Şeir gəzirəm

 

İçi mən qarışıq, nəymiz var axı?

Məni tərpədəcək şeir gəzirəm.

Kələ-kötür olsun, sığalsız olsun,

Tüküm ürpədəcək, şeir gəzirəm.

 

Nəsə bax, uçruma, çalaya gəlmir,

Harına bax, nəfsi, bəlaya gəlmir,

Könlüm pas atıbdı, qalaya, gəlmir,

Körük təpidəcək, şeir gəzirəm.

 

Qopan qayalardan səs çəkdi məni,

Duman çəkdi məni, sis çəkdi məni,

Qədər-qiymətinə tərs çəkdi məni,

Təzə-tər bitəcək şeir gəzirəm.

 

Qitədən-qitəyə oyuna düşdük,

Zalımın oxuna, yayına düşdük,

Yetmədi, tək canın, hayına düşdük,

Yeri titrədəcək, şeir gəzirəm.

 

Quzey məni tutdu, Güngüneyi,

Düşmən qırmacladı, gündə güneyi,

Elə, həsrət qoydu kəndə güneyi,

Bir hür gətirəcək şeir gəzirəm.

 

Kəsir

 

Bu necə fəsildi, bu necə yazdı?

Qəmətək içimdə əriştə kəsir.

Tərs-avand gəlibdi arzu-həvəs də,

Bu əli, ayağı hər işdən kəsir.

 

Qar alıb dağları, ərimək bilmir,

Sazaq yalquzaqtək, kirimək bilmir,-

Nə çəni, dumanı kürümək bilmir,

Malı da otundan, örüşdən kəsir.

 

Donub bulaq başı, iz ölüb-gedib,

Hər yer tağım-tağım, düz ölüb-gedib,

Dodaqda, ağızda söz gülüb-gedib,

Gözəli-göyçəyi, görüşdən kəsir.

 

Dağ yolu tıxanıb tıxacdan necə?

Dərədə, təpədə, bucaqda necə?

Buzlar salxım-salxım ağacda necə?-

Qol-budaq edib də göyrüşdən kəsir.

 

Bayırda-bacada qorxu dolanır,

Tanrının qəzəbi, oxu dolanır,

İnamın, ümidin yoxu dolanır,

Evləri dalandan, girişdən kəsir.

 

Hərdənbir talemə, alnıma yazdı,

Könlümün cığırna, yoluma yazdı,

Bu necə fəsildi, bu necə yazdı?

İt ağzından çıxmış kirişdən kəsir.

 

Elə

 

İçimdən boy verib uzandım, Tanrım,

Andır kündə-kündə , dərdiymiş, elə.

Məni mənə verən namərd sayıldı,

Guya qəsdimdəki mərdiymiş, elə.

 

Qılınc çəkiblərmiş yaddaşa bir az,-

Oyanan, düşünən hər başa bir az,

Tuş gəldim lənətə, qarğışa bir az,

Bu oyun şahmatmış, nərdiymiş, elə.

 

Yollar kürəyimdə düyünə düşdü,

Ağrısı-acısı çiynimə düşdü,

Uladı, ömrümə, günümə düşdü,-

Yalquzaq dolandı, qurduymuş, elə.

Bu qeyrət qılıncı, bu qolu neynir,

Qurdağız doğulmuş, oğulu neynir,

Tək cana güvənən Toğrulu (Toğrul -Türk imperatoru) neynir,

Bizi zaman-zaman çər döymüş, elə.

 

Kipriyim od almış, sərhəd, sinirdi,

Ağlar qal, a səbr, uddu, sinirdi,

Dünənlər önümdə düşmən sinirdi,

İndi parçalanmış yurduymuş, elə.

 

Düşər

 

Bu ölüm siniri, bu yön siniri,

Ruhum sinirlərdə düyünə düşər.

Yolların ağında bozaran üzüm,

Bir dəli küləyin küyünə düşər.

 

Cana bax, dumanda, nəmə neynəsin?

Kədərə neynəsin, qəmə neynəsin?

Könlümdə dolaşmış simə neynəsin?

Daş olub ürəyə, beyinə düşər.

 

Dirəndim ətəkdə, bu dik neynəsin?

Bu döngə neynəsin, bu dik neynəsin?

Şələ, şələ deyil, bu yük neynəsin?-

Ağrısı kürəyə, çiyinə düşər.

 

Sözə sərhəd olmuş, tavan neynəsin?

Bu ocaq neynəsin, tava neynəsin?

Ac-susuz neynəsin, yavan neynəsin?

Naləsi-fəryadı, öyünə düşər.

 

Bu ölüm siniri, bu yön siniri,

Ruhum sinirlərdə düyünə düşər.

Yolların ağında bozaran üzüm,

Bir dəli küləyin küyünə düşər.

 

Bu çinar ağacları

 

Çırmanıb dizinə, dirsəyə kimi,

Çırmanıb, dartınıb tarım çəkilib.

 Bu çinar ağacı yaz həsrətində,

Mənim bu yaz ağzı yarım, çəkilib.

 

Aydan kölgələnib əl işıqları,

Kölgəsi içimdə sızlayıb qalıb.

İstisi azalıb ürəyin daha,

Dönüb bir daşa, buzlayıb qalıb.

 

Dünyanın havası dumana düşüb,

Mənim havalarım düyünə bir az.

Ay da bədirlənib çinara düşüb,

Mənim bədirliyim oyuna bir az.

 

Zaman baş aldadır, zaman baş qatır,

yazır ömürə, alına yazır.

Kimini  bir ucuz şana çatdırır,

Kimə boynunun dalına yazır.

 

Çırmanıb dizinə, dirsəyə kimi,

Çırmanıb, dartınıb tarım çəkilib.

Bu çinar ağacı yaz həsrətində,

Mənim bu yaz ağzı, yarım, çəkilib.

 

Sən demə

 

Ömür elə su içimi, bir anlıq,

Karvanını tutub gedir sən demə.

Yuxular da yol ayrıcı hər gecə,

Dan üzünə yetib gedir sən demə.

 

Səmasına, Göy üzünə varıbdı,

Ocaq bilib Ay üzünə varıbdı,

Binələnib, bir alaçıq salıbdı,

Qapısını örtüb gedir sən demə.

 

Bahara bax, alçasını qar aldı,

Buluda bax, xalçasını qar aldı,

Həsrətə bax, cilovlandı, sar aldı,

Kölgə kimi bitib gedir sən demə.

 

Aldanmadı  soyuğa, istiyə,

Aldanmadı kor olmuş tüstüyə,

Üz tutub da halal haqqa, istəyə,

Vaxtı, anı ötüb gedir sən demə.

 

Piyadanı, atlısını keçibdi,

Doğusunu, batısını keçibdi,

Ağrısını, acısını keçibdi,

Ruha dönüb itib gedir sən demə.

 

Ömür elə su içimi, bir anlıq,

Karvanını tutub gedir sən demə.

Yuxular da yol ayrıcı hər gecə,

Dan üzünə yetib gedir sən demə.

 

Fəxri MÜSLÜM

525-ci qəzet.- 2015.- 14 noyabr.- S29