Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Tayvanda
millətçi hökumət və Böyük
Sıçrayış
İkinci Dünya müharibəsi başa
çatdıqdan sonra bir-birinin yanında iki Çin dövləti
mövcud idi.
Çan Kayşinin Millətçi hökuməti
cənubi və mərkəzi Çində olmaqla, amerikanlar tərəfindən
dəstəklənirdi. Mao Tszedunun başçılıq
etdiyi Kommunistlər isə Şimali Çində möhkəm
baza yaratmışdılar. Onların Xalq
Azadlıq ordusunun bir milyona yaxın əsgəri var idi.
1946-cı ildə koalisiya hökuməti yaratmaq cəhdləri
uğursuz olduqda, millətçilərlə kommunistlər
arasında tam miqyaslı müharibə başlandı. Kənd yerlərində
milyonlarla kəndlini kommunistlərin torpaq vermək barədəki
vədləri cəlb edirdi və çoxları Mao hökumətinə
qoşulurdu. 1948-ci ildən Xalq Azadlıq
Ordusu (XAO) Pekini mühasirəyə aldı. Sonrakı ilin yazında kommunistlər Yantszı
çayını keçib, Şanxayı işğal etdilər.
Sonrakı iki ay ərzində Çin hökuməti
özünün 2 milyon nəfərlik tərəfdarları
ilə Çinin materik ərazisinin sahilindən kənardakı
Tayvan adasına qaçdılar. 1 oktyabr
1949-cu ildə Mao Səma sülhü qapısının
(Tyananmen meydanının) tribunasına qalxıb, meydanda onun
qarşısında toplaşmış minlərdə adama qələbə
bəyanatını çatdırdı. O dedi ki,
Çin xalqı ayağa qalxmışdır və heç kəs
bir daha onu alçaltmağa qadir olmayacaqdır.
Yeni qələbələr çalmış Kommunist
Partiyası, onun sədri Maonun liderliyi altında sosialist cəmiyyəti
qurmaq barədə uzun müddətli bir məqsədə
malik idi. 1955-ci ildə Çin hökuməti bütün
özəl fermer torpaqlarını kollektivləşdirdi və
sənayenin və kommersiyanın əksəriyyətini milliləşdirdi.
Kollektiv təsərrüfatlar ərzaq istehsalını
artırmaqda uğursuzluğa uğradıqda, Mao 1958-ci ildə
Böyük Sıçrayış kimi tanınan daha radikal
proqrama başladı. Ənənəvi kənd
təsərrüfatları geniş “Xalq Kommunalarında” birləşdilər.
Onların hər biri 30 min adamdan ibarət idi.
Mao ümid edirdi ki, bu proqram xalqı XX əsrin
sonundan əvvəl iqtisadi yüksəlişi sürətləndirmək
naminə kütləvi cəhdə və kommunizmin- sinifsiz cəmiyyətin
final səhnəsinə çatmaq üçün səfərbər
edəcəkdir. Lakin Böyük
Sıçrayış etmək əslində bədbəxtliyə
çevrildi. Pis iqlim və yeni sistemə kəndlilərin
nifrəti birləşib, ərzaq istehsalını
aşağı saldı. Bu uğursuzluqlara baxmayaraq, Mao
tam sinifsiz cəmiyyət barədəki öz arzusunu tərk
etməyə hələ də hazır deyildi və 1966-cı
ildə Çinin kommunizmə yeni güclü
yürüşünə start verdi.
Prezident Lindon Conson 1965-ci ildə Cənubi Vyetnama Birləşmiş
Ştatların qoşunlarını göndərdi ki, cənubi-şərqi
Asiyada kommunizmin ekspensiyasının qarşısını
almağa cəhd etsin. Birləşmiş Ştatların
başlıca marağı artıq Sovet İttifaqı deyil,
kommunist Çini idi. 1960-cı ilin
ortalarından Sovet İttifaqının rəsmiləri belə
baxış nümayiş etdirdilər ki, mahiyyətcə
mühafizəkar dövlət kimi SSRİ sərhədlərini
genişləndirməkdən daha çox öz geniş
imperiyasını himayə etmək barədə
düşünür. Mao Tszedunun
bütöv sinifsiz cəmiyyət yaratmaq barədəki cəhdinə
isə çox böyük diqqət verilirdi. Böyük Sıçrayış siyasətinin
uğursuzluğa uğramasına baxmayaraq, o, bu vaxt daha
böyük dramatik məcburiyyətlə Çinin kommunizmə
doğru hərəkətinə başladı.
