Ümiddən qabaq
ölmək
...O,
ümiddən qabaq ölmüşdü, amma hələ də
nəyəsə ümid edirdi...
Adətinə uyğun olaraq erkən oyandı. Yenə də
adəti üzrə paltarını geyindi, qalstukunu taxdı,
şlyapasını qoydu. Məktəbdə
ilk zəng vurulanda çölə çıxdı.
Məktəblə evlərinin arasında bir çəpər
vardı.
Arvadı
əlində süd badyası içəri girdi, ərini
geyincəkli görəndə çaşdı:
-Hara
gedirsən?
O:
-Necə
yəni hara, məktəbə! - ötkəmliklə
soruşdu.
-Dünən
səni işdən çıxarmadılar!? -arvadı
məyus-məyus onun üzünə baxdı.
O,
arvadından da betər çaşdı, duruxdu, sonra köhnə
təcrübəsi ona köməyə gəldi,
özünü ələ aldı:
-İşdən çıxarıblar, müəllimlikdən
ki yox. Bir də
ki, mən həmişə səliqəli geyinmişəm, bəlkə
rayona gedib, dükan-bazara da dəydim, -dedi və həyətə
çıxdı...
Arvadı heç nə demədi, içəri keçəndən
sonra pəncərədən ərinə baxdı. Əri quruyub
qalmışdı, nə edəcəyini bilmirdi. Gözləri doldu.
O, həyətdə
dayanıb müəllimlər otağına sarı
baxırdı. Yəqin indi məktəb direktoru
boş saatı olan müəllimlərlə laqqırtı
vurur. Xasiyyəti beləydi. Elmdən başqa hər şeyə marağı
vardı. Vaxtı ilə ona coğrafiyadan
dərs demişdi. Direktor riyaziyyatçıydı.
Onu işdən çıxaranda, daha doğrusu onun işdən
çıxarılması ilə bağlı Nazirliyin əmrini
ona göstərəndə, bir-iki dəfə
öskürüb, udqunandan sonra belə demişdi:
-Məmməd
müəllim, burda hamısı yazılıb. Hər
şey iki vuraq iki kimi aydındı. Yaşınız
ötdüyünə görə sizi işdən azad ediblər.
İstədi
desin ki, ötən il də belə bir əmr
vardı, amma sonra ləğv elədilər. Direktor onu
qabaqladı:
-Ötən
il ayrı, indi ayrı. Keçən dəfə
sizin yerinizə müəllim tapmadıq, indi ikisi birdən gəlib,
biri öz kəndçimizdi, kəndin ayağında olur, o
birisi şəhərli olduğundan azad təyinat
götürdü... İstəyirsiniz, özünüz ora
gedin, Bakıya, ya nazirin adına məktub
yazın, amma rayon maarif müdirinə də deməyin xeyri
yoxdu, əmrləri o vermir...Bir şey olsa xəbər eliyərik...Bəlkə
kimsə dekretə çıxdı, ya elə başqa işə
getdi...
Direktor
nitqinin sonunda çox şit bir ifadə də işlətmiş,
hətta kövrəlmişdi də:
-Siz həmişə
bizim qəlbimizdəsiniz, Məmməd müəllim.
“Mən kiməm ki, sənin qəlbində olam, rəhbər-zadam...”
ürəyində fikirləşmişdi.
O, ali məktəbdə qiyabi oxumuşdu. Şəhərdən xoşu gəlmirdi. Semestrlərə də candərdi gedirdi. Hətta televizorda bitirdiyi universiteti göstərəndə
də ona baxmırdı. Çünki o,
yeni yox, köhnə binada oxumuşdu. Köhnə
binanı sökəndə ona elə gəlmişdi ki,
diplomunu da əlindən alıblar. Az
qalırdı ki, gedib, sənədlər olan köhnə
çemodanını açıb baxsın ki, diplom
ordadı, ya yox, axırda bu işdən vaz keçirdi, bilirdi
ki, diplomu döş nişanı ilə birlikdə ordadı.
Arvadı güldürməkdən başqa bir şey
olmayacaqdı...
Özünə söz vermişdi ki, nə rayona, nə
də şəhərə qəbula gedəcək. Əgər o,
məktəbə lazım deyilsə, heç məktəb də
ona lazım deyil. Hirslənəndə belə
fikirləşirdi, amma elə ki, darıxırdı, məktəb
barədə bu cür fikirləşdiyinə görə
peşman olurdu.
O, anadan
olan il bu məktəb tikilmişdi. Orta məktəbi
qurtarıb ali məktəbə daxil olanda
elə buradaca işə başlamışdı. Atası müharibədə itkin
düşmüşdü deyə, anasını və
dörd bacısını tək qoymaq istəməmişdi.
