Azərbaycan nəsrində Əli
İldırımoğlu mərhələsi
Əli İldırımoğlu-88
Çiçəklər
gözəldir... Amma düşünəndə ki, onlar solub
gedəcək... Axı, insan da əbədi
deyil. Bəlkə elə ona görə
insan ömrü boyu özünü əbədiləşdirmək
barədə düşünür? Bəlkə bu, eləcə
dünyanın faniliyinə bir üsyan, faniliyi yenmək,
faniliyə qalib gəlmək, faniliyi fani etmək arzusudur?..
Buna görə də insan daim düşünür,
daşınır, yollar arayır, hissi-emosional, əqli-intellektual,
praktik və vizual eksperimentlərdən keçir. Fərqi nədir... Nə
yolla, nə vasitəylə... Əsas niyyətdir axı... Təbii, biz niyyətimizin, düşüncələrimizin,
ideya və məqsədlərimizin hakimiyik. Bizi sabahlara aparan da bu daxili enerjidir. Amma bəzən də taleyimiz hakimə çevrilir.
Arzularımızı yox, taleyimizi
yaşamalı oluruq. Taleyi necə, dəyişmək,
idarə etmək mümkündürmü?..
Əsas odur ki,
insan özünü dərk etsin, tarix, cəmiyyət
və insanlıq qarşısında öz borcunu, öhdəsinə
düşən vəzifəni (böyük-kiçikliyindən
asılı olmayaraq), əbədi missiyasını başa
düşərək müəyyən bir yol tutsun və bu
yolla da mücadilə etsin. Bəli,
başını aşağı sal, işini gör.
Onda taleyi dəyişməyə də ehtiyac qalmır...
Hər bir insan yarandığı gündən
şüurlu, yaxud təhtəlşüur, bu böyük,
sirli dünyada sanki özünəməxsus
dünyasını yaratmaqla məşğul olur. Bunu ev tikmək, ailə
qurmaq, yurd salmaq kimi də başa düşmək olar,
özünütəkmilləşdirmək, daxili aləmini
formalaşdırmaq,
mənəviyyatını zənginləşdirmək,
özünü cəmiyyətə kamil insan kimi təqdim etmək,
özünütəsdiq və s. kimi də anlamaq olar. Bütün bunlar insanın dünyada dünya
yaratmaq qayğıları, vətəndə öz vətənini
qurmaq çabalarıdır. İnsan ilk
doğulduğu ocağa necə qırılmaz tellərlə
bağlanırsa, dünya içində yaratdığı
öz dünyasına da bir eləcə müqəddəs
duyğularla hopur.
Yaradıcı şəxslər, xüsusən,
yazıçılar haqqında danışanda, bu
düşüncələr daha sentimental və ekspressiv səciyyə
alır. Ədəbiyyat yazıçı üçün
ikinci vətəndir. Bu vətəndə onlar daha
rahatdır, sevib-seviləndir, çılğın,
duyğusal, bir az da ərköyün. Bununla yanaşı yazıçı bu vətəndə,
bu dünyada öz yerini, missiyasını, vətəndaş
məsuliyyətini daha həssaslıqla duyur. Və
öz dünyasını, öz müstəqil məmləkətini yaradır. Bu, təbii
ki, hər yazıçıya müəssər olmur. İllər boyu kağız qaralayan, cild-cild kitablar
çap etdirən yazıçılar var, bu mərtəbəyə
yüksələ bilməyib. Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan Əli
İldırımoğlu da ədəbiyyat dünyası
içərisində öz dövlətini yaradan sənətkarlardandır.
Onun Azərbaycan nəsrində öz məmləkəti,
öz suveren dövləti var. O, bu dövləti zərrə-zərrə,
söz-söz, cümlə-cümlə, yerlə-göylə
vuruşa-vuruşa, gözüylə qor götürə-götürə
yaradıb. Bu dünyanın mənəvi-əxlaqi
konturları, fiziki cizgiləri, hətta coğrafi xəritəsi
də bəlli məkan və zaman həddində sanki elə
Əli İldırımoğlunun özünə
oxşayır, onun boyuna biçilib. Bu dünyanın vətəndaşları
da özəl görüntüyə, məxsusi cizgilərə,
həssas, duyğulu qəlbə və daxili iç
dünyasına mənsubdurlar. Bu insanlar, eləcə,
bu dünyanın yaradıcısının sanki ekvivalentidir.
