Hərə öz imzasının
arxasındadır
- Aqil Abbas dövrünün “Ədalət”i ilə, İradə Tuncay dövrünün “Ədalət”i arasında hansı fərqlər var?
-Yəqin
ki, kəskin bir fərq olmaz. Çünki qəzetin ümumi
prinsipləri var. Sadəcə redaksiyanın işçiləriylə
iş prosesində bəzi dəyişikliklər ola bilər. Deyək ki, Aqil Abbasın
hansısa sahəyə sərt baxışı var, İradə
Tuncayın başqa bir sahəyə sərt baxışı ola bilər. Ümumilikdə,
prinsiplər eynidirsə, elə bir kəskin fərq olmaz.
- İradə xanım, düşünürsüzmü
ki, qadın səliqəsinin, qadın məsuliyyətinin buna
təsiri oldu?
- Hə, əlbəttə.
Mən bunu müsahibələrimdə də dəfələrlə
demişəm ki, “Ədalət” qəzetinin dərcində elə
bir mərhələ var idi ki, bəzi
qarışıqlıqlar yaranmışdı. Mən fikirləşirdim ki, burada qadın əlinə
ehtiyac var. Bəzən olur, subay kişilərin evinə
baxırsan və hiss edirsən ki, burada qadın əli yoxdur. Bizim həyatımızın hər
bir sahəsini bir ev kimi götürsək,
insan orada da bir səliqə-sahman yaratmağa ehtiyac duyur. Bəzən
bir ötəri baxış belə hiss etməyinə yetərli
olur ki, burda nəyisə dəyişməyə ehtiyac var.
- Adətən
yaradıcı insanların müəyyən kaprizləri olur.
Siz necə, kaprizli birisiz?
-Bilirsiz
kapriz nə məsələdir? Məsələn, Hollivud
ulduzları hansısa ölkəyə qastrola gedəndə
şərtlər qoyurlar ki, mən qaldığım otaq
mehmanxananın dördüncü mərtəbəsində
olmalıdır, pəncərəm küçəyə
açılmalıdır, işıq bu tərəfdən
düşməlidir, fincanım ağ rəngdə
olmalıdır və s. Yox, mənim elə kaprizlərim
yoxdur. Bəzən tanınmış informasiya
agentliklərindən, qəzetlərdən yanıma gəlirlər
və görürəm ki, hazırlıqlı gəlməyib.
Əgər sən müsahibəyə gəlirsənsə
və mənim vaxtımı alırsansa, zəhmət çək
buna hazırlaş. Çünki mən gəncliyimdə
kiminsə yanına müsahibəyə gedəndə onun
haqqında bilmədiyim hər şeyi əvvəldən
axıra qədər öyrənirdim. Mənim kaprizlərim
belə şeylərdədir. Bunu həm
qarşındakı adama, həm də özünə
sayğısızlıq sayıram. Jurnalistika
elə bir sahədir ki, burada ikinci olmaq sənin həyatının
boşa getməsi deməkdir. Səhnədir,
kinodur, mətbuatdır, ədəbiyyatdır - bunlar elə
bir sahədir ki, orada gərək birinci olasan. Birinci olursansa şöhrət də, pul da gəlir.
Bəzən aktyorlar olur ki, 70 yaşa
çatır, həmişə də deyinir ki, mənə
diqqət eləmədilər, mənə hökumət orden,
medal vermədi. Oynadığı rolla
baxırsan, Hamletdə üçüncü kölgə,
beşinci sklet. Ömrün boyu həyatın hər
hansısa bir sahəsində baş rolda ola
bilmirsənsə, bu artıq özünəsayğısızlıqdır.
Bəlkə gedib hardasa bənna ola bilərdi,
gözəl ev tikərdi. Bəlkə
yaxşı dərzi olardı, gözəl paltar tikərdi.
Niyə ömrünü xərclədi? Boşa getmiş ömürdür. Bax mən belə şeylərə kaprizliyəm.
- İradə xanım, yoldaşınız da yazı-pozu
adamıdır. İki yaradıcı insanın münasibətləri
maraqlıdır mənə. Problemlər
olur?
-Evdə
insan axı yazı-pozu adamı deyil. Ailə
içində biz qadın və kişiyik. O ailənin rəisidir,
mən də ikinci adamam. O qarşılıqlı güzəştlər
sonradan formalaşır. Biz evlənəndə gənc
insanlar idik, mətbuatda imzalarımızı təsdiq etməmişdik.
Amma bizim bir-birimizə qarşılıqlı
sevgimiz var idi. Buna görə də biz bu
uzun illəri birlikdə yaşaya bildik. Söz-söhbət,
çətinlik, stress hər bir ailədə
olur. Bundan adlamağı bacardıq sadəcə.
-Güzəştə
ən çox kim gedir?
-O gərgin
məsələlərdə mənzərəyə baxır.
Yəni hansı zaman kim, hansı situasiyada
kim. Ümumilikdə prinsipə baxsaq, qadın
daha çox güzəştə getməyə məhkumdur.