Mao inanmışdı ki, yalnız daimi inqilabi
qızğınlıq atmosferində çinlilər
keçmişi geridə qoyacaq və kommunizmin son səhnəsinə
çatacaqdır. Buna müvafiq olaraq, 1966-cı ildə o,
Qırmızı Qvardiyaçıların - xunveybinlərin
cilovunu buraxdı, kommunist partiyasının bəxti gətirməyən
üzvlərindən və narazı gənclərdən inqilabi
birliklər yaratdı. Onlar küçələrə
tökülüşüb, Çin cəmiyyətini,
kapitalist yolunu tutmaqda günahkar olan elementlərin natəmizliyindən
təmizləmək istəyirdilər. Məktəblər,
universitetlər, fabriklər və hətta hökumət
üzvləri - nazirlər Qırmızı
Qvardiyaçıların yoxlamasına tabe olmalı idilər.
Bu Böyük Proletar Mədəni İnqilabı (hərfi mənada
Çin dilindəki adı “proletar mədəniyyəti
yaratmaq üçün böyük inqilab” kimi tərcümə
olunurdu) 1966-cı ildən 1976-cı ilə kimi on il ərzində davam etdi. Qırmızı
Qvardiyaçılar millətin diqqətini ona cəlb edirdilər
ki, “dörd köhnə” ad altındakı- köhnə
ideyalar, köhnə mədəniyyət, köhnə qaydalar və
köhnə adətlər ləğv edilsin. Onlar məbədləri dağıdır, əcnəbi
yazıçıların kitablarını
yandırırdılar. Onlar küçə
adlarını cırıb atır və onların yerinə
inqilabi adlar qoyurdular. Mao təlimindən
uzaqlaşmaqda şübhələnən adamlara hücumlar
edilirdi. Belə ittiham olunanlar ictimai mitinqlərdə
alçaldılır, onlar öz “cinayətlərini” etiraf etməyə
məcbur edilirdilər. Xunveybinlər professorları,
böyük dövlət xadimlərini diz üstə
çökdürüb, onların başına,
inkvizitorların istintaq apardıqları adamların
başına uzun konusvari papaq geyindirdikləri kimi, ağ kolpak qoyurdular, onlara hər cür təhqir
yağdırırdılar. Həmin canfəşanlığın
bir nəticəsi kimi də ziyalılar kənd təsərrüfatı
əməyi ilə məşğul olmağa göndərilirdilər.
Mao
başa düşdü ki, daimi inqilabi həvəs əhval-ruhiyyəsini
dəstəkləmək heç də asan iş deyildir. Partiya üzvləri də daxil olmaqla əsas qruplar və
çox sayda hərbi zabitlər “daimi inqilab” barədə
Maonun arzusuna tərəfdar çıxmışdılar.
Xalq hərəkata qarşı
çıxmağa başladı və 1976-cı ilin 9
sentyabrında Mao öldükdə, praktiki qaydada
düşünən islahatçılar hakimiyyəti
radikalların əlindən aldılar və Çin problemlərinə
daha ratsional münasibət bəsləməyə keçdilər.
Maodan bir neçə ay əvvəl- həmin
ilin 8 yanvarında Çjou Enlay da həyatdan getmişdi.
Maonun - “böyük sükançının” və
özünün adlandırdığı kimi “qoca
Buddanın” vəfatı xəbərini xalq böyük
hüznlə qarşıladı.
Maonun Çin inqilabına başçılıq etdiyi
tarixin maraqlı səhifələri vardır. Çin
Qızıl Ordusu qoşunlarını Qomindan ordusunun
mühasirəsindən çıxarmaq üçün o,
1934-1935-ci illərdə şimal əyaləti olan Şensiyə
“Böyük Yürüşü” təşkil etmiş və
orada kommunist dayaq mərkəzi yaratmışdı. Bu yürüşün yolu 2 min km məsafədə
olmaqla, şimali Çindən keçirdi. “Böyük
Yürüş” dağ silsilələrindən və səhradan
keçməklə bir il davam
etmişdi.
