Dünyaya universal
töhfə: Azərbaycan tolerantlığı
Məlum
olduğu kimi YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri
haqqında Bəyannamə qəbul edib.
BMT
Baş Assambleyasının 1996-cı il qərarına
əsasən quruma üzv ölkələrə hər il
noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd
etmək və bununla bağlı təhsil müəssisələrində,
eləcə də geniş ictimaiyyət arasında müvafiq
tədbirlər keçirmək tövsiyə olunub. Məhz bu
tövsiyəni nəzərə alaraq Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yarandığı təqribən
2 il ərzində bu istiqamətdə layihələr
və tədbirlər həyata keçirmişdir.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin tolerantlıq və
multikulturalizm sahəsindəki fəaliyyətləri ilk
öncə Ulu Öndər Heydər Əliyevin model olaraq
bizə qoyub getdiyi düşüncələrə əsaslanır.
Ulu Öndər çıxışlarının birində
belə demişdir: “Biz Azərbaycan deyəndə onun sərvətini,
onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın
ən başlıca sərvəti əsrlərdən bəri
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu
torpağa bağlayan, müxtəlif millətlərdən
olan, müxtəlif dinlərə etiqad edən adamlardır.
Ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər də zəngin olar...”
Təsadüfi deyil ki, yaxın günlərdə cənab
Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyi ilə əlaqədar
çıxışında tolerantlıq və multikulturalizm
məsələlərinə toxunmuş və bu
tendensiyanın dövlət siyasəti və ictimai sifariş
olduğunu qeyd etmişdir. Məhz bu tendensiya sayəsində
Azərbaycanda dini-mədəni müxtəliflik mühiti
dövlət qayğısı ilə qorunur.
Heç
şübhəsiz ki, mədəniyyətlərarası
dialoqda böyük peşəkarlıq və ciddi təşkilatçılıqla
reallaşdırılan layihə və proqramlar, xüsusilə
də, mədəniyyət diplomatiyası sahəsindəki
uğurlar Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili və ictimai-siyasi xadim Mehriban
xanım Əliyevanın müstəsna və möhtəşəm
xidmətləri sayəsindədir. Məhz
hörmətli Mehriban xanım Əliyeva 2011-ci ildə
Bakıda keçirilən mədəniyyətlərarası
dialoq forumunda dini dəyərlər, tolerantlıq və dinin
siyasiləşdirilməsi mövzularına toxunaraq, müxtəlif
ekstremist qüvvələr və şüarlar altında
gündəmə gətirilən dini siyasətin təhlükəli
olduğunu vurğulamışdır. Belə
hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə
zidd olan hərəkətlərdir və yalnız yeni
qarşıdurmalar üçün zəmin yaradır.
Bu gün Azərbaycan dünyada təkcə enerji
resursları ilə zəngin bir ölkə kimi deyil, həm də
bəşəriyyətin humanizm prinsiplərinə sadiq,
tolerant və multikultural ölkə kimi tanınmaqdadır. Tolerantlıq Azərbaycanda əsrlərdən
bəri formalaşan, lakin buna baxmayaraq bədii, psixoloji-mənəvi
müstəvidən kənara çıxmayan dəyərlər
toplusu kimi mövcud idi. Bu gün isə
reallıq odur ki, tolerantlıq və multikulturalizm ölkəmizdə
alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Məhz
Azərbaycandakı tolerant mühit hazırda Avropada baş verən
anti- semitizm, irqçilik, ksenofobiya və islamofobiya
münaqişələrinə qarşı alternativ dinc yaşama
yollarını göstərir. Bu uğuru bir
çox ciddi avropalı siyasətçilər və ictimai
xadimlər də haqlılıqla ifadə edirlər.
