Göyçək Fatma

 

Mən Göyçək Fatmayam, düşüb başmağım

Sizin küçənizin o tərəfinə.

Bir sevgi nəğməsi zümzümə etdin,

Düşdü həyatının qu tərəfinə.

 

İlkson nəğməni dilə gətirdin,

Amma bir dinləyən olmadı onu.

Mənimçün ölərək düşdü tarixə-

O boyda ömrünün tək bircə anı.

 

Mən Göyçək Fatmayam, itən başmağım,

Getdi şahzadənin əlinə keçdi.

Sənin arzuların qarı nənənin,

O bitdi, birəli telinə keçdi.

 

Yetim xoşbəxtlik

 

Yetim xoşbəxtliyə ögey anayam,

Ona balam dedim, bəlama döndü.

Hər yetən verməyə can atır sanki,

Xoşbəxtlik mənimçün salama döndü.

 

Salamtək verdilər, aldılar məndən,

Bir Allah bəndəsi qıymadı mənə.

Dedim, çox sevəcəm səni balamtək,

O bədbəxt xoşbəxtlik uymadı mənə.

 

Bircə şans vermədi, vermədi ki o,

Mən qismətimi bir sınayam.

Mənə möhtac qaldı anası ölmüş,

Yetim xoşbəxtliyə ögey anayam.

 

Gəlmişəm

 

Əlindən tutmağa əlim gəlmədi,

Ayrılaq!- deməyə dilə gəlmişəm.

Sənə od qoymuşam... Od da müqəddəs,

İndi əlimdə tələ gəlmişəm.

 

Bilmirəm, sən hansı tora düşəcən,

Sevsən , ikinci tura düşəcən,

bilim ordan da hara düşəcən,

Haradı bilmirəm, hələ, gəlmişəm.

 

Gəl burdan ayrılıq tərəfə gedək,

Ömürlük həsrətin xeyrini güdək.

Onsuz da bilirsən ömrü çox gödək,

O qəlbinə düşən xala gəlmişəm.

 

Günlərin bir günü

 

Sən mənim ömrümə gələndən bəri,

Mən sənin ömründən günündən keçdim.

Sən mənim qarşıma çıxandan bəri,

Görmədin, mən sənin önündən keçdim.

 

Keçdim günah kimi ömründən sənin,

Keçmə günahımdan, önə keçmə sən.

Mən sənin günahın olmaqdan qaçdım,

Qaçma günahımdan, önə qaçma sən.

 

Nəyimiz vardı ki, arxada qoyaq,

Ayrılıq gələndə qabağa düşdük.

Biz necə bir ömrə sahib olmuşuq,

Günlərin bir günü özümüz çaşdıq...

 

Kimi

 

Mənə çəkdiyin dağa gəl,

Gəl, qorxma, dumanı yoxdu”.

E.Əzim

 

O hansı dağdı ki, dumanı yoxdu,

Mənim ilk sevgimin göz dağı kimi?

O hansı yazardı romanı yoxdu,

Şair ürəyimin söz dağı kimi.

 

Elə sancır sanki key iynələyir,

Bir işə yaramaz şey iynələyir.

Tikməyi bir yana hey iynələyir,

Cumubdur üstümə biz dağı kimi.

 

Göybəgöy axtardım, Səma, özümü,

Yerbəyer yerlərdə bitdi əzimim.

Gönüqalın bilib üzsüz üzümü,

Dərimi hey soyur xəz dağı kimi.

 

Taxta divan

 

Vaxtla oynama, gülüm,

Vaxtında oyna bir az.

Özünə divan tutma,

Taxtında oyna bir az.

 

Oturtmaqçün yerində,

Taxta divan qurular.

Sənin alın tərində,

Taxta divan qurular.

 

Boş sözdü ki, deyirlər,

Quruca baxtın olsun.

Baxtın quruyanacan,

Qızıldan taxtın olsun.

 

Göyçək Fatma

 

525-ci qəzet.- 2015.- 14 noyabr.- S.29