Yaşamaq və yaşatmaq
Əli İldırımoğlunun
səksən səkkiz
yaşı tamam olur.
Bu adın qarşısına
çox epitetlər yazmaq olar; məşhur
jurnalist, görkəmli
yazıçı, el ağsaqqalı
və s... Amma məğrur, qocaman
bir palıdın, üstünə qonan bərbəzəkli quşlara
ehtiyacı olmadığı
kimi, bu adın da heç
bir bərbəzəyə
ehtiyacı yoxdu.
88 kiçik rəqəm
deyil. Amma Azərbaycan uzunömürlülər
ölkəsidi. Və həmişə
bu ölkədə uzun ömür sürməyin əsas şərti təbiətin
qoynunda, dağların,
meşələrin saf,
təmiz havasını
uda-uda, bulaqların saf, təmiz suyunu içə-içə
yaşamaq sayılıb.
Amma təkcə uzun yox, həm də
mənalı, dəyərli
ömür sürməyin
əsas şərtisə,
bəlkə də, saflığın, təmizliyin
içində yaşamaqdan
daha çox, o saflığı, təmizliyi
öz içində yaşatmağı bacarmaqdı.
Əli müəllim bunu bacaran tək-tük bəxtəvərlərdəndi. İnsan kimi də. Yazıçı kimi də.
Mən ədəbiyyatı
kəndə, şəhərə
bölməyi heç
vaxt xoşlamamışam. Ədəbiyyat
kəndçi, şəhərli,
həkim, müəllim
və s. haqqında yox, insan haqqındadı.
Bu baxımdan, Stalinin indi heç kəsin sitat gətirmədiyi, amma öz vaxtında çox məşhur olan “yazıçılar insan ürəyinin mühəndisləridir” kəlamında
da kifayət qədər həqiqət
payı var. Hətta onun əli bir
çox şair və yazıçının
qanına batsa da...
Amma hər halda, şərti də olsa, əgər Əli İldırımoğlunu kənd yazıçısı saysaq, onun yaradıcılığını, yəqin ki, iki dövrə bölə bilərik. Birincisi, doğulub boya-başa çatdığı doğma Qubadlıdan Qubaya, Naxçıvanacan Azərbaycanın bir çox bölgələrində “bölgə müxbiri” işləyə-işləyə, yəni, öz qəhrəmanlarının arasında yaşaya-yaşaya yazıb-yaratdığı dövrdü. Bu dövrdə yazdığı saysız-hesabsız oçerk və felyetonlarda Əli müəllim gördüklərini isti-isti vərəqə köçürtməyə, necə dəyərlər, günün nəbzini tutmağa çalışırdı. Və bəzi felyetonlarında o nəbzin xəstə döyüntülərini də qeydə almaqdan çəkinmirdi.
90-cı illərin əvvəlində bu dövr başa çatdı. Əli müəllim sözün həm hərfi, həm də məcazi mənasında müxbirlikdən, qəzetçilikdən təqaüdə çıxdı. Və o vaxtdan bir yorulmaz, peşəkar yazıçı kimi fəaliyyətə başladı. Əslində, Əli müəllimin o vaxtdan bəri, məsafəcə kənddən uzaqda, şəhərdə yazdığı əsərlər də kənd haqqındadı. Və bu əsərlərdə (“Mənim rəncbər atam”, “Qarlı gecələr” və s.) o öz yaddaşının, təxəyyülünün gücünə zaman etibarilə də daha uzaq məsafələrə, 50-ci, 40-cı, 30-cu illərin kəndinə səyahət edir, çoxdan unudulmuş, yoxluğa qovuşmuş insanları, hadisələri bədii sözün köməyilə diriltməyə, yaşatmağa can atır, o illərin təkcə bədii deyil, həm də mənəvi-əxlaqi mənzərəsini göstərməyə çalışır. Və onun əsərlərinin məhz həmin 50-ci, 40-cı, 30-cu illərdə “isti-isti” yazılmış, orta məktəb dərsliklərinə salınmış məşhur kənd romanlarından əsas fərqi də, təsvir olunan hadisələrin və insanların o dövrün Sovet ideologiyası baxımından yox, xeyir və şər, haqq və nahaq, vicdan və axlaq kimi əbədi dəyərlər baxımından qiymətləndirilməsindədir.
Əli İldırımoğlunun əsərləri haqqında çox məqalələr yazılıb, onun həyat və yaradıcılığına monoqrafiyalar həsr olunub. Amma mənim fikrimcə, Əli müəllimin həyat və yaradıcılığı haqqında ən gözəl və dərin monoqrafiyanı o özü yazıb. Və bu əsərin adı “Közərən sətirlər”di.
Mən Əli müəllimə bundan sonra da qələminin gücdən düşməməsini, yazdığı sətirlərin odunun-istisinin azalmamasını arzulayıram. Yaşayın, Əli müəllim, yazın, yaradın. Yaşayın və yaşadın.
Ramiz
RÖVŞƏN
525-ci qəzet.- 2015.- 14 noyabr.- S20