Azərbaycan İstanbul kitab sərgisində uğurla təmsil olunub
Noyabrın 7-10-da İstanbulun TÜYAP sərgi mərkəzində 34-cü beynəlxalq kitab sərgisi keçirilib. Bu kitab bayramında 30 ölkədən 700-dək nəşriyyatın nümunələri sərgilənib.
Mədəniyyət və Turizm Nazirliyindən CBC-yə daxil olan məlumata görə, sərgidə Azərbaycan uğurla təmsil olunub. Tərtibatı və mövzu zənginliyi ilə fərqlənən milli stendimiz ilk gündən kitabsevərlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib.
Azərbaycan guşəsində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, “Kaspi” Şirkətlər Qrupu, “Hədəf” və “Qələm” nəşriyyatları, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” kitab evinin nəşrləri nümayiş olunub.
Azərbaycanın stendində ümumilikdə 600 adda kitab, albom və digər çap nümunələri yer alıb.
Milli stendimizdə ölkəmizin tarixi, bugünkü inkişafı barədə geniş təəssürat yaradan nəşrlər, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar sərgilənib. Stenddə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran nəfis tərtibatlı çap məhsulları, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən bəhs edən kitablar da nümayiş etdirilib.
Azərbaycan, türk, rus dillərində Hüseyn Cavid yaradıcılığına dair nəşrlər, Cəlil Məmmədquluzadə, “Kitabi Dədə-Qorqud”, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyaları da geniş marağa səbəb olub. Bölmədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi və AZƏTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da yer alıb.
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası isə sərgidə AMEA institutlarının elmi jurnallarını və Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlığı, mətbəxi və digər sahələri əhatə edən çoxsaylı kitabları təqdim edib.
Nazirliyin dəstəyi ilə “Hədəf nəşrləri” tərəfindən çap olunan “Azərbaycan ədiblərini dünyaya tanıdaq” iyirmicildliyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar nəşr olunan və ilk dəfə sərgiyə çıxarılan beşcildlik, bundan başqa Nizami Gəncəvinin, Nəsiminin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Muğannanın, Məmməd Səid Ordubadinin, Səməd Vurğunun və digər korifeylərimizin əsərləri də guşəmizin diqqətçəkən çap məhsullarından olub.
Ziyarətçilərə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən nəşrlər, ölkəmizin tarixi, mədəni irsi və turizm imkanlarını təbliğ edən kitablar təqdim olunub. Azərbaycan bölməsində sərgilənən nəşrlərinin böyük hissəsi sərgi qonaqlarına pulsuz paylanıb.
Qeyd edək ki,
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
və dəstəyi ilə nəşriyyatlarımız 2008-ci
ildən mütəmadi olaraq İstanbul sərgisində iştirak
edirlər.
Abdullayeva S
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.2