- Həyat
yoldaşınız yaradıcı insandır. Siz
hansısa problem yarananda onun bu xüsusiyyətini nəzərə
alıb, məsələyə yanaşırsız. Bəs Aqil müəllim?
- Mən
heç ondan bu haqda soruşmamışam ki, sən nəyə
görə güzəştə getdin. Mənə
elə gəlir ki, o belə şeyləri nəzərə
almır.
- Sizin
yazılarınızda da duyğusallığınız hiss
olunur. Bu qadınlıqdan yaranan bir şeydir,
yoxsa xüsusi bir səbəbi var?
- Yəqin
o Allahın mənə verdiyi xasiyyətdir. Mənə
elə gəlir ki, yaradıcı insanlarda duyğuların
vüsəti, fontanı adi insanlardan fərqli olur. Ona görə onlar hisslərini çox gözəl
ifadə edə bilirlər.
- Sizcə,
qadın yazıçıların sayı niyə bu qədər
azdır? Həqiqətənmi qadınların yazmağa ehtiyacı yoxdur?
- Zorla kimisə yazıçı etmək olarmı? Qadınların ictimai həyata kütləvi axını XIX əsrin sonlarından başladı. Əvvəldən tək-tək qadınlar olub. Amma istisnalar ümumi mənzərəni dəyişmir. Antik Yunan ədəbiyyatını oxumusuzsa, orada Safo adlı şairə var. Çox gözəl sevgi şeirləri var. Amma görürsən ki, o böyük Yunan ədəbiyyatının içində ancaq bir damladır. Avropa ədəbiyyatında da tək-tək şairələr olub, amma yenə də deyirəm, bunlar ümumi mənzərəyə təsir etmir. Qadınların ictimailəşməsi üçün səbəblər çox olmalıdır. Əsas fiqur kimi nə zaman ortalığa gələ bilərsən? Ordu sənin əlində olsa, dini təlimləri yaymaq iqtidarında olsan və başqa bu tip səbəblər. Bunların heç biri qadınların əlində olmayıb. Hətta qadınların təhsil alması da böyük problem olub. Cəmiyyət bunu heç vaxt qəbul edə bilməyib. XIX əsrin sonlarından isə bu proses böyük inkişaf yolu keçdi və qadınlar elmi sahələrdə Nobel mükafatı almağa başladı. Məsələn, Mariya Küri. Qəbul etsək də, etməsək də Allah kişini qadından üstün yaradıb. Mən həmişə o qabırğa teoreminə inanıram. Mən inanıram ki, Allah kişi darıxmasın deyə, əylənsin deyə onun qabırğasından qadını yaradıb. Əyləncə olmayan qadınlar istisnalardır. Qadının əsas funksiyası nədir? Kişinin nəslini gələcəyə daşımaq, ondan olan uşaqları tərbiyə etmək. 90 faiz qadınlar bununla yaşayırlar. O 10 faizə hər kəs daxil ola bilmir.
- Mətbəxdə necəsiz, İradə xanım?
- Mən bir period oldu ki, uşaqlar böyüyənə qədər işdən çıxıb evdə oturdum. Həmin dövrdə mən ancaq mətbəxdə yaşamışam. Deyim ki, çox dadlı yeməklər də bişirə bilirəm. Uşaqlarım da həmişə ləzzətlə yeyiblər. Amma onlar böyüyəndən sonra kiçik oğlum Türkiyəyə getdi, böyük oğlum evdə tapılmadı. Elə bil onda mən mətbəximdən də incidim. Təklikdən sıxıldım, elə həmin dövrdə də “Space” telekanalında işləməyə başladım. Mənim mətbəxim artıq ictimailəşdi. Altı film çəkildi, böyük rezonans yaradan sujetlər oldu. Sonra mətbəxlə münasibətlərimi tamam kəsdim. İndi özüm bişirmirəm. Bir dövr oldu, xəstələndim, kömək etdilər mənə. İndi uşaqlar da narazılıq edir ki, ağzımızın dadı gedib. Bu ona görə deyil ki, mən gözəl yeməklər bişirirəm. Sadəcə insanın damaq zövqü səkkiz yaşına qədər formalaşır. O yaşa qədər nə yeyirsə beynində o qalır. Ona görə uşaqlara elə gəlir ki, anasının bişirdiyi yeməklər hamının bişirdiyindən dadlıdır. Uşaqlarım da bunu deyir. Amma indi hövsələm yoxdur mətbəxə girməyə.
- İradə xanım, xarakter etibariylə zəhmli birisiz. Heç olubmu ki, bu özünüzü də incitsin?
