"Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə" mövzusunda müsabiqənin nəticələri açıqlanıb

 

 

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin "Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" mövzusunda keçirdikləri müsabiqənin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

 

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin direktoru Vidadi Muradov, xalçaçılıq sənətinin tanınmış tədqiqatçı- alimləri, 20-dək qəzetin baş redaktorları və qalib jurnalistlər iştirak ediblər.

"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin direktoru Vidadi Muradov tədbiri açaraq iştirakçıları salamlayıb və 12 noyabr Konstitusiya Günü münasibəti ilə təbrik edib. Vidadi Muradov "Azər-İlmə" Xalçaçılıq Mərkəzi ilə birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə, habelə müsabiqədə fəal iştirak etmiş jurnalistlərə təşəkkürünü bildirib. O, belə bir müsabiqənin təşkilini ölkə rəhbərliyinin milli mədəniyyətə və onun ayrılmaz hissəsi olan xalçaçılıq sənətinə göstərdiyi diqqətin əyani təzahürü kimi dəyərləndirib.

Vidadi Muradov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və İCESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan xalçaçılığına sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına imkan yaradıb. Mərkəzin direktoru, həmçinin bildirib ki, Qarabağ, Şirvan, Naxçıvan, Gəncəbasar, Abşeron, Quba kimi tarixi xalçaçılıq mərkəzlərində qədim ənənələrin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması və davam etdirilməsi istiqamətində aparılan islahatlar ictimaiyyət tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Vidadi Muradov bu sahədə əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun və hərtərəfli şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Fonda birgə bu mövzuda təşkil olunmuş ilk müsabiqənin ictimai diqqətin xalçaçılıq sənətinə yönəldilməsi baxımından əhəmiyyətini diqqətə çəkən Vidadi Muradov bildirib ki, son aylarda kütləvi informasiya vasitələrində bu mövzuya həsr olunmuş çoxsaylı yazılar dərc edilib.

Müsabiqəyə təqdim edilmiş bütün yazıları şəxsən oxuduğunu deyən Vidadi Muradovun sözlərinə görə, indiyədək xalçaçılıq mövzusunda qələmini sınamayan jurnalistlərin müsabiqəyə qoşulmaları, müxtəlif mənbələrə müraciət edərək məlumat toplamaları, ayrı-ayrı xalçaçılıq bölgələrinə səfərlər əsasında materiallar hazırlamaları müsabiqənin mühüm nailiyyətləri kimi qeyd olunmalıdır. Qeyri-peşəkar, şablon, son dövrün tədqiqatlarını əks etdirməyən zəif yazıların da olduğunu təəssüflə vurğulayan Vidadi Muradov jurnalistləri bu həssas mövzuya daha diqqətlə yanaşmağa, şəxsi araşdırma və tədqiqatlara geniş yer verməyə çağırıb.

Daha sonra Mərkəzin direktoru müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq 12 noyabr Konstitusiya Günü münasibətilə təbrik edib. Vüqar Səfərli ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan mədəniyyətinin qədim sahələrindən olan xalçaçılıq sənətinin son illər özünün intibah dövrünü yaşadığını, tarixi ənənələlərini qoruyub saxladığını və inkişaf etdirdiyini bildirib. Vüqar Səfərli bildirib ki, "Azər-İlmə" Xalçaçılıq Mərkəzi ilə birgə təşkil olunan müsabiqənin məqsədi də məhz Azərbaycan xalçaçılığının tarixi ənənələrinin, hazırki nailiyyətlərinin və gələcək inkişaf perspektivlərinin öyrənilməsi və ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

İcraçı direktor avqustun 1-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 29 kütləvi informasiya vasitəsindən 43 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.

Sonra müsabiqənin qaliblərinə diplommükafatlar təqdim edilib (Müsabiqə qaliblərinin siyahısı ayrıca cədvəldə təqdim olunur).

Təqdimetmə mərasimindən sonra xalçaçılıq sənətinin tədqiqatçıları -  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, xalçaçı-rəssam Eldar Mikayılzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Şirin Bünyadova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova, Bakı Slavyan Universitetinin müəllimi, professor, “Yol” jurnalının redaktoru Flora Naci belə bir müsabiqənin keçirilməsini yüksək dəyərlərdirib, qalibləri təbrik ediblər. Çıxışlarda "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin rəhbərliyinin bu sahədəki fəaliyyətini təqdir edən ekspertlər jurnalistlərə bu sahədə tədqiqatları davam etdirməyi məsləhət görüblər.

Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli qalibləri təbrik edərək media ilə sıx və məhsuldar əməkdaşlığına görə "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müsabiqələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduğunu vurğulayıb.

 

 525-ci qəzet.- 2015.- 13 noyabr.- S.4