Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Lənkəranın yeri və rolu
(Əvvəli ötən sayımızda)
Lənkəran həm də tarixi dini-memarlıq abidələri ilə zəngin rayonlarımızdandır. Buradakı Bəlləbur
qalası orta əsr memarlığının
nümunəsidir. Abidənin tarixi
VIII-IX əsrlərə söykənir.
Qalanın qalıqları Lənkəran
şəhərindən 9 km aralı Bəlləbur kəndi yaxınlığında
yerləşir. Uca dağlar qoynunda
salınmış bu qala təqribən bir hektar sahəni
əhatə edir.
Hündürlüyü 4-5 metr, eni
2 metr olan qala divarları kvadrat formada olan (22 x 22 x 6 sm) qırmızı kərpicdən
və çay daşından hörülüb.
Hər tərəfi dağ, ətrafı yaşayış
məntəqələri ilə
hüdudlanmış Bəlləburun
yerləşdiyi ərazi
böyük hərbi-strateji
əhəmiyyətə malik
imiş.
VIII-XIV əsrlərdə böyük bir ərazinin hər tərəfinə buradan nəzarət edilirmiş. Bəlləbur həm də möhtəşəm qala
şəhəri imiş.
1869-cu ildə Səidəli Kazımbəyoğlu
tərəfindən qələmə
alınmış "Cavahirnameyi-Lənkəran"
kitabında vaxtilə,
IX əsrdə Lənkəranın
Bəlləbur qalasında
yerləşdiyi ehtimal
edilir. Qalanın ərazisində saxsı
su boruları olan məişət binalarının qalıqları
durur. Səidəli
Kazımbəyoğlu öz
əsərində Bəlləbur
qalasını belə
təsvir edib: "Lənkəran çayından
ayrılan qolun kənarındakı dağın
üstündə, həmin
çayın yarım
ağaclığında kərpicdən
və daşdan tikilmiş uzun və qalın bir divar var. İndi həmin yeri böyük meşə, divarların üstünü isə meşə bitkiləri örtüb. Meşə içərisində divarın hasarının izləri qalıb. Bu hasar çox
böyük olduğundan
dağa oxşayır.
Hasarın arasında darvazaya
oxşar yol var. O yerin vəziyyətindən
məlum olur ki, Bəlləbur qalası həmin hasarın içərisində
bir qəsr imiş". Bu tarixi
abidə haqqında Azərbaycan arxeoloqu İsa Əzimbəyov
1926-cı ildə "Azərbaycan
arxeoloji komitəsinin xəbərləri" jurnalının
ikinci buraxılışında
dərc etdirdiyi "Drevnosti Lenkoranskoqo kraya" məqaləsində
yazır: "Bəlləbur
qalası dağda zirvədə yerləşir.
Qalanın ən yüksək
hissəsində üç
dairəli qüllədə
otaqlar yerləşdirilib.
Birinci dairənin divarında ağ
daşdan yonulmuş qoç fiquru var. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirmə qılınc, xəncər şəkilləri
çəkilib.
Yuxarı dairənin sonunda dağıdılmış otaq,
divarlarda gipsdən düzəldilmiş quş
və gül-çiçək
fiqurları diqqəti
cəlb edir. Bundan başqa orada əlavə otaqlar da var: onlar
tünd qırmızı
və açıq qırmızı kərpicdən
tikilib.
Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl
Bizans numizmatikasından
ibarətdir". Arxeoloq yazır ki,
hətta mən özüm də orada qədim Bizans pulları tapdım. Bəlləbur qalasının adı
da uzun zaman
təhriflərə məruz
qalıb.Bir sıra görkəmli tarixçi
alimlər Bəlləbur
qalasının xürrəmilərin
əsas dayaq məntəqələrindən olduğunu təsdiqləyirlər.
"Oçerki po istorii SSSR XI-XIII vv"
(Moskva 1953) məcmuəsində
də Bəzz qalasının Talışda
yerləşdiyi göstərilir.
N.A Karaulovun tərtib
etdiyi xəritədə
isə iki Bəzzin mövcudluğu qeyd olunur. Tarix elmləri doktoru Z.İ.Yampolski "Babək
üsyanı" (Bakı,
1941, səh 28) adlı
əsərində də
Bəzzin Lənkəranda
yerləşməsi barədə
yazıb.
