Dünya sözə qalacaq
Poeziya, şeir yaradıcılığı yaxşı
şeirin özü qədər sirli-sehirli bir aləmdir.
Poetik
yaradıcılığın özünəməxsusluq
faktını dərk etdikcə adam daha
çox inanır ki, şairlik birbaşa Allah vergisidir və qəlblərə,
duyğulara təsir gücünə malik poeziyanın müəllifi
qəti olaraq istedadla birgə doğulur.
Deməli, əsl poetik nümunələri yaratmaq
üçün şair doğulmaqdan başqa ayrı yol
görünmür. Mən bu fikrə bir daha onda gəldim ki,
cavan bir şairin kitaba çevriləcək əlyazma nüsxəsini
diqqətlə oxudum. Diqqətlə oxudum ona görə
ki, həmin cavan şairin hələ bir neçə il bundan əvvəl qəzet səhifəsində
rast gəldiyim ilk şeirindən onun mütləq
hamının sevə biləcəyi bir poeziya dünyasına
sahib olacağını duymuşdum. Həmin şeirdə o
cavan şairin belə sətirləri vardı:
...Dəyirmandı,
dən deyil
Dərdi üyüdən deyil.
Dərd gəldi
- gedən deyil,
Salıb üzə - qalacaq.
...Kiminə
doğan dandı,
Kimisinə torandı.
Dünya
sözdən yarandı -
Yenə
sözə qalacaq...
Bax elə o zaman bu şeir parçasının son sətrindəki
“Dünya sözdən yarandı - Yenə sözə qalacaq”
postulatı məni özünə cəlb etdi və mən
böyük Tolstoyun “bu dünyada hər şey ölüb gedəcək,
əbədi qalan bədii söz olacaq” fikrini bir də
xatırladım. Bir daha inandım ki, əgər müqəddəs
kitablardan biri “öncə söz gəldi” kəlməsi ilə
başlayırsa, onda elə sona da söz qalacaq.
Sonra mən
o şeirin müəllifi ilə elə özümün də
taleyimi bağladığım Bakı Dövlət
Universitetində tanış oldum.
Sən demə o cavan şair elə bizim Universitetimizin
Kitabxanaçılıq-informasiya fakültəsini bitirib və
savadına, bacarığına görə onu fakültədə
müəllim saxlayıblar.
Sonra bu cavan şairin kitabları nəşr olunmağa
başladı; filologiya üzrə fəlsəfə doktoru,
dosent oldu, Yazıçılar Birliyi Gənclər
Şurasının üzvü seçildi, 2008-ci ildə gənc
yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə
layiq görüldü.
...Bütün
bunlar hələ illər öncə, ilk şeirindən
çox ciddi bir yaradıcılıq dünyası gözlədiyim
fəhmimin gerçəkləşmə prosesi idi. Və indi
poeziyasına, yaradıcılığına sevgi ilə
yanaşdığım o gənc şairin çapdan
çıxmış bir kitabı masamın üstündədir.Yaradıcılıq
yolu, fərdi üslubu, poetikası formalaşmış bir
şair: Ələmdar Cabbarlı. Yeni kitabın adı:
“Günahı olan qorxmasın...”
Ələmdar Kəlbəcərdə doğulub, məcburən
Bakıda böyüyüb. Şeirlərində,
bütövlükdə yaradıcılığında bir dərd
yükü var: Kəlbəcər dərdi. Ələmdar o
yerlərdən uşaqkən çıxıb, amma şeirlərinin
dərd yükünə, dağlara olan yanğısına, kənd
havasına görə bəzən adama elə gəlir ki,
Ələmdar o doğma yurddan 10-12 yaşında deyil, o ellərə
qarış-qarış bələd olan 60 yaşlı bir
insan çağında ayrılıb.
Əlbəttə, bütün ağıllı şairlərin
hamısında bir Vətən sevgisi var. Amma Ələmdarın
Azərbaycan sevgisi heç kimə bənzəməz. Bu sevgi itən
torpaqlarımızın ağrı-acısından, erməni əsirliyində
olan insanlarımızın dərdindən yoğrulmuş qəribə
bir sevgidir. Dərddən yoğrulduğuna görə bu
sevgi oxucunun da ürəyini sızladır və qəfil
yaranan bir gülüş səsini, qəfil yaranan bir torpaq
unutqanlığını onun özünə qaytarır: Kəlbəcər
Ələmdarın poeziyasında darda qalan bir parça torpaq
deyil, Kəlbəcər dərdi bu şeirlərdə
ümumiləşib erməni tapdağında inləyən qərib
obalarımızın hamısının dərdini dilə gətirir:
Vətən
həsrətiylə, yurd həsrətiylə,
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım
od tutur, huşum göynəyir...
Bu sətirləri oxuyuram, bir tərəfdən şairin
poetik tapıntıları, dərdi ifadə vasitələri məni
heyran edirsə, o biri tərəfdən bu sətirlər mənim
dərdimi təzələyir və mən də öz
yuxularımda kəndimə, kəsəyimə köçmək
istəyirəm.