Mərd, mübariz, qayğıkeş, çətinliklə
çarpışan, fiziki anlamda məhv olsalar da, əbədi
bir qalib kimi yaşayan insanlar. Həm də
onlar bu dünyada, Əli İldırımoğlu ölkəsində
tənha, kimsəsiz deyillər. Onlar
Əli İldırımoğlunun həssas yazıçı
himayəsindədirlər.
Əli İldırımoğlu məhsuldar qələm əhlidir. Onun hekayələri, povestləri,
romanları, oçerkləri, felyetonları, digər qəzet
janrında qələmə alınmış yüzlərlə
ədəbi-bədii publisist yazıları... Bütün
bunlar onun son dərəcə məhsuldar, işgüzar və
çağlayan ədəbi qaynaqlarından xəbər verir.
Ən azı bunu demək kifayətdir ki, onun
seçilmiş əsərləri on cildə güclə
sığıb və bundan əlavə də neçə-neçə
əsərlər yaradıb. Bu qədər
əsər yazasan və hər kəlməndə, hər
sözündə, hər mövzunda yeni və orijinal olasan,
bu, böyük hünər, hər şeydən də öncə
istedad işidir. Heç vaxt mövzu təkrarçılığına,
cümləpərdazlığa, qrafomonluğa, süni
obrazlılığa getməyəsən, bu, əslində
özünüyaratmaqdır. Əli müəllim
zərrə-zərrə özünüyaratmaqla,
özünütəqdimlə, əslində, böyük ədəbiyyat
məmləkətində öz təmiz, səliqəli,
bütün kənar təsirlərdən uzaq olan müstəqil
dövlətini qurmaqla məşğul olub.
Dedik ki, Əli İldırımoğlunu heç də məhsuldar yazıçı hesab etməmək olmaz. Özü də bütün janrlarda o, hər sahəni yaxşı bilən, duyan, peşəkar bir insanşünasdır. Amma Əli müəllimlə hər dəfə söhbətdə hələ nə qədər yazılmamış əsərlərin közərən şöləsini və hənirini hiss edirsən. Onda məhsuldarlığa bir az şübhəylə yanaşırsan. Bu şübhə isə məhsuldarlıq məntiqiylə heç də uyuşmur. Məhsuldarlıq göz qabağındadır, amma eyni zamanda həm də məsələ burasındadır ki, Əli müəllimin yazıçı qəlbi sönməyən ocaq, çağlayan bulaq, aşıb-daşan, məcrasına sığmayan böyük bir nəhrdir. Bu ocağın odu, əsrlərlə parlayar, bu bulağın suyu çağladıqca çağlayar. Və biz hələ uzun illər bu söhbətlərin, ədəbi etüdlərin, bu bədii variasiyaların roman, povest ekvivalentlərinin də şahidi olacağıq. Əli müəllim bu gün də yeni yazılarla, əsərlərlə, ən azından ilham ocağının közünü eşə-eşə közərən neçə-neçə ədəbi-bədii düşüncələrin ab-havasıyla yaşayır. Bu, özünüməşğul, özünüovundurmaq hissindən daha çox yazıçı məsuliyyətidir. Ədəbiyyat qarşısında əbədi borcun daxili təlatümüdür. Bu gün Əli müəllimi məişət qayğıları, həyatın gündəlik təbəddülatları ilə, yaxud ən populyar, ən ciddi ictimai-siyasi məsələlərlə cəlb etmək, məşğul etmək müşkül məsələdir. Əli müəllimi yalnız ədəbiyyat söhbətləri, ədəbi mülahizələr, ədəbi mübahisələrlə cəlb etmək olar. Əli müəllim ədəbiyyat adamıdır və təpədən-dırnağa ədəbi adamdır. Bu, bir daha sübut edir ki, o, öz dövlətinin rəhbəri kimi yalnız ədəbiyyatın, başqa sözlə, bəlli ədəbi dünyasının himayəsi ilə məşğuldur, onun sərhədlərinin ayıq-sayıq keşiyində dayanmaqdadır.
