Dağ çayının uğultusu, yaxud
sözün nəfəsi
SADAY
BUDAQLININ 60 YAŞINA
Keçən əsrin 70-80-ci illərində
hamının həsəd apardığı gənc ədəbi
imzalar vardı. Onlardan biri də indi Azərbaycanın
tanınmış yazıçısı və tərcüməçisinə
çevrilmiş yazıçı Saday Budaqlıydı.
O vaxtlar
Saday Budaqlı kimi gənc yazıçıların imzası
hesab edirəm ki, möhürlü imzalardı. Çünki
o imzaların altında çox-çox böyük şəxslər
imza qoyub, qol çəkib, öz möhürlərini
vurmuşdular. Və bu möhürlərin
yanında bu cür gənc yazarların öz möhürləri
də açıq -aydın görünürdü, oxucularda
qürur hissi doğururdu.
lll
Saday Budaqlının Bakıda çıxan ilk
kitabının adı "Döngə", Moskvada
çıxan ilk kitabının adı isə
"Uduş" idi. Əslində bunlar rəmzi adlardı.
Sanki bu adları həmin kitabların
üstünə gizlicə halda taleyin öz əli gəlib
yazmışdı.
"Döngə" kitabındakı hekayələrin
hər birinin maraqlı, ilk baxımda oxucuya çox şey deyə
bilən adları vardı. Cəmi 11 hekayəydi.
Və çox maraqlı başlıqları vardı.
Ancaq mənim üçün ən maraqlı olan odur
ki, Saday Budaqlı indi bu adlardan daha çox hansındadır?!
"Uduş"dadımı, "Döngə"dədimi,
"Aralı qapı"dadımı, "Üzəngi"-
dədimi, "İşıq zolağın"dadımı,
"Sükutun səsi"ndədimi, yoxsa
"Qatar"dadımı?!
Qazaxdadımı,
Bakıdadımı, yoxsa hələ Moskvadadımı?!
(M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunu bitirdikdən sonradamı?!)
Birmənalı şəkildə deyəsi olsaq,
"Qatar"da yoldadımı?!
Deyəsən, elə axırıncıdadı-
Qatardadı, ona görə də onu başqalarıtək istənilən
yerdə (və istənilməyən yerdə) baxıb
görmək olmur.
Görmək
də olmaz! Çünki təvazökarlığı,
istedadlı, şəxsiyyət bütövlüyü,
aristokrat təbiəti, kişi xarakteri buna
yol verməz!
Düz
eyləyib Saday Budaqlı!
Bu
dünyanın getdikcə şeytanlaşan, Mefistofelləşən,
böyük məharət və hünərlə tərcümə
etdiyi "Master və Marqarita" əsərindəki
şeytan (lar) kimi azğınlaşan bir
vaxtında yolda olmaq daha yaxşı deyilmi? Özü
"Qatar"da yazdığı kimi, qalıb "Şəhərdə
neyləyəsidi?!”
S.Budaqlı 80-ci illərin, necə deyərlər, "bərk
gedən" gənc yazıçılarındandı.
O, 1982-ci
ildə "Drujba Narodov" jurnalının, "Nedelya"
həftəlik məcmuəsinin ilin ən yaxşı hekayəsi
üçün təsis olunmuş mükafatına,1985-ci ildə
"Molodaya qvardiya" nəşriyyatının çap
etdiyi "Uduş" kitabına görə isə M.Qorki
adına Ümumittifaq mükafatına layiq
görülmüşdü.
Saday Budaqlı 1988- ci ildən 1993-cü ilin fevralına
qədər Qazaxda yaradılmış AYB Qazax zona şöbəsinin
məsul katibi olub.
Onun dövründə özünün baş
redaktorluğu ilə "Sınıq körpü" ədəbi
jurnalı nəşrə başlamışdı. Bir neçə
sayı işıq üzü görmüşdü və
çox maraqla qarşılanmışdı.
Bu gün bölmə adlanan yazıçıların 5
rayonu əhatə edən bu təşkilatı Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü
və qayğısı nəticəsində təsis
olunmuş, fəaliyyətə başlamışdı.
Saday
Budaqlının bu bölmənin
formalaşdırılmasında, necə deyərlər,
"relsə" düşməsində əməyi və zəhməti
az olmamışdı.
Mən Sadayın adını eşitmişdim. İlk hekayələrini
oxumuşdum.Ancaq özüylə tanış
deyildim. Onunla 1983-cü ildə Şüvəlanda keçirilən
gənc yazıçıların VIII respublika müşavirəsində
tanış olduq.