XX əsrin 60-cı illərində tədqiqatçılar Bəzz qalasının harada yerləşməsi haqqında yekdil fikrə gəlməyiblər. Bəzi tədqiqatçılar onun Lənkəranda, Ərdəbildə və ya Savalan dağları yaxınlığında olduğunu bildirirdilər. İran tarixçisi professor Səid Nəfisi "Babək Xürrəmi" adlı elmi əsərində Bəzz qalasının indiki Talış dağlarının yaxınlığında, Xəzər dənizinin qərb sahillərində yerləşdiyini ehtimal edirdi. M.Tamara isə "Babək" əsərində Bəzzin Ərdəbillə Aran arasında yerləşdiyini göstərirdi. Akademik Ziya Bünyadov Bəzz qalasının İran Azərbaycanının Qaradağ vilayətində, Arazın sağ qolu olan Qırxsu çayının vadisində yerləşdiyini elmi dəlillərlə sübut edib. Xürrəmilər ərəb işğalçılarına qarşı mübarizə illərində Lənkəranda yerləşən Bəlləbur qalasına sığınıblar. Çox güman ki, digər tədqiqatçıların Talış zonasında ehtimal etdikləri qala Bəzz qalası deyil, Bəlləbur qalası olub. Bu baxımdan tarix elmləri namizədi dosent Firudin Əsədov daha maraqlı bir versiya irəli sürüb: "Orta əsrlərdə Talış xanlığının ən parlaq tarixi ərəb işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədardır. Məhz həmin yerlərdə Azərbaycan xalqının spartakı sayılan Babək ərəb işğalçılarına qarşı 20 ildən artıq müqavimət göstərib. Bəzz qalası Babək hərəkatının mərkəzlərinin birinin Talışda olmasını təsdiq edir. Qalada tapılmış materiallar IX-XI əsrlərdə Bəlləburun Bizansla ticarət əlaqəsində olduğunu göstərir. Həm də bunlar 833-cü ildə Həmədan yaxınlığında məğlub edildikdən sonra sağ qalan xürrəmilərin təzədən vətənə, Babəkin yanına qayıtmasını sübut edir. Bütün bunlar əsas verir deyək ki, Bəlləbur qalası Xürrəmilərin dayaq məntəqələrindən, babəkilər hərəkatının əsas mərkəzlərindən biri olub".
Lənkəranda tikilən məscidlər XIX əsrin axırları, XX əsrin əvvəllərinə təsadüf edir. Bu məscidlər öz milli üslubu, memarlıq kompozisiyası baxımından Cənubi Azərbaycanın memarlıq ənənələri ilə sıx bağlıdır. Lənkərandakı Böyük Bazar məscidi XIX əsrdə inşa olunub. Təşəbbüskarları və baniləri Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu və Hacı Mirağa olub. Məscidin 1929-cu ilədək altı təkyəsi varmış. Həmin təkyələrə onu inşa edənlərin adları verilib. Kərbəla Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafın və Hacı Ələsgərin təkyələri otuzuncu illərdə dağıdılıb. Hacı Hacağa Əkbərovun təkyəsi isə bu günə kimi qalıb. Məscid fəaliyyətə başlayan ilk gündən ona axundlar -Molla Mirəhməd, Şeyx Hüseyn, Molla Ağabala, Molla Vəli, Mirzə Məmmədhüseyn başçılıq ediblər. Məscidin divar materialları bişmiş kərpicdən hörülüb, üstü isə kirəmitlə örtülüb. Məscidin içərisində əsas yeri namaz qılmaq üçün geniş zal tutur. Bu yaxınlarda məscidin 140 yaşı tamam olacaq. Sovet hakimiyyəti dövründə məsciddən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunub. Sonralar məscidin ilkin görünüşü saxlanılmaqla ona bəzi əlavələr edilib.
Lənkəranda yerli əhəmiyyətli memarlıq abidəsi sayılan Kiçik Bazar məscidi 1906-cı ildə inşa edilib. Məscidin inşasına Tağı bəy, Ağa bəy, molla Nəsir və bütün o vaxtkı şəhər camaatı vəsait verib. Məscidin nəccarı usta Rəhim və onun atası olub. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olub. 30-cu illərdə Sovet rejimi dövründə "dinlə mübarizə" şüarı altında bu əzəmətli minarə dağıdılıb. Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlayıb və dövlət tərəfindən mühafizə olunur. Məscidin divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarın qalınlığı 1 metrdir.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 13 noyabr.- S.6