Ədəbiyyatda öz dövlətini qurmaq, ona rəhbərlik etmək, qeyd etdiyimiz kimi, hər yazıçıya da nəsib olmayıb və ola da bilməzdi. Hətta ədəbiyyat tarixinə düşən, salnamələrdə, təzkirələrdə anılan, adı zaman-zaman nəsillərin yaddaşında yaşayan sənətkarların əksəriyyəti böyük ədəbiyyat məmləkətində öz dövlətini yarada bilməyib. Bunu yalnız ədəbiyaşar sənətkarlar edə bilib. Dünya ədəbiyyatı kontekstində bu sıradan çox yazıçını anmaq olar. Homerdən üzübəri V.Şekspir, V.Höte, M.Tven, V.Hüqo, E.Hemenquey, O.Balzak, L.Tolstoy, F.Dostoyevski, N.Qoqol, M.Qorki, A.Çexov, M.Şoloxov (adlarını çəkə bilmədiklərimizin ruhu bağışlasın) və s. və ilaxır, təbii ki, korifey sənətkarlardır və onların hər birinin ədəbi dünyada öz dünyaları vardır. Bütün görünən və görünməyən tərəfləri ilə onlar öz dövlətinin rəhbəridir, hətta, demək olar ki, milyonlar üzərində qeyd-şərhsiz, hüdudsuz hakimiyyəti və hökmü olan söz hakimləridir.
Azərbaycan ədəbiyyatında bu qiymət öz xüsusi mərtəbəsindədir. Böyük Nizamidən tutmuş müasir dövrümüzə, tutaq ki, S.Vurğuna qədər bu titula layiq olası şairlər kifayət qədərdir, amma elə də çox deyil. Onlar həm də ədəbiyyatımızda ədəbi məktəblər yaradan sənətkarlardır. Onlar həm də ədəbiyyatımızda mərhələlərdir. Nəsrə gəldikdə isə, heç şübhəsiz, bu sıra M.F.Axundovdan başlayır, Mirzə Cəlillə, Ə.Haqverdiyevlə, C.Cabbarlıyla inkişaf edir və bir az da müasirliyə getdikdə, S.Rəhimovun, M.İbrahimovun, İ.Əfəndiyevin adları ilə ekvivalentləşir. Əslində say etibarıyla göründüyü kimi, elə də çox deyil. Çox ola da bilməz. Baxmayaraq ki, adı çəkilən ədiblərlə müvazi yüzlərlə yazıçı öz ədəbi irsini ortaya qoyub, illər boyu qələm çalıb, yazıblar. Üstəlik, biz azərbaycanlıların, həm də çox yazan xalq olduğunu (demək olar ki, hamımız yazırıq) nəzərə alanda, bu mənzərə daha da dolğunlaşır. Azərbaycan nəsrində öz dünyasını yaradan, dövlət içində dövlətini quran, ona öz bədii, mənəvi-əxlaqi kodlarını yerləşdirən, müasir ədəbiyyatımızda mərhələ sayılan yazıçılar sırasında, heç şübhəsiz, böyük söz ustası Əli İldırımoğlunun müstəsna yeri var. O, Azərbaycan nəsrində öz dünyasının tam hakimidir və öz məktəbini yaratmışdır. Bununla da Azərbaycan nəsrində yeni bir mərhələnin əsasını qoymuşdur.
Mən Əli müəllimin əsərləri, onların ədəbi-bədii, estetik dəyərləri və xüsusiyyətləri barədə müəyyən qədər fikir söyləmişəm. Odur ki, onun yaradıcılığı barədə geniş təhlilə varmadan ədəbiyyatda yaratdığı ədəbiyyat barədə, özünəməxsus ədəbi dövlətinin kodlaşdırılmış, şifrələnmiş mühiti, ictimai-sosial ab-havası, əxlaqi dəyərləri barədə düşüncələrimi bölüşməyə çalışacağam.
Əvvəla, Əli müəllimi yaxşı tanımaq üçün onun şəxsi həyatına da, ədəbi dünyasına da dərindən (özü demişkən, dibdən) bələd olmalısan. Bu ikiliyin vəhdətini bilmədən nə Əli müəllimin özü, nə də yaradıcılığı barədə fikir söyləmək olmaz. Kodun və şifrənin ilkin açılışı, eləcə, budur. Kodlaşmanın digər məntiqi onun millətinə, el-obasına, nəslinə-nəcabətinə, ailəsinə, böyüdüyü, tərbiyə aldığı mühitə gedib çıxır. İldırım kişini, Məşəd Paşanı, Gövhəri, Əmrahı, Mürşüd kişini, Mövlamverdini, Qaçaq Mürsəli, Höcət Cahangiri, Sücəddini tanımadan Nazim
İlhamın iç dünyasına bələd
ola bilməzsən. Kodun bir açarı da burdadır. Kodun digər açarı,
əlbəttə ki, Əli İldırımoğlunun göz
açdığı, böyüdüyü, dizini bərkitdiyi,
gözünü göynətdiyi bir parça vətən
dediyimiz əsirlikdə qalan o torpaqlardır - Qubadlıdır,
onun Yazı düzüdür, Çay bağlarıdır,
Qiblə daşıdır, Gəlin kahasıdır, Bərgüşadıdır,
başı göylərdən bac alan dağlarıdır və
bu yerlərin əbədi qürur simvolu, əbədi
vüqarı qartallardır. Bütün bunlar
yazıçının ideya və fikirlərinin, ictimai
mövqeyinin, ədəbi missiyasının mayasını təşkil
edir.