Müşavirədən sonra mən Qazağa
qayıtdığım günlərin birində mənə
dedilər ki, Saday Budaqlı da Qazaxdadır və səni
axtarır.
Görüşdük. Məlum oldu ki, mənə
Nüsrət Kəsəmənlinin ismarıcını gətirib.
N.Kəsəmənli müşavirədə mənim
poeziya sektoru üzrə rəhbərim olmuşdu. O, Sadaya demişdi ki, Barata
denən, filan günü Bakıya gəlsin, Çingiz
Əlioğlu ilə görüşsün, televiziya
verilişi olacaq, orda birlikdə iştirak etməlisiniz.
O
televiziya verilişi yaxşı yadımdadır. Çingiz
Əlioğlu şair olaraq verilişdə iştirak edənlərə
üzünü tutub dedi:
- Bəri
başdan deyim ki, şeiri o adam oxuyacaq ki, əzbərdən
desin.
İş elə gətirdi
ki, bu sarıdan mənim də "çöpüm" gətirdi.
S.Budaqlı danışmağa başlayanda onu
yalançılar sözü olmasın,
dönüb-dönüb təzədən çəkəsi
oldular. Ay
Allah, bu adam necə utancaqdı, həyalıydı,
adam bir veriliş zamanı necə qan- tərə bata bilərmiş.
Hər dəfə "tərini sil", -
deyirdilər, onu təzədən çəkirdilər.
Sonralar gördüm ki, Saday həyatda və
yaradıcılıq işlərində də o verilişdəki
kimiymiş. Hər dəfə qan -tərə
batırmış. Hər dəfə tərini
sil, deyirlərmiş. Osa həyası
üzündən daha da qan-tərə batırmış. (Bəlkə də hələ də qan-tərə
batmaqda davam edir.)
İstedadlı adamlar
belə olurlar axı. Utancaq, həyalı.
Ədəb-ərkanlı, ağır
taxtalı. Yüz sözdən birinə
cavab verə ya verməyə.
Bununla belə, Saday daxilən möhkəm adamdır. Təmkinli, usta, ağayana hərəkətlərini
az görmüşəm onun.
Saday Budaqlı bu cür özəl və gözəl
xüsusiyyətləri ilə elə bil, tək
görünürdü. Ancaq tək deyilmiş.
Özünün dediyinə görə yanında boylanıb məni
də görürmüş...
1992-ci ilin axırlarıydı. Bir gün mənə dedi ki,
Ağstafaya gəl. Orda Ağstafaya Qazax tərəfdən
burulan yolun ağzında tədbir olacaq. Qaçaq
Kərəmə qoyulacaq abidənin təməl
daşının açılışında iştirak edəcəyik.
Getdim. Bakıdan qonaqlar da
vardı. Fərman Eyvazlı, Abbas Abdulla, Rəfiq Zəka
Xəndan,... alim və ziyalılar da
iştirak edirdilər.
Mənə də söz verdilər. İsrafil ağa və
Qaçaq Kərəmə aid "Bir tikə çörək"
şeirini oxudum. Təməlqoyma mərasimindən sonra
A.Abdulla dedi ki, mənim məşhur bir babam olub, onun qəbri
Qazax qəbristanlığındadır. Gedək,
onu ziyarət edək.
Oraya ziyafətdən sonra getdik.
Axşamüstüydü. Hava qaralhaqaraldı.
Köhnə kişilər buna belə deyərdilər
: "Şavaş çalhaçaldı".
Qəbristana daxil olduq. Başları
"havalı" olsa da, axır ki, deyilən qəbri
tapdılar. A.Abdulla dedi:
-Ax,
kaş bir molla olaydı, dua verəydi bu qohumumun ruhu
üçün.
Mən
dedim:- Şair, bu başı
"havalı"lara denən burdan aralansınlar, mən fatihə
verərəm.
Elə də etdik.
Ordan çıxanda baş vermiş əhvalat daha
maraqlı və qanunauyğundu. Kefləri alabuludda olan
dostlar kimi mən "havalı" deyildim, gah
zarafatlaşır, gah bir-birini qucaqlayıb öpürdülər.
Bir də
onu gördüm ki, Abbas Abdulla məni qucaqladı, o
üzümdən bu üzümdən öpüb dedi:
-Saa qurban
olum, a Rəfiq!
Bunu
görən Saday Budaqlı "haray" çəkdi:
-Ay
şair, ayə, o bizim Baratdı, Rəfiq Zəka budu, bu
yandadı.
