Xalq artisti Fidan
Hacıyeva Gülçöhrə
rolunda
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasının
nümayişi olacaq.
Tamaşada ilk dəfə baş rolu - Gülçöhrə obrazını Xalq artisti Fidan Hacıyeva ifa edəcək.
Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Fidan Hacıyeva yeni rolu ilə bağlı geniş məlumat verib.
Dahi Üzeyir bəyin ölməz operettasında səhnəyə çıxacağından qürur duyduğunu söyləyən Xalq artisti deyib: “Uzun illər bu tamaşada Asya rolunu ifa etmişəm. Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə çox maraqlıdır. Asya özünü çox sevir, şıltaqdır, amma Gülçöhrə romantik, duyğulu qızdır. Fərqli surətlərdir. Üzeyir bəy Gülçöhrə obrazını soprano səs üçün yazıb. Mənim səsim isə mezzosopranodu. Amma Gülçöhrənin partiyaları məndə uğurlu alınır. Əsərdə Gülçöhrənin 5 mühüm ariyası var. Səhnə məşqləri bitib. Hazırda orkestrin məşqləri davam edir. İnanıram ki, bu obrazı tamaşaçılara sevdirməyi bacaracağam”.
Bildirilib ki, tamaşanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək. Əsas rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva Yadigar Muradov, Ələkbər Əliyev və başqaları çıxış edəcəklər.
Qeyd olunub ki, 1998-ci ildə Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.
Qeyd edək ki, Fidan Hacıyeva Opera və Balet Teatrının səhnəsində indiyə kimi Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları yüksək peşəkarlıqla ifa edib.
Sonda jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.
525-ci qəzet.- 2015.- 14 noyabr.- S23