Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük

 

 

...Bakının möhtəşəm “Gülüstan” sarayında akademik Bəkir Nəbiyevin yetmiş illik yubileyi keçirilirdi.

 

İlk sözü onun özü dedi. Qonaqlara özünəməxsus səmimiyyətlə, daxildən gələn hərarətlə xoş gəldin edəndən sonra yubiley məclisini aparmağı kürəkəni, görkəmli iqtisadçı, professor Nazim İmanova həvalə elədi.

 

Nazim müəllim söhbətə Bəkir müəllimin xarakterini bir-iki cümlə ilə dərhal açacaq bir zarafatla başlayıb dedi ki, mən ailədə xoşbəxt olmağın, ümumiyyətlə, ailə əmin-amanlığının sirrini öz qaynatamdan öyrəndim. Həmin sirrin əsas məzmunu da kişinin ailə qurduğu ilk günlərdəncə həyat yoldaşına tabe olmasından ibarətdir...

 

Akademik Bəkir Nəbiyevdə mütəvaze bir böyüklük var idi. Və bu böyüklük, bu mütəvazelik o qədər canlı, o qədər passionar idi ki, onun haqqında keçmiş zamanda danışmaq, etiraf eləyim ki, bu gün mənə çox qeyri-adi (və ağır) gəlir.

 

Mükəmməl bilik, analitik düşüncə, yüksək özünüifadə mədəniyyəti Bəkir Nəbiyevi elmi-ictimai mühitə böyük inamla daxil olduğu keçən əsrin 50-ci illərindən get-gedə güclənən bir sürət (və temp)lə müşayiət etmişdi. Artıq o qədər də az olmayan təcrübəmdən bilirəm ki, elmi təfəkkür, hər şeydən əvvəl, potensiyadır. Bu potensiya o zaman bütün gücü ilə təzahür edir ki, özünün adekvat ifadə (sözün geniş mənasında, ifa!) texnologiyasını tapsın. Bəkir Nəbiyevi böyük elm adamı kimi məşhurlaşdıran Allahın ona bağışladığı mükəmməl elmi təfəkkürü cəmiyyətə özünəməxsus bir məharətlə, ustalıqla çatdırmaq bacarığı idi. Və akademikin həmin bacarığını, qabiliyyətini çox-çox dərinlərdən gələn təmkinli bir mədəniyyət, maarifçilik əxlaqı, təvazökar işgüzarlıq ehtirası daha da gücləndirirdi.

 

Bəkir Nəbiyevin bir insan (və mütəxəssis!) olaraq böyüklüyü ilk gəncliyindən başlanır.

 

Ailə ənənələrinə möhkəm bağlılıqdan nəşət edən mənəvi zənginlik, ruhi-əxlaqi möhkəmlik, daxili stabillik, güclü özünüifadə (və təsdiq) harmoniyası gənc istedadın irəli getməsinə, düşdüyü elmi-intellektual mühitin hər hansı sahəsində ictimai nüfuz sahibi olmasına təkan verir, geniş meydan açırdı. Əsasən ruhani olan, dininin sirlərinə dərindən bələd mömin dədə-babalarının ruhu onun vücudunda dolaşır, sözün ən müxtəlif mənalarında allahsızlığı ilə öyünən “yeni” tarixi dövrün total sosial-mənəvi disharmoniyasında bir tənasüb, daxili rahatlıq, fövqəladə istiqrar arayırdı. Sonralar yazdığı tərcümeyi-hallarından birində akademik Bəkir Nəbiyev yetişdiyi ocağın mənəvi hərarətini dönə-dönə yada salmaqla, həyatının, yaradıcılığının ən müxtəlif mərhələlərində bu hərarətin ona nə qədər böyük qüvvə verdiyini etiraf etməklə yanaşı, ailə ənənəsinə uyğun olaraq, tərcümeyi-halı barədəki düşüncələrinin ilk növbədə ailə üzvlərinə-övladlarına, nəvələrinə, qohumlarına ünvanlandığını deyir. Sonra isə tələbələrini, dostlarını, iş yoldaşlarını bu sıraya daxil edir. Bəkir müəllimi yaxşı tanımasaydım, onu bütöv bir xalqın deyil, sözün müxtəsər və geniş mənasında bir ailənin maraqları mövqeyində durmaqda qınayardım. Ancaq mən onu yaxşı tanıyıram...Və dərindən inanıram ki, Bəkir müəllimin heç də təsadüfən müəyyənləşdirmədiyi bu müraciət-ünvan iyerarxiyası birinci növbədə onun ailə-dinastiya qarşısında tarixi məsuliyyətinin, ikinci növbədə isə, sosial təvazökarlığının ifadəsidir. Mənsub olduğu ailənin, nəslin taleyinə biganə olan şəxs mənsub olduğu xalqın, cəmiyyətin taleyinə heç zaman ciddi yanaşa bilməz.