Gülüşmə qopdu.
Hayıf o günlərdən, o anlardan.
Ayrılanda
Saday dedi:
-Barat,
daha mən köçüb Bakıya gedəcəm, orda işləyəcəm.
Anar müəllimlə
danışmışıq. Yerimə sən
təyin olunacaqsan. Etiraz etmirsən ki?
Dedim: -Niyə
də edim ki! Çox sağ ol!
Hər şey deyildiyi kimi də oldu. 1993-cü ilin əvvəlində
Saday Budaqlı Bakıya getdi,respublika
radiosunda şöbə müdiri işləməyə
başladı.
Onun Qazaxda başladığı işi mən davam
etdirdim.
Bir-birimizdən "uzaq" düşsək də
arabir rastlaşırdıq, görüşürdük.
Mən
Sadayın ciddi yazıçı olduğunu bildiyim kimi, ciddi
dost, ciddi insan, etibarlı tərəfdaş (türk
qardaşlarımız buna arxadaş deyirlər) olduğunu
bilirdim.
Saday Budaqlı dönə-dönə müxtəlif ədəbi
mükafatlar, ödüllər alsa da, həmişə
bunlardan daha ucada duran bir qələm əhlidir.
Etiraf etmək
lazımdır ki, onun Moskvada çıxan samballı və həcmli
"Zemlya" kitabı çıxanda sevinənlərlə
yanaşı darılanlar da az
olmamışdı.
Dəfələrlə Saday Budaqlıya Anar müəllimin
böyük hörmət və inam bəslədiyinin
şahidi olmuşam. Anar müəllim "İndi Saday
hardadır?"-deyə bir neçə dəfə məndən
onu xəbər alanda həmin hörməti hiss etmişəm.
Saday Budaqlının yaradıcılığına
böyük inam bəsləyənlərdən və xeyir- dua
verənlərdən, haqqında geniş məqalə
yazanlardan biri Elçin olmuşdur.
...Bir dəfə
iş yerimdə bölməyə dair arxivdən əlimə
bir yazı keçdi. Baxanda gördüm ki,
Rüstəm Kamalın yazdığı maraqlı və
çox səmimi bir məqalədir.
Nədənsə Saday təvazökarlıq etmişdi. O yazını çap
etdirməmişdi. Rüstəmə göstərim.
Aldı. Baxdı, sevindi və "Azərbaycan"
jurnalının 2003-cü il saylarından birində müəllifdən
xəbərsiz çap etdirdi.
Həmin
məqalədən bəzi məqamlar: "S.Budaqlının əsərləri
işıqla doludur... Hamı bir işıq ucu
axtarır, hamı işığa möhtacdır.
Ümid edirlər ki, bu işığı onlardan heç kim əsirgəməyəcək, bu işığı
mütləq görə biləcəklər. Onları
zaman burulğanında sağ-salamat saxlayan yaxşılıq
işığıdır. Çünki
işıq olan yerdə "yaxşılıqnan pisi də
yaxşı etmək olar".
S.Budaqlının ilk baxışda "ləng" (bəlkə
də ləngərli) görünən yaradıcılıq
uğurlarını həmişə izləməyə
çalışmışam.
Povestlərini görən kimi oxumuşam. ("Mədət"
povestinin necə əks -səda doğurduğunu
xatırlayıram.
"Çat" adını verdiyi təzə əsərlərinin
çap olunduğu toplunun da geniş oxucu auditoriyası
olduğunun şahidlərindən biri də mənəm.
Son illərdə daha çox tərcüməçiliklə
məşğul olduğunu da yaxşı bilirəm.
Rus
yazıçısı Mixail Bulqakovun "Master və
Marqarita" kimi çox mürəkkəb bir əsərini
dilimizə ustalıqla tərcümə etdiyinə görə
Saday Budaqlı Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi ədəbi müsabiqədə
"Qızıl Kəlmə" mükafatına layiq
görüldü.
Onun yapon
yazıçısı Rünoskedən və digər
yazıçılardan etdiyi tərcümələr
vaxtaşırı "Xəzər" jurnalında və
digər mətbu, ədəbi orqanlarda çap olunub.
Saday Budaqlı tez-tez imzasının görünməsinə
çalışan və dəridən-qabıqdan
çıxan yazıçılardan deyil. Saday həmişə
əvvəlki "xasiyyəti"ndə qalmağı-
"qan-tərə tez-tez batmağı" hər şeydən
üstün tutur.