Yaratdığı obrazları, insan silsiləsi, ədəbi
qalereya yazıçının öz məqsəd və məramını
çatdırmaqda əsas vasitələrdəndir. Yazıçı
öz qəhrəmanlarının, heç şübhəsiz,
öncə daxili aləmlərinin, xarakterlərinin, mənəvi-psixoloji
durumlarının açılışı və təqdimi
qayğılarıyla qayğılanır. Müxtəlif təbəddülatlar yaşayan, həyatın
ziqzaqlarından keçən bu adamlar, həqiqətən də
oxucu üçün kitab kimi vərəqlənir,
bütün cəhətlərilə qarşında al-əlvan
boylanır. Söz rəssamı Əli
İldırımoğlu öz qəhrəmanlarının daxili şəklini çox
incə ştrixlərlə çəkir və açıb göstərir. Və bu əzablı işi görə-görə,
sanki sövqi-təbiilə, bəlkə elə özü də
mahiyyətə varmadan, başqa sözlə,
qarşısına xüsusi məqsəd qoymadan obrazın
xarici aləmini də rəssam dəqiqliyilə əks etdirir.
Əli müəllimin yaxşı rəssamlığı
da var. Bəlkə də bu ibtidai həvəs son anda daxili
enerjiyə çevrilərək yazıçı
üslubunun əlvan çalarına çevrilir. Şifrələrin biri də budur. Və bununla müvazi bir cəhət də Əli
İldırımoğlunun obrazlarına ad seçimidir.
Məsələn, Höcət Cahangir, Lüt Qasımın
oğlu Lovğa Səftər, Lağar Xeybər, yaxud, Seyfəddin
Bədəloviç, Nadir Xələfoviç, Mirzə Kəpəzli,
Şirxan Qasımoviç və s.
Sadəcə bu adlara ötəri sərf-nəzər etmək
kifayətdir ki, obrazın daxili aləminə gedən yolu tuta
biləsən, onun kimliyi barədə bəri başdan
ehtimallara düşəsən. Çünki
adların özü ekspressiv informasiya və təqdimat
kodudur.
Əli İldırımoğlu dünyasının,
yaradıcılıq aləminin kodlaşmış mətninin
açılış şifrələrindən biri də
onun təbiət təsvirlərinə, buradakı simvol və
rəmzlərə, çin olan yuxulara, qəzavü-qədərlərə
söykənir. Onun yaradıcılığında
quş simvolu var. Müxtəlif məqamlarda Əli
İldırımoğlu bir yazıçı kimi, sanki bədii
məramını bəyan etmək üçün bu
quşlara güvənir. Nədir bunun
sirri, məntiqi? Bəlkə bu quşlarda azadlıq,
müstəqillik, sonsuz bir sərbəstlik tapır?.. Axı quşlar azaddır, istədikləri
yerə sərbəst uçub gedə bilərlər (hətta
yazıçının əsirlikdə inləyən ana
yurduna da), dünyaya
hür gəlib hür yaşayırlar, öz
ömürlərini əngin göylərin dərinliklərində
heç kəsdən minnət götürmədən
arın-arxayın, asudə
sürürlər. Əli müəllim özü də təbiət
etibarilə, müstəqil, azad və bu keyfiyyətlərin təyinatı
kimi üzə çıxan mərd, dönməz, əyilməz,
qürurlu bir insandır. Bəlkə azadlıq, sərbəstlik,
müstəqillik, məğrurluq rəmzi olan quşlara məhəbbət
eləcə, Əli müəllimin özəl keyfiyyətlərindən,
təbiətindən qaynaqlanır?..