 

Akademik Bəkir Nəbiyevin yaradıcılıq fəaliyyəti əxlaqlı, mənəviyyatlı intellektin təzahürüdür. Azərbaycanın ədəbiyyat filosofu Yaşar Qarayev bir vaxtlar bu cəhətə xüsusi diqqət yetirmiş, Bəkir Nəbiyevin (və onun mənsub olduğu tənqidçi-ədəbiyyatşünaslar nəslinin görkəmli nümayəndələrinin) böyük ədəbi-tarixi vəzifələrin icrasını yüksək mənəvi məsuliyyətlə həyata keçirdiyini yazmışdı. Bəkir müəllimə xas həssas (və operativ) məsuliyyətlilik barədə bəhs edən Yaşar Qarayev onu da yazır ki, “Tənqidçi (Bəkir Nəbiyev - N.C.) lirik “mən”dən zəmanəyə, müasirliyə münasibətdə fəallıq, “radar həssaslığı”, “bəşəriyyətin qlobal düşüncələrinə” həmdərd bir ürək tələb edir, bəzi poetik əsərlərdəki ideal və məqsəd məhdudluğuna, “poeziya azlığına” qarşı çıxır. Həm gəncliyə, həm də təcrübəli şairlərə münasibətdə eyni bir obyektivlik ölçüləri nümayiş etdirən tənqidçi “tənqidolunmazlıq” xəstəliyinə qarşı də əməli mübarizə nümunəsi göstərir, konkret adları və ünvanları bu və ya digər avtoritetin büründüyü “tənqidolunmazlıq” zirehinin üzərinə yazmaqdan çəkinmir, “bugünkü şeirimizin Puşkini, Lermontovu, Vurğunu olmaq vəzifəsi boynuna düşmüş” şairlərdən öz ləyaqətlərinə məxsus məsuliyyət duyğusu tələb edir”.

 

Ustadın ustadan fərqi odur ki, hansısa sahə üzrə yalnız böyük mütəxəssis deyil, həm də bildiklərini öyrətməyi bacarandır, qabiliyyətinin özündən sonra gələnlərdə yaşamasına çalışan və buna nail olandır. Bəkir müəllim öz işində nə qədər usta idisə, o qədər də ustad idi.

 

Elə müəllimlər var ki, tələbələrinə verdikləri biliklə həm də onları sıxırlar, müstəqilliklərini əllərindən alırlar, müəllimliklərini mənəvi-intellektual təzyiq vasitəsinə çevirirlər. Və nəticə etibarilə, sxolastik bir mühit, qeyri-dinamik bir əhval-ruhiyyə, hərəkətsiz hökmlər kompleksi yaradırlar. Bəkir Nəbiyevin müəllimliyi hüdudsuz bir dinamika, düşüncənin, intellektin, emosiyanın qeyri-məhdud transformlar verməsi üçün təkan, impuls idi.

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti əhəmiyyətli təsir göstərmişdir. O dövrün nüfuzlu “Azərbaycan gəncləri”, “Kommunist” və s. qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən, filologiya elmləri namizədi alimlik dərəcəsi alan Bəkir Nəbiyev 60-cı illərin əvvəlində böyük elmə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi və s.