Maonun ölümündən sonra
yeni mühüm hadisələr baş verdi.
Böyük sıçrayış da, mədəni
inqilab ideyaları da artıq arxada qalmışdı. Çin xalqı gələcəyə yeni qapı
açmağı bacardı. Xalqa xas olan
daxili müqavimət qüvvəsi mədəni inqilabın
milli xarakterə ağır təsir göstərməsinə
imkan vermədi. Düzdür, xunveybinlər
onlara deyilənləri təkrar edirdilər, onlar əllərində
kiçik sitat kitabçasını yelləyərək
deyirdilər ki, əgər Günəş gündüz
işıq saçırsa, Maonun əsərləri əbədi
işıq buraxır. Lakin bu, xalqın
psixologiyasına ciddi xətər toxundura bilmədi. Bu, sadəcə rəhbərə ritual təzimi
praktikası idi. Ona görə də
Çinin öz xarakteri ölmədi. Bəzilərinin
fikrinə görə, mədəni inqilabın yeganə
müsbət cəhəti ondan ibarət oldu ki, insanlar həm
də sərbəst qaydada düşünmək və
hansısa bir dərəcədə fikrini azad ifadə etmək
imkanı qazandılar. Ümumi psixozun təsiri
ilə yanaşı adamlar qadağalar qandalının
qırıldığını güman edib, yuxarıdan gələn
göstərişə boyun əyməklə yanaşı, sərbəst
fərdi fikrə gəlməyi də öyrəndilər.
1970-ci illərdə Çin-amerikan əlaqələri
yaxşılaşmaqda davam etdi, 1979-cu ildə iki ölkə
arasında diplomatik əlaqələr quruldu. Bu dövrdən
Çin və Birləşmiş Ştatlar “strateji münasibətin”
qapısını döydülər və bununla Asiyada Sovet
müdaxiləsinə qarşı mübarizələrini əlaqələndirməyə
başladılar.
Çinlə SSRİ arasındakı münasibətlər
ideoloji və siyasi çəkişmələr atmosferində
gedirdi.
Çin hətta sərhədlər barədə 1858-ci il müqaviləsini ləğv etməyi qərara
aldı və 1903-cü ildə Rusiyaya keçmiş
bütün ərazilərin geri qaytarılmasını tələb
etdi. Danışıqlar heç bir nəticə
vermədi. Nəhayət, SSRİ də
öz növbəsində 1964-cü ildə Sovet-Çin sərhədlərini
dəyişikliyə məruz qalmayacağını bəyan
etdi. Sərhədlər üstündəki mübahisə
artıq üç il ərzində davam
edən ideoloji mübarizəni daha da kəskinləşdirdi. Çəkişmə sonralar da “böyük proletar
mədəni inqilabı” illərində də davam etdi. Maoist rəhbərlik sinfi mübarizəni kəskinləşməsi
tezisindən çıxış edərək, bunu “sosialist tərəqqisi”
kampaniyası kimi aparırdı və Sov. İKP-nin
Qərblə dinc yanaşı yaşamaq barədə irəli
sürdüyü xətti rədd edərək, onu “təftişçilik”
kimi ittiham edirdi.
“Dördlər
bandası” və islahatçılar
Maonun ölümündən sonra hakimiyyəti qəsb etməyə çalışan və “dördlər bandası” adlanan qrup partiya rəhbərliyindən uzaqlaşdırıldı və onlara qarşı cinayət işi başlandı. İş 1981-ci ilin yanvarında başa çatdı. Maonun dul qadını Tszyan Tsin və keçmiş baş nazir Çjan Çjunçjao ölüm cəzasına məhkum edildi, iki nəfərə isə azadlıqdan məhrum edilmə cəzası verildi. Təşəbbüsü “böyük proletar mədəni inqilabı”nın əleyhdarları ələ keçirdilər.
1981-ci ildə keçirilən ÇKP MK plenumu öz qərarında Mao Tszedunun və onun ideyalarının tarixi roluna, həm də xalq respublikasının nailiyyətlərinə qiymət verdi. Qərarda Mao Tszedunun ləyaqətləri və nöqsanları qiymətləndirildi, göstərildi ki, “mədəni inqilab” vaxtı onun böyük səhvlərinə baxmayaraq, Çin inqilabına onun töhfəsi daha böyükdür. Səhvlər isə inqilabın görkəmli rəhbərinə məxsus idi. Qərarda deyilirdi ki, Mao Tszedun “böyük marksist, böyük proletar inqilabçısı, strateqi və nəzəriyyəçisi” idi.