Ələmdar şeirlərinin böyük əksəriyyətində
Kəlbəcərin timsalında ümumxalq dərdini qələmə
alır və bu dərdin əlacını itirilən torpaqların
harayında, nərəsində axtarır. Ona görə də
şair üçün atəşkəs dövrünün əsgəri
olmaq da böyük bir dərddir:
Atəşkəs
dövrünün
əsgəri olmaq
yazıldı alnıma -
Nə
qazi olmaq
şansım var,
nə
şəhid olmaq
xoşbəxtliyim...
Elini,
obasını
itirmiş biri üçün
Atəşkəs
dövrünün əsgəri olmaqdan
böyük dərd yoxdur,
qardaşım.
Bu sətirlər
düşməndən intiqam almağa
çağırışın elə bir tematik
tapıntısıdır ki, onu izah etməyə gücüm
yetmədi...
Ələmdarın
yuxuları gecələr dərddən - Vətən dərdindən,
el-oba dərdindən yuxusu ərşə çəkilən
hər kəsin yuxularıdır: və Ələmdar belə
şeirlərə elə sərlöhvələr qoyur ki,
oxucu şairin dərdini özününküləşdirməyə
bilmir: “Dərdim girir yuxuma...” Sərlöhvə
özü son dərəcə poetik olduğu kimi, son dərəcə
də real bir hadisədir. Dərdli adamın yuxusuna ancaq
dərd girə bilər, amma tapıntı Ələmdarındır:
Əvvəliylə,
axırıyla bir yerdə,
Çalasıyla,
çuxuruyla bir yerdə,
Sürüsüylə,
naxırıyla bir yerdə -
Aman Allah, kəndim girir yuxuma.
...Ələmdaram,
haqq divanı qurulmur,
Bulanıbdı, çeşmələrim durulmur.
Gündüz
mənlə dolaşmaqdan yorulmur,
Dərdə
bax ki - dərdim girir yuxuma...
Dərd Ələmdarın qəm yüküdü. Əlbəttə,
poeziya dərdin ifadəsində də bir estetik ideal
axtarır. Və Ələmdarın bəzi
şeirlərində biz bu estetik idealı elə dərdin
özündə görürük. Sanki dərd onun ən
şirin nemətidir:
Bu
axşam gələcək qonağım-qaram,
Bu axşam dərdimin yaşı olacaq.
Hamıdan
birinci təbrikə gələn -
Gözümün
bir gilə yaşı olacaq...
Ələmdarın
dərdləri sırasında yurdundan-yuvasından
qaçqın, köçkün düşmüş
insanların müxtəlif bölgələrə səpələnməsi
və qaçqın, köçkün adamların
ömrünün dərddən qısalması kimi
ağır bir kədər motivi var. Şair bu tematikanı
qaçqın-köçkün qəbristanlığının
artması fonunda atasına xitabən dediyi sətirlərdə
belə ifadə edir:
Ata, qəbristanlıq
yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm
sudan ucuz, amma məzarın,
Üstündə növbədi, giley-güzardı.
Bu şeirdə kənd qonşularının
köçkün düşüb birtəhər yerləşdikləri
şəhərlərdə məzar qonşusu olmaq taleyi kimi
ağır bir dərdin ifadəsini görürük.
Poeziya və fəlsəfə əkiz doğulmuş
yaradıcılıq sahələridir. Bədii ədəbiyyat
obrazları, hadisələri, dünyaya baxış bucağını
ümumiləşdirməklə fəlsəfəyə
çox yaxın bir format yaradır. Zəmanəmizin
böyük filosofu Səlahəddin Xəlilovun Əbu Turxan təliminə
görə “sənət var ki, insanı
duyğulandırır, sənət də var ki, həm də
düşündürür”. Ələmdarın
poeziyası duyğulandırmaq və düşündürmək
prosesini eyni vaxta salır.
Ələmdar Cabbarlı özünün milli ənənəvi
şeir üslubunda yazdığı əsərlərdə -
hansı tematikada olur-olsun - mütləq fəlsəfi
ümumiləşməyə meyl edir. Şairin “Torpağın üzü
soyuqdu...” əsəri həm duyğulandırır, həm də
düşündürür:
Torpağın
üzü soyuqdu,
Görəsən, altı necədir?
İnsanın
qiyamətədək,
Günü, həyatı necədir?
Öz yaşın saxlayan varmı?
Dərdinə bir hayan varmı?
Orda da ağlayan varmı?
Ağı, bayatı necədir?
Bu şeir 5 bəndlik bir əsərdir. Amma hər bəndində
bizi duyğulandıran və düşündürən
neşə-neçə dərin qat var.
Ələmdar
zamanın, dövrün, dövranın da bədii
obrazını ustalıqa yaradır:
İndi
şeytan havasına
Bəndə
oynayan vaxtıdı...