 

Yalnız belə bir faktı xatırlatmaq və çap olunmuş məqalələrinin azlığına görə dissertasiya işləri AAK-da aylarla yatıb qalan dissertantlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, 50-ci illərdə, yəni iyirmi yaşından 30 yaşına qədərki dövrdə müxtəlif mətbuat orqanlarında 100-dən artıq elmi, elmi-publisistik məqaləsi çap olunduqdan sonra Bəkir Nəbiyev “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu, ədəbiyyatda, elmi-publisistik yaradıcılıqda, artıq unudulmuş təbirlə desək, staxanovçuluq idi. Gənc tənqidçi-ədəbiyyatşünasın maraq dairəsini, erudisiyasını təsəvvür etmək üçün haqqında yazdığı söz ustalarının sadəcə adlarını çəkmək, elə bilirəm ki, kifayətdir: Həsən Seyidbəyli, Osman Sarıvəlli, Konstantin Simonov, Yuri Trifonov, Mədinə Gülgün, N.V.Qoqol, İ.V.Qonçarov, Hüseyn Hüseynzadə, M.Qorki, Süleyman Rəhimov, Əhməd Cəmil, Əli Kərim, T.Q.Şevçenko, Səməd Vurğun, Rəsul Rza, Çoban Əfqan, Mir Cəlal, F.Köçərli, İmran Qasımov, Əziz Mirəhmədov, Bəxtiyar Vahabzadə, Ağamusa Axundov... Və gənc ədəbiyyatşünasın bir tədqiqat obyekti olaraq diqqətini daha çox məhz Azərbaycan ədəbiyyatşünaslığının banisi F.Köçərli üzərində cəmləməsi də mənə olduqca mənalı, gələcəyə, seçilmiş yaradıcılıq (və həyat) yoluna münasibət baxımından olduqca strateji görünür. F.Köçərlidən başlamaq Azərbaycan ədəbiyyatşünaslığının əsaslarından, ən mötəbər, ən milli, ən şərəfli, ən mükəmməl qaynağından başlamaq idi. Və F.Köçərlidən başlamaq konyukturadan, yaxud qeyri-müəyyən texnologiyalardan deyil, mahiyyətdən, bilavasitə mətləbdən (və başdan!) başlamaq idi... Elmi əsərlərə (və onların müəlliflərinə) qiymət verərkən o qədər də səxavətli olmayan mərhum professor Ə. Dəmirçizadə namizədlik dissertasiyası müdafiə edən Bəkir Nəbiyevi dinlədikdən sonra elmi rəhbər professor Cəfər Xəndana demişdi ki, dissertant nəyə qadir olduğunu göstərdi, daha sənin çıxışına ehtiyac yoxdu... O özünü suda balıq kimi hiss edir.

 

Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə çox mötəbər bir ünvandan - Azərbaycan Elmlər Akademiyasından başlayır... Nizami adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlir. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra ona daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin (Nizami muzeyinin) direktorluğu tapşırılır. Və bu vəzifədə uzun müddət (on beş ildən çox) çalışan elm-mədəniyyət xadimi Muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı elmi-tədqiqat fəaliyyətini də özünəməxsus yüksək templə davam etdirir. Universitetlərdə Azərbaycan ədəbiyyatı tarixindən, ədəbi əlaqələrdən dərin məzmunlu mühazirələr oxuyur, müasir ədəbi prosesin problemləri ilə ardıcıl məşğul olur və dövlətin ədəbi təsərrüfat barədəki sözünü rəsmi kürsülərdən demək səlahiyyəti də çox zaman məhz ona həvalə olunur. Azərbaycan Dövlət mükafatına layiq görülür. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif edilir.

 