Şəhərin hay-küyü də bir yandan,
ona görə də qiyabi təhsili seçmişdi. O,
bu məktəbə elə bağlıydı ki, desəydilər,
gəlin yeni məktəb tikək, razı olmazdı. Bu məktəb sökülsəydi, onda elm də gedərdi
öz işinin dalınca. Yeniliklər bədbəxtliklər
gətirirdi. Adamlar
çaşırdılar. Yeniliklə birgə
xətir-hörmət də yox olurdu. Hər
nəsil dəyişdikcə onların yerişləri-duruşları
da, davranışları da dəyişirdi.
Düz
qırx bir il məktəbdə direktor
olmuşdu, sonralar yaşının çoxluğunu nəzərə
alıb, onu köhnə işinə - müəllimliyə
qaytarmışdılar. Düzdü, direktor
olanda da dərs deyirdi, amma saat hesabı. Müəllim
çatışsaydı, bəlkə heç saat hesabına
da razılaşmazdı. Çünki
müəllim müəllimdi, direktor da direktor. O, müəllim
yoldaşlarının çörəyinə bais olmaq istəmirdi.
Di gəl ki, kənddə müəllim işləmək istəyənlər
də az idi. Burda qalanlar ailə
quran cavan qızlar id. Kişilər müəllimliyi
özlərinə sığışdırmırdılar.
O elə fikirləşirdi ki, arvad dərs deyən şagirddən
şagird olmaz. Şagirdlər gərək kişi
müəllimlərin əlindən keçsinlər...
Əlinə bir gül dəstəsi, qoltuğuna da
yarım metrlik xalça verib, pensiyaya yola salan günü
arvadı çiçəkləri güldana qoydu,
xalçanı stulun başına atdı. Amma onun gözü gül dəstəsini
götürmədi, ona görə də çıxarıb
quzuların qabağına atdı, xalçanı da
qızına verdi...
Arvadı ərinin işsizliyinə, tez-tez dəyişən
halına dözə bilmirdi. O, ərinin şagirdi olmuşdu,
özləri də erkən evlənmişdilər. İki
oğlu şəhərdəydi, bir qızı Rusiyada, lap
balaca qızı kəndin yuxarısında
yaşayırdı. Hərdən onlara baş çəkməyə
gəlirdi...
Bacıları elə gündəydilər ki, Tanrıya
duanı da unutmuşdular, nəinki sonbeşik
qardaşlarını, amma danışanda dilləri
kövşənliyə qədər çatırdı. O isə dözürdü,
təki səsləri gəlsin...
Onun uşaqlarıyla bağlı öz planları
vardı. Lap
cavanlıqdan arzu eləmişdi ki, nəvələri də
uşaqları kimi bu həyətdə, tut ağacının
altında atılıb-düşsünlər, ləkləri
ayaqlasınlar, arvadının çox sevdiyi gülləri xəlvətcə
dərsinlər, nənələri onların üstünə
qışqıranda nəvələrinə qəhmər
çıxsın. Arvadı da ona: “Sən dinməz dur, qoca
xırış”, - desin.
Belə sözləri bir zamanlar anası atasına
deyirdi. “Xırış” sözünün mənasını
bilməsə də, həmin sözə doyunca
gülürdü. İndi nəvələri
burda deyildilər, paytaxtdaydılar. Uşaq
olanda kəndə tez-tez qonaq gəlirdilər, indi
ayaqlarını tamam kəsmişdilər. O özü
isə yalnız bircə dəfə nəvələrinə
baş çəkməyə getdi, arvadının təkidiylə.
Heyf, arvadı bircə dəfə də olsun, üzünə
qayıtmadı...
Hər şey dəyişmişdi: şəhər də, insanlar da. Adətə görə böyük oğlunun evində qaldılar. Amma buna ailə demək olmazdı. Heç kim bir-birilə, demək olar ki, danışmırdı. O özü də bir şey soruşanda cavab vermirdilər. Hamının başı öz telefonuna, kompüterinə qarışmışdı... Ayaq yolu da evin içində. Getdiyi günün səhəri geri qayıtmışdı...
-Ay ata, indi zəmanə dəyişib, -deyə böyük oğlu ona təsəlli vermək istəyirdi.
O isə başqa fikirdəydi: dəyişən zəmanə yox, adamlardı...
Çölə çıxdı. Məktəbdə tənəffüs idi. Birdən balaca bir uşaq əlini zorla uzadıb zəngi vurdu. Əslində o zəng də yox, zınqırov idi. Direktor olanda əsl zəng qoymaq istəmişdilər, toknan işləyən, amma razı olmamışdı, hətta nümunəvi məktəb kimi onlara kompüter hədiyyə edəndə də yiyə durmamışdı.