Əslində
onun həyatının mənası və aldığı ən
böyük mükafat da həmin qan-tərdir!
Saday
Budaqlının özü və sözü haqqında
düşünəndə "Uduş" hekayəsində təsvir
etdiyi çay düşür yadıma.
"Çayın uğultusu dünyadakı
bütün səsləri batırmışdı. Dağ
çayı ancaq gecələr axır- bunu o,
uşaqlıqdan kəşf eləmişdi".
Saday Budaqlı nikbin adamdı.
Deyib
-gülməyi, zarafat etməyi, dostlarla iş arası
şahmat oynamağı ( xüsusən,
domino.) bəzən ötürüb yazı yazmaqdan "
"üstün" tutur az qala!
Bilir ki, onda uduş var.
Onda nəsə yeni bir şey yazacaq.
Onda uduzmayacaq.
Onda
dağ çayının uğultusuna daha da çox oxşayacaq səsi-sədası,
hay-harayı, danışığı, gülüşü,
yazı-pozusu, baxışı, duruşu.
Onun
"Uduş" hekayəsində belə bir epizod var:
"Gülgəz qarı dişsiz damağını
marçıldada- marçıldada gəlib gedəndən
Bakıya qaçmış nəvəsini soruşurdu:
-Ədə, gördünmü orda bizim tifili.
-Gördüm
ay nənə, gördüm.
-Nağayrır?
-Yaxşıdır.
-İşi-güjü nətəridi?
- O da
yaxşıdı, zavodda raboçi düzəlib.
-Şükür!
Şükür, burda qalsa fəhləlik edəcəkdi".
Bundan
sonra bir cümlə gəlir:
"Bu kəndin başı üstə öz səması
vardı".
Bu
epizodları oxuduqca inandım ki, Saday həm də o sadəlövh
qarının nəvəsidir və o yerdən, kənddən,
köydən yaxud şəhərdəndir ki, başı
üstə doğrudan da öz səması var- öz
siması var!
"Master
və Marqarita"nı oxuyandan sonra Sadaya
belə demişəm:
-Nə
yaxşı tərcümə edə bilibsən belə bir
ağır, qəliz əsəri və nə yaxşı ki,
içi "Cinlə-Şeytanla" dolu bu əsəri tərcümə
etdikcə dəli olmamısan?!
Saday
gülə-gülə cavab vermişdi:
-Oxuyub sən
də dəli olmamısansa demək, sən də
ağıllı adamsan hələ.
Elə
ikimizin də şükür ki, hələ ağlımız
başımızdadır!
lll
Sözün nəfəsi genələndə hamı
başlayır yazıb -pozmağa. Ən dəhşətlisi budur ki,
başlayırlar ağına-bozuna baxmadan hamı
yazdığını şeir saymağa!
Sözün nəfəsi daralanda ancaq və ancaq əsl
yazıçı və şairlər yada düşür.
Saday Budaqlı belə yazıçılardandır. Yaxşı
söz aldığımız hava və içdiyimiz su
kimidir. Qədir -qiyməti bilinməz.
Saday Budaqlı kimi yazıçılar
sözün nəfəsidirlər və
çalışırlar ki, öz nəfəsləri
darılsa da sözün nəfəsi daralmasın.
P.S.
Hazırda 60 yaşına çatmış dəyərli
yazıçımız Saday Budaqlının son vaxtlar
yazdığı və "525-ci qəzet"də çap
etdirdiyi bir hekayəsi var: "Bir yaz günü".
Hesab edirəm ki Saday Budaqlı kimi yazıçılar
dünyaya təkcə yazıçılıq etmək
üçün gəlməyiblər, yaxşı insan olmaq
üçün, insanlıq nümunəsi göstərmək
üçün gəliblər. "Bir yaz
günü" hekayəsini yazmaqla işlərini bitmiş
hesab etmirlər. Hamını, bütün
dünyanı yaza çıxarmaq istəyirlər. Yaz günü olmaq istəyirlər. Yaza dönməməkdən qorxurlar.
Bunu
yazıçı həmin hekayədə belə ifadə
edir:
"Mən
adamlarla pis olmağı bacarmıram...
... Elə bil səhranın ortasında əlimdə buz
tutmuşam. Onu kiməsə çatdırana qədər
əridəcəyimdən qorxuram..."
Əsl
yazıçı, əsl insan ( Yaz
günü!) başqa nə cür ola bilər ki?!
Barat VÜSAL
525-ci qəzet.-
2015.- 13 noyabr.- S.7.