Quşlara bu isti, məhrəm məhəbbətin kod şifrəsi
də, bəlkə elə bunda axtarılmalıdır?.. Uca dağların pasibanı
olan qartalla, şanapipiklə, hətta, balaca torağayla
söhbəti, həsb-halı onun yaradıcılıq
manerasına çox doğma rəmzlərdir.
O, təbiəti çox sevir, onun hər daşı, hər qayası, yağışı, günəşi, buludu ilə dərdləşə bilir. Bərgüşad çayı ilə uzaqdan-uzağa da olsa dərd bölməsi, əsərlərinin, demək olar ki, hər birində özünün də, yaratdığı obrazların da təbiətlə təbiət dilində həsb-halı Əli İldırımoğlu yaradıcılığının kodlaşmış yeni bir üslub təzahürüdür. O, təbiətlə tabuyla, qadağalar diliylə danışır. Bütün əsərlərində o simvola, rəmzə çevirdiyi təbiətə, canlı ətraf mühitə müdaxiləni hamı üçün, hətta özü üçün də qadağan edir. Onun bütün əsərlərində antropormorfizm - yəni təbiətə canlı insan xassələri vermək, onunla söhbət etmək, öz qapalı dünyasında bu dilsiz-ağızsız, lakin danışa bilən, gülə bilən, kədərlənə bilən, həssas qəlbli yazıçıyla öz dərd-sərini, giley-güzarını bölüşə bilən varlıqların xüsusi yeri və mizanı vardır. Çox misal çəkmək olar, Əli İldırımoğlu yaradıcılığına bələd olanlar bilir ki, onun əsərlərində təbiətə müraciət, təbiətlə söhbətlər saysız-hesabsız və hüdudsuzdur. Bir misal, “Arğalısı itən dağlar” essesindəndir: “Bəzən dəymədüşərliyi, inciməyi, küsməyi də olurdu bu əzəmətli dağın. Bir axşamçağı işdən evə qayıdanda boz dumana büründü. Məndən üz döndərirmiş kimi görünməz oldu. Diqqətimi cəmləşdirib nə qədər vərəvurd elədim, qara hicabını qaldırıb mənnən kəlmə kəsmədi. Heç səbəbini də açıb-ağartmadı, Şah dağı”. Sonrakı sətirlərdən məlum olur ki, Şah dağının insanlardan üz döndərməsinin səbəbi onun qoynunda boy atıb böyümüş, bu yerlərin yaraşığı, kökü kəsilməkdə olan vəhşi qoçun, nadir arğalının ovlanmasıdır... Bəli, Əli müəllimin belə kövrək notlarla süslənmiş o qədər təbiət esseləri var... Yazıçı barədə müxtəlif resenziyalar, ədəbi etüdlər, esselər yazmış yüzlərlə müqtədir qələm sahibləri bu barədə geniş söhbət açıb, Əli İldırımoğlu - təbiət tandemini zaman-zaman tədqiqatın əsas mövzusuna çeviriblər.
Belə kodlaşmış simvollar onun bütün əsərləri üçün səciyyəvidir və bu obraz-rəmzlərsiz, bu qıfıl simvollarsız bu ədəbi nümunələr çox saya və bəsit görünərdi. Bu romanlarda - “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Aqibət”, “Daş yağan gün” və s. ümumilikdə nəsr poetikası üçün çox vacib üslubi dəyər hesab edilən bədii kodlaşma atribut kimi təzahür edir. “Aqibət” əsərinin nümunəsində buna bir nəzər yetirək. Burada sanki hər şey simvollar üzərində qurulub. Dəlmə arxı - Dəvəbatan burulğanı - Dəyirman... Bu üçbucaqda ideya-estetik mahiyyət daşıyan və yazıçı məqsədinə xidmət edən ictimai-siyasi, mənəvi-əxlaqi mahiyyət, kodlaşmış subistansiyalar yaşayır. Dəvəbatan burulğanı ilk baxışdan qorxunc bir ünvan, mistik bir anlayışdır. Amma son anda müqəddəs missiya yerinə yetirir. Qasımın tulunğu oğlu Lovğa Səftərə sanki üsyan edib Dəvəbatan burulğanında intihar edən kəhər at, sonra da bu yolu nicat bilib namus ləkəsini məlum burulğanın köpüklərində yuyan Qənirə... Burada Dəvəbatan sanki xilaskardır, şərin, namussuzluğun, nadanlığın əlindən xilas olmaq istəyən Kəhərlərin, Qənirələrin xilaskarı. Yaxud, dəyirmanda baş verən hadisə, Bağır kişiyə dəyirmançı Şahnəzərin bozalaşması, əlbəyaxaya çıxmaları və sonucda dəyirmançının başının dəyirman daşına dəyib o dünyalıq olması, bütün bunlar alt qatında çox ciddi mətləb yatan, fəlsəfi-estetik mahiyyət daşıyan simvollardır. Axı bu dəyirmanın daşını vaxtilə dünyanın o başından min bir zülmlə gətirən Bağır kişiyə indi bir ovuc ağnağaz üyütməyi də çox görəndə və Lovğa Səftərlə bu ruzi mənbəyini, bin-bərəkət ocağını haram yuvasına çevirəndə cüvəllağı dəyirmançının taleyi necə olmalıydı? Bu təbii qəzavi-qədər müəllifin nəzərində həyatın məntiqi hökmüdür. Odur ki, son anda müəllif belə bir qənaətə gəlir ki, dəyirmançını Bağır yox, o müqəddəs dəyirman daşı öldürdü.
