Dəyişməzlik
ABİD TAHİRLİNİN 60 YAŞI MÜNASİBƏTİ İLƏ
Mən
ilk dəfə Abidlə
az qala otuz
il bundan əvvəl - hər şey vaxta baxsa da, vaxt
heç nəyə baxmır - 1987-ci ildə tanış olmuşam, elə həmin vaxtdan etibarən də bir yerdə
işləmişik və
bütün bu dövr ərzində Abidin gənc bir jurnalistdən elmlər doktorunacan, “Odlar yurdu” qəzetinin
baş müxbirindən
əsl vətəndaş
qayələri ilə
hörmət qazanmış
bir dövlət qulluqçusunacan keçdiyi
həyat yolu mənim gözlərimin qabağında olub.
Və bu yol - acısı
və şirini ilə bərabər, şərəfli bir yol olub, daima
öz üzərində
çalışan, axtaran
və tapan zəhmətkeş bir qələm sahibinin, harda işləyibsə, daima öz işinin
məsuliyyətini hiss edən
vətənpərvər bir
insanın yolu olub.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində
“Odlar yurdu” qəzetinin qısa bir müddətdə
250000 (iki yüz əlli min!) tirajla çap olunmasında və hər nömrənin bizdə də, xarici ölkələrdə yaşayan
həmvətənlərimizin arasında da əldən-ələ gəzməsində,
Sovet İttifaqında
hələ hakim ideologiyanın
fironluq etdiyi bir dövrdə bu qəzetdə Sovet mətbuatında M.Ə.Rəsulzadənin xatirələrindən,
ADR-nın parlament iclaslarının materiallarından
tutmuş Məmməd
Əmin Rəsulzadə,
Əlimərdan bəy
Topçubaşov, Fətəli
xan Xoyski, Nəsib bəy Yusifbəyli və bu kimi siyasi
xadimlərin haqqında
uzun fasilədən sonra ilk dəfə olaraq dərc edilən pozitiv məlumatlara qədər yazıların işıq
üzü görməsində
qəzetin redaktoru Ramiz Əsgərlə bərabər, Abidin də çox ciddi rolu olmuşdur.
Ümumiyyətlə, gəmidə oturub, gəmiçi ilə dava edən,
demək olar ki, hər gün
KQB ilə sözləşən,
bir sıra hallarda isə çarpışan, çox
zaman Sistemin (o cümlədən də
KQB-nin!) ciddi təzyiqlərinə və
təxribatlarına məruz
qalan “Vətən” Cəmiyyətinin xaricdə
yaşayan vətənpərvər
azərbaycanlılarla əlaqələr
yaratmasında, Ankarada
fəaliyyət göstərən
Azərbaycan Milli Şurasının sədri
Məhəmməd Kəngərli,
Ankarada nəşr olunan “Azərbaycan” jurnalının
redaktoru Əhməd
Qaraca və bu kimi qatı
antisovet məfkurəli
siyasi xadimlərin ilk dəfə Azərbaycana dəvət olunmasında,
onları Moskvada qarşılayıb, Moskvadan
da sağ-salamat yola salmaqda Cəmiyyətin
başqa əməkdaşları
kimi Abidin də çox səmərəli və səriştəli fəaliyyəti
olub.
1990-cı
il yanvarın 20-dəki
qırğından sonrakı
günlərdə, xüsusən
yanvarın 21, 22, 23-də - ağına-bozuna
baxmayan Sovet soldatlarının Bakını
işğal etdiyi, əllərində avtomat bütün küçələri
nəzarətdə saxladığı
o dəhşətli günlərdə
“Vətən” Cəmiyyətinin
teleksi Azərbaycan ilə dünya arasında yeganə ünsiyyət vasitəsi idi və o ölüm-dirim
zamanı həmin teleks ilə Şeyxülislam Allahşükür
Paşazadənin sərt
bəyanatını dünya
informasiya orqanlarına
yaymaqdan tutmuş, “Amerikanın səsi”, “Azadlıq” radioları, başqa xarici, o cümlədən, Türkiyə
informasiya mərkəzləri
ilə əlaqə yaradıb, onlara operativ məlumatlar verməyəcən gecə-gündüz
bilməyən bir fəaliyyətdə Abid də öz həmkarları ilə birlikdə mühüm xidmətlər göstərdi.
Bu xidmətlərin nəticəsi
idi ki, misal
üçün, Pakistanın
o zamankı baş naziri Benəzir Buhutto bizim teleksin
məlumatına əsaslanaraq
SSRİ rəhbərliyinə etiraz notası verdi, yaxud da
məşhur ABŞ konqresmeni
Cim Mudi bizim dəvətimizlə Bakıya gəldi və ilk xarici siyasi xadim oldu
ki, 20 Yanvar qurbanlarının məzarlarını
ziyarət etdi, konqresdə bu məsələni qaldırdı.
Bütün
bunlarla bağlı çox xatirələr söyləmək
olar, ancaq bütün bunları ən ətraflı şəkildə
elə Abidin özü yaza bilər və güman edirəm
ki, Abidin vətəndaşlığı və publisist
istedadı o kitabı yazdıracaq.
Abid
Tahirli bir çox məqalələrin, kitabların müəllifi
kimi tanınmış bir publisist olmaqla bərabər, bu
gün mühacirət problemləri, xüsusən mühacirət
mətbuatı sahəsində, bizim mühacirətdə
yazıb-yaradan Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə,
Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər,
Şəfi bəy Rüstəmbəyli və bu kimi mütəfəkkirlərimizin,
lazımınca tanımadığımız və qiymətləndirmədiyimiz
qələm sahiblərinin fəaliyyətinin və
yaradıcılığının
öyrənilməsində tanınmış bir mütəxəssis
tədqiqatçıdır.
Onun “Azərbaycan
mühacirəti”, iki kitabdan ibarət “Azərbaycan mühacirət
mətbuatı”, “Azərbaycan mühacirət mətbuatında
publisistika (1921-1991)” kimi monoqrafiyaları bu sahədə
yaranmış böyük bir boşluqdan sonra ictimai fikrimizdə
yeri olan əhəmiyyətli və sanballı tədqiqatlardır.
Bu
qısa qeydlərdə orasını da demək istəyirəm
ki, Abid təmiz, etibarlı, xeyirxah bir şəxsiyyətdir və
bu uzun illər ərzində mən flyuger kimi dəyişən
bir çox insanlardan fərqli olaraq, Abidin şəxsiyyətində
heç bir dəyişiklik görməmişəm, əksinə,
o təmizlik də, etibarlıq da, xeyirxahlıq da illər
keçdikcə, elə bil, daha da artıb və
saflaşıb.
Abid 60
yaşı haqlayır, ancaq heç kim ona 40 yaşdan
artıq verməz və Abidi belə dəyişməz, cavan
saxlayan da onun şəxsiyyətindəki həmin təmizlik,
etibarlılıq, xeyirxahlıqdır.
7 oktyabr
2015
ELÇİN
525-ci qəzet.- 2015.- 14 noyabr.- S19