Azərbaycan
bütün zamanlara örnək ola biləcək
əsl tolerantlıq nümunəsidir. Bu, təkcə,
ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin
deyil, həm də beynəlxalq aləmin səmimi
etiraflarıdır. Dünyada sivilizasiyalararası dialoqla
ciddi problemlərin yaşanması, bu fonda
konfliktlərin artması tendensiyasının müşayiət
olunması, xüsusilə də islamafobiya kimi təhlükəli
meyllərin bir sıra dövlətlərin və digər
subyektlərin siyasətində özünə geniş yer
alması reallığında Azərbaycanın mədəniyyətlərarası
dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət
kəsb edən məsələdir. Bu məsələlərin
həlli istiqamətində Azərbaycanın təcrübəsi
digər ölkələr üçün örnək ola bilər.
Azərbaycan
tolerantlığı xarici qonaqların gözü ilə...
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nizamnaməyə
müvafiq olaraq əsas məqsədi tolerantlığın və
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin etmək, habelə Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və
mövcud multikultural modelləri tədqiq və təşviq
etməkdir.
Yuxarıda
qeyd olunan arqumentlərin əyani nəticəsini biz Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin son iki il ərzində,
yəni yarandığı gündən etibarən
tolerantlıq və multikulturalizm sahəsində
apardığı fəaliyyətlərdə, o cümlədən,
xarici qonaqların ölkəmizdəki tolernat və
multikultural mühiti təsvir edən ifadələrində
görmək mümkündür. Bu qısa
yazı çərçivəsində əcnəbi qonaqlara
və xarici KİV-ə istinad etdiyimiz məlumatlar məhz Azərbaycanın
tolerantlıq modeli haqqında bizə kifayət qədər
fikirlər verəcəkdir.
Bu
yaxınlarda ABŞ-ın məşhur “Time” jurnalında nəşr
olunan məqalədə Sinay məbədinin böyük
ravvini Devid Volp cari ilin noyabr ayında konqreqasiyanın 50
üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana
səfərindən aldığı təəssüratlarını
bölüşür. D.Volp qeyd edir ki,
dünyanın müxtəlif ölkələrində
sinaqoqların çoxuna günün istənilən
vaxtında getmək mümkün deyil. Ravvin yazır: “Hətta
mənim təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın
mühafizə işçiləri sinaqoqa gələn
maşınların yük yerlərini yoxlayırlar. Lakin bir
müsəlman ölkəsində yəhudilər təhlükəsizlik
məqsədilə hər hansı yoxlamadan keçmədən
rahatca sinaqoqa daxil ola bilərlər. Bu ölkə - Azərbaycandır. Müəllif yazır ki, məhz bu səbəbdən
Azərbaycan dünyanın qalan ölkələrindən
yaxşı mənada fərqlənir.
Ravvin bir həftə əvvəl
Qüds şəhərində görüşdüyü bir
İsrail diplomatının sözlərini nəql edir: “Mən
İsveçdə başımda kipa ilə gəzməyə
ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda
heç kəs buna görə sənə problem yaratmayacaq”.
Mən bunu təsdiq edə bilərəm. Bakı küçələrində bir həftəyə
yaxın kipa ilə gəzdim, nəzakət və
mehribanlıqdan başqa bir qarşılıq görmədim.
Bu, dünyada çox az rastlanan qeyri-adi bir
nailiyyətdir. Azərbaycan başqa dini ənənələrin
intişarını ehtiva edən iftixarlı və qədim
tarixə malik bir ölkədir. Əhalisinin
90 faizini sünnilərlə şiə əksəriyyətli
müsəlmanların təşkil etməsinə baxmayaraq,
burada yəhudilər özlərini rahat və hörmətli
vətəndaşlar kimi hiss edirlər. Bunu
digər dini azlıqlar haqqında da demək olar”.
Yenə noyabr ayında italiyalı jurnalist Ciuliano
Bifolkinin “Opinione Pubblica” qəzetində Azərbaycan
haqqında məqaləsi Azərbaycanda mövcud olan tolerant və
multikultural mühit haqqında Avropa vətəndaşına
ciddi mesajlar verməkdədir.