“Aqibət” romanında Höcət Cahangirin qulağına teyfdən gələn və onu Dəlmə arxını təmizləməyə təşviq edən səs, başqa sözlə, babaların ruhunun çağırışı, dəyirman yolunda Sücəddinin gözünə görünən mömin Mir Rahibin söylədiyi: “Onu da anla, agah ol ki, Qalaça kəndi Tanrının qəzəbinə keçib. Başınıza gələn müsibətlər Yaradanın cəzasıdır. Bunu başa düşmək fəhmindən xalisiniz. Qalaçanın mollası Tağı, yolgöstərəni Lüt Qasımın oğlu Lovğa Səftər, dəyirmançısı sülək Şahnəzər, deputatı qüdrətsiz Qüdrətdirsə, deməli, kəndə bədbəxtlik üz verib. Fitnə-fəsadın baş alıb getdiyi, namus-qeyrətin qeybə çəkildiyi, insanların ehtiraslarının quluna çevrildiyi, adamların qurd kimi bir-birini diddiyi məmləkət fəlakətdən yaxa qurtara bilməz!!! Nə qədər gec deyil, tövbə edin!!! Tövbə edin!!! Haqqa qayıdın!!!”- Bu sözlər ulularımızın ruhlarının üsyanı kimi səslənir. Təkcə babaların ruhlarının üsyanımı?. Bu, həm də müdrik yazıçı, mütəfəkkir, üsyankar ruhlu Əli İldırımoğlunun müasirlərinə ittihamıdır.
Beləliklə, üç simvol - Dəlmə arxı, Dəvəbatan burulğanı və Dəyirman romanın süjet və kompozisiyasını, fabulasını şərtləndirdiyi kimi, eyni zamanda ideya-estetik mahiyyətinə çevrilir.
Bu əsərlərdə təkcə insanlar, onların bir-birinə münasibəti kodlaşmayıb. Burada, həm də tarix kodlaşıb, zaman öz trayektoriyasından çıxıb mistikləşib. Yazıçı tarix yazmır, o, həm də tarix yaradır. Əli müəllim də tarix yaradan sənətkarlardandır, başqa sözlə, öz dövrünün tarixini, öz tarixini və ədəbiyyat məkanında formalaşdırdığı müstəqil məmləkətinin, suveren dövlətinin tarixini... Onun intensiv və fəal həyat tarixçəsi əsasən, Sovet dönəminə təsadüf edir. O, bu dövrün nöqsanlarını, kəm-kəsirini də yaxşı bilir, müsbət tərəflərini, üstün cəhətlərini də. Və qələmə aldığı hər bir hadisədə, hər bir həyat hekayəsində maksimum obyektivliyə sadiq qalmağa çalışır. O, yaşadığı dövrün müsbət cəhətlərini görür və bu barədə məmnunluqla söhbət açır. Lakin o, heç də Sovet dövrünün puritan əxlaqının tərənnümçüsü və mübəlliği deyil. O, yeri gələndə bu dövrün ifrat sosial və mənəvi-əxlaqi kataklizmlərinin çox ciddi, sərt və barışmaz tənqidçisidir. Bəli, beləcə, bu obyektiv tarixçi təkcə tarix içində tarix, zaman içində zaman yaratmır. Eyni zamanda bu böyük, müqtədir filosof hadisələrin məğzini arayıb ona qiymət verir. Və həm də bu dahi əxlaqşünas mənəvi-əxlaqi kodekslər irəli sürüb şüurları, qəlbləri tərbiyə edir.