Partiyanın praqmatik qanadı sənayeləşməyə üstünlük verdi. “Dördlər bandası” üzərində proses başa çatdıqdan sonra hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlandı. Xua Qofen partiyanın sədri vəzifəsindən azad edildi. Hakimiyyətə Den Syaopin tərəfdarları gəldi, onun təşəbbüsü ilə dərin sosial və iqtisadi islahatlar prosesi başlandı. Onun məqsədi ölkənin modernləşdirilməsi və Qərblə daha dərin əlaqələrin qurulması idi.
1984-cü ildə Çinlə Böyük Britaniya arasında imzalanan birgə bəyanata görə 1997-ci ildə İngiltərə Syanqanı (Honkonq) Çinə qaytardı. Çində sosializm sistemi mövcud olduğu halda Syanqan yarım əsr ərzində kapitalist sistemində yaşamağı davam etdirəcəkdir. “Bir dövlət, iki quruluş” ideyası Çinin birləşməsi üçün nəhəng əhəmiyyətə malik olduğunu və həyati əhəmiyyət daşıdığını nümayiş etdirdi. Den Syaopinin 1986-cı ildə dediyi “Materikdə sosializm olacaq, bu vaxt Tayvanda da kapitalizm qalacaqdır” sözləri həmin ada barədə də oxşar mülayim siyasət aparılacağını vəd edirdi.
1992-ci ildə ÇXP-nin XIV qurultayında Den Syaopin kursuna sədaqət təsdiq edildi. Den Syaopin Çini fövqəl dövlət kimi bərpa etməyə cəhd edirdi, daim ABŞ-ın birqütblü hegemonluğunun əleyhinə çıxış edirdi. Bu 88 yaşlı siyasətçinin özü qurultayın işində iştirak etmirdi, lakin Siyasi Büroda əsas vəzifələrə ona sədaqətli olan adamlar seçildilər. Partiyanın sədri vəzifəsini yenidən Tszyan Tszemin tutdu o, 1989-cu ildən həmin vəzifədə idi. ÇXR Dövlət Şurasının sədri vəzifəsinə Li Pen seçildi. Qurultayın qətnaməsində sosializmin Çin modelinin inkişafında Den Syaopinin töhfəsi qeyd edildi, qurultay iqtisadi islahatlar kursunu təsdiq etdi. Ancaq siyasi həyatın demokratikləşdirilməsi problemi qurultayda müzakirə edilmədi.
Təkcə onu göstərmək kifayətdir ki, 1980-ci ildə Den Syaopin iqtisadiyyata mərkəzi nəzarəti zəiflətməyə başladıqda Çində adambaşına düşən ÜDM paritet alıcılıq qabiliyyətinə görə hesablandıqda 193 dollar idi. Bu gün həmin göstərici təqribən 7 min ABŞ dollarına bərabərdir və ya 36 dəfə çoxdur. Bu mənzərə həmin böyük islahatçının başladığı düzgün siyasətin nəhəng həyatiliyini sübut edir.
Xu Zintaodan sonra partiya rəhbərliyinə gələn Si Tsinpin ölkə üçün böyük təhlükəyə çevrilən korrupsiyaya qarşı kəskin mübarizə aparılması vəzifəsini irəli sürdü. Onun “pələnglərə və milçəklərə zərbə vur” şüarı bu mübarizədə yüksək vəzifəlilərə heç bir güzəşt edilməyəcəyindən xəbər verir. Reallıq bu vəzifənin ardıcıllıqla həyata keçirildiyini təsdiq etdi. Ölkənin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, o, həm də Siyasi Büronun tərkibinə daxil idi, həbs edildi və ona qarşı cinayət işi qaldırıldı. Onun protejesi və qanunsuz işlərdə daim himayə etdiyi bir milyarder ölüm cəzasına məhkum edildi. Ondan əvvəl bir böyük partiya xadiminin aparvadi da həmçinin ölüm cəzasına, özü isə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 14 noyabr.- S.26.