycan Səfəvi dövlətinin yaranması
prosesində yaxından
iştirak ediblər.
Şah İsmayıl dövründən
başlayaraq bu bölgənin tanınmış
əmirləri nüfuzlu
Qızılbaş əmirləri
arasında yer alıb və dövlətin idarə olunmasında yaxından iştirak edib. XVIII əsrin əvvəllərinin
mühüm mənbəsi
"Təzkirətül-mülük"ün
verdiyi məlumatlara görə, XVI-XVII əsrlərdə
inzibati cəhətdən
bu bölgə Azərbaycan bəylərbəyliyinə
tabe olmuş və iki hakimlə
təmsil olunub: Astara və Qaraağac. Lənkəran Astara hakiminin
nəzarəti altında
qalıb.
Lənkəranın əlverişli mövqede yerləşməsi, başqa
yerlərlə quru və dəniz yolu ilə əlaqə
saxlamağın mümkün
olması şəhərin
1654-cü ildə Səfəvi
hökmdarı II Şah
Abbas tərəfindən
Lənkəran və Muğanın hakimi təyin edilən Seyid Abbasın iqamətgahına çevrilməsinə
səbəb olub. Səfəvi hökmdarı Sultan Hüseyn
tərəfindən verilən
bir fərmandan bəlli olur ki, 1703-cü ildə Lənkəran şəhəri
də daxil olmaqla Muğanı Abbasqulu xan (Mir Abbas) idarə edirdi. Rus arxiv sənədlərinə
görə 1726-cı ildə
Mir Abbasın Osmanlılar
tərəfindən öldürülməsindən
sonra Mir Əzizin idarəsinə keçmişdir,
bu zaman Qızılağacı Musa xan
idarə edib.
Səfəvilər uzun müddət bu bölgəni etibar etdikləri yerli əmirlərin idarəsinə həvalə
edirdilər. Təsadüfi deyil ki,
XVIII əsrin ortalarına
kimi bu bölgənin
idarəsi Səfəvi
nəslindən olan hakimlərin nəzarətinə
verilib. Hətta müstəqil Azərbaycan
dövlətlərindən biri kimi Lənkəran
xanlığını da
məhz Səfəvi nəslindən olan Seyid Abbas xan
yaradıb. Seyid Abbasın
varisi Qara xan xanlığın paytaxtını Astaradan Lənkərana köçürüb,
sonuncunun şəhər
kimi təşəkkül
tapması və inkişafı üçün
çox işlər görüb. Beləliklə, XVIII əsrin ortalarında tədricən Böyük
bazar, Kiçik bazar, Qala və
b. məhəllələrdən ibarət Lənkəran şəhəri formalaşıb.
Mir Mustafa xan və
Mir Həsən xanın
hakimiyyəti illərində
də şəhər
böyüyüb və
inkişaf edib. Lənkəran şəhəri qala divarları ilə əhatə edilib, xan sarayı,
məscid, qala, hamam, bazar və
karvansaralar tikilib.
1747-ci ildən Lənkəran
Talış xanlığının
mərkəzi şəhərinə
çevrilib. Münbit torpaqları, bol
suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti
əkinçilik, maldarlıq,
bağçılıq, balıqçılıq,
ipəkçilik və
arıçılıq olub.
Lənkəranda dəmirçilik,
misgərlik, dulusçuluq
və başqa sənətlər geniş
yayılıb, xanlığın
iqtisadi inkişafında
ticarət mühüm
rol oynayıb, İran, Türkiyə, Rusiya, Orta Asiya
dövlətləri ilə,
Çin, Pakistan, Hindistanla
ticarət əlaqələri
yaradılıb.
XVIII əsrin sonu-XIX
əsrin əvvəllərində
Lənkəran xanlığı
və Lənkəran şəhəri çox kəskin hərbi-siyasi proseslərin meydanına çevrilib, burada Rusiya və Qacar səltənətləri
arasında qanlı müharibələr baş
verib. Lənkəranlılar həmişə düşmənlərə qarşı
qəhrəmancasına döyüşüblər.