- Mən bilmirəm bu zəhm sözü mənim haqqımda niyə yaranıb. Sizə bir şey deyim. Mənim qardaşım olmayıb, iki bacı olmuşuq. Mən balaca olanda atam ağır xəstələndi. Bu elə yaş mərhələsi idi ki, mən özümü qorumağa məcbur idim. Ona görə üzünə bir maska taxırsan ki, sənə bir kimsə dəyib-dolaşmasın. O yük adamın üstündə qalır. Müəyyən illər keçir və o maska artıq sənin üzünə yapışır, çıxarda da bilmirsən. Yəqin ona görədir. Əgər mən kimləsə eyni tezliklərdə ola bilirəmsə, onda qarşımdakı insan görür ki, məndə qorxulu heç bir şey yoxdur.
- Elə bil insanlarla aranızda bir sərhəd müəyyənləşdirmisiz və o xəttdən yaxına heç kimi buraxmırsız.
-Yəqin belə lazımdır. Çünki mən görürəm ki, insanları həddən artıq yaxına buraxanda onlar həddini aşırlar. Yəqin o sərhədləri qorumaq lazımdır.
- Ümumiyyətlə çox gec-gec yazırsız. Müsahibələrinizin birində də demişdiz ki, bəzən bir cümləni bir gün fikirləşirəm. Bunun əsas səbəbi nədir?
-Mənim sözə, yaradıcılığa, ədəbiyyata məsuliyyətim. Bir dövr oldu ki, mən çox intensiv işlədim. Hər həftə mənim yazılarım çıxırdı. Özü də ağır yazılar. Hansı ki, bunları yazmaq üçün bir ömür sərf etmək lazımdır. Bir yazının içində o qədər informasiya olur, o qədər yüklənir ki, mən özüm fikirləşirəm ki, bunu oxuyanlar bu qədər çətinliklə həzm edir, gör yazmaq necə çətindir. İnsanın ruh halı, ovqatı həmişə eyni olmur. Bəzən olur ki, yaradıcılıqda durğunluq yaranır, heç nə yaza bilmirsən. Hamıda olur bu - rəssamlarda da, bəstəkarlarda da, yazıçılarda da. Son vaxtlar hiss edirəm ki, yazmaq istəyirəm, amma qorxuram. Bir böyük fikrim var. Öz dövrüm haqqında yazıram.
- Bəlkə də Məmməd Arazın qızı statusu da sözün üstündə əsməyinizin bir səbəbidir.
- Yox, onun
nə dəxli var ki? Elə bir adam
tanıyırsızmı ki, atası yaxşıdı deyə
onun yazdığını da yaxşı qəbul etsinlər?
Əgər Anar özü yazıçı
olmasaydı, Rəsul Rzanın oğlu olmağının bir əhəmiyyəti
var idimi? Anarın özünün
yazdıqlarına görə Anarı sevirlər. Hərə öz imzasının arxasındadır.
Məmməd Arazın qızı evdə qalır.
Onun qızı olmaq ədəbiyyatdakı yerinə
heç bir təsir göstərmir. Mənim adım
İradə Tuncaydır, bilməyən adam
üçün nə fərqi var ki, kiməm, nəçiyəm.
Amma oxuyub görür ki, hə xoşuna gəlir,
ya da gəlmir.
- İradə xanım, bir şəkil var, atanız
oturub, siz də gözlərinizi uzaqlara zilləmisiz. Danışan
şəkildi əslində.
- Bildim hansı şəkli deyirsiz. Həyətdə oturmuşuq. O mənim filmimdəndir.
Onu mən filmdən stop kadr etmişəm. Mən
ümumiyyətlə bu haqda danışmağı da sevmirəm.
Bu mənim öz içimdə qalan dərdimdir.
Mən bunu heç kimə arzu etmirəm, təsəvvür
edin, 30 il yataq xəstəsi atanızın
əvəzinə hər şey edirsən. Dırnağını
tutursan, əlini yuyursan, yeməyini yedirdirsən (kövrəlir)...Nəysə.
- Bədxərclik
edəndə iflas başlayır. Sizcə hissləri
də qənaətlə xərcləmək lazımdır?
- Hisslər
axı elə bir şeydir ki, onları idarə etmək hər
adama müyəssər olmur. Adətən
insanların hissi nə vaxt aşıb-daşır? Kiməsə aşiq olanda, gözəl bir əsərini
yazıb bitirəndə. Bunları idarə etmək hər
adam üçün deyil. Psixoloqlar
deyirlər ki, insanın hisslərinin tüğyan elədiyi
dövr üç ilə keçib gedir. Üç
ildən sonra o səngiyir. Əgər
insanlar bundan sonra münasibətlərini davam etdirmək
fikrindədirlərsə, bu artıq bir enerjinin başqa enerjiyə
çevrilməsidir. Fizikadan
yadınızdadırsa, enerji itmir axı, bir şəkildən
başqa şəklə keçir. Ona
görə də hisslərin idarə olunması, harasa yönəldilməsi
çox fərdi və özəl bir şeydir. Həm də
bir az mürəkkəb məsələdir.
Hazırladılar:
Nərgiz
Qasımzadə
Nərmin
Süleymanova
Gülnar Hacıxanlı
Orxan Cuvarlı
IV kurs tələbələri
525-ci qəzet.- 2015.- 14 noyabr.- S16