Yaradıcılıq yolunun ikinci mərhələsində Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair ondan artıq kitabı, 300-ə qədər məqaləsi çap olunur. Bu məhsuldar yaradıcılığın zirvəsi isə doktorluq dissertasiyası kimi müdafiə etdiyi fundamental “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” əsəri olur. Təsadüfi deyildi ki, bu əsəri akademik Mirzə İbrahimov “möcüzəli tədqiqat işi”, akademik M.A.Dadaşzadə “vicdanlı, məqam-məqsədli əməyin nəticəsi”, professor Mir Cəlal “zəngin ədəbi məhsulu düzgün elmi əsaslar üzrə ümumiləşdirən yaxşı bir əsər” adlandırmışdılar. Yarandığı zamandan otuz ildən artıq bir dövr keçməsinə, bu müddətdə, II Dünya müharibəsi qədər dəhşətli olmasa da, bəşəriyyətin ardıcıl olaraq hərbi təhlükələr (və münaqişələr) yaşamasına (deməli, mövzunun həmişə aktual olmasına) baxmayaraq Bəkir Nəbiyevin “Müharibə və ədəbiyyat”ı Azərbaycan ədəbiyyatşünaslığının həmin mövzuda ən mükəmməl əsəri olaraq qalır. Ona görə ki, “Müharibə və ədəbiyyat” da müəllif “yalnız ədəbiyyat tarixçisi deyil, həm də bədii prosesin mexanizmini yaxşı bilən nəzəriyyəçidir” (M.A.Dadaşzadə). Və bir də ona görə ki, “biz bu kitabda müharibə dövrü ədəbi prosesinin təhlili ilə yanaşı, həyatının ilk gənclik illərini bu dövrdə yaşayan müəllifin də həyəcanlarını, sevincini, iftixarını, bəzən də məqamına görə qəzəbini, kədərini duyuruq. Bu emosionallıq da səbəbsiz deyil. Axı, müəllif tədqiqat obyekti kimi götürdüyü dövrü yalnız kitablarda oxumamış, həm də yaşamışdır” (M.Cəfər).

 

Bəkir Nəbiyevin elmi-ictimai fəaliyətinin ikinci mərhələsi 80-ci illərin ortalarında başa çatır. Və ona görkəmli alim, ictimai xadim kimi böyük nüfuz qazandırmış həmin mərhələdən sonra Bəkir müəllim Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik katibi olur. Bu, o demək idi ki, Azərbaycan elminin üç mühüm sahəsinə rəhbərlik etmək ona tapşırılır. Elmi-təşkilatçılıq fəaliyyətinin hüdudlarını daha da genişləndirən, Akademiyaya həqiqi üzv seçilən Bəkir Nəbiyev çoxşaxəli yaradıcılıq işini daha təcrübəli, daha mükəmməl şəkildə davam etdirərək, bir tərəfdən, ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparır, monoqrafik əsərlər yazıb nəşr etdirir; ikinci tərəfdən, rəhbərliyi ona həvalə olunmuş elm sahələrində təşkilatçılıq, koordinasiya işləri görür; üçüncü tərəfdənsə, gənc ədəbiyyatşünaslar nəslinin yetişməsi üçün bilavasitə əmək sərf edir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra akademik Bəkir Nəbiyevin fəaliyyəti daha geniş miqyas alır. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tarixən sıx qarşılıqlı əlaqədə olduğu ölkələrdə (xüsusilə, Türkiyədə, İranda) tez-tez olan, elmi konfranslarda, görüşlərdə fəal iştirak edən görkəmli alim-mütəxəssis regionun müştərək mənəvi-mədəni dəyərlərinin müəyyənləşdirilməsində, on illər boyu bir-birindən təcrid olunmuş xalqların ruhən yaxınlaşmasında əhəmiyyətli rol oynayır. Onun yüksək səviyyəli elm adamı, cəmiyyətşünas şöhrəti Azərbaycanın sərhədlərini aşaraq yalnız özünə deyil, bütövlükdə Azərbaycan elmi-ictimai fikrinə nüfuz, hörmət gətirir. Azərbaycan xalqının milli müstəqillik yaddaşını hərtərəfli tədqiq, gələcək barədəki arzularını vüsətlə tərənnüm edən, Əhməd Cavad, Almaz İldırım, Şəhriyar, Xəlil Rza Ulutürk kimi azadlıq mücahidlərinin yaradıcılığı barədə dəyərli əsərlər yazan Bəkir Nəbiyev orta məktəblərin yuxarı sinifləri üçün “Ədəbiyyat” proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak edir.

 

Ümumiyyətlə, haqqında söhbət gedən mərhələdə Bəkir Nəbiyevin 10-a qədər kitabı, 150-yə qədər məqaləsi çap olunmuşdur.

 

Elmi-ictimai fəaliyyətinin birinci və ikinci mərhələlərində olduğu kimi, üçüncü mərhələsində də görkəmli alimin xidmətləri yüksək qiymətləndirilmişdir.