1812-ci ilin dekabrında
rus generalı Kotlyarevskinin çoxsaylı
ordusu Lənkəran qalasını mühasirəyə
alanda cəmisi 4 minlik qala qarnizonu
qacarların yaxın qohumu Sadıq xanın komandanlığı
altında son nəfərə
qədər düşmənlə
vuruşub. İşğalçılar nəinki bu
qalada bir nəfər belə əsir götürməyib,
hətta qocalara, qadınlara və uşaqlara aman verməyiblər.
1813-cü
il Gülüstan
sülh müqaviləsi
ilə Azərbaycanın
şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas
şəhərlərindən birinə çevrilib. Şəhərdə taxta, kirəmit,
kərpic zavodları,
şəkər qamışından
qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri
yaradılıb. XVIII-XIX
əsrlərdə Lənkəran
xarici ölkələrə
düyü, kətan,
ipək, tərəvəz,
meşə materialları,
balıqçılıq məhsulları
ixrac edib. Bu məhsullar əsasən
Rusiyaya ixrac olunub.
1826-cı ildə Lənkəran
xanlığı ləğv
edildikdən sonra şəhər eyniadlı
əyalətin, 1840-cı ildən
isə qəzanın mərkəzinə çevrilib. Bu qəza Xəzər vilayətinin (1841-1846), Şamaxı
(1846-1859) və Bakı
(1859-1917) quberniyalarının tərkibində olub.
XIX əsr ərzində
Lənkəran şəhəri
sürətlə böyüyərək
Şimali Azərbaycanın
mühüm inzibati-iqtisadi
mərkəzlərindən birinə çevrilib.
Tarixən Azərbaycanın ən iri çəltiklik mərkəzlərindən biri olan Lənkəran XIX-XX əsrlərdə ölkəmizin ən iri subtropik və tərəvəzçilik, yeyinti sənayesi mərkəzlərindən birinə çevrilib.
Əsası hələ 1930-cu ildə qoyulmuş Lənkəran rayonunda hazırda 66 bələdiyyə fəaliyyət göstərir. Şəhərdə 52 min nəfərdən artıq, rayonda isə 200 min nəfərədək əhali yaşayır. Burada iki şəhər, 6 şəhərtipli qəsəbə və 84 kənd var. Lənkəranda kifayət qədər iri sənaye müəssisələri, beynəlxalq standartlara cavab verən hava limanı, tibb ocaqları, idman qurğuları, habelə ali və orta ixtisas müəssisələri fəaliyyət göstərir.
Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsi Lənkəranda olan mədəni-maarif müəssisələrinə rəhbərlik edir. Hal-hazırda Mədəniyyət və Turizm şöbəsinin şəbəkəsində Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, H.Aslanovun ev muzeyi), 1 Mərkəzi kitabxana 70 kitabxana filialı, Q.Vəliyev adına şəhər mədəniyyət evi və onun filialı kimi qəbul olunan 74 klub müəssisəsi, 2 uşaq musiqi, 1 uşaq rəssamlıq məktəbi, 1 Dövlət Rəsm qalereyası fəaliyyət göstərir. 1 Dövlət Dram Teatrı birbaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tabedir və Mədəniyyət və Turizm şöbəsinin şəbəkəsinə daxil deyil. Rayonun ərazisində Nazirlər Kabinetinin 132 nömrəli Qərarına əsasən 21 ölkə əhəmiyyətli arxeoloji, 53 yerli əhəmiyyətli memarlıq, 2 monumental, 2 daş-heykəltaraşlıq və 9 yerli əhəmiyyətli arxeoloji abidə qeydiyyata alınıb və dövlət mühafizəsinə götürülüb. Onların içərisində Dairəvi Qala, Sığon daş qutu nekropolu, Həzi Aslanovun ev-muzeyi, Böyük və Kiçik bazarda olan məscidlər, Mir Əhməd xanın evi (Tarix-diyarşünaslıq muzeyi), Şeyx Zahid və Seyid Xəlifə türbələri turistlərin diqqətini daha çox cəlb edir.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.6.