Yox, o, geridəqalmış deyildi. Sadəcə tez dəyişən həyatı qəbul eləmirdi, ələlxüsus da kəndlərini dövrələyən meşəlikdə, dağların döşündə yeni binalar tikiləndə. O evi tikənlərin bu kəndə bu ağaca, bu torpağa dəxli yoxuydu. Çünki buraları tanımırdılar. Ona görə də onun və həmkəndlilərinin sevdiyi, gəzdiyi yerləri dağıdırdılar. İçində bir gün də yaşamayacaqları yöndəmsiz evlər tikirdilər. O, meşəlik tərəfə baxmağa qorxurdu. Ona elə gəlirdi ki, indi yad ölkədədir, buralar isə onun sevdiyi el-oba, daş-kəsək deyil...
-Getmirsən getmə, bəlkə məktub yazasan, - arvadı çəkinə-çəkinə qəfildən dedi.
Gözlərini hərləyib təəccüb, bir qədər də acıqla arvadına baxdı. Arvadı büzüşən kimi oldu:
-Deyirəm, yəni bu qədər xiffət eləməkdənsə, məktub yazasan. Özün bil, yazmırsan yazma...
-Mən xiffət-zad eləmirəm, boynuma qoyma, -dedi...
Məktəb tərəfə baxdı. Uşaqlar indi dərsdəydilər. Cəmi üç sinif otağı vardı. İki otaq yanaşı, bir otaq kəllayıda yerləşirdi. Müəllimlər otağı qapıya yaxın idi.
Çöldə dura-dura burnuna neft iyi gəldi. Hər səhər beləydi. O, bu qoxuya öyrənmişdi. Səhərlər məktəbin döşəməsini neftlə silirdilər.
Tut ağacının dibində oturdu. Dağlardan əsən meh neft havasını özüylə kəndin ayağına apardı.
-Çayı orda içəssən, yoxsa evdə?-arvadının səsi gəldi.
Cavab vermədi, sanki nəsə deməyə ərindi. Arvadı da təkrar eləmədi, yəqin onu başa düşdü.
Bir az oturandan sonra otağa qayıtdı və qələm-dəftər götürüb yazmağa başladı. Əvvəl bilmədi ki, nə yazsın. Desəydi ki, məktəbsiz dura bilmir, bu, arvad kimi zığıldamaq olardı, desəydi ki, pensiyası yaşamağa bəs eləmir, bu da düşük çıxardı. Çünki heç zaman mal-mülk düşkünü olmamışdı. Bəs nə yazsın? İstədi arvadını çağırıb soruşa, ya kəndin başında yaşayan qızına zəng edə, ürəyi gəlmədi. İndiyə kimi hamıya o ağıl verib, indi başqasından ağıl umur... Axırı yazdı. Yazdı ki, 50 ildən yuxarıdır məktəbdə dərs deyir, səhər o başdan durur, nəvələrinə dərs keçir və hiss edir ki, öz təcrübəsini yetişən nəslə axıra kimi verməyib... Vəssalam...
İstədi ki, məktubu başqasıyla, lap elə rayon mərkəzində işləyən kürəkəniylə göndərsin. Amma utandı, utandı ki, bu boyda kişini nazirliyə məktub yazmaqda qınayarlar: “Qoca kişisən, otur xarabanda da...”
-Çayı bura gətir, -o biri otağa tərəf
səsləndi. Amma
heç kim onu eşitmədi. Arvadı çöldəydi, tut ağacının
təzə-təzə qopub düşən yarpaqlarını
yığırdı.
Məktubu zərfə qoymaq istədi, amma fikrindən
daşındı. Hara yazsın, ünvanı bilmir,
çünki nazirlik yeni binaya köçüb. Təzə direktordan isə soruşmaq istəmədi.
Bir az fikirləşəndən sonra məktubu
cırıb atdı. İstədi təzəsini
yazsın, amma ağlına heç nə gəlmədi.
Və birdən ona elə gəldi ki, dərsə
getmək həvəsi ölüb. Durub
otaqda gəzişdi. Ayaqları, sanki
qıc olmuşdu, onu yuxu basırdı. Halbuki
bir-iki saat qabaq yuxudan durmuşdu. Məktəbə
həvəsinin öldüyünü duyandan sonra onu
yorğunluq bürüyürdü. Qarşıda
ümidsizlik vardı...
Stula
çökdü, başını stola dirəyib fikrə getdi...
Onu huş aparır, zaman harasa dartırdı. O,
uzaq tunellə addımlayırdı. Lap qarşıda - tunelin
o başında balaca bir uşaq ona əl edirdi... Deyəsən, öz uşaqlığıydı.
Məktəbin ilk zəngini vururdu...
Bir
şagird həyətə girdi və arvadına nəsə
dedi.
Arvadı sevinə- sevinə onun yanına gəldi. Başının
üstündə dayanıb, səsləməyə
başladı. Arvadının səsi çox uzaqdan gəlirdi,
amma ayıla bilmirdi, bəlkə də ayılmaq istəmirdi,
tunelin sonundakı işığa doğru gedirdi, getdikcə
yüngülləşir, az qala
uçurdu...
Oktyabr 2015
Elçin
Hüseynbəyli
525-ci qəzet.- 2015.- 14 noyabr.- S28