Yaxud:
Bəşər
susayıbdı qana,
İnsan toy tutur insana.
İndi bəndənin
şeytana,
Aldanan, uyan vaxtıdı.
Bəlkə, bu həqiqətlər Ələmdarın
poeziya dünyasına elə dünyanın
qarışdığı dünyadan gəlir? Bu sətirlər
bizə dünyanı çaxnaşdıran qüvvələrin
şeytanlığından və doğrudan da ona uyan müsəlman
aləmində bir-birini odlara qalayan “şeytana uyanlar”dan gəlir?
Ələmdarın aşağıdakı misraları
ilk baxışdan dünyaya, həyata pessimist baxış kimi
yozula bilər.
Lakin şair əslində “Yaşasaq - qırılıb
batarıq, Vallah” şeiri ilə insanları elə insan
olmağa çağırır:
Dünya
qonaq evi gəlib-gedirik,
Gəlib
bağrımızı dəlib gedirik,
Deyirəm...
yaxşı ki, ölüb gedirik,
Yaşasaq...
qırılıb, batarıq,Vallah.
Ələmdar Cabbarlı poeziyanın əbədi
mövzularına da etinasız deyil. Onun
yaradıcılığında sevgi, məhəbbət
şeirləri də var. Yəqin oxucu mənim bu cümlələrimdəki
bağlayıcılardan nəsə hiss etdi. Məsələ burasındadır ki, Ələmdarın
sevgi şeirləri də kədərlə doludur. Bəlkə, ona görə ki, insan əslində elə
kədərə meylli məxluqdur.
İnsan ömrü nə qədər
qayğısız, qəmsiz, kədərsiz keçsə də
bir ömrün ki, axırı üzü yoxluğadır,
onun kədərə meylliliyi təbiidir. Həm də
xoşbəxtliyin xalq deyimindəki “İçim
özümü yandırır, çölüm özgəni”
postulatı da insanın kədərə meylliliyini şərtləndirir.
Bütün bunlar belədir, amma Ələmdarın sevgi kədəri
də ağıllı kədərdir, oxucunu təsirləndirmək,
duyğulandırmaq və nəticə çıxarmaq kədəridir:
İtmişəm
dumanda, itmişəm çəndə,
Apardın yazımı, mənə qış qalıb.
Burda hər
küçədə, burda hər tində
Sənin qədəmindən bir naxış qalıb.
Yaxud:
Dərddən
buz bağlamışam,
Dəymə, əritmə məni.
Ölüm
öldüyüm yerdə,
Gəlib diriltmə məni.
Ələmdarın sevgisindəki kədər yurd-yuva,
doğma torpaq dərdinə elə qarışıb ki, bəzən
birini o birindən ayırmaq olmur. Təsadüfi deyil ki, birbaşa “Dərd”
adlandırdığı bir şeirində dərdin - dərdlərin
peyvənd bir aləmi ilə üzləşirik:
Saxlatman
qapıda, yol verin gəlsin,
Mənə həsrət-həsrət baxan dərdimi.
Yesir
taleyimdən üstün tuturam,
O ağa
dərdimi, o xan dərdimi.
Ələmdarın sevgisi həm də çox orijinaldır. Şair sevgisində sədaqət göstərməyən qıza nə qədər qızgın və ironiyalıdırsa, əsl sevgiyə layiqlərə o qədər incədir, zərifdir və hətta bu sevgi yolunda ölümə də hazırdır:
Fürsət ver, sənə bir şeir
Yazım - özümü öldürüm.
Saçlarından bir tel göndər -
Asım, özümü öldürüm.
Yaxud:
Səni ağlayan gözü
Silmərəm...
arxayın ol.
Dərdindən ölməyincə -
Ölmərəm, arxayın ol!
Ələmdarın sevgi şeirlərinin hamısı vüsala yetməyən bir məhəbbət rəmzidir. Və bu şeirləri oxuduqca, Ələmdarın poeziya dünyasına bələd olduqca, belə bir qənaətə gəlirsən: Ələmdar doğma yurddan, sevdiyi torpaqlardan, sevgi rəmzi, sədaqət simvolu bildiyi dağlardan ayrı qaldıqca, onun sevgi şeirləri də torpaq dərdi kimi od tutub yanacaq. Bu sevgi yalnız doğma yurd-yuvaya qayıdış çağında vüsala qovuşacaq... Amma bu şeirlər bir qənaət də doğurur: Çağdaş Azərbaycan poeziyasında Ələmdar Cabbarlı ünvanlı mükəmməl bir şair yetişib. Milli poetik ənənələrin layiqli davamçısı, öz sözü, öz üslubu ilə ustad ədiblərimizin də qiymətləndirdiyi Ələmdar Cabbarlı, milli iftixarımız olan Cəfər Cabbarlının layiqli davamçısı: Cabbarlı Ələmdar!
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 14 noyabr.- S27