Əli İldırımoğlu məhsuldar yazıçı olmaqla yanaşı, çox səliqəli, diqqətcil, yazdığı mətnə tələbkar və həssasdır. O, cild-cild romanlar yazıb. 400-500 və daha çox səhifəlik bu romanlarda artıq söz, cümlə, epizod, səhnə və lazımsız, yerinə düşməyən obraz və ştrixlər tapa bilməzsən. Onun əsərləri heç cür redaktəyə gəlmir. Hər hansı bir sözə, ifadə və cümləyə toxunulsa, fikir dağılacaq, məntiq və məna itəcək, sətirlər arasında xaos yaranacaq və hər şey pərən-pərən düşəcək. Onun üslubunda, yazı tərzində sanki qəribə bir hərbi nizam-intizam var. O, hər sözün, hər cümlənin, hər hadisənin, hər obrazın üstündə əsir və zərgər dəqiqliyi ilə iş aparır. Onun əlyazmaları ilə tanış olanlar bunun yaxından şahidi olur və bu böyük sənətkarın iş manerası, yazı texnikası, zəhmət və əzablı fəaliyyəti qarşısında heyranlıqla baş əyir. Odur ki, Əli müəllimin cild-cild əsərlərində qəlp söz, miyanə cümlə, səhifələri doldurmaq xatirinə ştamp, artıq epizod, qurama detal və həyat hadisəsi tapa bilməzsən. Onun əsərlərində hər şey təbii axarındadır. Dil də, hadisələr də, obrazların təbii stixiyası da, hər şey elə bil ilahi ahəngə tabedir. Bu mənada onun əsərlərindən yüzlərlə, minlərlə misal çəkmək olar. Lakin mən nümunə üçün iki detalı xatırlatmaq istəyirəm. Əli müəllimin iki əsərində tüfənglə bağlı epizod var. Birinci epizod “Aqibət”dədir. Höcət Cahangir bir köhnə üçatılan tapır, silib-təmizləyir, saz vəziyyətə gətirir. Lakin ondan istifadə edib yararlana bilmir. Hövsələsiz oxucu bəlkə də düşünər ki, əsərdə bu detal artıqdır, heç nəyə xidmət etmir, heç bir mətləbi ortaya qoymur, bu nəyə lazımdır? Lakin belə deyil. Əslində üçatılan da əsərdə bir-birini şərtləndirən və tamamlayan simvollar zəncirinin bir həlqəsidir. Üçatılan əsərin sonunda yazıçı məqsədinin reallaşmasında bədii detala çevrilir. Əsərin əvvəlində Cahangirin tapdığı silah əsərin sonunda Sücəddinin əlində açılır.
Belə bir simvol “Daş yağan gün” əsərinin də yadda qalan bədii detallarındandır. Erməni vandalları Həsənli kəndini oda qalayanda qaniçən Andranik Poqosyan Nəcəfin atasına məxsus aynalı tüfəngi ələ keçirir. Əsərin sonunda da Nəcəfin əlindən qaniçən erməni Andranik Poqosyana məhz bu aynalıdan atəş açılır.
Bütün bunlar yazıçının yazı prosesində hadisə və epizodları ən kiçik detallarına qədər nəzarətdə saxlamağını, bədii mətnə və qələmə aldığı həyat hadisələrinə nə dərəcədə həssas yanaşdığını göstərir. Və ədəbiyyatın, sənətin klassik normativlərinə sadiq olduğunu bir daha sübut edir. “Tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, tamaşanın sonunda o mütləq açılmalıdır” (Stanislavski).
Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar onun ədəbiyyat ölkəsinin layiqli və namuslu vətəndaşlarıdır. Bu qəhrəmanlar həmin ölkənin şərəfini, şöhrətini layiqincə yaşatdığı kimi, mənəvi-əxlaqi, hətta coğrafi sərhədlərini də namusla, ayıq-sayıq qoruyurlar. Onlar kimdir? Namuslu əməyini ən uca bayrağa çevirən, dəhnə bağlayan, zəmi biçən, ot çalan, toxum səpən, bununla bərabər müdrikliyi, ağayanalığı və alicənablığı ilə nümunə olan İldırım kişi, mərd, mübariz, sözübütöv, gözü-könlü tox Nazim İlham, Höcət Cahangir, Sücəddin, Nəcəf, Mürşüd kişi, Qaçaq Mürsəl, Əmrah, Mövlamverdi və s. Bu obrazların, Əli İldırımoğlu ölkəsinin bu vətəndaşlarının hər biri özünəməxsus mənəvi-əxlaqi və ictimai-siyasi yük daşıyır. Hər biri müəyyən bir rakursdan cəmiyyətin güzgüsünə çevrilir və toplumda, birlikdə Əli müəllimin öz ümumiləşmiş obrazını yaradırlar. Onların hər birində yazıçının özü, onun dünyagörüşü, həyata münasibəti, əxlaqı və mənəviyyatı boy göstərir.
