VƏTƏNDİR    

                             

Bu dünyada yaşamaqdan doymadım,

Bu həyatın fəlsəfəsi Vətəndir.

Əyilmədim, saxtalığa uymadım,

Ömrün-günün xoş nəğməsi Vətəndir.

 

Ruhum qoca, sözüm uca, gözüm tox,

Zamanında deyiləsi sözüm çox.

Məddahlığa, yaltaqlığa üzüm yox,

Ürəyimin hər kəlməsi Vətəndir.

 

Vətən ana, mən vətənə bağlıyam,

Dərdim çoxdur,qəlbi çarpaz dağlıyam,

Odlar yurdu - Azərbaycan oğluyam,

Od yurdumun pərvanəsi Vətəndir.

 

Torpaq üçün igid yandı, ər yandı,

Dağ hayqırdı, çay ağladı, yer yandı.

Mərd oğullar sipər oldu dayandı,

Hər səngəri, hər cəbhəsi Vətəndir.

 

Doğulandan bu günədək  şahidəm,

Dəyişməyib, dönməz olub əqidəm.

Mübarizəm yurdum üçün  şəhidəm,

Saf ruhumun şəlaləsi Vətəndir.

 

SƏNSİZ

 

Eşqin həsrətinə yandım,

Ümid olub alovlandım,

Səni sevdim qanadlandım,

Məhəbbətim bitər sənsiz.

 

Harayladım baxtımı da,

Ömür adlı vaxtımı da.

Eşqin məni atdı oda,

Bu iztirab yetər sənsiz.

 

Səni hər an soraqlaram,

Küssən qəlbimi dağlaram.

Sevgim üçün mən ağlaram,

Ayaq izim itər sənsiz.

 

Eşq adlı bir pərvanəmin,

Pəri kimi divanəmin,

Ala gözlü dürdanəmin,

Həsrət qəlbin üzər  sənsiz.

 

Sən bir ümman, mən bir ada,

Nakam ömrüm gedər bada.

Mübariz dözməz  bu oda,

Bu dünyadan gedər sənsiz.

 

KƏNDİM

 

Yenə gəlmişəm ziyarətinə,

Mənim ata yurdum, kəndim, a kəndim.

Aşiqəm, vurğunam sədaqətinə,

Mənim ana yurdum, kəndim, a kəndim.

 

Qoynunda gəzmişəm körpə yaşından,

Min xatirəm baxır hər bir daşından,

Uşaqlıq sevdası çıxmaz  başımdan,

Vurğunam hüsnünə, kəndim, a kəndim.

 

Daddıqca hər zaman nemət payından,

Halal çörəyindən, halal suyundan.

Qızıl payızından, gülşən yayından,

Ruhum təzələnir, kəndim, a kəndim.

 

 Könlüm qərar tutmaz, sənsiz kövrələr,

Ürəyim səninlə salama gələr.

Bu qürurlu dağlar, qarlı zirvələr,

Səs versin səsimə, kəndim, a kəndim.

                                                  

Anam da, atam da sənin qoynunda,

Mən oyunçuyam bu sərt oyunda.

Bir halal haqqındır mənim boynumda,

Tükənməz xəzinəm, kəndim, a kəndim.

 

olar qoynunda yer  ayır  mənə,

Zamanı gələndə  qarışım sənə.

Bilirəm bu dünya fanidir, yenə,

Mənə sən qalansan, kəndim, a kəndim.

 

Mən səni sevirəm Mübariz kimi,

Coşub-dalğalanan bir dəniz kimi,

Səcdəndə dururam qibləmiz kimi,

Məkkəm, Mədinəmsən,  kəndim, a kəndim.

                           

İTİRMƏ

 

qazansan düz adınla gəl qazan,

Bu dünyada vəfadarı  itirmə.

Taleyi, qisməti Tanrıdır yazan,

Dost  yanında etibarı itirmə.

 

Çalış aldanma sən zinətə, qaşa,

Əlhəd daşı kimi tuşlanıb başa

Səni sevib sirrin verən sirdaşa,

Bir aşiqtək düz ilqarı itirmə.

 

Çox sevilən, çox tanınan nər kimi,

Oğul kimi, ata kimi, ər kimi,

İşıq saçan, parıldayan zər kimi,

Sevib seçən yar, dildarı itirmə.

 

Boş- boşuna yersiz gülüb ağlama,

Səbirli ol, çaylar kimi çağlama.

Tez- tələsik kimsəyə bel bağlama,

Qamətini, şah vüqarı itirmə.

Ucalanda ayağından çəkərlər,

Gül yerinə yoluna kol əkərlər.

Sonra sənin yerinə göz dikərlər,

Ayıl, onda  sən qərarı itirmə.

 

Dost seçəndə ibrət götür çoxundan,

Lazım gəlsə gözünü yığ  yuxundan.

Bir zalımın iti müjgan oxundan,

Hər an qorun, iftixarı itirmə.

  

Ay ürək

 

Zarafat eləmə mənlə bu qədər,

Məni yarı yolda qoyma, ay ürək.

Ruhumda,qanımda,damarımdasan,

Aldanıb iblisə uyma, ay ürək.

 

Sən mənə yoldaşsan doğulan gündən,

Bilirəm küsmüsən bu yolda məndən,

Bircə istəyim var ürəyim səndən,

Yorulub yollardan doyma,ay ürək.

 

Yağışda, boranda, qarlı qışda da,

Sevincdə, kədərdə, hər alqışda da,

Mənimlə mülayim davranışda da,

Sirrimi kimsəyə yayma, ay ürək.

 

Mən səni sevirəm, sən ki, canımsan,

Əbədi qismətim, ilk nübarımsan,

Bahar təravətli vəfadarımsan,

Bu cavan canıma qıyma, ay ürək.

 

Fikrim , zikrim , adım da sənsən,

Acılı-şirinli dadım da sənsən,

Sönməyən ocağım,odum da sənsən,

Mübarizi tənha qoyma, ay ürək.

 

Mübariz SÜLEYMANLI

525-ci qəzet.- 2015.- 13 noyabr.- S.7