 

Akademik Bəkir Nəbiyevin elmi-ictimai fəaliyyətinin dördüncü mərhələsi yeni əsrin (və minilliyin!) əvvəlindən başlayır. Və bu mərhələ də Ustad böyük yaradıcılıq, quruculuq təcrübəsini daha da zənginləşdirir, Azərbaycan ədəbiyyatşünaslığının inkişafına töhfələrini verir. Yeni mərhələdəki fəaliyyətinə Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi qədəm qoyan görkəmli alimin ilk böyük işi çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin ilk cildini elmi-ictimaiyyətə təqdim etməsi oldu. Və illərlə yubanan, yaxud yubadılan bu fundamental əsərin ortaya çıxması bir daha göstərdi ki, ustad işini yalnız Ustad görə bilər. “Azərbaycan ədəbiyyatı tarixi”nin sonrakı cildəri də yüksək elmi-nəzəri səviyyədə işıq üzü görməyə başladı. Nəşrin baş redaktorunun kitaba yazdığı ön sözdə dediyi kimi, “ötən onilliklər ərzində aparılmış bir çox yeni araşdırmaların elmi nəticələri, bir sıra ədəbi-tarixi məqamların dəyərləndirilmə imkanlarının yaranması, ədəbi-tarixi keçmişin müstəqil dövlətçilik və milli ideologiya prizmasından işıqlandırılması zərurəti yalnız “Azərbaycan ədəbiyyatı tarixi” deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının bir elm olaraq inkişafı üçün mühüm şərt olacaqdır”.

 

Akademik Bəkir Nəbiyev elmi yaradıcılıq fəaliyyəti dövründə müxtəlif fəxri adlara layiq görülmüşdür ki, onlardan biri də Azərbaycan Jurnalistlər Birliyi Rəyasət Heyətinin verdiyi “Ustad” adıdır. Və mən əminliklə deyə bilərəm ki, müxtəlif xarakterli hadisələrə qiymət verərkən çox zaman dəqiq olmayan jurnalistikamız bu dəfə, həqiqətən, qeyri-adi dəqiqlik nümayiş etdirmiş, böyük hadisəni (Bəkir Nəbiyev fenomenini!) öz adı ilə adlandırmağın nümunəsini vermişdi.

 

...Ustadla çox səfərlərdə, məclislərdə olmuşam. Onun iti ağlı, hadisələrə çevik reaksiyası, ən mürəkkəb vəziyyətlərdən optimal çıxış yolu tapmaq və bu zaman xətrə dəyməmək qabiliyyəti, mədəniyyəti həmişə məni heyran edib... Bir dəfə İranda idik. Çoxlu gəzib, görüşlər keçirib möhkəm yorulmuşduq. Otelə gəlib dincəlmək istəyirdik ki, tanınmış şairlərdən biri foyedə bizi saxladı. Hal-əhvaldan sonra dedi ki, sizə bir “beşləmə” oxumaq istəyirəm. Nə Bəkir müəllimin, nə Yaşar müəllimin (Qarayevin), nə də, təbii ki, mənim “buyurun” cavabını gözləmədən oxumağa başladı... Altı-yeddi bənddən sonra Bəkir müəllim onu qəflətən saxlayıb “üçüncü bənd dörd misra idi” dedi. Oxuduqlarından vəcdə gəlmiş şair dayandı, vərəqi çevirib həmin bəndə baxdı və “ağa, bağışlayın, bir misra xoşuma gəlməmişdi, pozmuşam...” deyə təəssüflənəndə Bəkir müəllim fürsəti fövtə vermədi: “O misranı da qaydaya sal, sonra baxarıq” dedi. Və biz xilas olduq.

 

Əlli yaşım olanda Bəkir müəllim mənə təbrik teleqramı vurmuşdu:

 

“Əziz qardaşımı 50 illiyi münasibətilə ürəkdən alqışlayır, bağrıma basıb öpürəm. Yaşda məndən xeyli kiçik, başda, təfəkkür tutumunda məndən böyük həmkarıma çoxsahəli yaradıcılığında yeni, daha mənalı uğurlar arzulayıram.

 

Müxbirlik titulu ilə vidalaşmağın vaxtı çoxdan çatıb, əzizim.

 

Akademik Bəkir Nəbiyev”.

 

Bu, mütəvazeliyin böyüklüyü və böyüklüyün mütəvazeliyi idi...

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2015.- 14 noyabr.- S24-25