Hər bir yazıçının yaradıcılığında bir şah əsəri olur. Buna ana xətt, özək, maya, bünövrə də demək olar. Yazıçıya ömrü boyu elə gəlir ki, burda nəsə yaddan çıxıb, qalıb, nəsə unudulub, nəsə nəyisə başqa cür işləmək lazımdır. Bir sözlə, ona elə gəlir ki, bu yazıya dönə-dönə qayıtmalıdır. Beləliklə, bir əsər bir ömür boyu sürür. V.Hüqonun “Səfillər”, L.Tolstoyun “Hərb və sülh”... Dünya ədəbiyyatında böyük yazıçıların çoxunda onları həyat boyu izləyən, onların, az qala, tərcümeyi-halına çevrilən bir əsəri olur. Təkcə bu fakt riqqətləndiricidir ki, L.Tolstoy “Hərb və sülh”ün üzünü öz əli ilə səkkiz dəfə köçürüb. Bu, təkcə mexaniki köçürmə yox, həm də yaradıcı işdir. Əli İldırımoğlu üçün belə bir əbədi nəğmə, ömür dastanı “Zorən jurnalist”dir. O, bu əsəri bir oxucu kimi də dönə-dönə oxuyur, öz söhbətdaşlarıyla müzakirə eləyir və nəsə qırımından hiss olunur ki, bu əsərə yenə qayıtmaq amacındadır.
Əli müəllim haqda yazmaq, onun xalq deyimləri ilə zəngin şirin, axıcı, ləngərli, poetik əsilli dili barədə danışmadan ötüşmək olmur. Kodlardan biri də bu dil faktorudur. Onun ədəbi imperiyasının bünövrə daşı, təməl prinsipi, məhz bu füsunkar və ecazkar dildir. Əli müəllimin ədəbi dili Azərbaycan dili içərisində avtonom hüquqlu, özünəxas statuslu bir dildir. Böyük ədəbiyyat məkanında onun özünəməxsusluğunu təsdiq edən ən ali hüquqi statusdan biri bu dildir. Onun müstəqil ədəbiyyat ölkəsinin vətəndaşları - ədəbi obrazları, məhz bu dillə fərqlidirlər, seçilən və müstəqildirlər. Əli müəllimin qurduğu ədəbiyyat məmləkəti həm də öz diliylə müstəqil bir dövlətdir. Onun ədəbi dilinin xüsusiyyətlərindən, leksik tərkibindən, frazeoloji vahidlərindən, dialekt və şivələrə ədəbi dil ahəngi gətirməsindən, onları ədəbi dil normalarına uyğunlaşdırmasından geniş bəhs etmək istəmirəm. Bu barədə mən də yazmışam, ədəbi ictimaiyyətin nümayəndələri - alimlər, ədəbiyyatşünaslar, tənqidçilər Əli müəllimin dili, ədəbi üslubu barədə fundamental tədqiqatlar aparıb, geniş söhbətlər açıblar. Lakin dönə-dönə vurğulamaq lazımdır: Əli İldırımoğlunu böyük yazıçı kimi formalaşdıran, möhtəşəm ədəbi uğurlarını şərtləndirən, ilk növbədə məhz bu möcüzəvi dildir. Dil yazıçı qəlbinin və şüurunun lokomativi, yaradıcı ehtirasın enerji mənbəyidir.
Hörmətli
Əli müəllim! Siz bütün
yazılarınızla bu gün
insanlığın elə bir mərtəbəsində, elə
bir ucalığındasınız ki, artıq
özünüz də simvollaşıbsınız, rəmzləşibsiniz. Elə Sizin yubileyinizi də bu hiss və
duyğularla, bu ovqatla qutlayırıq.
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2015.- 14 noyabr.- S21-22