Məqalədə bildirilir ki, Orta Şərqdə və
Afrikanın şimalında baş verən münaqişələr,
onların doğurduğu yeni miqrant axınları fonunda
aydın olur ki, multikulturalizm cəmiyyətimizdə həlledici
rol oynayacaq. Təəssüf ki, İtaliya,
göründüyü kimi, həm dövlət olaraq, həm
də sosial baxımdan baş verən bu dəyişikliklərə
cavab verməyə hazır deyil. Göstərilən
problemi həll etmək üçün İtaliya
multikulturalizmin uzun müddət ərzində cəmiyyətin
özəlliklərindən biri olduğu ölkələrin,
məsələn, Azərbaycanın təcrübəsinə
müraciət etməlidir.
İsrailli
beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut
ABŞ-ın məşhur “The Hill” qəzetində nəşr
olunan yazısında bildirir ki, Azərbaycan Respublikasında əhalinin
əksəriyyətini müsəlmanlar təşkil etməsinə
baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin,
müxtəlif etnik qrupların nümayəndələri
üçün vətəndir: “Milli azlıqlara hörmət
və tolerantlıq ən qədim zamanlardan, böyük
İpək Yolu dövründən günümüzə qədər
bu ölkənin inkişafının əsasını təşkil
edib. Respublika dövlət müstəqilliyini bərpa
edəndən sonra Azərbaycan hökumətində yüksək
vəzifələr tutan milli azlıqların nümayəndələrinin
və qadınların sayı xeyli artıb.
Tolerantlıq
və dialoq
Müasir dünyada başqasını anlama,
qarşılıqlı hörmət və ehtiram bəsləmə,
yəni qısacası tolerantlıq ciddi siyasi və humanitar məsələlərdən
hesab olunur. Bu
baxımdan Azərbaycan
tolerantlıq mövzusunda da model olma prespektivini
göstərməkdədir. Məhz ölkəmizdə
mövcud olan dinlər, təriqətlər və məzhəblərin
müxtəlifliyi bunu təsdiq edir.
Bu gün Avropanın bir çox ölkələrində milli və dini zəmində münaqişələr baş verməkdədir. Xüsusilə Avropada İslam dininə və onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət - islamofobiya müşahidə olunmaqdadır. Avropada yaşayan mühacirlərə də orada heç də xoş münasibət bəslənilmir, onlar ya ən ağır işlərə cəlb olunur, ya da deportasiya edilirlər. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir. Bu gün Bakının küçələrində, eləcə də regionlarda çinlilər, pakistanlılar və Azərbaycana pənah gətirmiş digər millətlərin nümayəndələri çox rahat şəkildə ticarətlə məşğul olur. Təbii, onlar Azərbaycan dövlətinin qanun-qaydalarına tabe olmalıdır. Ancaq onlara istər vətəndaşlar, istərsə də rəsmi strukturlar tərəfindən dini və milli bağlılıqlarına görə hər hansı bir mənfi münasibət göstərilmir. Əksinə, onlara və onların problemlərinə həssaslıqla yanaşılır.
Yeri gəlmişkən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik şurasının üzvü Leyla xanım Əliyevanın “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində Azərbaycandakı tolerantlıqdan yüksək analitik tərzdə bəhs olunması da əhəmiyyət kəsb edir. Leyla xanım Əliyeva məqalədə mövzunu belə təsvir və təhlil edir: “Bakıda müsəlman məscidinin, pravoslav kilsəsinin, katolik kostyolunun, yəhudi sinaqoqunun eyni küçədə yerləşməsi tolerantlıq ab-havasının nəticəsidir”.
Bu baxımdan tolerantlıq və multikulturalizm kontekstində Azərbaycan modelinə müvafiq olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilboyu iki nəhəng layihəni həyata keçirir. Bunlardan ilki ölkə daxilində və xaricdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi, ikincisi isə “Yay” və “Qış” məktəbləri layihələridir. Bu iki layihə birbaşa Azərbaycanda keçmişdən indiyə qədər mövcud olmuş və hətta gələcəkdə də mövcud olacaq tolerantlıq və multikulturalizm mühiti və tendensiyasının qlobal arenaya təqdiminə xidmət edir.
Azad MƏMMƏDOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru
525-ci qəzet.- 2015.- 14 noyabr.- S.11